“Hacı Qalib düz deyir – Şeyxin oğlu onun varisidir...” - Hacı Əbdül
10-10-2017, 11:40
Axundu olduğu İmam Hüseyn məscidində qızğın təmir işləri getməsinə rəğmən “Tövbə” Cəmiyyətinin sədri Hacı Əbdül bizimlə söhbətləşməyə vaxt ayıra bildi. 1980-ci illərdən bəri Azərbaycanın dini cəmiyyətində çox olay və proseslərin şahidi olmuş təcrübəli din xadimi ilə məsciddəki təmir işlərindən, Aşura və Məhərrəmlik mərasimlərindən tutmuş Şeyxülislam Allahşükür Paşazadə ətrafındakı son söz-söhbətlərədək bir sıra mövzularda danışdıq...
“İmam Hüseyn məscidinin camaatı Mehriban Əliyevaya bir daha minnətdarlığını bildirir...”
- Hacı, xeyirli olsun. İmam Hüseyn məscidində təmir işləri necə gedir və nə vaxt yekunlaşacaq, inşallah?
- Bismilləhir rəhmanir rəhim! Şükür Allaha, məsciddə işlər pis getmir. Nə vaxt yekunlaşacağını dəqiq deyə bilmərəm. Onu deyə bilərəm ki, İmam Hüseyn məscidinin dindarları və məscid camaatı Azərbaycanın Birinci xanımı Mehriban Əliyevaya bir daha öz minnətdarlığını bildirir...
- Bəs Aşura mərasimini harada və necə keçirdiniz?
- Məscidin bir hissəsini Aşura mərasimini keçirmək üçün ayırmışdıq. O gün məsciddə mərasim keçirildiyi üçün heç bir təmir işi aparılmadı...
“İmam Hüseyn(s) sevdası Qiyamətədək belə davam edəcək, inşallah...”
- Son vaxtlar bəziləri Aşura, Məhərrəmlik mərasimləriylə bağlı müəyyən həyəcan, təlaş yaratmağa cəhd edirlər. Deyirlər ki, bu mərasimlər nadanlıq, cahillik qalığıdır, uşaqların bu mərasimlərdə iştirakı təhlükəlidir. Necə baxırsız bu məsələyə?
- Ümumiyyətlə, Aşura, Məhərrəmliklə bağlı Azərbaycanda hətta Sovet dövründə də heç bir narahatçılıq-filan olmayıb. Əksinə, Azərbaycan xalqı daim Məhərrəm ayını səbirsizliklə gözləyib və Məhərrəmliyə bir neçə ay əvvəldən hazırlasıb. Yəni xeyir işlərini tez yola veriblər və yaxud çatdırmayanlar Məhərrəmlikdən sonraya saxlayıb- indi olduğu kimi. Məhərrəmlik isə indikindən də ürəklə, yüksək səviyyədə keçirilib. Nə üçün? Ona görə ki, o vaxtlar nə vəhhabilərin, nə də digər İslam düşmənlərinin ayağı Azərbaycana dəyməmişdi. O ki, qaldı bu gün cəmiyyətdəki bəzi sionist, vəhhabi, ateist ruhlu insanların İmam Hüseyn(s) əzadarlığından dolayı həyəcan keçirməsinə, bu, təbii bir haldır. Onlar daim çalışır və istəyirlər ki, nəyin bahasına olursa-olsun, İmam Hüseyn(s) məhəbbətini bizim və övladlarımızın ürəyindən çıxartsınlar. Bu da mümkün olan iş deyil. Yox, əgər İmam Hüseynin(s) məhəbbəti bir naqis ürəkdən çıxarsa, onu yəqin bilin ki, o məhəbbət yüzlərlə sadiq ürəklərdə qərar tutar. Bu, Qiyamətə qədər belə davam edəcək, inşallah...
“Şeyx həzrətləri istəsə də, hamı üçün yaxşı ola bilməz...”
- Hacı, son aylar Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə ətrafında bəzi xoşagəlməz söz-söhbətlər səsləndi. Şeyx həzrətləri özü bu haqda mediaya müsahibəsində danışdı. Amma Azərbaycan dini mühitinə yaxşı bələd olan ağsaqqal bir din xadimi kimi sizin də fikirlərinizi bilmək maraqlı olardı...
- Bilirziniz, Şeyx Həzrətləri istəsə də, hamı üçün yaxşı ola bilməz. Görün, neçə illərdir bu vəzifədədir? Və bu illər ərzində özünə nə qədər dost, düşmən qazanıb. Əlbəttə, fürsət düşən kimi, yəni münasib şərait yaranan kimi istəməyənlər onu “vurmağa” başlayırlar. Ancaq bu gün Şeyxin ətrafında gedən söz-söhbətin kökündə tamam başqa şeylər durur...
“Hacı Qalib düz deyir, Şeyxin oğlu –onun varisidir...”
- Şeyxin qudası Hacı Qalibin Şeyxülislamın varisi haqqındakı fikirləri də xeyli qalmaqala səbəb oldu. Bunu necə dəyərləndirirsiniz?
- Hacı Qalib düz deyir: Şeyxin bir oğlu var, o da onun qanuni varisidir. Hacı Qalib demir ki, Şeyxin oğlu Qafqaz Müsəlmanları İdarəsi sədrinin varisidir. Deyir ki, o, sadəcə, bir oğul kimi atası Allahşükür Paşazadənin sərvətinin varisidir. Burda qeyri-adi nə var ki?..
“Şeyx həzrətlərinin hörmətdən salınmasına imkan vermək olmaz...”
-Sizcə, Şeyxə qarşı son informasiya hücumları haradan qaynaqlanır, hansı daxili və ya xarici qüvvələr tərəfindən yönləndirilir?
- Amerika, İsrail çoxdandır bütün müsəlman aləmini biri-birinə qarışdırb. Bin Laden getdi, “Əl-Qaidə” qaldı, ondan sonra “İŞİD” peyda oldu, o getməmiş “İraq Kürdüstanı” problemi ortalığa atıldı. Beləliklə, bu gün İraq, Suriya qaynar qazana dönüb, Türkiyə və İran isə qaynamaq üzrədir. İslamın düşmənləri Azərbaycanı da qaynatmaq istəyirlər. Sevindirici haldır ki, həmin müsəlman ölkələri bu ağır vəziyyətdə bir-birləri ilə dil tapıb ümumi düşmənə qarşı birləşməyə başlayıblar. Əslinə baxsan, Azərbaycan da o birliyə qoşulmalıdır. Düşmənlər üçün Azərbaycanı qaynatmağın ən yaxşı yolu Şeyx variantıdır. Çünki Azərbaycan xalqının 85%-i şiədir. Yəni vəhhabilərin, sionistlərin qatı düşməni olan şiələr… Odur ki, yalnız Şeyxi “vurmaq”la buranı qarışdırmaq olar. Allah uzaq eləsin! Əgər Azərbaycan dini zəmində alovlansa, heç kəs onu söndürə bilməz. Çox güman ki, bütün dünya alovlanar. Heç cür imkan vermək olmaz ki, Şeyx Həzrətlərini hörmətdən salsınlar. Əslində ABŞ və İsrailin konkret Allahşükür Paşazadəyə qarşı heç bir düşmənçiliyi də yoxdur. Düşmənçilik yalnız onun şiə müsəlmanı olmasına və tutduğu vəzifəyə görədir…
“Məqsəd Azərbaycanı dini zəmində poliqona çevirməkdir…”
- Şeyxülislamın öz postundan getməsi hansı dini siyasi cərəyanlar üçün sərfəli olardı?
- Bu gün Şeyxin postundan getməsi ilk növbədə İslamın düşmənlərinə, yəni vəhhabilərə, sionistlərə, nurçulara, ateistlərə və s. sərfəlidir. Onlar Şeyxin yerinə açıq-aşkar şiəliyin əleyhinə fəaliyyət göstərəcək bir nəfər qoymaq istəyirlər. Məqsəd hansı yolla olursa-olsun, dini cameəyə nəzarəti öz əllərinə keçirmək və Azərbaycanı dini zəmində poliqona çevirməkdir. Bu, onların lap çoxdanki arzusudur. Biz, yəni dövlət və xalq ayıq olmalı, bu düşmənlərə qarşı birgə mübarizə aparmalıyıq. Əks halda dövlət də, xalq da uçuruma gedər...
“Şeyxin əleyhinə yalnız mən səs vermişdim...”
- Yəni belə çıxır ki, Allahşükür Paşazadənin QMİ sədri postundan gedəcəyi halda ölkədə dini siyasi zəmində xaos yarana bilər?
- Şeyx niyə öz postundan getməlidir ki? Həm də onu dövlət yox, din xadimləri səs vermə yolu ilə bu vəzifəyə seçiblər. Yəni biz, şəxsən mən də səsvermədə iştirak etmişik. Amma etiraf edim ki, mən o səsvermədə Şeyxin əleyhinə səs vermişdim. Özü də yalnız mən... İndi deyirsiz, beş nəfər sionistin, vəhhabinin, ateistin və yaxud digər İslam düşmənlərinin sözü ilə Şeyx vəzifədən getməlidir? Xeyr, belə olmaz. Biz onlara “özünüzü yaxşı aparın və dindarların heysiyyatı ilə oynamayın” deyirik.
“Olmaz ki, Türkiyə Dini Nazirliyi ləğv edib Azərbaycandakı kimi müsəlmanlar idarəsi yaratsın?..”
- Hacı, QMİ sədri ətrafındakı söz-söhbətlərlə paralel Azərbaycanda Türkiyədə olduğu kimi Dini Nazirlik yaradılacağı haqda fikirlər də səslənməyə başlayıb. Bu haqda nə düşünürsüz?
- Hər ölkənin özünün bir dini modeli var. Din nazirliyi - Türkiyə dövlətinə aiddir. Azərbaycana aid deyil. Olmaz ki, elə Türkiyə dini nazirliyi ləğv etsin və onun yerinə Azərbaycanda olduğu kimi müsəlmanlar idarəsi yaratsın. Bizim öz yolumuz olduğu halda niyə başqalarının yolu ilə getməliyik? Bunu yəqin bilin ki, bu məsələ bizim şiəliyimizə vurulan ilk zərbə olardı. Ona görə də buna heç cür imkan vermək olmaz… \\moderator.az\\