Yanıma gələn xanımlar sonradan daha da gözəlləşirlər” - Adnan Oktar "Yeni Müsavat"a nələr danışdı

26-09-2017, 09:38           
Video-Image result for adnan oktar sevinc telmanqizifoto yasağı olan Harun Yəhyanın villasında bir neçə saat, canlı verilişdə keçən ilginc dəqiqələr

Hər şey ondan başladı ki, günlərin bir günü “Yeni Müsavat” qəzetinin redaksiyasına zəng edib, “Əməkdaşlarınızdan birini İstanbula, Adnan Oktarla (Harun Yəhya) müsahibə-görüşə dəvət edirik” dedilər. Tanıyanlar tanıyır, tanımayanlara isə biz anladaq ki, A.Oktar Türkiyədəki A9 kanalının sahibi, dini kitabların müəllifi və kanalında gündəlik, canlı yayımladığı verilişlərin aparıcısıdır.

Əgər bütün bunlar da sizə heç nə demirsə, mən “kediciklər” deyib, susum... Əminəm ki, indi xatırladız. Studiyasında bir-birindən gözəl, baxımlı, seksual görüntülü, geyimli qadınlarla veriliş aparan şəxsdən danışırıq. Zaman-zaman elə həmin qadınlarla gəmi turuna çıxıb, “Adnan Oktar xanım dostları ilə” başlığı verən kanalın sahibi də deyə bilərik.

A.Oktar Azərbaycanda da xeyli populyardır. Ən azı öz cinsinin nümayəndələri arasında. Adamlar tanıyıram ki, sırf A.Oktarın “kedicik” deyə adlandırdığı xanımları görmək üçün əlində pultla, bəlli saatda televizorun qabağını kəsdirib dayanır. O qadınların nə danışmasından asılı olmayaraq, görüntülərini izləmək, arada etdikləri rəqsə baxmaq üçün...

Və bir də dini kəsim var. Hansılar ki, zaman-zaman A.Oktarı İslamı yanlış təqdim etməkdə ittiham edirlər. Masonlarla bağlılığı olduğunu iddia edənlər də var, yaşadığı və ətrafına yaşatdığı cəh-cəlalın hesabını soruşanlar da. Bir sözlə, adam məşhur olduğu qədər də mübahisəli, qınaqların ünvanlandığı personadır.

Belə bir personadan müsahibə götürmək fürsəti isə bir jurnalist üçün maraq doğurur. Ünvanlaya biləcəyin bütün sualların mənbəyi qarşındadırsa, problem də yoxdur deməkdir. Və beləcə, İstanbula gəldiyimiz gün bizi elə A.Oktarın tərəfdarları (onlar özlərini onun tələbələri adlandırırlar-S.T) qarşılayır, kanala aparırlar. Az sonra dəbdəbəli bir villada yerləşən A9-un canlı yayımına qatılacağıq. Amma ondan öncə bir kafedə oturub, kanala gedəcəyimiz vaxtı gözləyirik. Kanaldan “ok” cavabı gələndən sonra yola düşürük. O “kediciklər”in oturduğu studiya var ha, bax ora. Amma yayım saatından bir qədər tez gəlmişik. Həyəti gəzmək fürsətimiz var. Geniş həyət, hovuz və qəfəslərdə saxlanan bir-birindən fərqli heyvanlar, quşlar. Ortada bir neçə pişik sərbəst gəzir. Heyvan fobiyası olan yazarınız pişikdən qorunmağa çalışdıqca, onlar qonaqların lap ayağının yanına qədər gəlirlər. Zarafat deyil, “hoca”nın ən çox sevdiyi heyvanlardır onlar və burada özlərini rəsmən ev sahibi kimi hiss edirlər.

“Verilişdəki qız dostlarımın heç biri estetik əməliyyat keçirməyib”
Villanın həyətində oturanda birbaşa Boğaz Körpüsü görünür. Yadıma köşə yazarımız Zamin Hacının A.Oktarla bağlı yazdığı status düşür: “Adam bu dünyada özünə cənnəti yaradıb...” Villasından bu, daha aydın görünür. Burda adamın həyatı uzanar, qocalmaz, dərd tanımaz deyə düşünürsən istər-istəməz...

Və beləcə, studiyaya dəvət olunuruq. Studiya villanın bir otağında qurulub. Foto və videolardan da gördüyünüz kimi, sıra ilə stullar düzülüb. Qarşıda A.Oktar oturub. Bizdən öncə studiyada xanımlar da olub, amma biz gələndə yox idilər. Bu haqda növbəti yazılarda...

Hələliksə A.Oktarla görüşüb, həmkarım, fotoqraf Məhəmməd Türkmənlə ön sırada əyləşirik. Öncədən etdikləri xəbərdarlığa görə, Məhəmməd verilişdən nə foto, nə də videogörüntü götürə bilər. Heç mənim diktofonla müsahibəni yazmağıma da icazə yoxdur. Foto və videonu özləri daha sonra göndərəcəklərini deyirlər. Səbəbini soruşanda isə “onsuz da bizdə yüksək səviyyəli çəkiliş gedir, sizin əziyyət çəkmənizə ehtiyac yoxdur” deyə cavab verilir. Bu detal belə bir informasiyadır deyib israr etmirəm. Məhəmmədsə ikiqat pərişan olur: 1. Foto çəkə bilmir. 2. “Kediciklər”i görmə fürsəti olmur.

Biz studiyaya girəndə isə fasilə idi. Həmin vaxt A.Oktar da bizimlə görüşüb, “xoş gəldiniz” deyir. İlk diqqətini çəkən də Məhəmmədin qıyıq gözləri olur: “Sən Asiya ölkəsi insanlarına bənzəyirsən” deyir öncə. Sonra isə zarafatla soruşur ki, müsahibədə o da bizim kimi “Azərbaycan şivəsində” danışmalıdırmı... Və beləcə verilişin moderatoru bizi tamaşaçılarına təqdim edir, müsahibəmiz də başlayır. Girişi isə ev sahibi edir...

- Xoş gəldiniz, səfa gətirdiniz. Şərəf verdiniz. Azərbaycan bizim canımız, qəlbimizdir, çox sevirik. Odur ki, oradan, Azərbaycandan kimsə gələndə də ayrı bir sevinc, ayrı bir həyəcan yaşayırıq. Allah, inşallah, ən qısa müddətdə Türkiyə ilə Azərbaycanı birləşdirər, iki millət yox, tək millət, amma iki dövlət olarıq. İndi isə buyurun, sizi dinləyirəm.

- Öncə bizi verilişinizdə qonaq etdiyiniz üçün təşəkkür edir və suallarımıza keçirəm. Oxucularımız sizi həm Adnan Oktar, həm də Harun Yəhya kimi tanıyırlar. Siz özünüzü necə təqdim edərdiniz? Ümumiyyətlə, sizi tanımaq istəyənlərə A.Oktarı tanıdın desək, təqdimatınız necə olar?

- Mən Allahın hər hansı bir quluyam. Yəni elə bir fərqli tərəfim yoxdur. Amma səmimi bir insanam. İnsanları sevirəm, Allahı sevirəm, insanların iztirab çəkməsini istəmirəm. Müharibələr olmasını istəmirəm. Dava olmasını istəmirəm. Hər yerdə sevgi, sülh olsun istəyirəm. Sosial ədalət olsun istəyirəm. Hər yer gözəl olsun istəyirəm. Hər yer sənət əsərləri ilə dolsun. Bağlar, bağçalar olsun, insanlar bir-biriləri ilə rahatlıqla salamlaşsınlar, sevgi göstərsinlər, bütün pisliklər, davalar sona çatsın istəyirəm. Onun olması üçün çalışıram.

“Mənimlə bağlı dedi-qodulara gəlincə, "Varlının malı kasıbın çənəsini yorar" deyiblər. Xalq hər zaman belədir. Kəndin ağası onlar üçün hər zaman dərddir”
- Gözəllik demişkən, xanımları studiyada görə bilmədim. Amma bu günə qədər verilişinizdə sizinlə birgə iştirak edən qadınların, eləcə də arxa sıradakı kişilərin hamısı yaraşıqlı, son dərəcə estetik və şıq olurlar. Eviniz, villanız da onun kimi. Yəni ətrafınıza istisnasız olaraq ancaq gözəlləri yığmanızın xüsusi bir səbəbi varmı? Bu, bir prinsipdir?

- Allah bizim belə olmağımızı istəyir. Cənnət sonsuz gözəldir, hər şey çox gözəldir. Allah dünyada da gözəlliyə çox önəm verir. İnsanlar gözəldir, heyvanlar gözəldir, bitkilər, hüceyrənin içi, mikrobioloji varlıqlar gözəldir. Atomlar, neyronlar, protonlar rəqs edirlər. Hər şeydə bir düzgünlük, bir intizam vardır. Biz də təbii olaraq, Allahın verdiyi fitrat ilə hər zaman düzgünlüyü, gözəlliyi və təmizliyi axtarırıq. Nə qədər gözəl olmaq istəsək, o qədər gözəl olar. Allaha o qədər yaxın olarıq.

- Bütün qadınlar gözəldir, o ayrı. Amma niyə biz sizin verilişlərinizdə ancaq çox gözəl, bəlli standartlar çərçivəsində qadınları görürük? Məsələn, heç vaxt ətrafınızda sıradan, heç bir gözəlliyi olmayan qadınlar olmaz. Bu, özəl bir seçimdir, yoxsa verilişin missiyası? Yəni siz bütün dünyaya müsəlman qadınlarının istisnasız olaraq gözəl olduğu mesajınımı verməyə çalışırsız?

- Əslində təbii ki, o mesajı verməyə çalışırıq. Çünki Hz.Süleymanın etdiyi də o idi. Onun yanındakı bütün tələbələri, işçiləri, xidmətçiləri bir-bir seçilmişdi. Hamısı çox gözəl idilər. Bilirsiniz, 1000 xanımı vardı. 1000 ədəd. Maşallah babamıza. 700-ü nikahlı xanımı idi, 300 də cariyəsi vardı. Hamısı kral qızları, kraliçalar idi. Seçilmiş ailələrin qızları idi və əsalətli ailələrin qızları olmasına görə də çox gözəl, baxımlı və çox təmizdilər. Sarayının hər tərəfi qızılla örtülmüşdü, Hz.Süleymanın, yəqin bilirsiniz. Tövratda uzun-uzun bu barədə danışılır. Hər yer heykəllər, rəsmlər, sənət əsərləri ilə dolu idi. Hz. Süleyman babamız sənətin ustadı idi. Biz də onun nəvələri olduğumuz üçün eyni yoldayıq. Hər şeyin gözəl olmasını istəyirik. Atlar belə çox gözəl idi, Hz. Süleymanın atları. Quranda ona diqqət çəkilir. “Hz.Süleyman onların boyunlarını və ayaqlarını oxşayırdı” deyilir. Özəl qulluq göstərilən atlar sarayın içinə alınırdı. Hz.Süleymanın onu sevməsi üçün. Biz gözəlliyi istərsək, Allah onu bizə daim yaradar.

- Sizin verilişinizin məqsədi nədir? Daha çox baxılsın deyə bu xanımları studiyada oturdursunuz?

- Mən sənətçi ruhluyam. Hər şeyin gözəl olmasını istəyirəm. Və ən gözəl olmasını istəyirəm. Gözəlləşincəyə qədər də çalışıram. Fikir vermisizsə, mənim yanıma gələn xanımlar sonradan daha da gözəlləşirlər. O mənəvi ruh onları daha da gözəlləşdirir. Əşyalar gözəlləşir, evlər gözəlləşir. Məsələn, bu qaldığımız ev... Bunu aldığımız vaxt viranə idi. Amma sonradan gördüyünüz kimi, son dərəcə şıq, baxımlı və çox gözəl hala gəldi. Digər qaldığımız evi də viranə vəziyyətdə aldıq, amma sonradan cənnət kimi oldu. “Bağa baxarsan bağ olar, baxmazsan dağ olar” deyib atalarımız. O ki qaldı dedi-qodulara, ona da bir atalar sözü ilə cavab verim. “Varlının malı kasıbın çənəsini yorar” deyiblər. Xalq hər zaman belədir. Kəndin ağası onlar üçün hər zaman dərddir. Hər zaman ondan danışarlar: ağa bura getdi, ağa ora gəldi, ağa yemək yedi. Camaatın danışacaq başqa mövzusu olmaz ki. Bəzi insanlar da gözəlliyi yaşamayanda, varlılığı yaşamayanda, sənəti, estetikanı tapa bilməyəndə onu tapan insanları qısqanırlar. Onun haqqında nələrsə danışmaq istəyirlər. O da psixoloji olaraq özlərini sakitləşdirmək üçün keçirdikləri bir seansdır, öz aləmlərində. Amma bu da onları daha çox kədərləndirir. Mənim gördüyüm odur ki, kədərləndirməkdən başqa bir işə yaramır.

- Az öncə dediniz ki, bu xanımlar sizin yanınıza gələndən sonra daha da gözəlləşirlər. Onun səbəbi plastik əməliyyatdır? Çünki ən çox yayılan söz-söhbət də bu xanımların istisnasız olaraq, plastik əməliyyat keçirməsidir. Hamısının bir-birinə bənzəməsi və ümumi görüntüləri belə düşünməyə əsas verir.

- Onlar plastik əməliyyat keçirmiş olsalar, xəstəxanalarda bununla bağlı hər hansı qeydiyyat olar. Türkiyədəki bütün əməliyyatlar xəstəxanalarda rəsmi olaraq qeydiyyata alınır. Yəni qeyri-rəsmi bir əməliyyat mümkün deyil. Dostlarımızın heç bir xəstəxanada qeydiyyatı yoxdur. Mən də buradan rəsmi olaraq bunu sübut etmiş oluram. Zatən mən də estetik əməliyyatları bəyənmirəm. Estetik əməliyyat təqdir edəcəyim bir şey deyil. Məsələn, qadınların təbii burnu çox daha gözəldir. Halbuki əməliyyatdan keçəndə burunları qəribə olur. Silikon əməliyyatlar da onun kimi. Bir qadına plastik orqan taxılması olduqca soyuq görünər. Plastik bir insan başqasına necə təsir göstərər? Çox qəribə bir şey olar . Təbii insan gözəldir. Mənim də qız dostlarım təbiidirlər. Çünki onların uşaqlıq şəkillərini yayınlayıram. 3-4 yaşlarındakı hallarını verilişdə göstərirəm. Yenə də çox düzgün biçimdə burunları, ağızları, gözləri olduğunu hər kəs görür. Boy-buxunlu olmaları da elə kiçik yaşdan görünür. Onsuz da estetik əməliyyatlar boy uzatmır. Amma bəzən qısqanclıqdan boylarının da əməliyyatla uzandığı iddiasını ortaya atanlar var. O necə bir texnologiyadır elə? Elə bir texnologiya varsa, özləri də etdirsinlər. Ona görə də bunu deyənlərin sözləri doğru deyil. Mən hamısını yaxından tanıyıram. Təbii gözəllərdir. Amma təbii ki, mən danışacağım insanları özüm seçirəm. Hər insanla danışmaram, o düzdür. Yəni Səlamun Aleyküm deyənlə mən dost olmaram. Mənim də özümə görə kriteriyalarım var təbii ki...

- Eşitdiyimə görə, buradakı dostlarım dediyiniz xanımlar ali təhsillidir. Hətta aralarında iş qadınları da var. Halbuki kənardan heç elə görünmürlər. Hansı işlərdə çalışırlar, necə həyatları var? Bu sualların cavabını da bilmək istəyərəm...

(davamı növbəti sayımızda)

Sevinc TELMANQIZI












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.