SOCAR rəsmisi Nazim Səmədzadə qaz kəmərinin partlama səbəblərindən danışdı

7-01-2017, 09:53           
SOCAR rəsmisi Nazim Səmədzadə qaz kəmərinin partlama səbəblərindən danışdı
Qaradağ rayonu Səngəçal qəsəbəsi ərazisindəki qaz xəttində bir neçə gün fasilə ilə baş verən ardıcıl iki partlayış ümumilikdə qaz kəmərlərinin təhlükəsizliyi məsələsini gündəmə gətirdi.

“Yeni Müsavat” qəzeti olaraq, partlayışın səbəbləri, hadisə ilə bağlı aparılan istintaqın gedişatı və s. bağlı məlumat almaq üçün SOCAR-ın Qaz İxrac İdarəsinin rəis müavini Nazim Səmədzadə ilə əlaqə saxladıq. N.Səmədzadə müsahibəsində bəzi nüanslara aydınlıq gətirdi və birmənalı şəkildə terror versiyasını istisna etdi.

- Nazim müəllim, qaz kəmərində partlayışın baş verməsi ilə bağlı müxtəlif versiyalar var. Sizcə, səbəb nədir?

- Bu partlayışın heç bir fəsadı olmadı. Çünki 800 metr, bir kilometr aralıdan keçən bir xətdir. Bu xətt 2009-cu ildə tikilib istismara verilib. İndi oradan qaz gedir. Biz bütün sənədləri araşdırma üçün prokurorluğa vermişik. Mənə elə gəlir ki, bu, tikinti vaxtı buraxılan nöqsanların fəsadlarıdır. O boru cırıqlanmışdı. Biz həmin borunun fraqmentlərini də çəkdik və prokurorluğa göndərdik ki, ekspertizaya göndərilsin.

Borunun özündə vərəqlənmə gedib. Bu da onu göstərir ki, həmin boru zavodda hazırlanan zaman problemli olub. Ancaq ümumilikdə borular yüksək səviyyədə hazırlanmış borulardır. Bunlar Rusiyada hazırlanan borulardır. Ola bilsin ki, bu boru deffektli olub və o da özünü göstərib. Biz hələ ki tam qərar verə bilmirik. Çünki bütün materiallar istintaqdadır, prokurorluq araşdırır. Bizim baxışlarımız onu göstərir ki, dekabrın 27-də olan birinci partlayış boruda olub və qaynaq hissədən sürüşmə olub. Daha dəqiq səbəb isə araşdırmadan sonra bəlli olacaq.

Bu kəmər 45 atmosfer təzyiqlə sınaq olunub, 7 ildir biz bu kəmərlə 35-40 arası təzyiqlə işləyirik. Birinci partlayış baş verərkən boruda 34 atmosfer təzyiq olub. Yəni, partlayışa səbəb normadan artıq təzyiq olmayıb. İkinci partlayış zamanı 12-18 atmosfer təzyiq olub. Boru qaynaqdan aralanıb. Düşünürük ki, bu, tikintinin fəsadlarıdır.

- Nazim müəllim, 7 il bir strateji boru xətti üçün elə də böyük istismar müddəti deyil. Bu qədər qısa müddətdə boruda deffektin üzə çıxması hüquq-mühafizə orqanlarının diqqətini çəkdimi? Bu fakt başqa istiqamətlər üzrə də araşdırmalara səbəb olacaqmı?

- Bu fraqmentləri biz hüquq-mühafizə orqanlarına göndərmişik ki, ekspertizadan keçirsinlər. Nəticələr Fövqəladə Hallar Nazirliyinə göndəriləcək və həmin qurumlar yoxlanacaqlar.

- Bu hadisə ilə bağlı saxlanılan, həbs olunan varmı?

- Xeyr. Hələ bunlar araşdırma bitəndən sonra məlum olacaq.

- Nazim müəllim, bu məslə ilə bağlı terror versiyası da mətbuatın gündəmindədir...

- Qətiyyətlə deyə bilərəm ki, orada terrorluq bir şey yoxdur.

- Ümumiyyətlə, qaz kəməri qorunurmu? Mühafizə varmı?

- Həmin boru tamamilə istismardan çıxarılıb. Orada tədqiqat aparılır. Prokurorluqla bərabər araşdırma aparılır.

- Bu kəmərdə növbəti belə bir hadisənin baş verməyəcəyinə təminat varmı?

- Biz kəmərin istismarını tamam dayandırmışıq.

- Bəs, digər kəmərlərdə?

- O kəmərlər neçə illərdir ki, tikilib, istismar olunur. Partlayış gözlənilmir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.