17 yaş kiçik tələbəsi ilə evlənən Salayevin ən böyük səhvi...
19-10-2017, 09:56
Əməkdar incəsənət xadimi, rejissor Ayaz Salayev ölkədə barmaqla sayılacaq qədər az olan peşəkar kinoşünaslardandır. O, təkcə Azərbaycan deyil, dünya kinosunun da bilicilərindən hesab olunur. Bu vaxta qədər isə cəmi bir film çəkib: “Yarasa”...
Bu film təxminən otuz müsabiqədə iştirak edib və Beynəlxalq Avropa Kinosu festivalında Qran-priyə, digər nüfuzlu mükafatlara layiq görülüb.
Kult.az Ayaz Salayevlə həm sənəti, həm də şəxsi həyatı ilə bağlı söhbəti təqdim edir:
- Ayaz Salayev, film necə başladı?
- Film başlayanda 12 yaşım vardı. Artıq kim olacağımı bilirdim. Kinoya bağlı olduğumu o vaxtdan hiss edirdim. 4 yaşımdan filmləri izləyirdim. 15 yaşım olanda Tarkovskinin “Güzgü” filminə baxmışdım və xeyli təsirlənmişdim. Dərsdən qaçırdım kinoteatra. Təəssüf ki, indiki gənclərin ciddi, bəşəri filmlərdən xəbəri yoxdur.
- Belə deyək, Tarkovski apardı sizi Moskvaya.
- Bəli. Sonra getdim Moskvaya. 1977-ci il idi. Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinoşünaslıq fakültəsində təhsil aldım. Səkkiz il təhsil almışam. 17 yaşım vardı gedəndə. Aspiranturanı da orda oxumuşam, sonra dərs demişəm institutda.
- Nə əcəb qayıtdınız? Həmin vaxt yaradıcılıq üçün Moskva daha əlverişli deyildimi?
- Beş il oxuyandan sonra qayıtdım Bakıya. Amma Moskva üçün çox darıxırdım. Moskvaya qayıdıb üç il də oxuyandan sonra artıq bəs elədi, doydum.
- Moskva üçün darıxırdınız, yoxsa film mühiti üçün?
- İnstitut məni özünə bağlamışdı. Amma mən rus şovinizminə, millətçiliyinə dözə bilmədim. Yaradıcı insan üçün çox çətindir. Məsələn, ikinci dəfə qayıdanda – 80-lərin axırı – Bakıda çətin dönəm idi. Moskvada da yuxarı intansiyalarda ermənilər çox idi. Rəhbər vəzifələrdə otururdular. Onlardan keçirdi işimiz, qapısına get-gəl, bunları qəbul etmədim. Orada yaradıcılıq üçün daha ciddi qapılar açılmışdı, nəinki burada. Amma qala bilmədim, gücüm çatmadı. Bilirsiniz, mən bura çox bağlı adamam, vətənimi sevirəm.
- Bir az “Retro”dan danışaq... Tələbəydiniz onda?
- İnstitutu bitirib Moskvadan qayıtmışdım, diplomum da əlimdə. 23 yaşım vardı.
- Öz layihəniz idi “Retro”?
- Yox, öz layihəm deyildi. Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sabiq sədri Elşad Quliyevin layihəsiydi.
- Mətnləri də o yazırdı?
- Yox, mətnləri özüm yazırdım. Birinci rusca yazırdım. Sonra Azərbaycan dilinə tərcümə etdirib əzbərləyirdim. Mən təmiz azərbaycanlıyam, amma dörd yaşıma qədər heç bilmirdim Azərbaycan dilini. Yadımdadır, 3-4 yaşım olardı, yanımda azərbaycanca danışırdılar, heç nə başa düşmürdüm. Sonra nənəm öyrətdi dili.
- Analiz etsək, belə demək olarmı: Ayaz Salayev – yüksək səviyyəli təhsil, kinoşünas, “Retro”, nəhayət, məşhur “Yarasa” filmi, mükafatlar, təltiflər və son...
- Bəli. Sonra dayandım... Dayandım və bu mənim üçün ağrılı sualdır. Həyatda ən böyük, hətta yeganə böyük səhvim bu oldu...
- Nə mane oldu sizə? Maddi problemlər, yoxsa yaradıcı böhran?
- Ümumiyyətlə, burda bir nəfərdən də olsun ağıllı, faydalı məsləhət eşitməmişəm.
- Ağıllı fikir deyəndə, film sahəsini nəzərdə tutursunuz?
- Ümumiyyətlə, hər işdə. Mənim rejissor kimi ustadım olmayıb. İxtisasca kinoşünasam. Fikirləşmişəm, birini çəkdim, bir də nə vaxtsa ilhamım gəlsə, çəkərəm. Yanımda biri lazım idi, desin ki, bir filmlə bitmir... Aldatdım özümü. Bu, böyük səhv idi. Mən gec başa düşdüm ki, birinci film əslində avans kimidir rejissor üçün. Əsas ikinci filmdir. Hər şey ikincidən başlayır. İkinci üçün iradə lazımdır.
- Və beləcə ilham pərisi küsdü sizdən...
- Deməzdim. İdeya var, bir film üzərində işləyirəm.
- Sizcə, gec deyil?
- Əlbəttə, bilirəm ki, ömrümün burasından sonra 10 film çəkəsi deyiləm. Amma heç olmasa iki film...
- İdeya ilə bitmir ki iş. Əsas sponsordur. Sizin ideyanız inanmıram hər şeyi alver kimi baxan adamlar üçün maraqlı olsun. Onlara komediya lazımdır.
- Böyük mənada elədir. Amma ideya mükəmməl olandan sonra, əmin olsam ki, hə, bax budur, o zaman problem olmaz. Yaxşı ideya özü uğur qazanır. Özü özünə qapı açır.
- Yəni önəmli olan keyfiyyətdir, kəmiyyət yox.
- Gərək insan özünü dərk edə, missiyasını anlaya. İndi elə dövrə çatmışıq ki, aktyorları, müğənniləri, yazıçıları öz əlləriylə gözdən salırlar. Gərək sənət adamı - heç olmasa, gələcəyin xətrinə - buna getməsin. Bu dəqiqə sənət adamını gözdən salmaq üçün şou-verilişlər, realiti-şoular hazırlanır. İzləyiciyə sənət adamı özü diliylə deyir ki, mən nadanam, mən xainəm. Gərək adam özünə hörmət edə. İmkan verməyə onu qul etsinlər, oynatsınlar. Sənətkar güzgü olmalıdır.
- Ayaz müəllim, həmişə düşünmüşəm ki, təsis olunan medallar, orden və təltifnamələr hamıya diktə etmək, əsarətdə saxlamaq üçündür. Nobeldən tutmuş Kanna qədər. Tutaq ki, bu mükafatlar sənətin ölçü vahididir. Amma müşahidə etmişəm, bu ali mükafatları alan sənətkarlar sonra dəyişir: ya susurlar, ya da siyasi-ideoloji köləyə çevrilirlər. “Yarasa” filmi mükafat aldı və sonra dayandız...
- Əlbəttə! Dəqiq belədir. Yaradıcı insan gərək festival üçün çəkməsin, mükafat üçün yazmasın. Götürək Əl-Fəyyum portretlərini. Qədim Misirdə ölülərin portreti çəkilirdi və torpağa basdırılırdı. O dahi insanlar bunu Allah üçün çəkirdilər. Bu gün baxın, necə qiymətli, necə dəyərlidir onlar. Necə azad olmalısan ki, mükəmməl bir işi torpağa basdırasan?! Bəli, gərək sənət adamı ruhən azad olsun. Nobel mükafatı da, Kann mükafatı da sənət adamlarını ələ almaq, idarə etmək üçündür.
- Kanndakı qırmızı xalıda yerimək istəməzsiniz?
- Mən Kannda bir-iki dəfə olmuşam. Sizə deyim, dini ayin kimidir həmin festival. Bir nəfər başda dayanıb, sən ona tərəf gəlirsən və mükafat alırsan. Məbəd kimidir. Mən sizə deyim ki, Kann festivalını masonlar təsis edib və masonlar tərəfindən idarə olunur. Dünyanın görkəmli yazıçıları insanlıq üçün döyüşürdülər, ali dəyərlər uğruna savaşırdılar, sonda isə Nobelin qulu oldular. Fikir verin mükafatlara, bütpərəstliyin totemləridir: budaq, ayı, bəbir, yarpaq... Əfsuslar olsun, yolxucudur bu. Mənəvi infeksiyadır. Hamı o mükafatı almaq istəyir. Mən “Yarasa”nı çəkəndə, həqiqətən heç bir festival düşünmürdüm. Amma oldu və korlandım. Yoluxdum. Bundan azad olmaq lazımdır. Sənət yarış üçün deyil.
- “Yarasa” filmini çəkəndə evli idiniz?
- Bəli, birinci evliliyim idi. Belə deyək, artıq boşanırdım.
- Sonra bir də evləndiniz...
- Bəli...
- Bəlkə, evlilik də sizə mane oldu? Adətən yaradıcı insanlar evləndikdən sonra bir növ susurlar, sanki əl-ayaqları bağlanır. Məişət problemləri-filan...
- Mən bu suala cavab verməkdən imtina edirəm. Xahiş edirəm, cavab kimi belə də saxlayın.
- Gəlin, yerli filmləri analiz edək: İdeya yoxsulluğu, yoxsa...
- Belə fikir formalaşıb ki, guya ssenarist, rejissor balaca adamların yanında olanda böyük sənət əsəri yaranır. Mən elə düşünmürəm. Balaca adamların balaca problemləri film mövzusu deyil. Məişət məsələsi məişət səviyyəsində çəkilməməlidir. Bəşəri olmaq, bəşəri düşünmək lazımdır... Əgər məişət məsələsini, xırda problemi qlobal müstəviyə qaldıra bilirsənsə, hə, bu başqa məsələ, çək.
- İran filmləri kimi...
- Bəli. Vaxtilə heç kimin xəbəri olmayanda İran filmlərinin təbliğatçısı olmuşam. Amma sonra baxdım ki, çox məişətdir. Qlobal heç nə yoxdur. Hər şey lokaldır, balacadır. Məsələn, bir uşaq ayaqqabı tapmır, biri pulunu itirir...
- İndi də kinoteatrlara gedirsiniz?
- İndi maddi problemlərə görə gedə bilmirəm. Amma ailəvi kinoteatra getməyi xoşlayıram. Yoldaşım, uşaqlar...
- Bəs yerli televiziyaların təqdim etdiyi filmləri necə, izləyirsiniz?
- Televiziya artıq ölüb. Kinoteatr isə nisbətən canlıdır. Bizim evdə çoxdandır televizor cansızdır. Ölü kimi asılıb divardan.
- Yaxşı pul versələr, sifarişlə film çəkərsiniz?
- Heç vaxt! Mümkün deyil. Sənədli film olar, hansısa çarx çəkərəm, amma sifarişlə bədii film çəkmərəm. Bu, murdarlıq olar. İki dəfə serial çəkməyi təklif etdilər. Baxmayaraq ki, həmin vaxt pula çox ehtiyacım vardı. O pulla çox problemi həll edə bilərdim, amma yenə də imtina etdim. Gərək gənclər də sənəti qoruya, dəyərini bilə.
- Ümumiyyətlə, indiki gənclərə ümidiniz var?
- Əlbəttə! Elə işıqlı, bəşəri düşünən gənclər var ki. Sadəcə bizim üstümüzə məsuliyyət düşür indi. Gərək bu gənclərə dəstək olaq, yol açaq onlara. İstəmirəm işıqlı gənclər ölkəni tərk etsinlər. Başqa ölkələrə üz tutsunlar. Onları qoruyub saxlamaq lazımdır. Belə gənclər mənə dərs demək üçün təsəllidir.
- Hazırda ixtisasınızdan yetərincə pul qazana bilmirsiniz. Evdə sizə qarşı münasibət necədir?
- Yoldaşım ixtisasca ssenaristdir. Ssenari fakültəsini bitirib. O, məni başa düşür.
- Tələbə yoldaşınızdı?
- Yox, tələbəmdir. Mən ona dərs demişəm. 17 yaş fərqimiz var. O çox istedadlıdır. Amma məşğul olmadı. İstedadını ailəyə qurban verdi.
- Siz istedadınızı ailəyə qurban verərdiniz? Deyəsən, yoldaşınız çox güclü qadındır.
- Əlbəttə, o, çox güclüdür. Mən qətiyyən qurban verməzdim. Amma inanıram ki, qayıdacaq sənətə. Bir şey deyim, ailə üçün yox, amma birbaşa onun özü üçün sənəti qurban verərdim.
- Övladlarınızdan film sahəsində olanı var?
- Yox, film sahəsində yox, amma böyük qızım şairdir. Burada AYB-nin, İngiltərədə hansısa şairlər cəmiyyətinin üzvüdür. İngilis dilində yazır ancaq.
- Bildiyim qədər, inanclı birisiniz. Belə bir fikir var ki, ateistlər, inancsızlar böyük sənətkar ola bilməzlər. Bəs sizcə, ateist bir adam böyük rejissor ola bilərmi?
- Əlbəttə, olar. Düzdür, belə nümunələr nadirən mövcuddur. Məsələn, Luis Buniel ateist idi. Ümumiyyətlə, ateist olmaq cəsarət tələb edir. Yəni yaşadın, öldün və bitdi... Mənimki daha çox ümiddir. Mən ümid edirəm ki, o biri dünya var.
- Əsgərlikdə olmusunuz?
- Xeyr.
- Adam öldürə bilərsiniz?
- Əlbəttə. Müharibə vaxtı öldürə bilərəm. Mən vətənpərvərəm və bu hisslərdə bayağılıq görmürəm.
- Bayaq dediniz, filmdə bəşəri ideya olmalıdır, amma indi rahatlıqla deyirsiniz ki, insan öldürə bilərəm. Fikirləriniz bir-birini vurur... Məncə, Ayaz müəllim toyuq başı da kəsə bilməz. Axı yaradıcı insanlar sülhün, insanlığın, ali həqiqətlərin yanında dayanmalıdır...
- Yenə deyirəm, müharibədə öldürə bilərəm. Yaradıcılıq və bu hiss bir-birinə mane olmur içimdə.