“Azərbaycan həbsxanaları dələduz iş adamları ilə doludur” — İsfəndiyar Axundovdan SENSASSİON MÜSAHİBƏ

10-10-2017, 17:48           
“Azərbaycan həbsxanaları dələduz iş adamları ilə doludur” — İsfəndiyar Axundovdan SENSASSİON MÜSAHİBƏ
Son vaxtlar Bakı və Sumqayıt şəhərlərinin ayrı-ayrı yerlərində yaşayan sakinlər tərəfindən redaksiyamıza şikayətlər daxil olur. Şikayətlər əsasən bəzi tikinti şirkətlərinin vətəndaşları aldatması, eyni mənzili başqa adamlara da satması və digər bu kimi dələduzluq məsələləri ilə bağlı olur. Problemin aktuallığını nəzərə alaraq, sözügedən məsələ ilə bağlı “Şərur” MTK-nın sədri, “Şərurlu İsfəndiyar” kimi tanınan iş adamı İsfəndiyar Axundovla söhbət apardıq.

Beləliklə, İsfəndiyar Axundovun “Ölkə.Az” xəbər portalına müsahibəsini təqdim edirik.

– Son vaxtlar bir sıra tikinti şirkətlərinin vətəndaşları aldatması, bəzi MTK-ların bağlanılması və digər bu kimi məsələlərlə bağlı xəbərlər yayılır. Tikinti sektorunda təmsil olunan iş adamı kimi sizin bu cür xəbərlərə reaksiyanız necə olur?

– Azərbaycanda ayrı-ayrı tikinti şirkətlərinin vətəndaşa satdığı mənzillər dərhal dövlət qeydiyyatına salınmalıdır ki, bir mənzil 2-3 adama satılmasın. Mən bu təklifi bir neçə il öncə müvafiq dövlət qurumlarının rəhbərlərinə də söyləmişəm. Bir daha deyirəm ki, Azərbaycanda mənzillərin satışına sərəncam verilməsi işinə nəzarət edəcək dövlət qurumu yaradılmalıdır. Hazırda mən Azərbaycanla yanaşı, Türkiyə və Rusiyada da evlər tikirəm. Nümunə üçün deyim ki, Türkiyədə bu işlərə həm dövlət, həm də banklar nəzarət edirlər. Qardaş ölkədə əhaliyə satılan mənzillərin “kupça” sənədini də banklar özü verir. Üstəlik iş adamlarına vəsait də verilir. Bir neçə il öncə mən müvafiq dövlət rəsmilərimizə də bu təklifi söyləmişəm. Həmin vaxt bir görüş keçirildi. Görüşdə mənimlə yanaşı, fövqaladə hallar naziri Kəmaləddin Heydərov, Baş prokuror Zakir Qaralov, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov və digər rəsmi şəxslər iştirak edirdilər. Görüşdə mən bu təklifi irəli sürmüşdüm. Demişdim ki, dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da yeni tikilən mənzillərin satışına dövlət nəzarəti olmalıdır. Mənim bu təklifi əksəriyyət tərəfindən bəyənilsə də, bəzi adamların xoşuna gəlməmişdi. Mən bir daha söyləyirəm ki, mənzil satılan andan dövlət qeydiyyatına keçirilməlidir. Yəni, mənzil alan şəxs birinci şirkətə, sonra isə müvafiq dövlət qurumuna gedib mənzilin qeydiyyatını həyata keçirməlidir. Yalnız bundan sonra həmin mənzil sahibinə verilə bilər. Belə olan halda bir mənzili 2-3 nəfərə heç kəs sata bilməz. Bu problemin həllinə nail olmağın ən sadə yolu budur. Mənzil satılan kimi dövlət qeydiyyatına düşməlidir. Əgər dövlət əhaliyə satılan mənzillərə, vətəndaşın nə qədər pul ödəməsinə və digər bu kimi məsələlərə bilavasitə nəzarət edərsə, o zaman heç bir tikinti şirkəti insanları aldada bilməz.

– Səmimi deyin, oxşar hallar sizin şirkətdə də olubmu?

– Xeyr, əsla bizdə belə hallar olmayıb. Bilirsiniz, bəzən dələduz tikinti şirkəti rəhbərlərinin əhalini aldatması üzündən biz də ziyana düşmüşük. Misal üçün, bir neçə il öncə “Muray” MTK ilə bağlı da problemlər yaranmışdı. Mən onlara köməklik etmişdim, həmin şirkətin aldatdığı vətəndaşlardan bir neçəsinə ev də vermişdim. Bu cür hallar olanda biz də ziyana düşürük. Ancaq bütün bunlara qarşı dövlət nəzarəti olmalıdır. Əks halda bu cür dələduz şirkətlər daim öz fəaliyyətlərini davam etdirəcək. Təsəvvür edin ki, dələduzluqla məşğul olub əhalini aldadan bu cür adamların öz adlarına heç əmlakı, mülkü yoxdur. Bu cür adamlar arvadlarını boşayıb, sırf bu işlə məşğul olurlar. Onlar həbsxanaları da gözə alırlar. Hətta, həbsxanaya düşüb çıxandan sonra da yenə bu işlə məşğul olurlar.

– Bir neçə il öncə Azərbaycanda böyük səs-səda yaratmış “Xəzər adaları” layihəsi faktiki olaraq iflasa uğrayıb. Bu layihənin müəllifi olan tanınmış iş adamı Hacı İbrahim Nehrəmli işlərin qaydasında getməməsinin səbəbini Azərbaycanda baş vermiş devalvasiya ilə əsaslandırdı. Bəs siz necə düşünürsünüz?

– Bilirsiniz, hazırda Azərbaycanda həbsxanalar dələduz iş adamları ilə doludur. Çox təəssüf ki, bu cür halların qarşısı hələ də alınmayıb. Ona görə də belə hallar bu gün davam edir.

Bilirsiniz, bizim ən böyük bəlamız odur ki, hər yoldan keçən adama, vəsaiti olana da, olmayana da bina tikmək üçün icazə verilir. Təbii ki, bunun ən böyük acısını sıravi vətəndaşlar çəkirlər.

– Bəs sizə devalvasiyanın təsiri olubmu?

– Səmimi deyim ki, devalvasiya zamanı 1 manat itirsək də, 10 manat qazandıq. Çünki cənab Prezident İlham Əliyevin iş adamlarına güzəştlərin tətbiq edilməsi ilə bağlı qərarı bizə böyük üstünlük qazandırıb. İnanın ki, bu qərardan sonra bizə ömrümüzdə görmədiyimiz yerlərə sahib olduq. Qanuna edilən yeni əlavə və dəyişiklik tikinti şirkətlərinin işini rahatlaşdırıb. Əvvəl gedib köhnə mənzildə yaşayan sakinlərə nə qədər artıq pul təklif edirdinsə, o səninlə razılaşmaq istəmirdi, daha çox pul istəyirdi. Ancaq indi gedib istənilən pis vəziyyətdə olan binanın sakinlərinə qanunun tələblərinə uyğun olaraq mənzilin mövcud qiymətindən 25 faiz artıq pul verib, mənzili sökürsən. Onun yerində isə müasir və yeni bina tikirik. Bu yaxşı addımdır.

– Mənzil bazarında durğunluq hələ də davam edirmi?

– Xeyr, artıq durğunluq başa çatıb. Hazırda mənzil bazarında canlanma müşahidə olunur.

– Nə kimi yeni planlarınız var?

– Hazırda Türkiyədə çox gözəl və böyük evlər tikdiririk. Həmin evlərlə bağlı işlər çox yüksək səviyyədə davam edir. Azərbaycanda da pilot layihələrimiz var. Hazırda Bakının bir neçə yerində tikinti işləri həyata keçiririk. Biz də bu cür işlərlə dövlətimizə, millətimizə xidmət edirik. Hazırda daha çox Azərbaycanda tikinti işləri həyata keçiririk. Daha çox sərmayəni doğma Azərbaycana qoyuruq. Sonra isə Türkiyə və Rusiyada iş görürük. Türkiyədə üç yerdə böyük tikinti işləri həyata keçiririk. İstanbulda böyük layihələrimiz var. Şərtlərə əsasən, Türkiyədə dövlət bizə pulsuz torpaq ayırır, biz isə tikdiyimiz binanın gəlirlərinin 50 faizini dövlətə veririk.

– Türkiyənin tanınmış iş adamı Əli Ağaoğlu ilə şərik olmaq fikriniz varmı?

– Xeyr, Əli Ağaoğlu çox böyük iş adamıdır. Bizim ona çatmağımıza hələ çox var.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.