Qanundakı boşluq bu qurumların işinə mane olur - deputat
2-11-2024, 18:44
Azərbaycan Prezidentinin 16 yanvar 2014-cü il tarixli Fərmanı ilə “İctimai iştirakçılıq haqqında” qanun qəbul edilib. 2014-cü il iyunun 1-dən qüvvəyə minən qanunun məqsədi mərkəzi icra hakimiyyəti orqanlarının, yerli icra hakimiyyəti və yerli özünüidarəetmə qurumlarının fəaliyyətinə ictimai nəzarətin təmin edilməsi, vətəndaşların və vətəndaş cəmiyyət institutlarının rəyinin nəzərə alınmasıdır. Qanuna müvafiq olaraq bütün nazirliklər yanında İctimai şuralar yaradılıb.
Bu gün İctimai şuraların ən çox şikayət etdikləri mövzu da elə həmin qanunla bağlıdır. Belə ki, “İctimai iştirakçılıq haqqında” qanunda İctimai şuraların fəaliyyətinin maliyyələşməsi ilə bağlı heç bir maddə yoxdur. Bu da həmin şuraları yanlarında fəaliyyət göstərdikləri quruma, yaxud Nazirliyə bağlı hala gətirir.
Mövzu ilə bağlı Modern.az-a danışan Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa bildirib ki, sözügedən məsələ olduqca vacibdir:
“Burada həm də ictimai şuranı konkret qurumdan - nazirlikdən asılı hala gətirib çıxaran amillər var. Həmin nazirlik öz hesabına ictimai şuraya dəstək göstərir, yaxud da onun hansısa fəaliyyətini tənzimləyir. Bu isə şuraların obyektiv işləməyinə mane olur”.
Komitə sədri bildirib ki, qanunvericilikdə bununla bağlı müəyyən mexanizm olmalıdır:
“Müəyyən mexanizm olmalıdır ki, İctimai şuralar müstəqil şəkildə faəliyyət göstərsin. Bu, şuraların hər hansı prosesə öz töhfələrini verə bilməsi üçün vacibdir. Mən də qanunvericilikdə bununla bağlı boşluq olduğunu düşünürəm. Əgər bu istiqamətdə təkliflər olarsa, Milli Məclisdə səsləndirilə bilər”.