Hərbi polisin keçmiş rəisi: MTN ordu generallarını da şantaj edib
6-01-2017, 10:14
teref.az Azərbaycanın Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin keçmiş rəisi, ehtiyatda olan polkovnik Rövşən Məhərrəmovun istiqlal.az saytına müsahibəsini təqdim edir:
- Rövşən müəllim, son illər ərzində Azərbaycan Silahlı Qüvvələrinin inkişafını necə qiymətləndirirsiniz?
- Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandanın, cənab İlham Əliyevin rəhbərliyi altında çox inkişaf edib. Günü-gündən ordumuz öz qüdrətini artırır. Azərbaycan Ordusu ən yeni texnologiyalara əsaslanan hərbi texnika və döyüş vasitələri ilə təchiz edilmiş, NATO standartları əsasında təlim görmüş Silahlı Qüvvələri ilə Cənubi Qafqazda hərbi qüdrətinə görə liderdir. Həmçinin Azərbaycan Silahlı Qüvvələrinin göstəriciləri onun keçmiş sovet məkanında da ən güclü və döyüş hazırlıqlı ordulardan biri olduğunu təsdiqləyir. Aprel döyüşləri dediklərimin həqiqət olduğunu sübut etdi. Dörd gün ərzində möhtəşəm uğurlar əldə etdik. Aprel döyüşləri Ermənistan ordusunun çox acınacaqlı bir durumda olduğunu sübut etdi. Məlum oldu ki, düşmən ordusunun maddi-texniki bazasını, təchizatını yalnız dünyanın ən geridə qalmış ölkələri ilə müqayisə etmək olar. Bununla yanaşı bu orduda şəxsi heyətin mənəvi-psixoloji problemləri, peşəkarlıq baxımından hətta ibtidai hərbi biliklərə malik olmamaları da aşkar göründü. Ordudan kütləvi yayınma və fərarilik halları Ermənistan rəhbərliyini məcbur etdi ki, döyüşlərə qadınları və xidmət yaşları ötmüş insanları cəlb etsinlər. Belə aciz bir addımın atılmağının da son nəticəsi Ermənistana baha başa gəldi. Bütün bunların məntiqi nəticəsi olaraq illər boyu Ermənistan iqtidarı tərəfindən sadə xalqın beyninə yeridilən "qalib ordu" imici darmadağın edildi. Ermənistan prezidenti yüksək çinli hərbçiləri ordunun yarıtmazlığını özü sübut etdi. Dörd günlük aprel döyüşlərində Azərbaycan Silahlı Qüvvələrinin gücünü, qüdrətini, ordumuzun peşəkarlığını o qədər də geniş şərh etməyə yəqin ki, ehtiyac yoxdur.
-Cəbhə bölgəsindəki bugünkü vəziyyəti bir hərbçi kimi necə şərh edərdiniz?
- Dövlət başçısı, Ali Baş Komandan hər bir dəqiqə göstəriş verdiyi halda Azərbaycan Silahlı Qüvvələri onun göstərişini yerinə yetirməyə hazırdır. Bir də qeyd etmək istərdim ki, Azərbaycan Silahlı Qüvvələrinin əsas öhdəliyi düşmənlərin işğal olunmuş torpaqlardan çıxarılmasıdır və biz buna nail olacağıq. Azərbaycan Silahlı Qüvvələrinin son illər ərzində inkişafı, ən son silahlar, hərbi texnika ilə təmin olunması, hərbi hazırlıq səviyyəsinin artırılması bizi qələbəyə doğru aparır. Qələbə günü uzaqda deyil. Biz torpaqlarımızın işğalına əbədi olaraq dözmək niyyətində deyilik. Ya problem ən qısa müddətdə sülh yolu ilə həll olunacaq, ya da regionda hərbi münaqişənin gərginləşəcəyi qaçılmazdır.
- Ordumuzun maddi texniki vəziyyəti və hərbçilərimizin əhval ruhiyyəsi qənaetbəxşdirmi?
- Əsgərlərin psixoloji durumu və vətənpərvərlik ruhu çox yüksək səviyyədədir. Əsgərlər arasında daima vətənpərvərlik siyasəti aparılır. Əsgərlər Ali Baş Komandanın göstərişini gözləyirlər, onlar döyüşə tam hazır vəziyyətdədirlər.
Bir daha qeyd etmək istəyirəm ki, əsgərlərimiz gecə-gündüz əllərində silah torpaqların keşiyində dayanır. Ali Baş Komandan, cənab İlham Əliyevin rəhbərliyi altında ordu quruculuğu yüksək səviyyədə gedir. Bir daha qeyd edim ki, hazırda Azərbaycan Ordusu regionun ən güclü ordusudur. Bütün bunları xalq da, ictimaiyyət də görür və ağı-qaradan ayıra etməyi bacarır.
- Hərbi təhsil sahəsində vəziyyəti necə qiymətləndirirsiniz?
- Şübhəsiz ki, Azərbaycanın müasir tələblərə cavab verə biləcək güclü ordusunun formalaşdırılmasında, yüksək döyüş hazırlığının təmin edilməsində hərbi təhsil sisteminin müstəsna əhəmiyyəti vardır. Hərbi təhsil sistemi müxtəlif pilləli ardıcıl təhsil proqramlarını həyata keçirən xüsusi təyinatlı təhsil müəssisələri şəbəkəsindən və təhsili idarəetmə orqanlarından ibarətdir və əsas məqsədi dövlət təhsil standartlarına uyğun biliyə, bacarığa və dünyagörüşünə malik olan, xalqını və vətənini sevən, Azərbaycan Respublikasının təhlükəsizliyini və müdafiəsini təmin etmək üçün yaradılan Silahlı Qüvvələrin və digər silahlı birləşmələrin qarşısında qoyulan vəzifələri yerinə yetirməyi bacaran kadrların hazırlanmasıdır. Hazırda respublikamızın Silahlı Qüvvələri və digər hərbiləşdirilmiş birləşmələri üçün müxtəlif kateqoriyalardan olan hərbi kadrların hazırlanması xüsusi təyinatlı təhsil müəssisələrində - Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasında, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində, Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbində, Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbində və Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsində həyata keçirilir. Ali Baş Komandanın tapşırığına əsasən, döyüş hazırlığının daha da artırılması məqsədilə hərbi təhsil sisteminə ciddi diqqət yetirilir. Silahlı Qüvvələrdə hərb elminin inkişafı, eləcə də elmi və elmi-pedaqoji kadr hazırlığı məqsədilə 2014-cü ildən Hərbi Akademiyanın Adyunkturası fəaliyyətə başlayıb. Dost və digər dövlətlərin hərbi təhsil sistemi ilə tanışlıq, təcrübə mübadiləsi məqsədilə Müdafiə Nazirliyinin yüksək səviyyəli nümayəndə heyətlərinin Türkiyə, Rusiya, Belarus və digər ölkələrə səfərləri olub. Plana uyğun olaraq hərbi təhsil müəssisələrinin professor və müəllim heyəti Türkiyənin, Litvanın, İordaniyanın, Pakistanın, o cümlədən NATO dövlətlərinin hərbi-təhsil müəssisələrinin nümayəndələri ilə qarşılıqlı təcrübə mübadiləsi aparır.
Zabitlərin bilik və bacarıqlarına uyğun istifadə olunması, dəyişən xidmət şəraitinə uyğunlaşma vərdişlərinin inkişaf etdirilməsi, xidmətdə bərabər şəraitin yaradılması məqsədilə Silahlı Qüvvələrdə onların xidməti yerlərinin planlı şəkildə yerdəyişməsi (rotasiyası) yeni təlimat əsasında aparılır. Gördüyünüz kimi, bütün sahələrdə olduğu kimi, bu istiqamətdə də irəliləyiş var. Zənnimcə, həyata keçirilən islahatlar öz bəhrəsini verəcəkdir.
- Müdafiə Nazirliyində həyata keçirilən islahatlar və rəhbərlik dəyişikliyindən sonra hansı irəliləyişləri müşahidə etdiniz?
- Müdafiə Nazirliyində həyata keçirilən islahatlar dedikdə təkcə rəhbərlik dəyişikliyi nəzərdə tutulmamalıdır. Həm struktur, həm kadrlar baxımından mühüm işlər görülür. Ordumuz gündən-günə inkişaf edir. Maddi-texniki bazamız zənginləşir. Diqqət yetirsənsiz görərsiniz ki, qısa müddət ərzində tam təmin olunmuş yeni poliqonlar inşa edilib və şəxsi heyətin döyüş hazırlığının yüksəldilməsi üçün müvafiq şərait yaradılıb. Burada əsas məqsəd ordunu gələcək döyüşlərə hazırlamaq, zabit və əsgərlərin qarşısında duran vəzifələrin yüksək səviyyədə icrasını təmin etməkdir. Dövlətimizin başçısının tapşırığına əsasən, Müdafiə Nazirliyinin döyüş hazırlığı planına uyğun olaraq keçirilən təlimlərə ehtiyatdan çağırılan hərbi vəzifəlilər də cəlb edilib. Onlar bu təlimlərdə iştirak etməklə döyüş qabiliyyətlərini, hərbi ixtisaslarını və təcrübələrini təkmilləşdirmək, müasir silah və hərbi texnikanın nümunələri ilə yaxından tanış olmaq, düzgün istifadə və istismarı qaydalarını bilmək imkanı əldə ediblər. Eyni zamanda, Silahlı Qüvvələrimizin şəxsi heyəti beynəlxalq səviyyədə keçirilən müxtəlif təlimlərdə iştirak edir.
- Buna bənzər daha bir dəyişiklik bu yaxınlarda keçmiş Milli Təhlükəsizlik Nazirliyində həyata keçirildi. Bununla bağlı qalmaqallı məhkəmə və istintaq işləri hələ də davam edir. Adi hallananlar arasında təcrübəli zabitlər, generallar, tanınmış iş adamları, nüfuzlu şəxslər də var. Bütün bu baş verənlərlə bağlı sizin də fikrinizi öyrənmək bizə maraqlı olardı.
- Keçmiş Milli təhlükəsizlik Nazirliyinin son vaxtlar hansı işlərlə məşğul olduğunu hamı kimi mən də görürdüm. Mən hələ Silahlı Qüvvələrin Hərbi Polis İdarəsinin rəisi olan zaman MTN-nin Hərbi Əks-Kəşfiyyat İdarəsinin rəhbərliyi ilə hər zaman mübahisə edirdim. Aramızdakı narazılığa əsas səbəb general Nizami Şirinovun qurduğu işin yarıtmaz vəziyyətdə olması ilə bağlı idi. Yerlərdəki əməkdaşlar öz fəaliyyət istiqamətlərindən başqa nə ilə desəniz məşğul idilər. Başları çağırış zamanı rüşvət alıb orduya əsgər yerləşdirməyə, onları pul müqabilində məzuniyyətə buraxdırmağa, hərbi hissələrdə kiçik nöqsan aşkarlayan kimi oranın rəhbərliyini şantaj etməyə qarışmışdı. Belə hallarla dəfələrlə rastlaşmışam. Hərbi hissədə namaz qılan əsgər görən kimi onu vəhhabi, nurçu olmaqda suçlayırdılar, hədə-qorxu gəlirdilər. Əksər hallarda araşdırma aparmışıq və həmin əsgərlərin heç bir radikal qruplaşmalarla əlaqəsinin olmadığını aşkarlamışıq. Belə məsələlərə görə həmişə bu qurumla aramızda narazılıqlar yaranırdı. Keçmiş MTN rəhbərliyinin səlahiyyətlərindən sui-istifadə etməsi o həddə çatmışdı ki, tanınmış zabitləri, generalları Əks-Kəşfiyyat İdarəsinə çağırıb, onlara hədə-qorxu gəlirdilər. Çağırılanlar arasında şəxsən mən özüm də olmuşam. Amma mən onlara cavab verdim ki, nə vaxt rəsmi şəkildə yazılı bildiriş gəlsə, mən yalnız o zaman vəkilimlə birgə gələrəm. Bu cavabımdan sonra məndən əl çəkdilər. Bütün bu işlər Nizami Şirinovun tapşırığı ilə həyata keçirilirdi. Bu gün onun adının heç yerdə hallanmamasının, istintaqa cəlb olunmamasının səbəbi mənə çox maraqlıdır. Onun rəhbərliyi ilə MTN-nin Əks-Kəşfiyyat İdarəsi nə qədər zabitimizi, hərbi hissə komandirlərimizi, generallarımızı şantaj edib. Qurbanlar siyahısında iş adamlarının, nüfuzlu şəxslərin də adları var. Onlardan biri - Gülağa Qəmbərov ilə şəxsən tanışam. Bu yaxınlarda KİV-nin bəzi saytlarında informasiya yayılıb, guya onun Eldar Mahmudovla əlaqəsi olub. Bizim otuz illik tanışlığımız var. O vaxt o, Gülağa Qəmbərov SSRİ Ticarət Nazirliyinin Baş tikinti İdarəsinin rəisi vəzifəsində çalışırdı. Bu şəxsin Azərbaycanda heç bir biznesi yoxdur. Keçmiş MTN naziri Eldar Mahmudovla heç bir əlaqəsi olmayıb. Bunu mən sizə əminliklə deyirəm. Əgər Eldar Mahmudovun adamı idisə, o zaman bu yaxınlarda keçmiş MTN tərəfindən telefon danışıqları dinlənilən şəxslərin siyahısına Gülağa Qəmbərovun adı necə düşmüşdür?
- Bəs o zaman niyə Gülağa Qəmbərovun adı MTN işi ilə əlaqədar mətbuatda tez-tez hallanır? Buna səbəb nədir?
- Gülağanı azca tanıyan hər kəs bunun böhtan olduğunu deyə bilər. Onun Azərbaycanda biznesinin olmadığı çoxuna yaxşı bəllidir. Moskva İnşaat Mühəndisləri institutunu bitirib. Qeyd etdiyim kimi, SSRİ Ticarət Nazirliyinin Əsaslı Tikinti və Layihələşdirmə Baş İdarəsinin rəisi vəzifəsində işləyib. Tikintiyə aid iki monoqrafiya və 5 metodik vəsaitin müəllifidir. Beynəlxalq EKO Energetika Akadimiyasının tikinti və memarlıq rektorudur. Əfqanıstan müharibəsi iştirakçısıdır. “Gülağa Qəmbərov Fondu”nun prezidentidir. Rəhbərlik etdiyi fond Azərbaycanda təhsilin, səhiyyənin, idmanın və mədəniyyətin inkişafı sahəsində çoxsaylı layihələr həyata keçirir, xeyriyyəçilik fəaliyyəti ilə məşğul olur. Bu gün kimin kimlə şəxsi-qərəzliyi varsa, onun adını Eldar Mahmudovla hallandırır. Gülağa Qəmbərovu tanımaq cinayət deyil. O, Azərbaycanda xeyriyyəçiliklə məşğul olur. Masallıda üç ay ərzində orta məktəb tikib istifadəyə verib. Şamaxıda ucqar kəndlərdən birində internat məktəb inşa etdirib. Mirzə Ələkbər Sabirin məqbərəsini şəxsi vəsaiti hesabına təmir etdirib, və s. Belə bir insanı kimsə tanıyırsa, bu, o demək deyil ki, onların işbirliyi var. Gülağa Qəmbərov Azərbaycanda bizneslə yox, sırf xeyriyyəçiliklə məşğul olan bir insandır. Onun Eldar Mahmudovla hansı işbirliyi ola bilər?! Dövlət səviyyəsində təşkil olunmuş tədbirlərdən birində Gülağa Qəmbərov keçmiş nazirlə salamlaşıb görüşüb və onların həmin vaxt çəkilmiş şəkilləri bu gün bütün mətbuatda yayılır. Məgər tək onun Eldar Mahmudovla şəkli var? O, bu qurumun fəaliyyətindən narazı olan şəxslərdən biri olub hər zaman. Mənim az əvvəl keçmiş MTN-nin Əks-Kəşfiyyat İdarəsi haqqında səsləndirdiyim tənqidi fikirləri Gülağa Qəmbərov hələ Eldar Mahmudov nazir olduğu vaxtda çəkinmədən dilə gətirib. Dəfələrlə qeyd edib ki, Eldar Mahmudovun rəhbərlik etdiyi Milli Təhlükəsizlik Nazirliyi öz işi ilə məşğul deyil, oranı biznes mərkəzinə, cinayət yuvasına çevirib. O zaman hər adam cürət edib bu sözləri dilə gətirə bilməzdi. Bu gün Gülağa Qəmbərov barədə mətbuatda yazılanların hamısı böhtandır. Əsasən Rusiyada sahibkarlıqla məşğul olan bu şəxs Azərbaycana yalnız xeyriyyəçilik işləri və doğamalarına baş çəkmək üçün səfər edir. Onun guya nə vaxtsa Azərbaycanda qaçması, sonra Eldar Mahmudovun köməyilə yenidən bura qayıtması barədə deyilənlər böhtandır. Dünyanın 30-a yaxın ölkəsində biznesi olan bir şəxsdir. Bəzən illərlə gəlib buradakı doğmalarına başa çəkə bilmir. İndi bu, o deməkdir ki, Gülağa Azərbaycandan qaçıb?!
- Bir müddət əvvəl həbs olunmuş iş adamı İlham Qasımovun məhkəməsində də, səhv etmirəmsə, Gülağa Qəmbərov ifadə vermişdir…
- Bəli. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən məhkəmə prosesində Gülağa Qəmbərov ifadə vermişdir. O, İlham Qasımovun cinayət işində zərəçəkmiş şəxsdir. Gülağa həmin adamdan bina tikmək məqsədilə torpaq sahəsi alıb. Bu ərazidə yaşayan insanları köçürtmək üçün 19 milyon 500 min pul verib. Sonradan aldadıldığını başa düşüb və pulunu geri istəyib. Amma İlham Qasımov pulları qaytarmayıb. Məhkəmənin hökmü ilə o, 15 il azadlıqdan məhrum edildi. Yəni bir sözlə, Gülağanın bu adamla heç bir işbirliyi, ortaq biznesi olmayıb. Sadəcə İlham Qasımovun aldatdığı onlarla adamdan biri olub.