Gədəbəy erməni bəyə hədiyyə olunub? - TARİXÇİLƏR ARASINDA NÖVBƏTİ QALMAQAL

11-01-2017, 00:28           

“Su İstehsalçıları” İctimai Birliyinin sədri, tarix araşdırmaçısı Dövlət Məmmədov Gədəbəylə bağlı irəli sürdüyü iddianın sosial şəbəkələrdə ciddi müzakirələrə yol açmasını şərh edib.
D.Məmmədov Publika.az-a deyib ki, sözügedən fikirlər konkret faktlara əsaslanır:
“Mənim haqqımda kim nə söyləyirsə, söyləsin. Dediyim fikirlərin arxasındayam. Əlimdə yazılı dəlillərim var. Gedib nə istəyirlərsə, etsinlər. Mən nə böyük qəbahət etmişəm? Mənim dediyim Ohon bəy isə erməni deyil, albandır. Mən statusumda Ohonu erməni olaraq yazmamışam.
Digər tərəfdən isə mən “bağışlayıb” yazmışam. Nizami Gəncəviyə də nə qədər kənd bağışlanıb. Bağışlanmaq o demək deyil ki, həmin torpaq bir dəfəlik ona verilir? Bağışlanmaq odur ki, həmin kəndlərdən yığılan vergilər ona verilirdi. Həmin adam öləndən sonra isə torpaq alınırdı. Yazdıqlarımı dəqiq oxumaq lazımdır. Nədənsə bizim bəzi tarixçilər tez küyə düşürlər. Cavanşir də Qafqaz Albaniyasının hökmdarı olub. Onun atasının və qardaşlarının adı nə idi? Məgər Cavanşir erməni olub? Hamı onu erməni adına çıxarır”.
O qeyd edib ki, Axundov adına Milli Kitabxanada rus dilində İran şahlarının gürcü knyazlarına və çarlarına fərmanları var:
“Həmin faktların əks olunduğu kitablar hazırda Axundov kitabxanasında mövcuddur. Tarixçilər mənə inanmırsa, zəhmət çəkib gedib tapıb baxsınlar. Mən həmin dəlillərə əsaslanıb o statusu yazmışam.
Yaxşı olar ki, bizim tarixçilər gedib həmin dövrün tarixini ciddi araşdırsınlar. Bəzi adamlar tez-tez yazır ki, Azərbaycan torpaqları satıldı, verildi və sairə. İndi məni ittiham edənlər gedib o adamları məhkəməyə versinlər. Həmin adamlar indi da qalırlar”.
D.Məmmədov ermənipərəstlikdə ittiham olunmasına da cavab verib:
"Kim mənə ermənipərəst deyirsə, həmin adamlar mənim təzə nəşr olunacaq kitabıma baxarlar. Həmin kitabım ermənilərdən bəhs edir. Ermənilərlə bağlı Zori Balayandan da güclü yazmışam. Əminəm ki, həmin kitabım çıxandan sonra ermənilər məni dünyaya təbliğ edəcək, yayacaq. Çünki yeni kitabımda mən erməniləri pis günə qoymuşam. İnanıram ki, kitabım çapdan çıxan kimi, onu dünyaya ermənilər yayacaq, məni özlərinin bir nömrəli düşməni elan edəcəklər”.
Xatırladaq ki, “Su İstehsalçıları” İctimai Birliyinin sədri Dövlət Məmmədovun irəli sürdüyü bir iddia sosial şəbəkədə ciddi müzakirələrə yol açıb.
O, özünün “facebook” səhifələrindən birində Gədəbəy rayonunun tarixinə aid məlumatı müzakirəyə çıxarıb. Məlumatda bildirilir:
“İran şahı Gədəbəyi erməni Ohon bəyə bağışlayır...1696-cı ildə İran şahı Gəncə bəylərbəyliyinə məktub göndərərək bildirir ki, ərazini Gədəbəy əhalisi ilə birgə Osmanlı Türkiyəsinə qarşı müharibədə xüsusi fərqlənən, Naxçıvanda yaşayan Ohon bəyə bağışlayır və Gədəbəydə yaşayan əhalidən yığılan bütün vergilər də ona çatır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.