Ağabəy Əsgərov: “Eldar Mahmudov mənə heç bir təzyiq edə bilməzdi”
12-12-2016, 19:08
Azərbaycan nəşriyyatının Baş direktoru Ağabəy Əsgərov “Azadlıq” qəzetinin borcları ilə bağlı məsələyə münasibət bildirib.
A.Əsgərov deyib ki, hazırda “Azadlıq” qəzetinin Azərbaycan nəşriyyatına külli miqdarda borcu var:
“Bu qəzet bizi nədəsə ittiham edə bilməz. Çünki “Azadlıq” qəzetinin Azərbaycan nəşriyyatına külli miqdarda borcu var. Bu qəzet nəşriyyata olan borcunu ödəməlidir ki, biz də onu çap edə bilək. Kommersiya sirri olduğu üçün mən “Azadlıq” qəzetinin bizə nə qədər borcu olduğunu da deməyəcəm. Ancaq külli miqdarda borcu var”.
Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) “reket” jurnalistlərə qarşı keçirdiyi əməliyyatlara da toxunan A.Əsgərov qeyd edib ki, “Bizim dövr” və “Gündəlik Bakı” qəzetlərinin adları Mətbuat Şurasının tərtib etdiyi “qara siyahı”da olmayıb:
“Hansı qəzetin adı Mətbuat Şurasının tərtib etdiyi “qara siyahı”ya düşürsə, mən də həmin mətbuat orqanlarını dərhal nəşriyyatın binasından çıxardıram. Nə “Bizim dövr”, nə də “Gündəlik Bakı” qəzetlərinin adları həmin “qara siyahı”da yox idi. Bu qəzetin saxlanılan baş redaktorları da Eldar Mahmudovun adamları olublar. Bu adamlar lazım olan şəxslər barəsində müvafiq məlumatları öyrənərək, keçmiş Milli Təhlükəsizlik Nazirliyinə (MTN) ötürüblər. Sonra isə Eldar Mahmudovun bandası həmin yüksək səviyyəli iş adamlarını bu qəzetlər vasitəsilə şantaj edərək, təzyiq göstərib, pul alıblar. Bir daha söyləyirəm ki, nə Habil Vəliyev, nə də Surxay Əliyev həbs olunarkən, adları Mətbuat Şurasının “qara siyahı”sında olmayıb”.
Baş direktor keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov tərəfindən də hər hansı təzyiqlə üzləşmədiyini söyləyib:
“Eldar Mahmudov mənə heç bir təzyiq etməyib. Bunu edə də bilməzdi. Çünki mən nə iş adamı, nə də yüksək vəzifəli məmur deyildim. Eldar Mahmudov mənə nə təzyiq edə bilərdi? Mən sadə nəşriyyat direktoruyam”.(Ölkə.Az-)