“Azərbaycanın qətiyyətli və müstəqil siyasətini həzm edə bilmirlər” – Tənzilə Rüstəmxanlı
Bu gün, 00:10
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibə verib. Müsahibə zamanı dövlətimizin başçısı regional məsələlərə toxunaraq Ermənistanla sülh prosesinin gedişatı və Azərbaycanın beynəlxalq münasibətlərdəki mövqeyi haqqında fikirlərini bölüşüb. Bundan əlavə, Prezident Qərb dairələrinə də mesajlar göndərib.
Sözügedən mesajları Milli Məclisinin deputatı, Vətəndaş Həmrəyliyi Partiyası (VHP) sədrinin müşaviri Tənzilə Rüstəmxanlı şərh edib.
Yenicag.az deputatın müsahibəsini təqdim edir:
– Tənzilə xanım, Prezident İlham Əliyev yerli televiziya kanallarına son müsahibəsində bir çox mühüm məqamlara toxunub, strateji məsələlərlə bağlı ciddi mesajlar verib. Prezidentin üzərində dayandığı məsələlərdən biri də xarici donor təşkilatlarının fəaliyyəti ilə bağlı idi. Siz müstəqilliyimizin ilk günlərindən bu mövzunu gündəmdə saxlayan ictimai xadim kimi bu məqamı necə qiymətləndirirsiniz?
– Müasir Azərbaycan Respublikası vətəndaş təşəbbüslərinin dəstəkləndiyi, siyasi plüralizmin əsas götürüldüyü demokratik cəmiyyətin formalaşdığı ölkələr sırasında ilk yerlərdə qərarlaşıb. Baxmayaraq ki, ötən müddət ərzində Qərb təsisatları bununla bağlı ölkəmizə müxtəlif müdaxilələrə cəhd ediblər. Müxtəlif siyasi sifarişlərə xidmət edən QHT-lər və media quruluşlarını maliyyələşdirməklə ölkədaxili vəziyyəti pozmağa çalışıblar. O da məlumdur ki, Qərb bir sıra postsovet ölkələrində – Gürcüstanda, Ukraynada, Qırğızıstanda, Ermənistanda rəngli inqilabla hakimiyyətləri dəyişdirib. Zaman da sübut etdi ki, insan hüquqları adı altında Qərb bu ölkələrə fəlakət gətirdi. Qərbin bu siyasəti həmin ölkələrin problemlərinin həllinə gətirib çıxarmayıb. Tam əksinə, mövcud problemlər daha da kəskinləşib. Gürcüstan və Ukrayna bu səbəbdən ərazilərini itirib. Ukraynada hələ də müharibə davam edir və bu, böyük maddi və insan resurslarının itkisi ilə müşahidə olunur. Sözügedən ölkələrdə Qərb hakimiyyət dəyişikliklərinə, inqilablara nail olsa da, Azərbaycanda buna nail ola bilmədi. Azərbaycan öz yolu ilə getdi. Azərbaycan bu yöndə olan bütün təzyiqlərə duruş gətirdi və Qərbin oyunlarına siyasi alət olmadı. Elə bunun nəticəsidir ki, digər ölkələrdən fərqli olaraq Azərbaycan öz ərazi bütövlüyünü təmin edə bildi.
– Xarici maliyyə hesabına qurulan planlar içində Azərbaycan-Türkiyə münasibətləri də xüsusi olaraq hədəfdə tutulur…
– Çox düzgün vurğuladınız. O qədər də uzaq olmayan bir tarixi yada salmaq istəyirəm: Sürix protokolları və bununla bağlı yaranmış durum hər kəsin yadındadır. Sürix protokolları Türkiyə ilə Ermənistan arasında diplomatik əlaqələrin qurulması və sərhədlərin açılmasını nəzərdə tuturdu. Dünya erməni lobbisinin və ölkə daxilində Soros Fondunun nəzarətində olan qüvvələrin təsiri ilə Türkiyəni bir dalana dirəmişdilər. O ərəfədə Azərbaycan-Türk Qadınlar Birliyi əvvəl Azərbaycan QHT rəhbərlərinin, daha sonra millət vəkillərinin Türkiyəyə səfərini təşkil etdik. Günlərlə Türkiyədə həm hökumət rəhbərləri, həm də siyasi partiya rəhbərləri ilə görüşlər keçirildi. Türkiyə gündəminin əsas mövzusu Qarabağ məsələsi oldu. Türk mediası bu mövzunu diqqətdə saxladı. Azərbaycan cəmiyyətinin belə bir mövqeyi və etirazı ortaya qoyulmasaydı, protokolların icra məsələsinin necə olacağını bilmək olmazdı. Məhz milli mövqedə olan QHT rəhbərləri, ictimai-siyasi xadimlər bu məqamda qəti münasibət ortaya qoydular. Özü də bu prosesdə Azərbaycan dövlətinin yalnız mənəvi dəstəyi var idi. O zaman QHT-lərə dövlət tərəfindən bununla bağlı qrant ayrılmamışdı. Yəni fəaliyyət milli təəssübdən irəli gəlirdi. Həmin dövrdə vətəndaş cəmiyyətinin bu fədakarlığı nəticəsində erməni lobbisinin planları pozuldu. Azərbaycan və Türkiyənin milli qüvvələrinin birliyi, ən başlıcası, bu məsələdə Azərbaycan dövləti ilə ölkənin bütün sağlam ictimai-siyasi kəsiminin eyni mövqedə olması uğura səbəb oldu.
– Hətta qanunla QHT və media orqanlarının xaricdən maliyyələşməsi qadağan olunsa belə, bəlli qüvvələr məqsədlərindən geri çəkilmirlər…
– Onların həzm edə bilmədiyi ən əsas məsələ Azərbaycanın qətiyyətli və müstəqil siyasətidir. Azərbaycanın milli maraqlarının prinsipial şəkildə qorunması fəlsəfəsindən çıxış edən Prezident İlham Əliyevin şəxsiyyəti və idarəçiliyi bu dairələri Azərbaycana qarşı soyuq müharibə dövrünü xatırladan psixoloji müharibə əməllərindən çəkindirmir. Necə ola bilər ki, bu qüvvələrin nəzarətindən kənar Azərbaycan dövləti müstəqil şəkildə öz vətəndaşlarının mənafeyi naminə çalışır və kənar diktəyə tabe olmur? Baxın, şəxsən mən ötən parlament seçkilərində bunun birbaşa şahidi oldum. Seçki kampaniyası dövründə xaricə bağlı təşkilatlardan ilhamlananlar, namizədlik statusundan irəli gələn toxunulmazlığından istifadə edərək bütün qanunları ayaqlar altına almışdı. Onlar neçə illərdir Azərbaycan əleyhinə fəaliyyət göstərib, Azərbaycana açıq-aşkar düşmən mövqedə olan xarici qüvvələrin sifarişlərini yerinə yetirib. Ermənistan Gəncə şəhərini dinc əhalimizi raketlə vuranda bu vətən xainləri Azərbaycan dövlətini qınayan bəyanatlar paylaşırdı. Bu xəyanətkarlar şəhidlik mərtəbəsi kimi müqəddəs məqamı belə qəbul etməyən fikirlər yazırdı. 2023-cü ilin sentyabrında Azərbaycan öz ərazisində antiterror əməliyyatı həyata keçirən zaman bu adamlar həmin əməliyyatın əleyhinə çağırışlar edib. Necə olur, belə bir şəxslər üçün bir çox xarici media qurumları günlərlə gəlib Neftçalada otururdu? Başqa yerdə seçki yox idi? Məqsəd o idi ki, bütün güclərini bir yerə toplayıb Azərbaycanda seçkilərə kölgə salınsın. Bu məsələdə də iflasa uğradılar. Mənim üçün də qürurludur ki, illər öncə Türkiyədə olduğu kimi, burda da bu planlara qarşı mübarizənin önündə oldum və nəticə Azərbaycan üçün, milli maraqlarımız üçün uğurlu oldu.
– Bu gün artıq Azərbaycan dövləti bu məsələdə öz qəti mövqeyini ortaya qoyub və Prezidentin də müsahibəsində bu məqam xüsusi qeyd edilib…
– Təxminən 10-15 il əvvəl ilə müqayisədə indiki dövrdə həqiqətən başqa xarici mərkəzlərlə əməkdaşlıq edən qurumların prinsipləri əsasında işləyən bəzi QHT və media orqanlarının qurumları xeyli dərəcədə məhduddur. Hətta mən deyərdim ki, 15 il əvvəl ilə müqayisədə belə QHT və media qurumlarının sayı minimumdan da aşağı səviyyədədir. Doğrudur, bunun kökü tamamilə kəsilməyib və az da olsa, rast gəlinir. Hələ də müxtəlif Azərbaycan dövləti ilə bir çox prinsipial məsələlərdə uzlaşmayan mərkəzlərlə bağlı media orqanları və QHT-lərin fəaliyyətlərinə rast gəlmək mümkündür. Amma bu tendensiyanın getdikcə azalması bizim üçün müsbət məqamdır. Bu gün həyata keçirilən müəyyən məqsədyönlü tədbirlər nəticəsində bu çevrə olduqca daralıb. Bu yaxşı bir haldır. Onların çevrəsi genişlənərsə, bu bizim üçün çox böyük təhlükə ola bilər. Ona görə də proses daim nəzarət altında saxlanılmalıdır. Hər kəs də bilməlidir ki, ölkənin milli mediası və QHT sektoru yalnız milli və dövlətçilik mənafeləri ilə bağlı olmalıdır. Ötən illərin təcrübələrindən biri də bundan ibarətdir ki, media və QHT sektoru yalnız dövlət və milli mənafelərə bağlı olduqda güclü olur. Əks halda, onlar güclü ola bilməzlər. Çünki xaricdəki müxtəlif mərkəzlərə bağlandılarsa, demək ki, onların müstəqilliyi itirilib, onlar fəaliyyət üçün çərçivə və prinsipləri sifariş formasında kənardan alırlar, onlar peşəkar strukturlara çevrilə bilməzlər.