“Ermənistanda qaz pulunu süni şəkildə aşağı saldılar ki…” - YAP-çı millət vəkili
5-12-2016, 11:12
"2017-ci ildə Ermənistanda parlament seçkiləri keçiriləcək. Bu səbəbdən indiki hakimiyyət baş nazir postunu əldə saxlamaq üçün cəbhə xəttində vəziyyəti gərginləşdirir”.
Bu sözləri BakiPost.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini Aydın Mirzəzadə deyib.
Onun sözlərinə görə, işğalçı ölkə yenidən cəbhədə aktivləşməklə daxili siyasətdə indiki elitanın daha çox hakimiyyətdə qalmasına çalışır: "Ermənistanın əsas istəyi istənilən vəziyyətdə torpaqları işğal altında saxlamaqdır.
Ən yaxşı halda işğalçı ölkə o torpaqları özünə birləşdirmək istəyir. Bu isə nə beynəlxalq hüquq normalarına, nə də sivil düşüncəyə düzgün gəlmir. Bu baxımdan Ermənistanın cəbhə xəttindəki hərəkətləri onun apardığı siyasətə tamamilə uyğundur. Ermənistan cəbhə xəttində vəziyyəti gərginləşdirməyə, Azərbaycanı hərbi təzyiq altında saxlamağa və bu faktordan istifadə edərək daxili siyasətdə indiki elitanın daha çox hakimiyyətdə qalmasına çalışır.
Ermənistanda gələn il parlament seçkiləridir. İndiki hakimiyyət də baş nazir postunu əldə saxlamaq üçün maksimum provokasiya yaradır. Məsələn, bir müddət öncə Ermənistanda əhaliyə qazın satış qiymətini süni şəkildə aşağı saldırlar ki, daha çox seçici cəlb etsinlər. Əhaliyə müəyyən süni şəkildə yaradılmış sosial hərəkətlər edirlər”.
Aydın Mirzəzadə bildirib ki, artıq bir necə gündür cəbhə xəttində kiçik döyüşlər gedir: "Son günlər ermənilər cəbhə xətində vəziyyəti yenidən gərginləşdirməyə çalışırlar. Bir necə gündür ki, kiçik döyüşlər gedir.
Amma Ermənistan problemin həlli yolunun onun apardığı siyasətbazlıqda olmadığını unudur. Bu reallıqda və beynəlxalq hüquq normalarının işləməyindən asılıdır. Azərbaycan özünün ərazi bütövlüyü məsələsini çox ciddi sürətdə ortaya qoyub və bu xətdən geri çəkilən deyil. Bunu etmək üçün Azərbaycanın düşünülmüş dövlətçilik siyasəti, düzgün qurulmuş xarici siyasəti, güclü ordusu və iqtisadiyyatı var. Ölkəmiz Ermənistanın həmlələrinə vaxtaşırı çox sərt cavablar verir”.
Deputatın fikrincə, Ermənistan rəhbərliyi özünə hesabat verməlidir ki, Azərbaycanın səbri tükənməz deyil: "Aprel hadisələri yenidən təkrarlana bilər. Amma cavab artıq əvvəlkini belə kölgədə qoyacaq. Bu isə Ermənistanın nəinki qarşıdan gələn seçkiləri, ümumiyyətlə bir çox planlarını ciddi surətdə pozacaq”.
Cəbhə xətində vəziyyətlə bağlı olaraq Rusiyaya arxalanmaq əhval-ruhiyyəsi Ermənistanda mövcuddur. Onlar həmişə özünün çirkin oyununa Rusiyanı cəlb etməyə çalışır. Amma Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanıyır.
Hətta işğal edilmiş zonada yaranan rejimlə əlaqə qurmaqdan imtina edir. Hesab edirəm ki, Ermənistanda Rusiya ilə son günlərdə vahid ordu yaradılması ilə bağlı müqavilədən sonra bir eyforiya yaranıb. Onlar bu müqaviləyə əsaslanaraq Rusiyanı Dağlıq Qarabağda işğal edilmiş zonada gedən döyüşlərə cəlb edə biləcəklərini umurlar.
Amma müqavilədə birbaşa Rusiyanın və Ermənistanın ərazi bütövlüyü yazılıb. Bu o deməkdir ki, Qarabağ və ətraf rayonların Ermənistanın ərazisinə aidiyyəti yoxdur. Ümumiyyətlə, Azərbaycanın öz ərazisində istədiyi hərəkəti etmək hüququ var”.