Hacı Qalib: “Oğlumun bir təqsiri var, o da...”

20-09-2017, 09:45           
Hacı Qalib: “Oğlumun bir təqsiri var, o da...”
Hacı Qalib: “Su idarəsinin işçisi oğlumun anasını təhqir edib, o da çənəsinə birini vurub”

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Hacı Allahşükür Paşazadənin adı ətrafında müzakirələr dayanmaq bilmir. Son günlər Şeyxülislamın Çexiyada biznesinin olmasından tutmuş, digər məsələlərə qədər silsilə yazılar mətbuatda özünə yer almaqdadır.

Bütün bunlara reaksiya verən Qafqaz Müsəlmanları İdarəsi isə “Azərbaycanın dini liderinə qarşı dezinformasiya axınını” pisləyib, bunun hətta “erməni kəşfiyyat orqanları tərəfindən təşkil olunmasını” istisna etməyib. Ancaq Şeyx həzrətlərinin özü ilə danışmaq çox maraqlı olar deyə, iki gün ərzində onu aradıq. Lakin israrlı cəhdlərimizin qarşılığında QMİ-dən bildirdilər ki, verilən bəyanat kifayətdir və Şeyx də ayrıca müsahibəyə ehtiyac görmür. Bu səbəbdən Şeyxin qudası, son günlər oğlunun həbsi ilə bir daha mətbuatın gündəminə gələn sabiq deputat Hacı Qalib Salahzadəyə müraciət etdik. Hacı Qalib isə əvvəlki dövrlərdən fərqli olaraq müsahibəyə çox həvəssiz idi, xüsusilə də Şeyxlə bağlı suallarımızı cavablandırmasından bunu aydın sezdik.

- Hacı, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Şeyxlə bağlı yazılara cavab olaraq yaydığı bəyanatı oxudunuzmu?

- Oxudum. Sizə bir söz deyim: Qafqaz Müsəlmanları İdarəsi nə deyirsə, düz deyir. Şeyx nə deyirsə, tamamilə düz deyir. Mənim heç bir əlavəm yoxdur...

- Amma bəyanatda sizə ünvanlı da gizli bir eyham var. Belə çıxır ki, sizin Şeyxlə münasibətinizdə hansısa problemlər yaranıb?

- Mənim Şeyxlə münasibətlərimdə nə problem ola bilər? Heç bir problem yoxdur. (Gülür). Ağsaqqaldır, belə məsləhət bilir, belə də deyir.

- Son günlərdə Şeyxlə görüşünüz, ya telefon danışığınız olubmu?

- Telefon danışığımız olub. Amma görüşümüz olmayıb.

- Dediklərinizə görə sizə iradları oldu yəqin...

- Yox e. Nə irad? Dediklərimə görə mənə heç kim irad tutmur. Belə məsləhətdir, qurtardı getdi də.

- Qafqaz Müsəlmanları İdarəsinin bəyanatında Şeyxin oğlunun ölkəni birdəfəlik tərk etməsi ilə bağlı yayılan xəbərlərlə bağlı deyilir ki, “QMİ sədri və ailəsi ilə bağlı informasiyaları yalnız sədrin özü və ya oğlu, lazım bildikləri halda, gündəmə gətirmək haqqına malikdirlər. Ailədaxili məsələlərlə bağlı ailəyə yaxın digər şəxslərin məlumat yaymaq və ya hər hansı məlumatlara şərh vermək hüququ yoxdur”. Bu, sizə ünvanlanmış mesajdır...

- Şeyxin oğlunun Türkiyəyə getməsi düzdür. Amma deyir elə-belə gedib. Mən elə bilirdim birdəfəlik köçüb. Amma onlar deyirlər ki, yox, müvəqqəti gedib, işləri var, qayıdacaq.

- Hacı, necə bilirsiniz, Şeyxin adı niyə bu qədər geniş hallandırılır? Burada məqsəd-məram nə ola bilər?

- Onu Şeyxin özündən soruş da...

- Özü ilə danışmaq imkanımız yoxdur təəssüf ki...

- Vəssalam da.

- Qafqaz Müsəlmanları İdarəsinin bəyanatında bildirilir ki, bu yayılan dezinformasiyaların “erməni kəşfiyyat orqanları tərəfindən yayılması” istisna olunmur...

- Yəqin Şeyx bir şey bilir ki, elə də deyir. Yoxsa mən Bilgəhdən qırağa çıxmıram. Nə bilim ki, nə var-nə yox. Şeyx bir şey bilir ki, belə deyir.

- Bütün bunları QMİ-nin ləğv olunması planının tərkib hissəsi sayanlar var. Eyni zamanda Şeyxin biznesinin davasının getdiyi versiyası səslənir. Bir ehtimal da bundan ibarətdir ki, sizin “Şeyxin varisi oğludur” sözləriniz ona qarşı təzyiqləri artırıb. Bu barədə nə deyə bilərsiniz?

- Keçən dəfə jurnalist məndən soruşdu ki, Şeyxin varisi kim ola bilər? Dedim ki, mənim varisim oğlum deyil? Şeyxin də varisi oğlu olar da... Yəni Şeyxin var-dövləti oğluna qalar da. Sonra sözü fırlatdılar ki, Şeyxin varisi oğlu olacaq. Bu uşaq iki rükət namazı güclə qılır, ondan Şeyxülislam olar? Mən necə o uşağı Şeyx kimi nəzərdə tuta bilərəm? Şeyxin özündən başqa kim bilir ki, kim savadlıdır, kim savadsızdır?

- Hər halda, Şeyx istefa verməyə hazırlaşmır, eləmi?

“Şeyxin oğlu iki rükət namazı güclə qılır, ondan Şeyxülislam olar?”

- Şeyx cavan adamdır, nə istefa, nə bir şey! (Gülür). Xahiş edirəm, bütün bunlar barədə onun özündən soruşun...

- Oğlunuzun həbsi barədə mətbuata geniş danışmısınız. Hazırda vəziyyət necədir?

- Oğlumun bir dənə təqsiri var, o da Hacı Qalibin oğlu olmağı. Vəssalam, şüttamam. Yoxsa bu adamlar bayram günü gəliblər, qapını döyüblər, pul tələb ediblər...

- Nə qədər su pulu borcu olub ki, məsələ bu qədər böyüyüb?

- Guya 69 manat su pulu borcu olub. Onu da ayda, ya ay yarımda bir dəfə qoca kişi var, pulu alır, sonra qəbzi gətirir. Bu gələnlər isə nə su pulu yığandır, nə də... Oğlanın anası çıxıb bayıra, görüb 3 nəfər qapıda dayanıb. Soruşub ki, kimsiniz? Deyiblər biz su idarəsindənik. Deyib axı, bir kişi gəlib su pulunu aparır. Deyiblər bundan sonra biz pulu yığacağıq. Qayıdıb ki, ay balam, sayğac var, biz özümüz gedib ödəməliyik, siz kimsiniz? Qayıdıb ki, “ağzının danışığını bil”. Kəlmə-kəlmə deyirəm sənə... Bir sözlə, anasını təhqir edib. Oğlan da çıxıb bayıra. Müdaxilə edəndə deyiblər ki, sən kimsən? Əlini uzadıb ona sarı. Bu da bir dənə çəkib, çənəsi sınıb. Bu adamı həkimə aparıblar, əməliyyat etdiriblər. Onlar da kişi adam çıxdılar, dedilər ki, biz şikayət etmirik. Yazılı şəkildə tədqiqatçı Əziz Əzizova yazıblar ki, bizim bu adamdan şikayətimiz yoxdur. 10 gündən sonra isə prokurorluq başlayıb ki, sən vəzifə başında olan adamı vurubsan. 315.2 maddəsini veriblər. Hansı ki, dövlət qulluqçusu, ya polisə qarşı eyni hərəkət olsa, bu maddə düşürdü. Amma heç su idarəsinin rəisi də dövlət qulluqçusu deyil. Götürüb yükləyiblər buna ki, dövlət qulluqçusunu döyüb.

- Hesab olunur ki, Şeyxin Çexiyadakı biznesi ilə bağlı məlumatların yayılması, oğlunun Türkiyəyə köçməsi ilə eyni vaxtda onun qudasının oğlunun həbs olunması arasında əlaqə var. Bu cür fikirlər barədə nə deyə bilərsiniz?

- Mənim oğlumun məhkəməsi sentyabrın 13-ü, axşam saat 8-də olub.

- Bu hadisələr arasında əlaqə görürsünüzmü?

- Əşi, yox e.
E.PAŞASOY












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.