“Bu din cahil sürüsü yaradır... qorxmaq lazımdır” - Deputatdan sensasion açıqlamalar
20-02-2017, 17:46
teref.az Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafanın Lent.az-a müsahibəsini təqdim edir:
Fazil bəy, nə vaxtdan namaz qılırsınız?
– 1994-cü ildən.
– Heç fasilə olmayıb?
– Arada 3-4 il ara verdim.
– Bəs fasilələr nə ilə bağlı oldu?
– Mən əvvəllər ənənəvi qaydada namaz qılırdım. O zaman dinin mahiyyətini tam mənada anlamırdım. Bildiklərimin hamısı əzbərçi formada idi. 28 yaşıma qədər din haqqında təsəvvürüm belə yox idi. Namaza da eşitdiklərimin və gördüklərimin təsiri ilə başlamışam. Maraqlıdır ki, ilk dəfə namazı Kələkidə qılmışam, rəhmətlik Elçibəyin yanında qaldığım vaxtlarda. Bir müddət belə çəkdi. Sonra 1997-ci ilə qədər namazı dayandırdım və filosofların, teoloqların din mövzusunda əsərlərini oxumağa başladım. Xeyli araşdırmalardan sonra yenidən daha fərqli formada namaza başladım. Artıq din haqqında özümün dünyagörüşüm formalaşmışdı. Bunun nəticəsində isə “Azərbaycan türkünün iman davası” kitabını yazdım.
– Səhv eləmirəmsə, bu əsəriniz birmənalı qarşılanmadı deyə Azərbaycanda çap olunmadı.
– Hə. “Azərbaycan türkünün iman davası” geniş bir əsərdir, fundamental araşdırmadır. Din tariximizlə bağlı bir az da tənqidi mətndir. Bəli, birmənalı qarşılanmadı. Ənənəvi baxışlara görə heç Azərbaycanda çap da olunmadı. Daha çox Türkiyədə yayıldı.
– Professor Rafiq Əliyev dünyada tanınan, sayılıb-seçilən bir alimdir, amma onu Azərbaycanda dini dünyagörüşünə görə həmişə tənqid edirlər. Sizdə də təxminən, eyni vəziyyətdir. Maraqlıdır, bu qədər savadlı, müasir dünyəvi təfəkkürə malik insan necə olur ki, vacib tədbirlərdə, hansısa işgüzar görüşlərdə belə, iki daşın arasında namaz qılmaq üçün özünə yer axtarır.
– Kim deyir ki, dini düşüncənin daşıyıcısı olan insanlar müasir dünyəvi təfəkkürdən uzaqlaşmalıdırlar? Dünyaya böyük kəşflər bəxş edən yəhudi alimlərinin əksəriyyəti həm də dindar kimliyə sahib olublar. Biz azərbaycanlıların yaşadığı ənənəvi islam haqlı olaraq Axundov, Mirzə Cəlil, Sabir üçün bir cəhalət, nadanlıq dini kimi anlaşılıb, sadəcə uydurulmuş din kimi qəbul olunub. Endirilmiş din isə heç vaxt tərəqqiyə qarşı olmayıb, insana ən ali varlıq kimi baxıb, onun hüquqlarının qorunması üçün ən sərt qaydalar gətirib.
Başqalarını bilmirəm, mənim üçün din siyasətdən kənar sırf vicdan məsələsidir, ibadət də həyatımı sistemə salan bir prosedurdur. Məsələn, iki daşın arasında namaz qılmaq üçün yer axtarmaq əvəzinə içməyə araq şüşəsi axtarmağımız daha yaxşımı olardı? Rafiq Əliyev dəyərli alimlərimizdəndir, Azərbaycanda modern elmi düşüncənin öncüllərindən biridir, dinə bağlılığı onu bu obrazdan uzaqlaşdırmırsa, narahat olmağa da bir əsas qalmır. İstər dini, istərsə də ateist görüşə sahib olsun, kimlər ki cahilliyi, geriçiliyi, bilgisizliyi tərənnüm edir, onların toplum üçün hansısa dəyəri ola bilməz. Ona görə də bu ifadəni tez-tez işlətməkdən çəkinmirəm: müsəlman olmadan öncə insan olmaq vacibdir.
– Fikir vermisinizmi, cəmiyyətdə dinə qarşı aqressiv münasibət get-gedə artır. Sizcə, bu aqressiya normaldırmı?
– Cəmiyyətin dinə qarşı aqressiv münasibətini təbii qəbul eləmək lazımdır. Çünki bu formada təqdim olunan din həqiqətən də insanı qorxudan bir dindir. Əxlaq dini deyil bu. Bizim tanıdığımız, yaşadığımız, ata-analarımızın bizə təqdim elədiyi dindir. Azərbaycan, İran arealında, bütövlükdə müsəlman coğrafiyasında təqdim olunan din Həzrəti Məhəmmədin dini deyil, Quran dini deyil. Bu, bir mərasim dinidir, tarixi hadisələrin formalaşdırdığı dindir. Və bu dindən qorxmaq lazımdır. Ona görə də mütərəqqi ziyalılar, düşüncə adamları həmişə bu dinlə aralarında bir məsafə saxlayıb. Bu dinin yaratdığı ancaq cahil sürüsü olacaq. Bu din aydın insan yetişdirə bilməz. Ona görə də dini öz mənbəyinə qaytarma hərəkatına böyük ehtiyac var. Məqsəd isə dinin təməlinin bu qədər çirkaba bulaşmadığını göstərmək olmalıdır.
Tez-tez bir ifadə işlənir. Endirilmiş din və uydurulan din. Bizim coğrafiyada hələ ki, endirilmiş din yoxdur. Bizdə ancaq uydurulan dindir. Yeni alimlər, yeni ziyalılar, yeni düşüncə adamları insanları, cəmiyyəti hər dəfə Quran mənbəyinə qaytarmaq istəyib.
– Quranın mənbəyində nə var ki?
– Quranın mənbəyində halalın, haramın siyahısı bəllidir. Ayrı-ayrı hədislər, hekayələrlə halalın, haramın ərazisini genişləndirmək insan üçün hər şeyi mürəkkəbləşdirir, çətinləşdirir. Halbuki, dinin bir neçə fundamental tələbi var.
– Məsələn, dində zorakılıq varmı?
– Xeyr, dində zorakılıq yoxdur.
– Ümumiyyətlə, dinsiz yaşamaq olmazmı?
– Dinsiz yaşamaq da bir seçimdir. Amma din insan həyatında yaranan suallara verdiyi cavaba görə elmdən və fəlsəfədən fərqlənir. Fəlsəfədə ziddiyyətli cavab alırsan. Yəni iki mühakimədir, biri yanlışdır, biri doğrudur. Yanlışı və doğrunu müəyyən eləmək isə sənin üzərinə düşmür. Sadəcə, sən həmişə bu mübahisənin içində olursan və həmişə hikmət axtarışında olan bir obrazda qalırsan, tərəddüddə qalırsan. Fəlsəfə insanın həm də bir axtarış tərəddüdü deməkdir. Dində isə mütləq bir ehkam var. Bu ehkam imanla bağlıdır. Yəni nəyisə qəbul etmək intellektlə, ağılla birbaşa tam bağlanmır. Həm də duyğularla, inamla bağlanır.
– Belə çıxır ki, dində ağıl yoxdur, ancaq inamdır?
– İnamı, duyğunu ağılla zənginləşdirib, hər şeyi mühakimə edirsən. Dində ağılın rolu çox böyükdür. Bizdə isə din anlayışında ağılı tamamilə təcrid ediblər. Biri özü üçün mərceyi-təqlid tapıb, deyir ki, bunu dinləyirəm, o nə desə, odur. Biri bir şeyx tapıb, biri bir alim tapıb və s. Bu – uydurulmuş din anlayışı öz mühakiməsi olmayan robot insan yetişdirib. Əgər biz ağılın dində istifadəsinə başlasaq, inanmıram kimdəsə islama aqressiv münasibət olsun. Din heç bir insanı aqressiv münasibətə stimullaşdırmır. Çünki din heç kimin həyatına mane olmur. Dinə inanan insan ağlın hüdudlarının çatmadığı bir mərtəbədə pessimizmə yuvarlanmır. Amma dinsiz insan mütləq hardasa pessimizmə yuvarlanır. Çünki elm hər şeyi sübut eləyə bilmir, fəlsəfə də cavab tapa bilmir. Din isə ağılın hüdudlarından o tərəfdə olan cavablara qarşı daha optimistdir, dünya ilə hesablaşaraq cəmiyyətə fayda vermə işinə səni yönləndirə bilir.
– Özünü dinsiz, allahsız hesab edən müxtəlif insanlar var. Onlar fikirləşirlər ki, məsələn, din yaradılışın mahiyyəti haqqında suala cavab verə bilmir. Maraqlıdır, bəs elm yaradılışın mahiyyəti haqqında suala dəqiq cavab verə bilirmi?
– Xeyr, dəqiq cavab verə bilmir. Məsələn, necə doğulmusan? Niyə sən gəldin? Niyə məhz indi gəldin? Niyə bu məkanda gəldin? Bütün bunları özün seçə bildinmi? Bu sualların heç birinin cavabı məlum deyil. Mən də deyə bilərəm ki, allahsızam. Amma dediyimi mənim mövcudluğum inkar edir.
– Siz Elçibəyin köməkçisi olmusunuz, müşaviri olmusunuz, Türkiyə təmsilçisi olmusunuz, siyasi məsələlər üzrə müavini olmusunuz və s. Bayaq da qeyd etdiniz ki, ilk dəfə onun yanında namaz qılmısınız. Bəs niyə insanlar elə düşünür ki, siz Elçibəyə xəyanət etmisiniz? Bunu hansısa bir siyasətçi desə, fikirləşərik ki, Fazil Mustafa ilə ədavəti var, ona görə şər atır. Axı ən adi adamlar da eyni fikirdədir. Məsələn, bir də görürsən ki, evdar bir qadındır, heç ali təhsili də yoxdur, ancaq sizin xəyanətkar obrazınızdan danışır. Dəqiq bilirsən ki, bu qadını heç kimi təlimatlandırmayıb, sadəcə özü belə düşünür.
– Həzrət Əlinin bir yaxşı sözü var. Deyir ki, “eşitdim”, “duydum” batildir, “gördüm” haqdır. Kimsə “gördüm” deyəndə adama təəccüblü gələr. Ancaq eşitdim, duydumla özü üçün düşüncə formalaşdıran insanlarla mübarizə aparmaq, fikirlərini dəyişmək çox çətindir. Dünən də, bu gün də iddia edirdim, sabah da o fikirdə olacam ki, Əbülfəz Elçibəyə son günə qədər, yəni öldüyü ana qədər ən ləyaqətli davranan beş nəfər varsa, onun biri mənəm. Mən bunu tam məsuliyyətlə və rahatlıqla deyirəm, hətta öləndə də bunu söyləyib gözlərimi yuma bilərəm. Mənim siyasi fəaliyyətim birbaşa Elçibəyin siyasəti ilə bağlıdır. Necə ola bilər ki, mən Əbülfəz bəyə xəyanət edim? O, mənim müəllimim olub. Mən onu orta məktəb illərində tapmışdım.
– Deyirsiniz, öldüyü ana qədər Elçibəyə ən ləyaqətli davranan adamlardan biri də sizsiniz. Bəlkə sizə ona görə xəyanətkar deyirlər ki, Elçibəy dünyasını dəyişən kimi siz də siyasətinizi dəyişdiniz?!
– Bəli, Əbülfəz bəy rəhmətə gedəndən sonrakı dövrdə mənim siyasətə yanaşmamda xeyli dəyişiklik oldu. Bu gün mən Əbülfəz bəyin bir çox tezislərini qəbul eləmirəm. Və bunu açıqca deyə bilirəm. Çünki arxada heç bir xəyanət yoxdur. Guya Elçibəy yolu gedən adamların hünəri varsa, kənarda Elçibəy haqqında işlətdikləri təhqirləri açıqca cəmiyyətə desinlər. 2000-ci illərə qədər Elçibəyin üzərinə nə qədər hücum olubsa, hamısının qarşısında mən dayanmışam. Bütün bunları ona görə deyirəm ki, Elçibəyə mən yox, deputat mandatı qazanmaq üçün Azərbaycan Xalq Cəbhəsinin başında duran insanlar xəyanət elədi.
– Axı siz də deputatsınız...
– Bəli, bu gün mən Milli Məclisdəyəm, ancaq heç kimlə separat danışığa gedib deputat olmamışam.
– Bəs necə oldu ki, deputat oldunuz?
– Yeni partiya yaratmışam, mövqeyimi ortaya qoymuşam ki, hakimiyyətlə düşmənçilik kursundan imtina edirəm. Amma yenə də müxalif mövqeyimi davam etdirirəm. Beləliklə, cəmiyyət həyatına daha faydalı oluram.
– Maraqlıdır, heç həbs olunmaqdan qorxmusunuz?
– Cəmiyyətdən təcrid olunmağın müxtəlif yolları var. Ən kəskin mövqedən çıxış edib həbs olunmaq olar, hətta əsgərliyə də göndərilə bilərsən. Mən isə düşünürəm ki, cəmiyyətdən təcrid olunmaqla bir şey əldə eləmək mümkün deyil. Ən yaxşısı, hakimiyyətlə düşmənçilik kursundan imtina edib cəmiyyətə, insanlara faydalı olmaqdır.
Belə bir vəziyyətdə düşmən mövqeyində durub özünə təsəlli verməlisən ki, mən 10 ildir, 20 ildir əqidəmi dəyişmirəm, evimdə oturmuşam, çölə də çıxmıram. Və əqidəmi bundan sonra da davam etdirəcəm. Davam etdirəcəksən, evində qal. Biz siyasətçiyiksə, ziyalıyıqsa, cəmiyyətin yaxşıya doğru dəyişməsi üçün əlimizdən gələn nələrsə etməliyik. Biz təcridolunma yolunu seçə bilmərik.
Bu gün müxalifətin başında olan insanların hansısa birindən Azərbaycan tarixi, fəlsəfə, din haqqında fikirlər eşitmisiniz? Yox! Ancaq deyirlər ki, mən hakimiyyətə müxalifəm. Axı Azərbaycanın problemi hakimiyyət problemi deyil, cəmiyyət problemidir. Bu cəmiyyətə ən ideal hakimiyyəti də versən, əminsiniz ki, dəyərini biləcəklər? Azərbaycan hakimiyyətinin bəzi məsələlərə münasibəti bir çox hallarda Azərbaycan xalqının ümumui mühakiməsindən daha ədalətlidir. Mən sosial şəbəkələrdə ən savadsız adamla belə mübahisəyə girirəm, ona nəyisə başa salmağa çalışıram. Hamının fikrinə cavab verirəm. Bu gün müxalifətdə olanlar isə özlərinə bir çəmbər yaradıblar, heç kim içəri keçə bilmir.
Bir də soruşmaq istəyirəm, onların fəlsəfə, din, tarix və başqa mövzularla bağlı müzakirə apardığını görmüsünüzmü? Problem budur. Avropaya səpələnmiş, pərişan olmuş müsavatçıları, cəbhəçiləri görürsünüzmü? Onların hamısı aldadılmış insanlardır. Sadəcə, inada düşüblər. Deyirlər ki, davam eləyim, görüm bir ilə nə olar, iki ilə nə olar. Təfəkkürcə xalqa xitab eləyə bilməyən insanlar, əgər bu gün iddia edirsinizsə ki, xalq hakimiyyətdən narazıdır, o zaman sizin üçün münbit şərait olmalıdır axı, bəs niyə yoxdur? Hansı doğru bir çıxışınızla, xitabınızla əhalini öz arxanızca apara bildiniz?
– Fazil bəy, deputatlarımızın demək olar ki, əksəriyyətinin biznesləri, obyektləri var. Sizdə vəziyyət necədir? Ancaq millət vəkili maaşı ilə dolanırsınız, yoxsa?
– Yox, mənim millət vəkili maaşı ilə dolanmaq imkanım yoxdur. Müəyyən qədər kitablarımın satışından gəlir, dostlarım kömək edirlər, qardaşım bizneslə məşğuldur, mənə kömək edir. Millət vəkili maaşımla heç 10 gün dolanmaq mümkün deyil. Kim deyirsə ki, mən maaşla dolanıram, inanmayın.
– Bəzi deputatlar narazılıq edir ki, məmurlar zənglərimizə cavab vermir. Sizi də eşitmirlər?
– Mənim zənglərimi əsasən, eşidirlər. Çünki mən heç bir məmura əsasız telefon açmıram. Yadıma gəlmir ki, hansısa nazir müraciətimə cavab verməsin.