Milli qəhrəmanın deputat xanımından etiraflar - FOTO
6-01-2017, 18:58
Yanvarın 5-i Milli Qəhrəman, Azərbaycan xalqının sevimlisi polkovnik-leytenant Şirin Mirzəyevin doğum günüdür. Milli Qəhrəman yaşasaydı, bu il 70 illlik yubileyini qeyd edəcəkdi.
Axar.az iki il öncə Şirin Mirzəyevin həyat yoldaşı, millət vəkili Flora Qasımova ilə müsahibəni oxuculara təqdim edir:
"Cəbhə xətti" layihəsində
Öncə sinif yoldaşı, sonra ömür yoldaşı...
Bu fikir nə qədər duyğusal və poetik səslənsə də, əslində, gerçəkliyi ehtiva edir: "Tarix gec-tez hər bir arzuya haqq qazandırır..."
Bu gün milli düşüncənin daşıyıcısı olan hər bir azərbaycanlının ən böyük arzusu işğal olunmuş torpaqlarımızın – Qarabağın azadlığıdır. Və bu düşüncə gec-tez bu arzunu gerçəkləşdirəcək...
Məhz bu düşüncəyə köklənərək növbəti "Cəbhə xətti" layihəsində şərəfli həyat və savaş yolu keçmiş daha bir qəhrəmanımızdan söhbət açacağıq – Şirin Mirzəyevdən...
Əslən Şuşanın Mirzələr kəndindən olan Şirin Vəli oğlu Mirzəyev Xankəndində anadan olub: 1947-ci ilin şaxtalı yanvar ayının 5-də...
Xankəndində Nizami adına orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. Bir müddət Bakıda yerləşən Daxili Qoşunlar alayında xidmət etdikdən sonra 1967-ci ildə Leninqrad şəhərində Ali Siyasi Hərbi Məktəbə daxil olub. 1971-ci ildə təhsilini müffəqiyyətlə başa vurub təyinatla İrəvana göndərilib.
Düz, 17 il sonra - 1988-ci ildə Hərbi Siyasi Akademiyada təhsil alaraq, Daxili Qoşunlar alayında 15 illik xidmət yolu keçəcəkdi Şirin Mirzəyev... Bu onun tarixə çevrilmiş savaş yolunun başlanğıcı idi.
Müsahibimiz isə Milli qəhrəman Şirin Mirzəyevin həyat yoldaşı, millət vəkili Flora Qasımovadır.
- Flora xanım, necəsiniz?
- Çox sağ olun, yaxşıyam.
"Dedim, Şirin, iki uşağı qoyub hara gedirsən?"
- İstərdik, bizə Milli qəhrəmanımız Şirin Mirəzəyevin həyat və döyüş yolu haqqında danışasınız...
- Şirin haqqında danışmaq çətin olduğu qədər qürurvericidir. Uşaqlıq illərimiz də demək olar ki, bir yerdə keçib. İkimiz də əslən şuşalıyıq, amma Xankəndində doğulmuşuq. Orta məktəbdə bir sinifdə oxumuşuq. Şirin əvvəldən fərqli idi. Heç vaxt haqsızlıqla, ədalətsizliklə barışa bilmirdi. Həmişə zəiflərin yanında olurdu. Onun yanında kimsə haqsız bir söz danışsa, ya kimisə incitsə, dözə bilmirdi. Ta uşaqlıqdan belə idi...
Müharibə başlayanda ermənilərin xalqımızın başına gətirdiyi faciələr bir hərbçi kimi onu da narahat edirdi. Şirin bir ovuc erməninin bizi bu vəziyyətə salmasını heç cür qəbul edə bilmirdi. Ona görə də tez- tez ezamiyyət götürüb Xankəndinə, Şuşaya gedir, camaatın içində olurdu. Hər gün danışıb onların vəziyyətindən xəbər tuturdu. Gedib qəbiristanlıqları gəzirdi, çünki onun atasının və qohumlarının qəbirləri orada idi. Bir dəfə gedəndə məzarların dağıdıldığının şahidi olmuşdu. Atasının qəbri də ermənilər tərəfindən dağıdılmışdı. Bu hadisələri gördükdə özünə yer tapa bilmirdi. Hətta bir dəfə ermənilər onun qohumlarını da vəhşicəsinə döymüşdülər. Şirin dəfələrlə Müdafiə Nazirliyinə ərizə ilə müraciət edib Azərbaycan ordusuna keçmək istədiyini bildirmişdi. Amma 45 yaşı tamam olmadığı üçün onu Daxili Qoşunlardan buraxmırdılar.
O, Akademiyada oxuyanda öz müəllimlərinə deyirdi ki, ermənilər bizimkiləri küçəyə buraxmırlar. Elə kəndlərimiz var, ora vertolyotla çörək aparırlar. Amma ona heç kim inanmırmış. Nəhayət, 1991-ci ildə bizimkilər özünümüdafiə batalyonları yaratmağa başladılar.
Döyüş bölgəsinə gedəndə onunla küçədə rastlaşdıq. Üzündə elə bir sevinc hissi vardı ki, bunu heç vaxt unuda bilmirəm. Dedim, Şirin, iki uşağı qoyub hara gedirsən?! Axı bizim burada elə yaxın qohumumuz da yoxdur ki, sənə bir şey olsa, bizə həyan olsun. Dedi ki, narahat olma, mənə heç nə olmaz. İnanın, adam az qala sevincindən uçurdu. Gedən kimi onu ilk özünümüdafiə batalyonuna yazdılar. Bütün sərhədyanı ərazilərə o, cavabdeh idi. Oradakı kəndləri qapı-qapı gəzib adam toplayırdı. Yadımdadı, Şirin deyirdi ki, adamlar özləri könüllü gəlib bizə qoşulurdular. Bir kişinin üç oğlu varmış, birini gətirib: "Bu oğlumu vətənə qurban verirəm", - deyib.
Qısa müddətdə əhali Şirini sevmişdi. Bütün çətinliklərə baxayaraq, könüllü ordunu yaratmağı bacarmışdı. Həmin vaxt problemlər çox idi. Ordunun yaranmasına mane olanlar da var idi, silah da çatışmırdı. Amma bunlara rəğmən, hamı Şirini çox istəyirdi. O, əsgərlərində elə əhval-ruhiyyə yaratmışdı ki, onun batalyonunda döyüşə getmək az qala yarışa çevrilmişdi. Bəzən silah az olduğundan əsgərləri ondan inciyirdilər ki, keçən dəfə döyüşə başqası gedibsə, bu dəfə mən gedim. Mənə elə gəlir ki, Şirin Mirzəyev ölməyib...
"Bunları mənə danışanda sevincindən uçurdu"
- Flora xanım, deyirsiniz ki, Şirin Mirzəyev cəbhəyə gedəndən sonra burada iki uşaqla təkbaşına qaldınız. Bəs Sizin üçün çətin olmadımı?
- Əlbəttə, çox çətin idi. Bir tərəfdən təkbaşına qaldığımdan qorxurdum, digər tərəfdən də arxayın idim ki, Şirin ora gedibsə, mütləq nəsə edəcək. Bir dəfə ona dedim ki, madam getmişdin, Şuşaya gedəydin də. Dedi, yox, Ağdamda ordu yaratmaq daha asandır. Heç inanmırdım ki, o öləcək. Mənə elə gəlirdi ki, ordu yaradıb nəsə edəcək və edirdi də. Amma ölümünü ağlıma belə gətirmirdim.
Ağdam rayonunun hərbi komissarı idi. Amma heç gedib kreslosunda oturmadı. Deyirdi ki, indi mənim gedib orada oturan vaxtım deyil. Oraya ancaq imza atmağa gedirdi. Onun əsas dərdi ordu yaratmaq idi. Nazir Bərşadlı özü şəxsən Şirinə demişdi ki, nə kömək lazım olsa, göstərəcəyəm... Hamı onunla məsləhətləşirdi. Çox qısa bir vaxtda batalyonları formalaşdırdı. Ona sual verirdilər ki, necə oldu bu qədər adam toplaya bildin? Deyirdi, ola bilsin, mən onların yerlisiyəm, onlarla necə danışmaq lazımdı bilirəm, ona görə də camaat mənə güvənir. Bilirsiniz, Şirin Mirzəyev əsgəri ilə bir yerdə yatırdı, tək-tək hamı ilə maraqlanırdı. Ona görə də hər kəs ona güvənir, etibar edirdi. Kimin nə problemi olurmuş, gəlib Şirinə deyirmiş. O, bunları mənə danışanda sevincindən uçurdu. Deyirdi ki, bunları belə görəndə qələbəyə ümidim artır.
"Bir gecə yuxuda gördüm ki..."
- Şirin Mirzəyevin şəhid olduğunu necə öyrəndiniz və həmin an hansı hissləri keçirdiniz?
- Əvvəl Çingiz Mustafayev şəhid oldu. Sonra bir qohumuzun şəhid olması xəbəri gəldi. Ardıcıl şəhid xəbərləri gəlincə, içimdə şübhələr baş qaldırdı. Daha doğrusu, qorxmağa başladım ki, Şirinə nəsə olacaq. Məni qəribə hisslər bürüdü. Sanki bir bəd xəbərə hazırlaşırdım. Məktəbə qara parça gətirmişdilər, mən də aldım və özümə yubka tikdirdim. Onda anam deyindi ki, bu nədir almısan, bizə qara rəng düşmür. Dedim, ay ana, qara ayaqqabı da geyinirəm də. Nə olacaq axı, hamı geyinir də...
Bir gecə yuxuda gördüm ki, İçərişəhərdə uzüyuxarı daş yoldur və mən də bu yolla yuxarı qalxıram. Elə bil kimsə dedi ki, bu qara geyinən qadının əri öləcək. Mən dərhal qabaqda gedən iki qadına baxdım, gördüm heç biri qara geyinməyib. Dönüb geri baxdım ki, arxadan qara geyinən qadın gəlirmi, bu an yuxudan ayıldım. Üstündən bir həftə keçdi, səhər saat 6-da Şirinin qardaşı oğlu zəng elədi ki, bəs Şiringil minaya düşüblər. Əslində, Allahverdi Bağırovun, Çingiz Mustafayevin ölümü məni ayıltmışdı, amma onlar ölənə qədər ağlıma da gəlmirdi ki, Şirin öləcək...
"Tez-tez Ağdama gedib Şirinlə görüşürdüm"
- Bəs onunla necə əlaqə saxlayırdınız?
- O, şəhid olmamışdan əvvəl oğlum həyətə düşürdü, bir yerdə qərar tutmurdu deyə, narahat olurdum. Ona görə də uşağı Ağdama göndərmişdim. Özüm də tez-tez Ağdama gedib Şirinlə görüşürdüm. Son vaxtlar o, hər kəsdən, hər şeydən danışırdı. Çoxlarından narazı idi, əsasən də ağdərəlilərdən. Oradakı əhali tez-tez kəndləri qoyub qaçmağa cəhd edirdi. Bir dəfə də gedəndə gördüm ki, Şirinin səsi tutulub çığırmaqdan. Dedi, heç erməni gəlməsə də onlar şayiələrə uyub qaçırlar. Mən də meqafonla qışqırırdım ki, kəndləri tərk etməyin, kimsə gəlmir, bunlar təxribatdır. Bilirsiniz, ordumuzda satqınlar var idi. Şirin deyirdi ki, ermənilər hücumlarımızı bir gün öncə bilirlər.
"Məktub yazdı ki, 9 ildir sənin cavabını gözləyirəm"
- Flora xanım, bayaq dediniz ki, Şirin Mirzəyevlə sinif yoldaşı olmuşuq. Bəs o illəri necə xatırlayırsınız?
- O, uşaqlıqdan çox fərqli biri idi. Kitaba münasibətində də fərqlilik vardı. Kitab vurğunu idi. O vaxt kitabxanalarda bizim ədəbiyyatımıza yer az ayrılırdı. Şirin gedib kitablar tapıb gətirirdi ki, alın oxuyun. Güclə verirdi uşaqlara ki, öz ədəbiyyatımızdı. Bütün bunları təmənnasız edirdi. Sinif yoldaşlarına qarşı çox mehriban idi. Sinif rəhbərimizin belə xəbəri olmadan hər ay qəzet çıxarırdı. Divar qəzetmizin də redaktoru Şirin idi. Bir partada otururduq. Çox vətənpərvər, demokratik, olduqca anlayışlı bir insan idi.
- Necə oldu, ailə həyatı qurdunuz? Orta məktəbdə bilirdiniz ki, sizi sevir... Yəni bir-birinizi sevib evlənmisiz?
- Yadımdadır, qonşuluqda bir erməni yaşayırdı, avçarka itləri vardı. Şirin hər gün məni o evin yanından ötürürdü. Amma mən oxuduğumuz müddətdə onun məni sevdiyini heç vaxt hiss etməmişdim. O, bunu hiss etdirməmişdi. Tələbə olanda bir dəfə bizim qaldığımız yataqxanaya gəlmişdi. Sonra onu Leninqrada göndərdilər. Oradan mənə məktublar yazır, teleqramlar göndərirdi. Mən yenə də heç nə hiss etməmişdim. Mən ali məktəbi bitirib Xankəndinə getdim. Müəllim işləyirdim. Xankəndində işləyəndə də mənə məktublar yazırdı, amma mən daha ona cavab yazmırdım. Nəhayət, bir dəfə məktub yazdı ki, 9 ildir sənin cavabını gözləyirəm. Mən də ürək edib başqasına "hə" cavabı verə bilmədim. Beləliklə, Şirinlə 1975-ci ildə ailə həyatı qurduq. İlk övladımız 1979-cu ildə dünyaya gəldi, 1980-ci ildə ikinci övladımız oldu. Mən həmişə evə gələndə artıq onun evə gəlib uşaqlarla oynadığını görürdüm, səsləri evi götürürdü. Şirin çox ailəcanlı idi.
"Ramil Usubovla çox yaxın dost idi"
- Tanınınmış şəxslərdən kimlərlə münasibəti olub? Onların içərisində yüksək vəzifəli şəxslər də varmı?
- İndiki Daxili İşlər naziri Ramil Usubovla çox yaxın dost idi. Onların dünyagörüşü, fikirləri üst-üstə düşürdü. Ramil Usubov da bildiyimiz kimi, bu illər ərzində yüksək səviyyədə öz işinin öhdəsindən gələn çox məsuliyyətli bir məmurdur.
- Flora xanım, övladlarınızdan kimsə sizin yolunuzu davam etdirirmi?
- Bəli, qızım mənim yolumu davam etdirir - ingilis dili müəllimidir. Oğlum da atasının yolunu davam etdirir. Hazırda daxili işlər orqanlarında çalışır.