İki ordu Ermənistana girə bilər: Noyabrdan sonra şərtlər dəyişəcək
11-10-2024, 10:06
"Bakı" politoloqlar klubunun rəhbəri, siyasi ekspert Zaur Məmmədov Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Nikol Paşinyan kommunikasiya xətlərinin İranla əldə edilmiş qaydalarla açılmasına tərəfdar olduğunu bildirib. Bu məntiqlə kommunikasiyaların açılması nə dərəcədə real görünür?
- Ermənistan baş naziri hakimiyyətin indiyə qədər olan mövqeyini ifadə edib. Erməni tərəfi kommunikasiya xətlərinin açılmasını və nəzarətin özünün etməsini istəyir. Başqa bir şirkət vasitəsilə burada nəzarətin olmasına da İrəvan etiraz etmir. Ermənistan Rusiyanın nəzarəti ilə Zəngəzur dəhlizinin açılmasını heç bir halda qəbul etmək niyyətində deyil.
- Azərbaycan kommunikasiya xətlərinin bu şərtlə açılmasına razı olacaqmı?
- Bağlı qapılar arxasında gedən müzakirələrdə bu məsələ ətrafında Bakı ilə İrəvan arasında ciddi fikir ayrılığının olduğunu söyləmək olmaz. Tərəflər parametrlərlə bağlı razılığa gələ bilər. Sadəcə olaraq Zəngəzur dəhlizi uğrunda İran, Türkiyə, Rusiya, ABŞ, Avropa İttifaqı və digər aktorlar arasında mübarizə gedir. Burada prosesi kənardan müşahidə etmək daha əlverişlidir. Rəsmi Bakı məsafə saxlamaqla hadisələri izləyərək Ermənistanın nəhayət məsuliyyəti üzərinə götürməsini gözləyir. İrəvanın verdiyi qərar onun Rusiya, İran, ABŞ və Avropa İttifaqı ilə olan münasibətlərinə təsir edəcək.
- Zəngəzur uğrunda artan siyasi mübarizəyə səbəb nədir?
- Zəngəzur dəhlizi təkcə kommunikasiya xətti, nəqliyyat qovşağı deyil. Bu, Avrasiyanın orta xəttində vacib nöqtələrdən biridir. Yaxın Şərqdə, İran, Suriya, İraqda ciddi dəyişikliklərin olduğu nəzərə alınsa, Zəngəzurun strateji əhəmiyyəti bir neçə dəfə artacaq. Ona görə də, İsrail, ABŞ, Rusiya, Çin, İran və Avropanın bəzi mərkəzlərində bu xətt uğrunda maraqlar kəsişir. Bu xəttə görə, üst-üstə düşən mövqelərlə yanaşı ziddiyyətlər də var.
- Gələn ilin yanvarına qədər rus hərbçilərinin Ermənistan sərhədindən çıxarılması ilə bağlı razılıq əldə edilib. Bölgəyə kənar faktorların gəlməsi ehtimalı varmı? Boşluğa daha çox kimlər can ata bilər?
- Artıq ABŞ Zəngəzurda, Ermənistanda yerləşib. Qərb ölkələrinin hərbi təmsilçiləri də Ermənistanda yerləşməkdədir. Rusiya-Ukrayna müharibəsini fürsət bilərək bəzi Qərb dövlətləri Ermənistanda ciddi şəkildə möhkəmlənməyə can atır. Moskvada Rusiya Prezidenti Vladimir Putinlə Paşinyan arasında əldə edilmiş razılıq da mühüm gediş hesab edilir. Nəhayət, Paşinyan buna nail olduğunun sevincini yaşayır. O davamlı olaraq bu məsələ ilə bağlı eyhamlı danışırdı. Belə getsə, Ermənistan sərhədlərində, gömrük postlarında da rus hərbiçiləri olmayacaq.
- Bölgə üçün bunun təsirləri necə olacaq? Narahatedici məqamlar nədir?
- Bu, əslində Paşinyanı hakimiyyət gətirənlərin onun üzərinə qoymuş öhdəlik idi. ABŞ-la Rusiya arasında mübarizənin daha da kəskinləşməsi narahatedici məqamdır. Bu isə Ukrayna hadisələrini xatırlada bilər. Hadisələrin siyasi mübarizə müstəvisindən Ermənistan uğrunda yeni müharibənin, hərbi əməliyyatların başlaması səviyyəsinə qədər inkişafı ehtimalı var.
- Yaxın dövr üçün hərbi qarşıdurma gözlənilirmi?
- Noyabrda ABŞ-da keçiriləcək prezident seçkilərindən sonra bu ölkənin İsrail və İranla bağlı qərarları məlum olacaq. Hadisələr dəyişərsə, Zəngəzur uğrunda ABŞ-la Rusiya arasında mübarizənin daha qızışması müşahidə olunacaq.
- Azərbaycanın xarici siyasətdə cinahını dəyişməsi ilə bağlı səslənən fikirlər nə dərəcədə məntiqlidir?
- Bakının xarici siyasəti optimaldır. Bakı ilə Qərb arasında ciddi problemlərin olduğu görünə bilər. Amma Azərbaycanın Qərblə münasibətləri bəzi istiqamətlərdə lazımi səviyyədədir. Vaşinqtonla Bakı arasında da bəzi məsələlərdə ortaq maraqlar var. “Azərbaycanın xarici siyasətində cinahını dəyişib” kimi yanaşmalar əslində məntiqli deyil. Bakı balanslı xarici siyasət aparır. Sadəcə olaraq anti-Azərbaycan mövqeyi yürüdən mərkəzlərə qarşı sərt yanaşmalar sərgilənir. Bu Azərbaycanın prinsipial mövqeyinin nədən ibarət olduğunu göstərir. Ona görə də, strateji məsələlərdə münasibətlər müsbət fonda həllini tapacaq.