AZAL-ın sabiq prezidenti yeni məqamları açdı - “Rusiya məsələni boynundan tam atmaq üçün həyasızlıq edir”
Dünən, 00:09
“Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarənin Rusiya tərəfindən vurulması artıq demək olar, sübuta yetirilib. Dünən “Caliber”in yaydığı məlumatda olduqca önəmli məqamlar yer almışdı. Bildirilirdi ki, Rusiya tərəfi təyyarənin necə vurulduğunu, əmrin kimlər tərəfindən verildiyini bilir. Amma hələ də gərəkən addımlar atılmır. Əksinə, bu məsələdə Azərbaycan tərəfi günahkar kimi göstərməyə çalışır.
Bir neçə gün öncə isə Rusiyaya məxsus “Baza” Teleqram kanalı AZAL təyyarəsinin stenoqramı olduğu iddia edilən mətn yaymışdı. Həmin stenoqramda pilotlar və dispetçer arasında aparılan söhbətdən belə nəticə çıxır ki, guya Qroznıya enməmək, Mahaçqalaya uçmamaq, Bakıya qayıtmaq və nəticədə Aktauya düşmək barədə bütün qərarları təyyarə ekipajı müstəqil qəbul edib. Lakin Qazaxıstanın baş nazirinin müavini Kanat Bozumbayev yayılan xəbərin həqiqətə uyğun olmadığını, “qara qutu”ların materiallarının internetdə yayımlanan stenoqramlardan fərqləndiyini bildirib. “Caliber” də öz mənbələrinə istinadən Rusiyada aparılan araşdırma zamanı təyyarənin “Pantsir S-1” HHM sistemi ilə vurulduğunu təsdiqləyib.
Globalinfo.az-a danışan AZAL-ın keçmiş prezidenti, birinci dərəcələ təyyarəçi, texniki elmləri doktoru, iqtisad elmləri doktoru, nəqliyyat doktoru, professor Ədalət Əliyev deyib ki, “qara qutu” olmasa belə təyyarənin çöldən vurulması açıq görünür.
Onun sözlərinə görə, Rusiya səhvini etiraf etməsə də, günahkar olduğu məlumdur:
“Fikir verin, təyyarə çöldən vurulduğu üçün metal iç tərəfə əyilib. Daxildən vurulsa, metalın kənarları çöl tərəfə deformasiya olardı. Rusiya da günahkar olduğunu bilir. Bilirsiniz, yalan danışmaq Rusiyanın adətidir. O, beynəlxalq səviyyədə cəzadan yayınmaq üçün belə yollara əl atır. Baş verən hadisə də ona ciddi iqtisadi itki vermiş olur. Çünki Beynəlxalq Mülki Aviasiya qanunları deyir ki, sərnişin təyyarəsi konflikt zonasına uça bilməz. Braziliyanın “Embraer” şirkəti araşdırmanı öz üzərinə götürübsə, bu işə qoşulubsa, orada yalan danışmaq mümkün deyil. Rusiya tərəfi nə qədər bəhanə axtarır, axtarsın. “Embraer” əsassız şəkildə texniki nasazlıq yalanını üzərinə götürməyəcək. Çünki o təyyarələrin istismar müddətində belə hadisələr olmayıb. Braziliya öz işinə əmindir. Orada texniki nasazlıq mümkünsüzdür. Bu təyyarələr çox yüksək səviyyədə istehsal olunub. İndi rusların məsələni fırlatması boş şeydir”.
Ədalət Əliyev deyib ki, Rusiya məsələni boynundan tam atmaq üçün gərək axıra qədər həyasızlıq edə, amma bu dəfə həyazıslıqları işə yaramayacaq:
“Artıq günahkar olduqları sübuta yetirilib. Təyyarələrin hamısı beynəlxalq sığorta şirkətlərində sığorta olunub. Yeri gələrsə, hüquqi qaydada o pulu da Rusiyadan tələb etmək olar. Çünki burada birbaşa Moskvanın əli var. Rus ilk dəfə deyil ki, təyyarə vurur. Məsələn, Malayziya və Polşa təyyarəsini də vurmuşdu. Ondan başqa neçə dənə belə cinayət törədiblər. İndi də bizə eynisini etdilər. Rusiya siyasətçiləri haqda isə danışmağa ehtiyac yoxdur, onları hər kəs tanıyır. Hələ son 30 ildə Azərbaycanın başına gələn oyunların da arxasında Moskva dayanır. Artıq ermənilər bunu başa düşüb, onlardan aralanırlar. Bilirlər ki, ruslar ancaq onları müharibəyə sövq edir. Rusiyanın dediklərinə fikir vermək və inanmaq lazım deyil. Ən doğrusu son nəticəni gözləməkdir”.
Xatırladaq ki, 2024-cü ilin dekabrın 25-də “Azərbaycan Hava Yolları” QSC-ə məxsus Bakı-Qroznı reysini həyata keçirən “Embraer” sərnişin təyyarəsi Rusiya səmasında vurulub. Hava gəmisinin “Pansir S-1” HHM sistemi ilə vurulduğunu təsdiq edilib. Təyyarəyə eniş icazə verilmədiyi üçün Qazaxıstanın Aktau şəhərinə uçub. Hava gəmisi aeroporta az məsafə qalmış, vurulma səbəbi ilə idarəetməni itirib və qəzaya uğrayıb. Təyyarədə 5 ekipaj üzvü ilə birlikdə 67 nəfər olub. Qəza nəticəsində Azərbaycan, Rusiya və Qazaxıstan vətəndaşları daxil olmaqla 38 nəfər həyatını itirib.