"Dedilər, səni güllələyərik" - Adəm Məmmədovdan ilginc açıqlamalar
30-12-2016, 20:20
Onu ölkənin ən səs-küylü məhkəmələrindən tanıyırsınız. Hələ sonuncu parlament seçkilərinə qatılması və rəqibi ilə ciddi toqquşmalar yaşaması onu daha çox gündəmə gətirdi. Demək olar ki, mediada hər gün gözümüzün önündə olan bu insanın, sən demə, xeyli “yaralı yer”ləri varıymış. Söhbət vəkil Adəm Məmmədovdan gedir.
Lent.az tanınmış vəkillə müsahibəni təqdim edir:
- Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndindənsiniz, böyük bir nəsli təmsil edirsiniz. Bildiyimizə görə, mərcanlılar hüquqlarının qorunması üçün sizə üz tutur. Onların hamısının vəkili olmaq çətin deyil?
- Əslində, bizim çox maraqlı kəndimiz var. Təsəvvür edin, orada bazar olmayıb. Bunu yaşlı insanlar deyirdilər. Camaatımız alver bilmirdi. Əksəriyyəti oxuyurdu. Alver üçün Füzuliyə, Ağdama gediblər. Hətta onlar həyətlərində olan meyvəni belə satmayıblar. Böyük Mərcanlıda nə qədər istəsəniz hüquqşünas var idi. Elə mənim atam da məhkəmə sədri idi. İndi də fikir versəniz, görərsiniz ki, polisdə, prokurorluqda və məhkəmə sistemində xeyli həmkəndlimiz var. Bu cür insanlara da vəkillik etmək asan məsələ deyil. Çox məsuliyyətlidir.
- Bildiyimizə görə, atanız məhkəmə sədri ola-ola Qarabağda döyüşüb və şəhid olub. Hüquqşünas olmağınızda atanızın hər hansı rolu varmı?
- Atamın hüquqşünas olması məni bu peşəyə müəyyən qədər istiqamətləndirib. Ona baxıb həvəslənmişəm. Amma bu, onun xüsusi tapşırığı deyildi. Ümumiyyətlə, valideynlərin övladlarını yönəltməsinə doğru baxmıram. Uşaqlıqdan mübariz olmuşam. Hüquq ixtisasını seçməyim əsasən xarakterimdən irəli gəlir. Atam Azərbaycanda ən gənc məhkəmə sədri olub. 29 yaşında artıq sədr idi. Ona baxıb hesab edirdim ki, hüquqşünas olub ən gənc yaşlarda da belə nailiyyət qazanmaq mümkündür. Hüquqşünaslar həmişə cəmiyyətin ən aparıcı üzvləri olur. Təsəvvür edin ki, Amerikada indiyə kimi 45 prezident seçilib, onlardan 27-si hüquqşünas olub. Qandi də hüquqşünas idi və Hindistan xalqına istiqlaliyyət bəxş etdi. Lenin vəkil kimi 5 prosesə çıxıb - 3 mülki, 2 cinayət işinə. Obama, Putin də hüquqşünasdırlar.
- Məhkəmə sədrinin oğlu idiniz. Yoldaşlarınız arasında bununla öyünürdünüz?
- Ümumiyyətlə, məktəbdə atamın hakim olmasını gizlətmişəm. Çalışırdım ki, bilməsinlər. Özümü onlardan uzaq tutmurdum. Düzü, heç atamı doyunca görə bilmədim. 14 yaşımdan atasız böyüdüm. Bu, çox ağrılı bir məsələdir. Təsəvvür edin ki, sədr oğlusan, cəmiyyətin kənardan sənə münasibəti necədir və birdən-birə yetim qalırsan. İnanın ki, hər şey alt-üst olur. Həyatın çətinlikləri mənim üçün çox tez başladı. 14 yaşından evin rəisinə çevrildim. Böyük oğul olaraq bütün yük üstümdə idi. Bu, məni tez böyütdü. İndi özümü 50-60 yaşında hiss edirəm.
- Bəs həmin çətin anlarda dəstəkçiniz kim oldu? Atanızın dostları...
- Çoxu çəkildi. Əsas dəstək əmilərimdən gəldi. Hacıqabulun polis rəisi var idi, rəhmətlik İbrahim Bağırov. Çox dəstək olub mənə. Allah ona rəhmət eləsin. Qubadlının, Zərdabın polis rəisi olmuş Nadir Hüseynovun da ailəmizə dəstəyini unuda bilmərəm. Onlar bizim qonşumuz idi. Bütün bunlara baxmayaraq, necə deyərlər, başqa evin ocağı sənin evini isitməz. Həyatımda çox əziyyətli dövrlər olub. Təsəvvür edin, bir tərəfdən atam şəhid oldu, bir tərəfdən də evimizi-topağımızı itirdik. Hansı acıya daha çox yanacağımı belə bilmirdim. İzah edə bilməyəcəyim qədər çətin idi.
- Atanız məhkəmə sədri idi axı, döyüşlərə necə gedirdi?
- O, məhkəmə sədri olmasına baxmayaraq ayda 2-3 dəfə cəbhə bölgəsinə mütləq baş çəkirdi. Füzuli rayonu uğrunda döyüşlər zamanı orada idi. Ermənilər uzaqdan, qəsdən atamı vurdular. Bunu əksəriyyət bilir. Aprel döyüşləri zamanı özüm də cəbhə bölgəsinə getdim. Lələtəpə zirvəsinin düz yaxınlığındaydım. Qrad mərmisi bizim 500 metr yaxınlığımıza düşdü. Orda da ailəmizi tanıyanlar dedilər ki, atanı da o vaxt belə vurdular, o da ən təhlükəli yerlərə gəlirdi. Kəndimiz həmin Lələtəpə zirvəsinin 2-3 kilometrliyindədir.
Sizə bir etiraf edim. Atam sağ olsaydı, mən hazırkı Adəm Məmmədov olmayacaqdım. Həmişə onun kölgəsində qalardım. Çətinliklər şəxsiyyətin formalaşmasında xüsusi rol oynayır. Atam sağ olsaydı, böyüyəcəyim komfort şərait inkişafıma mane olardı.
- Siz hakim oğlusunuz, amma müdafiə tərəfini seçdiniz, vəkil oldunuz. Onu da bilirik ki, bir müddət Ədliyyə Nazirliyində də məhkəmə qərarlarının icraçısı kimi də fəaliyyət göstərmisiz. Niyə məhz vəkil?
- Əslində, hakim tərəf deyil ki... Mən neytral bir hüquqşünasın oğlu idim. Düzü, mən də heç qəbul etmirəm ki, adam illər boyu ittihamçı olur, sonra təqaüdə gedəndə müdafiəçiyə çevrilir. Bizdə belələri çoxdur. Vəkil dostlarımız yəqin məndən inciməzlər. Onlara zarafata deyirəm ki, dünənə kimi insanları həbs edirdiniz, indi tutduqlarınızı buraxdırırsınız. Bilirsiniz necədir? Bir var, məhkəmədə ittiham nitqinə hazırlaşasan, bir də var müdafiəyə. Bu işdə uğur qazanmaq üçün mütəxəssis olmalısan. Hərəsinin öz peşəkarı var. Yaxşı ittihamçı uğurlu müdafiəçi ola bilməz. Və əksinə. Ədliyyə orqanlarında sadəcə məhkəmə qərarlarını icra eləmişəm. Adi bir məmur idim. Yəni bu, ittiham tərəfi sayılmır.
- Bir vaxtlar xəbər çıxdı ki, Vəkillər Kollegiyası ilə problemləriniz var, o üzdən də ölkədən gedirsiniz.
- Bu xəbərləri uydurmuşdular. Vəkillik elə bir peşədir ki, istədiyin vaxt istədiyin yerə gedə bilirsən. İnsan çətinliyə düşəndə qaçmağa yox, həmin durumdan çıxmağa çalışmalıdır. Üzərimdə ciddi bir məsuliyyət olduğu halda heç zaman, heç yerə getmərəm. Hər gün çox ağır iş rejimində çalışıram. Gecə saat 2-3-ə qədər müdafiə çıxışı hazırlayıram. Ölkədən getmək söhbətinə gəlincə, onu qeyri-ciddi, nüfuzu olmayan, həmişə mənə qarşı qərəz nümayiş edən şəxslər adamlar yaymışdı.
- Adınız əsasən ölkənin qalmaqalı proseslərində hallanır. Bu insanlarla sizi kim əlaqələndirir? Onlara özünüz xidmətinizi təklif edirsiniz, yoxsa gəlib sizi tapırlar?
- Vəkillərin hər zaman seçmək şansları olmur. Təbii ki, onların özləri gəlib məni tapır. Hər hansı bir işdə uğurunu görürlər, hesab edirlər ki, onlara da kömək edə bilərsən. Amma hər hansı bir işi götürərkən heç kimə söz vermirəm ki, bu prosesdə mütləq qalib olacağıq.
- Ən səs-küylü işiniz hansı olub?
- Deyərdim ki, general Şahin Sultanovun məhkəmə işi. Amma mənə ən çox populyarlıq gətirən iş, quldurluqda təqsirləndirən 5 nəfərin bəraət alması oldu.
- Bu səs-küyləri yaradan isə mediadır. Medianın həyatınızdakı rolu nədir?
- Media doğurdan çox böyük qüvvədir. Səninlə və işinlə bağlı insanlarda fikir formalaşdıran məhz mediadır. Media insanı bir gündə xalq qəhrəmanı da edə bilər, xalq düşməni də. Mənim həyatımda medianın əvəzsiz yeri var. Media olmasaydı, bizim işlərdən kim xəbər tutacaqdı? Hakim də, ittihamçı da medianın formalaşdırdığı ictimai qınaqdan çox qorxur. Media ilə həmişə dost olmuşam, dost olaraq da qalacam.
- Müdafiə etdiyiniz şəxslərlə bağlı sizə hədə-qorxu gəliblərmi, təhdid olunmusunuz?
- Mənə qarşı olan təhdid çətin ki, hansısa başqa vəkilin başına gəlsin. Qayğılanmamışam desəm, yalan olar. Fikirləşmişəm ki, özümlə, yaxınlarımla bağlı təhlükə yarana bilər. Bütün bunlarla yanaşı, heç zaman geriyə addım atmadım. Təsəvvür edin, açıq-aşkar dedilər ki, səni güllələyərik. Boynuma bir iş götürmüşəmsə, sona qədər vuruşmuşam. Və nəticəsi də olub.
- Təhdidlər əsasən nə ilə bağlı idi?
- Bunlar vəzifəli şəxslər tərəfindən olub. Onların öz şəxsi maraqları üçün idi. İndinin özündə də davam edir. Həmişə ədalətin, haqqın bərpa olunması üçün mübarizə aparmışam. Şükür ki, buna çox vaxt nail oluram. Bəraət hökmünə nail olmaq bilirsiniz nədir? Bununla çox xoşbəxt oluram.
- Bəs kimisə pulsuz müdafiə etdiyiniz olub?
- Bəli. O qədər olub ki... Əlimdən gələn köməyi əsirgəmərəm.
- Bəs ən bahalı işiniz hansı olub?
- Bu sual vəkillik sirrinə aiddir, cavablaya bilməyəcəm. Bilirsiniz necədir? Birindən xidmətinin haqqını alırsan, birindən isə ala bilmirsən. Sonra baxırsan ki, onlar elə bir-birini kompensasiya edib. Bəzən elə olur ki, birinci instansiya məhkəməsində istədiyin nəticəni ala bilmirsən. Apellyasiyada isə çox vaxt nəticə alırıq. Vətəndaşlar isə çox hövsələsizdir. Deyirlər yox e, nəticə elə indi olmalıdır. Etiraf edim ki, vətəndaşlarımıza hazırda hüquqi yardımdan çox psixoloji yardım edirik. İnsanlarımızın hansı vəkilə üstünlük verdiyini bilirsinizmi? Onunla saatlarla telefonda danışana, dərdləşənə. Sonra nəticə olmayanda heç küsmürlər də.
- Övladlarınızın da hüquqşünas olmasını istəyərdinizmi?
- Bir oğlum, bir qızım var. Oğlumun 2, qızımın 6 yaşı var. Övladımın hüquqşünas olmasını istəyərəm, yalnız vəkil olmasınlar. Çünki çox ağırdı. Dövlət orqanlarında, hüquq-mühafizə orqanlarında çalışanlar. Onların arxasında dövlət dayanır, vəkilin arxasında isə heç kim.
- Bəzi vəkillər var ki, el dili desək, “makler”lik edir? Buna nə deyə bilərsiniz?
- Dünyanın bir çox yerlərində bu cür insanlar var. Peşəsini dərindən bilməyənlərdi. İnsanlar birdəfəlik bilməlidir ki, hansısa fırıldaqçı vəkil onun işində birinci instansiya məhkəməsində kiminsə hesabına müəyyən nailiyyət qazana bilər. Amma əksər hallarda apellyasiya instansiyası həmin qərarı ləğv edir.
- Hansısa işdə sizə geri çəkilməniz üçün rüşvət təklif olunub?
- Ad açıqlamayacağam, 300 min dolar təklif elədilər ki, bu işdən geri dur. Yalnız mən buna getmədim. Birini misal çəkə bilərəm, əslində çox xırda bir iş idi. Bir qızla oğlan 2 aylıq evli olmuşdular. Qızın ailəsi imkanlı idi. Oğlanı şərlədilər. Onun barəsində cinayət işi qaldırılmışdı. Oğlanı müdafiə edib, bəraət qərarı aldım. Qızın adamları dedilər ki, bu işdən çəkil, sənə 50 min manat verək. Rədd etdim.
- Milli Məclisin deputatı Astan Şahverdiyevin həyat yoldaşının sizinlə bağlı ittihamları davam edir. İddia edir ki, onun telefon nömrəsini siz yaymısınız. Bununla bağlı açıqlama verdiniz əslində, amma elə bil ki, hər şeyi tam açıqlamadınız...
- Mən həmin deputatın ailə üzvlərinin nömrəsini bilmirəm. İkincisi, bilsəm də heç kimə vermərəm axı. Seçkilər zamanı onunla eyni dairədən namizədliyimizi vermişdik. Yalnız onu heç zaman özümə rəqib saymamışam. Bunu da hamı bilir. Həyat yoldaşı Solmaz xanım indi nə deyir, bilmirəm. Seçkilər zamanı da demişdi bunları. Mən tənqid edirəm, o isə təhqirə keçir. Amma Astan Şahverdiyev daha da irəli getdi. Elə bir cümlə işlətmişdi ki, artıq buna nəslimizin ağsaqqalları belə qarışmalı oldu. Aramızda baş verən konfliktlə bağlı bütün nəslimi təhqir etmişdi. Bir siyasətçi tənqidə bu cür ağır təhqirlə cavab verməməliydi. Astan Şahverdiyev tənqidə dözmürsə, durub getsin müəllimliyini eləsin. Mən ona demişdim ki, siz təqaüd yaşınıza çatmısınız, bir dəfə də olsun Milli Məclisdə düz-əmməli çıxışınız olmayıb. Çünki edə bilmir axı. Deputatlıq dövründə cəmi iki dəfə çıxışı olub. Birində deyib ki, Azərbaycanın dövlət himni çox uzundur, qısaltmaq lazımdır. Sonra da futbolçu Cavid Hüseynovun işi ilə bağlı demişdi ki, məhkəmə müstəqil olsaydı, hər gün jurnalistləri məhkəməyə verib tutdurardım. Özü də bunu bir deputat deyir. Mən onun siyasi karyerasında ciddi bir şey görməmişəm. Qısa müddətdə 4 partiya dəyişib bu adam. Əvvəl AXC, sonra AMİP, daha sonra Müsavat Partiyasında təmsil olunub. 2003-cü ildən sonra isə YAP-a keçib. Ümumiyyətlə, bilinmir bu adam necə ortalığa çıxıb. İstilik üzrə alimdir, heç bilmirik nə kəşf edib. Mən onun alimliyini şübhə altına qoymaq istəmirəm. Alim olmaq asandır...
- Boş vaxtlarınızda nə ilə məşğul olursunuz?
- Boş olan kimi kitab oxuyuram. Qanunvericiliyə göz atıram, əsasən psixoloji mövzuda kitablar oxuyaram. Çünki həmin kitablar insanda gərginliyi, stressi azaldır. Gündə nə qədər neqativ sözlərlə, problemlərlə üz-üzə gəlirik. Kitab oxuyandan sonra çox rahatlaşıram.