"Qurban bayramında kəsilən qurbanlara qətliam deyən bəzi düşüncə sahibləri hinduşka qətliamına biganə yanaşırlar" — İlahiyyatçı alim

28-12-2016, 20:03           


Hər yeni il ərəfəsi bayramın qeyd edilib-edilməməsi əsas müzakirə mövzusuna çevrilir.

Bir çoxları yeni ilin xristian bayramı olduğunu deyir və müsəlmanlar tərəfindən bu bayramın qeyd edilməsinə qarşı çıxırlar.

Yeni ili müsəlmanlar qeyd etməlidirlərmi? Bu və digər suallara ilahiyyatçı alim Elşad Miri Ölkə.Az-da aydınlıq gətirib:

"Xristianlıqla əlaqəli olduğu iddia edilən bayram əslində xristian bayramı deyil. Xristianlar özləri də bunu bilir və etiraf edirlər. İsa peyğəmbərin doğumu ilə bağlı tarix katoliklərdə və provaslavlarda fərqli günlərə təsadüf edir. Bəziləri İsa peyğəmbərin dekabrın 26-da, bəzilər isə yanvar ayının 6-da dünyaya gəldiyini iddia edir. Ona görə də köhnə və təzə yeni il anlayışı meydana gəlib.

Yeni il anlayışı bütpərəstlikdən qalma bir şeydir. Bu gün insanlar yığışıb İsa peyğəmbərin doğum gününü qeyd etdiyini iddia edirlərsə, təəssüflər olsun ki, müsəlmanlar da özlərindən Məhəmməd peyğəmbərin anadan olduğu günlə bağlı Mövlud həftəsi, Mövlud kandili deyilən bayram keçirirlər. Sünnilər bunu bir gün, şiələr də başqa bir gün bu bayramı qeyd edirlər. Sünnilərlə şiələrin keçirdiyi bayram arasında bir həftə fərq var".

- Məhəmməd peyğəmbər dövrünə qədər olan peyğəmbərlərin ad gününü qeyd edibmi?

- Xeyir, keçirməyib.

- Peyğəmbərin sağlığında peyğəmbərin özü, ailəsi onun ad gününü keçiribmi?

- Xeyir, keçirməyib.

- Peyğəmbərin vəfatından sonra onun ailəsi, müsəlmanlar peyğəmbərin ad gününü keçiribmi?

- Xeyir, keçirməyib.

- Peyğəmbərin dövründə ad günü keçirmək anlayışı olubmu?

- Olmayıb.

İslam Məhəmməd peyğəmbərdən öncəki peyğəmbərləri tanıyır. Müsəlmanların bir çoxu yeni ili İsa peyğəmbərin ad günü olduğu üçün keçirməyəcəyəni deyirlər. Bu məsələyə münasibət bildirən ilahiyyatçı alim bildirdi ki, bir müsəlman İsa və yaxud Musa peyğəmbəri inkar etsə, müsəlman sayılmır:

"Məhəmməd peyğəmbərə ad günü keçirən bir şəxs İsa peyğəmbərə ad günü keçirsə nə olar? Faktiki olaraq bu cür məsələlər sonradan uydurulmuş məsələlərdir. Yeni il keçirənlərə demək olmaz ki, yeni il keçirmə. Yeni ili qeyd etməyənlərə də demək olmaz ki, niyə keçirmirsən?".

Yeni ildə ağacların və hinduşkaların qırılmasına münasibət bildirən Elşad Miri dedi ki, Gürcüstandan, Rusiyadan şam ağaclarını kəsərək aparıb Avropada satırlar. Təbii ki, şam ağacları köklü satılmır, kəsilərək satılır. Qurban bayramı günü kəsilən qurbanlara qətliam deyən bəzi düşüncə sahibləri hinduşka qətliamına biganə yanaşırlar.

Bayramı keçirib-keçirməyəcəyinə gəldikdə isə ilahiyyatçı alim qeyd etdi ki, mənim üçün sevincli olan hər gün bayramdır:

"Mənim üçün yeni bir ayəni dərk elədiyim gün bayramdır. Həmin günü ailəmlə qeyd edirəm. Bayram sevinc günüdür. Bu sevinc günü kimsə piston partladıb mənim əhvalımı pozursa, bu, bayram deyil. Belə şeylərdən çəkinərək bayramı o cür qeyd etmirəm".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.