ELÇİN ŞIXLIDAN ÇAĞIRIŞ: "XALQA "OTXOT"DEYƏN ADAM MİLLƏTİ TƏMSİL ETMƏMƏLİDİR"
26-12-2016, 23:47
"Astan Şahverdiyev kimi adamlar heç bir yerdə milləti təmsil etməməlidir. Hansısa bir işi bacarırsa gedib, başını salıb o işlə məşğul olmalıdır".
Bu sözləri Sherg.az -a millət vəkili Astan Şahverdiyevin Rusiyada yaşayan azərbaycanlıları "otxot" adlandırması məsələsinə münasibət bildirərkən "Ayna- Zerkalo"qəzetlərinin baş redaktoru Elçin Şıxlı deyib.
Onun sözlərinə görə, anlamaq lazımdır ki, deputat siyasətçidir:
"Siyasətçi də ağzındam çıxartdığı hər bir sözə, kəlməyə cavabdeh olmalıdır. Sözü söyləməzdən əvvəl onun mahiyyətini, mənasını dərk etməlidir. Yəni bilməlidir ki, bu söz nə üçün və kimə deyilir. Hansısa bir millət vəkili, siyasətçi, əsəbləşib xalqı təhqir edib, sonra "Əsəbiydim məni bağışlayın" deyirsə, bu qeyri- ciddi alınır. Ümumiyyətlə, bu cür adamlar heç bir yerdə milləti təmsil etməməlidir. Bu deputat azərbaycanlılara ona görə "otxot" deyir ki, onun kimi adamları üst başa keçirib, millət vəkili seçiblər. O, da bunun əvəzi olaraq , millət haqqında nə istəyir, onu da deyir. Gərək, millət özünə qiymət qoysun".
Qeyd edək ki, millət vəkili Astan Şahverdiyev bu günlərdə "Azadlıq” radiosuna verdiyi müsahibədə Rusiyada yaşayan azərbaycanlılar haqda təhqiramiz ifadə işlədib. O, qeyd edib ki, Azərbaycan cəmiyyəti haqda Rusiyada çox mənfi fikir formalaşıb:" Səbəbi bilirsiniz nədir? Mən bunun səbəbini araşdırmışam. Rusiyaya gedənlər kimlərdir? Bizim cəmiyyətin "otxodları”dır. Gedib bazarda işləyənlər. İndi burda baş qaldıranlar da… Hər yerdə belə tör-töküntülər var”.