"O, bir çox məsələlərin həllində son qərarı verə bilmir" - keçmiş səfir

2-10-2024, 18:48           
"O, bir çox məsələlərin həllində son qərarı verə bilmir" - keçmiş səfir
İsraillə “Hizbullah” arasındakı qarşıdurmanın pik həddə çatdığı, Həsən Nəsrullahın da qətlə yetirildiyi və nəhayət, İranın İsrailə dünənki kütləbvi raket hücumu ərəfəsində İran prezidenti Məsud Pezeşkian ABŞ-də regionun digər aparıcı müsəlman dövləti – Türkiyənin lideri Ərdoğanla görüşüb və qapalı formatda da müzakirələr aparıb. Bəs görəsən, həmin görüş Yaxın Şərqdə gərginliyin azaldılması, həmçinin İran-İsrail münasibətlərinin normallaşması üçün müsbət rol oynaya bilərmi?

Moderator.az-a açıqlamasında Azərbaycanın İrandakı sabiq səfiri Abbasəli Həsənov mövzu ilə bağlı bunları söyləyib.

“Amerikada doktor Pezeşkianla görüşdə cənab Ərdoğan da bildirdi ki, biz İranla bütün sahələrdə münasibətləri genişləndirməyə hazırıq. Bəlkə də bu iki ölkənin yaxınlaşması, ümumiyyətlə, Yaxın Şərqdəki Qəzza, Livan istiqamətindəki gərginliyin, həmçinin dünənki raket hücumundan sonra İranla İsrail arasındakı gərginliyin azalamasına gətirib çıxara bilər. Ancaq onu mütləq nəzər alamaq lazımdır ki, İsrailə münasibətdə İran və Türkiyə fərqlidir. Ərdoğan İsrailin Fələstinə, Qəzzaya, Livana qarşı hərəkətlərini kəskin tənqid edir, amma əməldə o dövlətə qarşı heç bir real davranış nümayiş etdirmir. İran isə başqa, yəni proksi qüvvələr vasitəsi ilə İsrailə qarşı yetərincə müəyyən işlər görüb. Onun da nəticəsi sonda Haniyə, Nəsrullah kimi liderlərin qətlinə və hazırkı gərginliyə gətirib çıxardı. İndi İranın Rusiya ilə də münasibətləri əvvəlki kimi deyil, fərqlidir. Həmin münasibətlərdə də müəyyən gərginliklər var...

Düzdü, Pezeşkian prezidentdir. Amma prezidentin səlahiyyətləri müəyyən çərçivələr daxilində məhduddur. O, bir çox məsələlərin həllində son qərarı verə bilmir. Çünki İranda birinci şəxs ali dini liderdir. Eyni zamanda oradakı idarəçilik üslubunda başqa dövlətlərdən fərqli bir çox cəhətlər var. Amma bütün bunlarla bərabər, İranın hazırkı prezidenti, sözsüz ki, elə ali dini liderin də razılığıyla, elan edir ki, biz hamı ilə, bütün dünya ölkələri ilə əlaqələrimizi, münasibətlərimizi inkişaf etdirmək və ya yenidən qurmaq üçün danışıqlara başlamağa hazırıq. Yəni bir növ konstruktiv siyasət həyata keçirməyə çalışır. İndiyədək heç bir İran prezidenti bu dərəcədə açıq danışmayıb. Amma bir vaxtlar Məhəmməd Hatəminin prezidentliyi dövründə də Qərblə, ABŞ ilə münasibətlər xeyli dərəcədə yumşalmışdı. Hatəmidən sonra hakimiyyətə gələn Mahmud Əhmədinejad bir az kəskin mövqe tutdu. Və nəticədə Qərbin İrana qarşı tətbiq etdiyi sanksiyalar, embarqolar get-gedə kəskinləşdi. Bunlar da İranın iqtisadiyyatına böyük zərbə vurdu...

İran şahının dövründə təxminən 600 min barrel neft çıxarılırdı və bununla ölkə üçün böyük işlər görülürdü. İndi isə 2 milyon barreldən çox neft hasil edilsə də, ortalıqda ölkənin rifahı və inkişafı üçün ciddi bir iş nəzərə çarpmır. Çünki hazırda Qərbin məlum sanksiyaları səbəbindən İran öz neftini, qazını və digər məhsullarını normal şəkildə sata bilmir, lazım olan texnologiyanı ala bilmir və nəticədə ölkə iqtisadiyyatı gündən-günə geriləyir. Eyni zamanda ötən söhbətimizdə dediyimiz kimi, proksilərə də yüz milyardlarla xərc çəkilir. Ancaq heç bir səmərəsi də yox. Mən hər şeyi İran mətbuatında yazılanlar əsasında deyirəm. Bu yaxınlarda bütün ölkə üzrə tibb bacıları, sanitarlar həkimlərə nisbətən maaşlarının dəfələrlə az olmasına etiraz etdilər. Bütün sahələrdə problemlər çoxdur. Ona görə də hazırda da və görünür ki, ali dini rəhbər də baş verənlərə açıq gözlə baxmağa başlayıb. Və yəqin ki, doktor Pezeşkianın praqmatik düşüncələri öz təsirini göstərəcək. Yəqin, onu da anlayacaqlar ki, hazırda müharibə aparmaq mənasız, regionda heç bir ölkəyə fayda gətirməyəcək şeydir. Müharibəyə hazırlaşmaq, müharibə aparmaq əvəzinə öz daxilindəki, xüsusən iqtisadi problemləri həll etməlidir. Bu gün İsrail kütləvi şəkildə İranı vurmağa başlasa, bu fəlakətdən, ölümdən, dağıntılardan başqa nə fayda verəcək ölkəyə? Ağıllı, düzgün, praqmatik siyasət qurulmalıdır ki, İsraillə də, digər ölkələrlə də gərginlik minimuma endirilsin. Bütün dünyada, o cümlədən bizim regionda, Yaxn Şərqdə hər bir dövlət, hər bir xalq üçün sabitlik, əmin-amanlıq gərəkdir...”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.