“Məgər şeyxin Çexiyada mülkünün olmasıyla dünya dağılır?!” - Zərdüşt Əlizadədən ƏCAİB MÜDAFİƏ

20-09-2017, 20:05           
“Məgər şeyxin Çexiyada mülkünün olmasıyla dünya dağılır?!” - Zərdüşt Əlizadədən ƏCAİB MÜDAFİƏ
Şərqşünas, politoloq Zərdüşt Əlizadə Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə ilə bağlı mətbuatda yazılan məlumatlar barədə Modern.az saytına müsahibə verib.

- Şeyxülislam Allahşükür Paşazadə haqqında müxtəlif məlumatlar yayılır. Hər şey ondan başladı ki, şeyxin qudası hacı Qalib Salahzadə onun varisi haqda danışdı. İddia etdi ki, şeyxin varisi oğlu Məhəmməd Paşazadədir. Halbuki, Məhəmməd Paşazadənin din adamı olmadığı məlum idi. Daha sonra şeyx haqqındakı ard-arda kəskin ittihamlar səsləndi. İddialarda həqiqət axtarmağa dəyərmi, yoxsa bunlar kompromatlardır?

- Şeyx həzrətləri Heydər Əliyev birinci katib olduğu vaxtdan bu yana Qafqaz Müsəlmanları İdarəsinin sədridir. Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsindən gedəndən sonra bəzi tamahkar hacılar Allahşükür Paşazadəni postundan devirmək istədi. Çünki bu post mənfəətli məqamdır. Heydər Əliyev isə o hacılara yerini göstərdi. O göstəriş verdi ki, heç kim Allahşükür Paşazadəyə dəyə bilməz. Bu hacılar da tez susdu və geri çəkildilər.

- Mərhum Heydər Əliyev bu addımı nəyə görə atmışdı?

- Heydər Əliyev çox gözəl anlayırdı ki, Allahşükür Paşazadə Azərbaycandakı sabitliyin təminatçılarından biridir. Şeyxin tutduğu məqam çox hörmətli və nüfuzlu məqamdır.
Nə qədər ki, Allahşükür Paşazadə şeyxülislamdır, o, Azərbaycan dövlətinə sadiqdir. Siz mənə deyin görüm, indi hansı məmur korrupsiyaya bulaşmayıb? Allahşükür Paşazadəyə hücumlar başlayıbsa, bunun bir səbəbi var. Hansısa xarici qüvvələr Azərbaycanda sabitliyi pozmaq istəyirlər.

- Sabitliyi pozmaq üçün strategiyalar müxtəlifdir. Bəs belə bir plan varsa, şeyx bu strategiyada necə “rol oynayır”, yəni niyə ona qarşı hücumlar edilir?

- Xarici qüvvələr çalışırlar ki, talışları Azərbaycana qarşı qaldırsınlar. Bunun üçün də həssas fiqurun adını dövriyyəyə buraxırlar. Allah eləməsin, bir şey olsa, şeyxin varisi ya oğlu olacaq, ya da başqa biri. Amma başa düşmək lazımdır ki, şeyxülislam məqamı talışlarındır.
Hamı bilir ki, Azərbaycan dövlətində talışlara hörmət edilir, onların hüquqları tam olaraq qorunur. Bununla yanaşı, mötəbər bir məqamda talışların nümayəndəsi – Allahşükür Paşazadə əyləşib.

- Yaxşı, bu xarici qüvvələr hansı dövlətlər və ya qruplardır?

- Kimlər ki,Allahşükür Paşazadəyə qarşı danışır, ona qarşı olan proseslərin içində yer alırsa, onlar Rusiyanın agentləridir. O adamlar Rusiyaya işləyir ki, Azərbaycanı içəridən dağıtsınlar, milli zəmində qarşıdurma yaratsınlar. Mən yüz faiz əminəm ki, Azərbaycanda xarici qüvvələrə işləyən adamlar məhz indi sabitliyi pozmaq üçün Allahşükür Paşazadəyə qarşı hücumlar təşkil edirlər.

- Şeyxin Çexiyada mülklərinin olması haqda məlumatlar var, bunu təsdiq edən sənədlər də yayımlanıb. Bu əgər faktdırsa və kimsə bunu deyirsə, o zaman burada xarici qüvvələrin əlinin olmasını axtarmaq düzgündürmü?

- Azərbaycandakı çox məmurun xarici ölkələrdə mülkü var. Onlara qarşı isə hücumlar yoxdur. İndi şeyxin Çexiyada mülkü var, deyirlər. Lap tutaq ki, şeyxin Çexiyada mülkü var, bununla dünya dağılır?!
Şeyxin üzərində ona görə çox dayanırlar ki, camaatı bir-birinə qarşı qoysunlar.

- Şeyxin varisinin oğlu olması, yəni Ruhanilər İdarəsinin gələcək sədri postunda əyləşməsi dinə görə normaldır?

- Bu din xadimlərinin, hacıların işidir. Mən bu məsələlərə qarışmıram. Bircə onu deyə bilərəm ki, Qafqaz Müsəlmanları İdarəsinin gələcək sədri talış olmalıdır.

- Düşünürsünüz ki, Allahşükür Paşazadənin nə qədər ömrü varsa, şeyxülislam postunda qalmalıdır?

- Bəli, cənab Paşazadə ruhanilər idarəsinin sədri vəzifəsində qalmalıdır. Bu, mötəbər məqamdır. Şeyx burada daş daşımır, başqa fiziki iş görmür. Bu post Azərbaycan müsəlmanlarının rəmzidir.
Şeyx müsəlman aləmində tanınan adamdır. Onun Rusiyada da, İranda da hörməti var. Şeyx barışdırıcı, mötədil bir insandır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.