General Şamanov: `Məni Gəncədə ölümdən arvadım xilas etdi`

15-02-2017, 21:57           

Rusiyanın Hava-Desant Qüvvələrinin keçmiş komandanı, general-polkovnik, hazırda Dövlət Dumasının müdafiə məsələləri komitəsinin sədri olan Vladimir Şamanov vaxtilə Gəncə desant polkunun komandiri olarkən başına gələn hadisəni danışıb.

teref.az Virtualaz.org-a istinadla xəbər verir ki, bu gün 60 yaşı tamam olan məşhur general “Arqumenti i Faktı” nəşrinə müsahibəsində deyib ki, həyatını arvadına borcludur, çünki Gəncədə onu ölümdən məhz arvadı xilas edib.

General Şamanov deyib ki, arvadı Lyudmila onunla birlikdə xidmət edirdi, gizir idi. “Qadının rolu ailə ocağını qorumaqdır, kişi isə evin qazanc gətirənidir. Lakin elə məqam oldu ki, 90-cı illərdə, o vaxt mən artıq general-mayor idim, altı ay maaş almadıq. Və ailəni, iki azyaşlı uşağımızı Lyudmila yedizdirirdi. O, praporşik kimi xidmət edirdi və ərzaq payı alırdı”-general xatırlayır.
Şamanov deyir ki, arvadı onu Azərbaycanda, Gəncədə polk komandiri kimi xidmət edəndə ölümdən xilas edib. “O vaxt Sovet İttifaqı dağılmışdı. Rus ailələri hərbi şəhərciyi tərk edirdi. Əgər hansısa mənzildə iki sutka işıq yanmırdısa onu azərbaycanlı hərbçilər zəbt edirdi. Bizim həmyerlilərimizdən biri anasının dəfni üçün Rusiyaya getmişdi,, geri qayıdanda görüb ki, mənzilində artıq başqa adamlar məskunlaşıb. Onlar onu döyməyə başlayıblar. Pəncərədən ürək dağlayan qışqırtısı eşidilirdi. Həmin vaxt mən arvadımla küçədə idim. Binanın girişinə tərəf qaçdım, mənzilə qalxdım və qapını təpiklə vurub açdım və qaranlıq dəhlizə daxil oldum. Bu məqamda içəridəkilərdən biri sinəmə tapança dirədi. Ani olaraq beynimdə belə fikir yarandı: sola əyilmək lazımdır, atəş açsa da çiynimə dəyəcək, ürəyimdən yan keçəcək. Və birdən kimsə tapançanı əliylə vurub saldı. Bu, özünü yetirən Lyudmila idi, sonrasını mən özüm həll etdim”-general Şamanov nəql edir.

General o vaxtlar Dağlıq Qarabağda Gəncə desant diviziyasının tərkibində üzləşdiyi döyüş əməliyyatları haqda da danışıb. Deyib ki, hərbi sınaqlardan keçmiş adamlar arasında Allaha inanmayan çətin tapılar. “Yadımdadır ki, Dağlıq Qarabağda necə şiddətli artilleriya atəşi altına düşdük. Səngərin dibinə yatıb qışqırdım: “Allah, özün saxla! Mən hələ iki balaca uşağı böyütməliyəm!”-Şamanov xatırlayıb.

Xatırladaq ki, general Şamanov Rusiya Qəhrəmanıdır, Çeçenistanda gedən müharibədə döyüşüb. Daha sonra Rusiyanın separatçı Abxaziyadakı qoşun qruplaşmasının komandanı olub və həmin ilin avqust müharibəsində Kador dərəsindən Gürcüstan ordusunu vurub çıxarıb.

Sovet dövründə Rusiyanın 104-cü hava-desant diviziyası Gəncədə (o vaxtkı Kirovabad) dislokasiya olunmuşdu və SSRİ-nin Cənubi Qafqazdakı ən iri qoşun qruplaşmalarından biri idi. SSRİ-nin dağılması ərəfəsində diviziyaya general Valeri Şerbak komandanlıq edirdi. Polkovnik Şamanov isə həmin vaxt diviziyanın polk komandiri olub. 1993-ci ildə danışıqlarda əldə edilmiş razılaşmaya əsasən Gəncə desant diviziyası hərbi texnikasının böyük hissəsini Azərbaycan ordusuna təhvil verərək Azərbaycanı tərk edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.