“Sınıq Körpü”dən ərzağı keçirməklə iş bitmir…

15-12-2016, 00:20           
“Sınıq Körpü”dən ərzağı keçirməklə iş bitmir…
“Yağ, kolbasa, konfet, oğluma bir az siqaret… Yəni gündəlik istifadə etdiyimiz ərzaqlar idi. Elə vəziyyətdə gətirib çıxartdım ki, evə çatanda atdım zibilqabına…”.

Qazaxda, əsasən, kəndlərdə yaşayanlar bayramqabağı müxtəlif ərzaq məhsulları almaqdan ötrü Gürcüstana üz tuturlar. Tavat Səlimova da onlardan biridir. O, AzadlıqRadiosu-na danışır ki, dekabrın 10-da qonşu ölkədən qayıdan baş “Sınıq Körpü” gömrük keçid məntəqəsindən keçirmək istədiyi iki çanta ərzağı o tərəf-bu tərəfə tullaya-tullaya istifadəyə yararsız vəziyyətə salıblar:

“Özləri də görürlər ki, alıb gətirdiklərim…”


“Deyir, olmaz… Deyirəm, a bala, nağayrım, acınnan ölüm? Un bahalaşıb, yağ, şəkər, hamısı bahalaşıb. Çox kasıb yaşayırıq. Bir oğlum şəhid olub, bir oğlum da 1-ci qrup əlildir. Güclü qidalanmasa, ölər. Deyirəm, onun üçün aparıram, ay oğul, öz ölkəmdə bahadır, çantamda nə var ki, 5 kilo yağ, 3 kilo pendir, 3 kilo şəkər, 3 kilo şəkər tozu, nə bilim, belə şeylər… Axı özləri də görürlər ki, alıb gətirdiklərim mağazaya qoyub satmaq üçün deyil”.

Tavat Səlimova ərzaq dolu boğçalarını dil-ağız edə-edə birtəhər keçirə bilib. Ancaq sevinci çox sürməyib:

“Gəldim evə çatdım, baxdım ki, şəkər tozunun torbasını necə atıblarsa, deşilib, hamısı dağılıb, torbada heç nə qalmayıb. Torbaların ora-bura atılmasından ərzaqların hamısı əzilib, yapışıb. Un da dağılmışdı. Bircə siqaret salamat gəlib çıxdı”.

Son ayın pensiyası da “zay oldu…”

Tavat Səlimovanı incidən odur ki, gömrük əməkdaşları qanunda nəzərdə tutulmuş çəkidə gətirilən ərzağı da ayaq altına atmaqla, sanki insanların hissləri ilə oynayırlar. O, həmin ərzaqlara son ayın pensiyasını xərclədiyindən, sakitləşə bilmir.

Hər il Qazax, Tovuz, Gədəbəy, Gəncə kimi ətraf rayonlardan Gürcüstana ərzaq üçün keçənlər, özəlliklə bayramqabağı alış-verişdən geri qayıdanda Azərbaycan gömrükçüləri tərəfindən incidildiklərini iddia edirlər. Bununla bağlı sosial şəbəkələrdə də xeyli videogörüntü yayılıb.

Suallar cavablanmayıb

Bakı Gömrük İdarəsi və “Sınıq Körpü” gömrük keçid məntəqəsi vətəndaşların şikayətləri ilə bağlı AzadlıqRadiosu-nun suallarını cavablandırmayıb.

Gömrük haqqında qanundakı son dəyişikliklərə görə, vətəndaşlar şəxsi istifadə məqsədi üçün ölkəyə gömrük rüsumu ödəmədən hər ay 30 kiloqramadək ərzaq, 600 ədədədək siqaret gətirə bilərlər. Vətəndaşlar qanunla nəzərdə tutulmuş çəkidən kənara çıxmasalar da, tez-tez gömrük işçiləri tərəfindən incidildiklərinə diqqət çəkirlər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.