“Ginekoloq durub qripdən danışır…”
11-01-2017, 15:39
Son günlərin ən çox müzakirə olunan mövzulardan biri də ölkədə qrip virusunun kütləvi yayılmasıdır. Bəzi mütəxəssislər bu virusun H3N2 olduğunu deyir, digərləri isə “quş qripi” ilə “donuz qripi”nin mutasiyası nəticəsində öldürücü qrip virusunun yarandığını iddia edir. Qripdən dünyasını dəyişənlərin olduğu da iddialar arasındadır.
ATU-nun epidemiologiya kafedrasının müdiri, ölkənin baş epidemioloqu İbadulla Ağayev virtualaz.org saytının bu mövzuda suallarını cavablandırıb:
- Bakıda və rayonlarda kəskin qrip virusu yayılıb. Bu virus adi qriplərdən ağırlıq dərəcəsi ilə xeyli fərqlənir. Amma Səhiyyə Nazirliyi narahatçılığa əsas görmür.
-Doğrudan da narahatçılığa əsas yoxdur. Qrip mövsümü xəstəlikdir, baxmayaraq ki, ilin bütün fəsillərində virusa yoluxma mümkündür. Xüsusilə soyuq havalarda yoluxmalar daha çox qeydə alınır. Bütün dünyada, o cümlədən Azərbaycanda da qripə yoluxanlar olub və olacaq. Ancaq kimlərinsə yanlış xəbərlər yaymaqda maraqlı olduğu görünür. Novosibirskidə qriplə məşğul olan elmi- tədqiqat institutu fəaliyyət göstərir. Burdakı mütəxəssislər qriplə bağlı dünyada qeydə alınan adi xəbəri, hadisəni belə izləyirlər. Onlar qriplə bağlı məlumatları, elmi araşdırmaları hər gün Azərbaycanın baş epidemioloqu kimi mənə göndərilirlər. Tam zəmanət verirəm, narahatçılığa əsas yoxdur.
-Yayılan xəstəliyin H3N2 virusu olduğu bildirilir, üstəlik bunu həkimlər deyirlər...
-Respublika Taun Əleyhinə Stansiyanın tərkibində müasir avadanlıqlarla təhciz olunmuş laboratoriya fəaliyyət göstərir. Yalnız həmin laboratoriyada qriplə bağlı dəqiq diaqnoz qoyula bilər. Digər poliklinika və xəstəxanalarda qriplə bağlı dəqiq diaqnoz qoyula bilməz. Qripin müxtəlif növləri var, diaqnoz qoyulmadan bu tipli açıqlamalar vermək olmaz. Hər bir həkim öz sahəsi üzrə açıqlama verməlidir. Mən də Tibb Universitetini bitirmişəm, amma cərrahiyyə əməliyyatları apara bilmərəm. Cərrah və ya ginekoloq qriplə bağlı ekspert kimi çıxış edirlər.
-Əgər, N3N2 virusu yayılıbsa…
- H3N2 virusun bir növüdür . Məsələn, Taun Əleyhinə Stansiyanın laboratoriyasında təsdiqlədilər ki, hansısa xəstədə H3N2 virusu aşkarlanıb. Lap bu virus 5 nəfərdə aşkarlansın, axı, bu problem deyil. Qonşu ölkələrdə on minlərlə adam bu virusa yoluxur. Amma laboratoriya təsdiqləmədən H3N2 virusunun yayıldığını söyləmək, hər soyuqlayan şəxsə qrip diqanozu qoymaq yanlışdır. Ölkədə qripə kütləvi yoluxma qeydə alınmayıb. Bu yalnız mövsümü xəstəlikdir, qorxmaq lazım deyil.
-Ölkədəki epidemioloji vəziyyətin sabit olduğunu deyirsiz. Bəs qripə yoluxanlar və bu virusa yoluxma nəticəsində ölənlərlə bağlı statistika varmı?
-Əlbəttə, poliklinika və xəstəxanalara edilən hər bir müraciət qeydə alınır. Mən konkret statistika söyləyə bilməyəcəm, amma tam əminliklə deyə bilərəm ki, indiyədən qriplə bağlı ölüm faktı qeydə alınmayıb. Ola bilsin ki, nə vaxtsa qripdən dünyasını dəyişənlər olsun, digər ölkələrdə də qripdən ölənlər var. Yaxud da 10 milyona yaxın əhalisi olan Azərbaycanda 5 min adamın xəstələnməsi kütləvi yoluxma deyil. Ölüm və kütləvi yoluxma baş verərsə, Səhiyyə Nazirliyi mütləq açıqlama verəcək.
-Bəziləri Səhiyyə Nazirliyini düzgün məlumat verməməkdə günahlandırırlar...
-Səhiyyə Nazirliyi məlumatı gizlətməkdə niyə maraqlı olmalıdır ki? Elə bil məndən və Səhiyyə Nazirliyinin mütəxəssislərindən zorla söz almağa çalışırlar, biz deyək ki, ölkədə vəziyyət pisdir, qrip yayılıb. Axı, belə məlumatları əhalidən və Ümumdünya Səhiyyə Təşkilatından necə gizlətmək olar? Bir neçə il əvvəl yayılmış “quş qripi” ilə bağlı vəziyyəti yadınıza salın. Bizdən əlavə Ümumdünya Səhiyyə Təşkilatının əməkdaşları araşdırma aparırdılar. Virusa yoluxanlar, dünyasını dəyişənlərlə bağlı daim açıqlama verirdik. İndi də ciddi nə isə baş verərsə nazirlik mütləq açıqlama verəcək.
-“Quş qripi”ndən danışmışkən, iddialardan biri də odur ki, hazırda yayılmış virus “donuz qripi” ilə “quş qripi”nin mutasiya olunmuş növüdür.
-Dediyim kimi Novosibirski və ya Rusiyada bir çox institutlar, laboratoriyalar var. Bunu iddia edənləri rəsmi məktubla həmin laboratoriyalara ezamiyyətə göndərə bilərik, gedib tanış olsunlar. Görsünlər ki, mutasiya necə olur. Bu, elmin işidir və hər kəs öz işi ilə məşğul olmalıdır.
-Bəs bu virus adi qripdən ağırlığı ilə niyə fərqlənir? Virusa yoluxanlar arasında pnevmaniya olanlar da var?
-Pnevmoniya, yəni sətəlcəm adi soyuqlama nəticəsində də meydana gəlir. Xəstəliyin ağırlaşmasında və ya qripin, hava-damcı yolu ilə yoluxan virusların yayılmasında insanların özləri günahkardılar. Vaxtında həkimə müraciət edilmir. Heç olmasa sahə həkiminə məlumat vermirlər, əksəriyyət həkim təyinatı olmadan özünü müalicə etməyə çalışır. Bu da son nəticədə xəstəliyin ağırlaşması ilə nəticələnir. Adi gigiyenik qaydalara riayət edilmir. Xəstə uşağı məcburi dərsə göndərirlər ki, məktəbdən yayınmasın. Virusa yoluxan uşaq da sinifdəki digər uşaqları yoluxdurur. Eləcə də böyüklər yataq rejiminə riayyət etmirlər, ətrafdakıları yoluxdururlar.
-Bəs niyə əhalinin kütləvi yığışdığı ərazilərdə dezinfeksiya işləri aparılmır?
-Dezinfeksiya işləri o vaxt aparılır ki, ona ehtiyac olsun. İndi ehtiyac olmadığı halda niyə dezinfeksiya aparaq ki? Səhiyyə nazirinin əmri ilə uşaq müəssisələri də daxil olmaqla bir çox müəssisələrdə dezinfeksiya aparılır. Amma kim istəyirsə müraciət edə bilər. Eləcə də karantin elan olunmasına ehtiyac yoxdur. Bu xəstəlik tezliklə keçib gedəcək. Sadəcə olaraq vaxtında həkimə müraciət etsinlər, yataq rejimində müalicə olunsunlar. Tibbi maskalardan istifadə etmək, əşyaları qaynatmaq, gigiyenik şərtlərə riayyət etmək lazımdır.