Misir Mərdanov Paşinyanın əmisini haradan tanıyır?

12-07-2025, 11:38           
Misir Mərdanov Paşinyanın əmisini haradan tanıyır?
Sabiq nazir Robert Köçəryanla görüşündən danışdı
“Hadisələrin axarı bizim ürəyimizcədir. Cənab Prezident bu işi elə ustalıqla aparır ki, kənardan baxanda heyran olmaya bilmirsən. Bu gün Azərbaycan əsas siyasi mərkəzlərdən birinə çevrilib. Məsələn, Suriya rəhbərinin ölkəmizə gəlməsi və burada görüşlər keçirməsi, Şuşada Türk Dövlətləri Təşkilatının dövlət başçılarının qeyri-rəsmi Zirvə toplantısı, ölkə başçısının Paşinyanla bu yaxınlarda baş tutan təkbətək görüşü, Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının VII zirvə görüşü və digər beynəlxalq hadisələr bizə böyük ümidlər verir. Cənab Prezidentin “Bizim vasitəçiyə ehtiyacımız yoxdur” deməsi özünəinamın və prinsipial mövqeyin nümunəsidir”.

Musavat.com xəbər verir ki, sabiq təhsil naziri, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov “azpolitika-info”ya müsahibəsində Qərbi Azərbaycan İcmasının fəaliyyətindən danışarkən belə deyib.

M.Mərdanov deyib ki, qərbi azərbaycanlıların öz yurduna qayıdacağına da, Zəngəzur dəhlizinin açılacağına da inanır: “Zəngəzur dəhlizi əlbəttə açılacaq. Söhbət orada 43 kilometrlik bir ərazidən gedir. İndi deyirlər ki, ABŞ bu dəhlizi 100 illik icarəyə götürmək istəyir. Amma tərəflər hələlik buna razı deyillər. Məncə, növbəti görüşlərdə Prezident İlham Əliyev bu məsələni Paşinyanla həll edəcək. Bilirsiniz, indi müxtəlif fərziyyələr səsləndirilir, insanları çaş-baş salırlar. Kim nə deyir desin, mənə elə gəlir ki, ən düzünü ölkə başçısı bilir. Özü demişkən, “nəyi, nə vaxt və necə etməli olduğunu” yaxşı bilir. Elə bir anda görəcəyik ki, sənəd imzalanıb”.

M.Mərdanov 2000-ci ildə Ermənistanda olduğu barədə də danışıb: “2000-ci ildə Azərbaycanın təhsil naziri kimi Avropa Şurasının Ermənistanda keçirdiyi tədbirə qatılmışdım. Tədbirdən sonra İrəvanda onların təhsil naziri, parlament sədri və prezidenti ilə görüşdük. O zaman prezident Köçəryan idi. Dəyirmi stol arxasında söhbət edərkən məndən nə arzuladığımı soruşdular. Mən də bildirdim ki, anadan olduğum kəndi görmək istəyirəm. Mənim üçün sürücü, eyni zamanda mühafizəçi ayırdılar və öz kəndimizə getdim, evimizdə oldum. Evimizdə yaşlı bir qadın və bir kişi yaşayırdı. Həyətimizə baxdım, çox dəyişmişdi. Bəzi meyvə ağacları qurumuşdu. Həyətdən bir qədər torpaq və bulaqdan su götürdüm. Qəbiristanlığa da baş çəkdim...”

Mərdanov Nikol Paşinyan haqda da danışıb: “Onun əsli bizim İcevan rayonundandır. Yaxşı xatırlayıram, 70–80-ci illərdə onun əmisinin rayonun tanınmış cərrahı kimi kəndimizin üzdə olan insanları ilə yaxın münasibətləri var idi. Paşinyanla üz-üzə gəlsəm, bu məsələləri mütləq ona xatırladaram. Hesab edirəm ki, Paşinyan baş verənlərdən düzgün nəticələr çıxarmağa çalışır. Nəhayət, anlayır ki, danışıqlardan başqa yol yoxdur. Fransa və Rusiya onu yenidən qızışdırmağa çalışsa da, hiss olunur ki, Paşinyan bu prosesdən qurtulmaq istəyir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru