“40 qəpiklik dərman indi 10 manata satılır” - Professor

29-03-2017, 12:55           

"Ölkədə dərman vasitələrinin qiymətləri ilə bağlı yaranmış problemi dövlət hesabına həll etmək mümkündür. Başqa bir yolla qiymətlər endirilə bilməz”.

Bu sözləri BakiPost.az-a açıqlamasında tanınmış həkim, professor, tibb üzrə ekspert Adil Qeybulla deyib.

Onun sözlərinə görə, dərman vasitələrinin dövlət hesabına olması bu prosesi tənzimləməyə imkan verəcək: "Dərman maddələrinin dövlət reyestri var. Hər bir dərman maddələrinin xaricdən alınan maya dəyəri var. Bunun idxalı ilə məşğul olan tibbi təyinatlı xüsusi firmalar var. Onların da öz maraqları olmalıdır.

Bunun nəqliyyat və gömrük xərcləri, həmçinin satışdan alınan vergisi var. Bütün bunların hamısı dərman qiymətini yüksəldən amillərdir. Əgər Tarif Şurası bu dərmanların qiymətlərində endirim etməli olsa, o zaman bütün mərhələlərdə bu endirim olmalıdır. Ancaq sahibkarın hesabına dərman maddəsinin endirimi həyata keçirilsə, onlar dərman vasitələrini gətirməkdə maraqlı olmayacaqlar.

Müvəqqəti tədbir kimi dərmanların idxalı bir müddət dövlət hesabına həyata keçirilsin. Dövlət nəzarətində olsun ki, bunu hansısa formada tənzimləmək mümkün olsun. Yoxsa başqa cür tənzimləmə forması dərman maddələrinin çoxunun bazardan yoxa çıxdığını göstərdi. Ondan sonra bu vasitənin də işə yaramadığını gördülər. Yenə prosesi boş buraxdılar. Amma yenidən dərmanlar peyda oldu. Bu cür pərakəndəliklə anormal qiymət artımı baş verdi”.

Professor qeyd edib ki, vaxtilə 40 qəpiyə olan dərman indi az qala 10 manatdır: "Görün nə qədər fərq əmələ gəlib. Bu nəticə göstərdi ki, bazar iqtisadiyyatı şəraitində ümumi qəbul olunmuş prinsiplərə və qaydalara zidd getmək tamamilə əks nəticələr verir. Yəni bu cür müdaxilə olmaz. Əgər bu müdaxilə olursa, Tarif Şurasını bura qatmağa ehtiyac yoxdur. Burda əsas məsələ ola bilsin ki, bəzi zəruri dərmanların dövlət xətti ilə idxalına təminat verməkdir. Necə ki, dövlət xətti ilə onkoloji, şəkər əleyhinə və talassemiya dərmanları ölkəyə idxal olunur. Bəzi dərmanların da əksəriyyəti dövlət xətti ilə ölkədə müvəqqəti yaranmış vəziyyət ilə bağlı olaraq idxal olunsun. Dövlət də buna nəzarət edə bilsin”.

Adil Qeybulla bu prosesin əks tərəfinin də olduğunu bildirib: "Bu da xeyli işsizlik deməkdir. Xeyli firmaların fəaliyyətinə son deməkdir. Amma yaranmış vəziyyətdə biz iqtisadi qanunlara zidd hərəkət etməməliyik. Biz elə hərəkət etməliyik ki, bu ilin nəticəsi daha faydalı və rezultativ olsun. Son anda xalq və alıcı bundan fayda görə bilsin”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.