Esmira Çərkəzqızı: “Mənim üçün insanlıq anlayışının ehsanı çoxdan verilib” – MÜSAHİBƏ

20-10-2017, 10:57           

Esmira Çərkəzqızı: “Mənim üçün insanlıq anlayışının ehsanı çoxdan verilib” – MÜSAHİBƏ

Uzun illər AzTV-də çalışmış tanınmış teleaparıcı Esmira Çərkəzqızı Modern.azsaytına müsahibə verib. Onunla söhbəti təqdim edirik.

-Siz uzun müddət ölkənin əsas kanalının – AzTV-nin əsas simalarından biri olmusunuz və birdən-birə ekranı tərk etdiniz. Bu gedişin əsaslı bir səbəbi nə idi?

-Ekranlarda birdən –birə parlayan gənc bir xanım ekranlardan da elə ani bir gedişlə getdi. Şahmat oyununu çox sevdiyim üçün mat qoyacaq gedişləri də çox sevirəm.Televiziyada çalışanların öz aralarında işlətdikləri belə bir fikir var: televiziyaya bir gələn sevinər, bir də gedən. Mən ikincilərdənəm.

1992-ci ildən 2007-ci ilə qədər AzTV-də çalışdım. Amma 2007-ci ildə dövlət qulluğu sahəsinə getdim. İkinci ixtisasım hüquq sahəsi üzrə olduğundan mətbuatdan bir müddət uzaq qalmaq istədim.

-Bəs illərlə çəkdiyiniz zəhmət, qazandığınız tamaşaçı sevgisi?! Bunu heç düşünmədinizmi?..

-Haqlısınız, tamaşaçını bu sevgidən məhrum etmək olmaz. Çünki efir ünsiyyətini hamı yarada bilər, amma hər kəs tamaşaçının parlaq səmimiyyətini qazana bilməz. Bunun üçün isə ekran-efirdə hər şey mütənasib olmalıdır.Yoxsa tamaşaçını, özü də ağı qaradan zərgər dəqiqliyi ilə ayırd edən tamaşaçını aldatmaq olmur. Mən heç bir zaman tamaşaçımı aldatmadım. Elə efirdən getmək istəyimi də canlı yayımda açıqladım.

-Amma belə bir təsəvvür yarandı ki, Siz AzTV- dən küsüb getdiniz. Çünki bir dönəm oldu ki, sanki AzTV-də “yarpaq tökümü” başladı. Bir çox tanınmış simalar televiziyanı tərk etdilər. Sonradan bir çoxunun rəhbəliklə problem yaşadığı üçün televizyadan ayrıldıqları söylənildi. Bu halı siz də yaşadız?

-Belə bir hal yaşamadım. AzTV-də 4 sədr dəyişmişəm. Məmməd İsmayıl, Babək Hüseynoğlu, Nizami Xudiyev və Arif Alışanov. Arif Alışanovla bir il işlədim. Belə bir fikrim var: mənə ehtiyac olmayan yerdə qalmaram. AzTV-də kifayət qədər maraqlı işim vardı. Bu sferada olan insan götür-qoy edir, düşünür. İşdən çıxan ərəfədə artıq özüm üçün perspektiv görə bilmədim. Həm də yorulmuşdum. Ağıllı başla düşünə bilmirdim. O demək deyil ki, Arif Alışanov mənə şərait yaratmadı. Xeyr, belə hal baş vermədi.

AzTV-dən öz ərizəmlə ayrılanda "Səhər" proqramının baş redaktor müavini idim, işim də sevdiyim iş idi. Amma inanın səmimiyyətimə, çox yorulmuşdum, yeknəsək iş, qeyri-semimi atmosfer…hər şey mənə təsir edirdi. İndiki dildə desək, tükənmişlik sindromına tutulmuşdum.

-Artıq aradan uzun zaman keçib. Hər halda, ruhsal yorğunluğunuz bitib. Teleməkana təkrar dönüş mümkündürmü? Axı, televarlığınpeşəkarlara, özü də radio–televiziyanınmətbəxində bişəninsanlarahələ də ehtiyacı var.

-Deyirlər teatr asılqandan başlayır. O demək deyil ki, asılqanda neçə palto var. Səhnəni başa düşən insanlar olmayanda teatr da olmur. Ekran da belədir. Tamaşaçı səviyyəsi gərək elə olsun ki, sənin sözünlə "psevdo jurnalist” və ya aparıcının sözünü ayırd edə bilsin. Təəssüf ki, bu gün bizdə ikincilər daha çoxdur. Teleməkana təkrar dönmək istədim, amma çox istərdim ki, bu, TRT – də gerçəkləşsin. Yerində saymağı sevmirəm, öyrənmək ehtirası güçlüdür məndə.Türkiyədə türkçəmi təkmilləşdirmək üçün dil kurslarına getdim, bu sektoru diqqətlə izlədim, öyrənməyə çalışdım. Amma həyat bizə hansı sürprizləri vəd edir, deyə bilmərəm. İnşallah gözəl sürprizlərlə qarşılaşarıq.

-Azərbaycanlı jurnalist Sevil Nuriyeva da Türkiyə kanallarının birində çalışır. Öz karyerasını çox yaxşı qurub. Yeri gəlmişkən, görüşə bilirsinizmi?

-Sevil xanım savadlı və peşəkar jurnalistdir.Türkiyədə yaşayan jurnalistlərin bir qismi ilə əlaqəm var. Amma Sevil xanımla heç bir əlaqəm olmayıb. Burada olanda münasibətlərimiz vardı. Sonra koordinatlarımız üst-üstə düşmədi. Telefon əlaqələrimiz olmadığı üçün danışıq əlaqələrimizi bərpa edə bilmədik.



-Televiziyada çalışanların bir çoxu sonradan məmur kimi fəaliyyət göstərir. Sizə belə təklif gəlmədi yoxsa, ailə qurmağınız əngəl oldu?

-Azərbaycanda məmur olmaqla bağlı iddiam yoxdur. Belə bir məsəl var. General olmağı arzulamayan əsgər, əsgər deyil. İndi deyəcəklər ki, məmur deyil deyə, belə fikirlər səsləndirir. Halbuki, zamanında məmur olmaq şanslarım çox olub. Sadəcə, məmur olmaq mənə qəribə gəlir. Hətta, dövlət qulluğunda çalışarkən ora alışmırdım. Düşünürdüm ki, azad fikirli adamam, yazmalıyam. Nahar vaxtı kompüerin qarşısında oturub içimdən keçənləri yazırdım. Sanki bir verilişin ssenarisini yazırdım.

-Siz AzTV-də bir müddət Akif Təvəkküloğlu ilə “Xəbərlər” proqramının axşam buraxılışını aparmısız. Elə oldu ki, Akif Təvəkküloğlu da AzTv-dən getdi. Milli Məclisin mətbuat katibi vəzifəsində çalışır. Televiziyada çalışdığınız müddətdə qurumlardan mətbuat katibi olmaq təklifi gəldimi?

-Mənə də qurumların mətbuat katibi olmaq təklifi gəlmişdi. Amma televiziyada özümü çox xoşbəxt hiss edirdim. Yaxşı verilişlərim, yüksək qonorarım vardı. Elə bil ki, bir küncə çəkilib kompüterin qarşısında oturmaq istəmirdim. Akif Təvəkküloğlu isə AzTV-dən 2005-ci ildə ayrıldı. Bəlkə də bəlli yaşdan sonra bu da rahat işdir. Mətbuat xidmətində çalışan həmkarlarıma uğur arzulayıram. Sevinirəm ki, önə çıxırlar, bir pillə yüksəlirlər.

-Televiziyaya ilk gəlişinizi, ilk işinizi xatırlayırsınızmı?

-Heç unutmadım… Saf tələbə mühitinin havası daha burnumdan getməmiş AzTV-yə gəldim, heç bir həyat təcrübəsi, arxası olmayan 20-21 yaşlarında gənc bir qızdım… Ölkənin baş kanalının çox məsul bir redaksiyasına – "Xəbərlər"ə gəlmişdim. Efirdən gördüyüm maraqlı simalar, süjetlərini izlədiyim tanınmış jurnalistlər… İlk süjetim 1992-ci ildə ölməz Rəşid Behbudovun bərbad məzarı haqqında olmuşdu. Fəxri Xiyabanın girəcəyində baxımsızlıqdan uçub-dağılan diqqətdənkənar məzar barədə ilk işimə elə böyük sənətkarın həyat yoldaşı Ceyran xanımın və bu işə məsul olan qurumun məsələyə dərhal reaksiyası düzü məni həvəsləndirmişdi.Televiziyaya redaktor kimi gəlsəm də, məni bir aparıcı kimi bir neçə il sonra o zaman AzTV -nin sədri olmuş rəhmətlik Babək Hüseynoğlu kəşf etdi. O illərin gərgin siyasi burulğanında canlı efirdə aktual mövzularda verilişləri mənə həvalə etdilər. Sonra "Xəbərlər", "Səhər" proqramını aparmağı mənə həvalə etdilər. Beləcə, Esmira Çərkəzqızı deyilən bir ad yarandı.


-TV ilə yollarınız ayrıldıqdan sonra dövlət qulluqçusu kimi çalışdınız. Heç bir yaradıcı atmosferi olmayan mühitin içi enerji ilə dolu olan bir jurnalistin fəaliyyətinə təsiri necə oldu?

-Çox normal. Dediyiniz kimi, içim yaradıcılıq enerjisi ilə doludursa, onun üçün meydana gərək yox, içindəkiləri boşaltmaq üçün bir ağ kağız və ya çağdaş dünyamızda bir bilgisayar yetərlidir .Mən hələ də axtarışdayam.

-TV-dən getdikdən sonra dost çevrəniz dəyişdimi?

-Dost kəlməsi çox ağır və məsuliyətli kəlmədir, hər yetənə xərclənməz.

–Bəs, insanlıq…

-Həə bax, olmayan anlayışlardan danışmayaq, mənim üçün o anlayışın ehsanı çoxdan verilib. Son dönəmlərdə isə anladım ki, toplumda boş-boş danışan, yalnız publikaya çalışan, sözü ilə eməli tərs mütənasib olan adamlar daha çoxdur, çox təəssüf edirəm. Şair Qabilin təbirincə desək ,yaxşı adamların həsrətindəydik.


-Hazırda Azərbaycan televiziyalarında çalışan aparıcıların efir mədəniyyəti, danışıq tərzi, verilişə dəvət etdiyi qonaqlarla davranışı tamaşaçıda qıcıq yaradıb. Gah ləhcə ilə danışırlar, gah da jarqon ifadələr səsləndirirlər. Bir teleaparıcı olaraq bunları necə qiymətləndirirsiz?

-Türkiyədə olduğum üçün yerli kanallarımızı izləyə bilmirdim. 2 aydır ki, burdayam və izləmək imkanım var. Bütün televiziyaların bəlli maddi bazası olmalıdır. Daha çox sponsor axtarışındadırlar ki, televiziyanı ayaq üstə saxlaya bilsinlər. Buna da haqq qazandırmaq olar. Amma aşırı olmamalıdır. Bir problem də var ki, verilişlərə eyni müğənni, eyni yazıçı, eyni şair dəvət olunur. Onlar da bu kanaldan çıxıb o biri kanala gedirlər. Aparıcıların da verilişlərində qonaqlar qışqıra-qışqıra danışır. Aparıcının heç bir qonağa hökm vermək ixtiyarı yoxdur. Sən hakim, qarşındakı da məhkum deyil ki, nəyinsə hesabatını istəyəsən. Bu günlərdə də Facebook-da olan dostlarım bir yazı paylaşmışdı. Heç bilmirəm, hansı kanal, hansı veriliş, hansı aparıcıdır. Deyib ki, “tutuzdurdum”. Bu cür ifadələr Azərbaycan ədəbi dilinin normalarına uyğun deyil. Onlarla belə ifadələr işlədənlər var. Vaxtilə AzTV-yə ağız büzənlər indi efirə çıxıb veriliş aparırlar. Halbuki, onlar tədbirlərdə bizim AzTV-nin işçisi olmağımıza qəribə reaksiya ilə yanaşırdılar. Çox qəribə haldır. Bəyənmədiyin yerdə niyə gəlib çalışırsan?! Yenə deyirəm. AzTV-də işlədiyim üçün qürur duyuram. Ölkənin baş kanalında birinci sima olmuşam.

-Bəs necə oldu ki, televizyaya gəlmək qərarı verdiniz?

-Televiziyaya gələndə 20 yaşım yox idi. Erkən orta məktəbə getdiyim üçün erkən də universiteti bitirdim. Universiteti də fərqlənmə diplomu ilə bitirdim. O zaman elmi şuranın qərarı ilə aspiranturada saxlanmağıma dair qərar verildi. Onda tənqidçi Əsəd Cahangirlə bir qrupda oxuyurduq. Hər ikimizin aspiranturada saxlanılması barədə elmi şurada qərar verildi. Filologiya üzrə perspektivli olduğumu, bu işi davam etdirməyimi xahiş etdilər. AmVyə gəlib xəbərlər redaksiyasına qəbul edildim. Təsəvvür edin: ölkənin yeganə xəbər kanalına gəlirsən və məsuliyyətli bir sahədə çalışmağa başlayırsan. Orada o qədər nəhəng adamlar çalışırdı ki! Qulu Məhərrəmli, Sahib Aliyev, Telli Pənahqızı, Akif Cabbarlı… Amma televiziyaya tamaşaçı qarşısına çıxmaq, özümü göstərmək niyyəti ilə gəlməmişdim. Sadəcə, televiziyada reportyor olmaq işini sevirdim.



-Bir az da ailəniz haqqında danışaq. Ailə qurmanız da qısa zamanda oldu. Sanki AzTV-dən çıxandan sonra bəxtiniz də açıldı. Amma Türkiyə vətəndaşı ilə ailə qurdunuz. Güman ki, zamanında azərbaycanlı bəy namizədlər də çox olub.

-Əvvəla, ailəm haqqında danışdıqca, könlüm daha çox açılır. Səmimi, hüzurlu bir ailəm, nəşə dolu övladlarım var. Həyatdakı tək uğurum deyərdim ki, elə budur. Türklər demiş Allah ağız dadımızı heç pozmasın. Qaldı ki, azərbaycanlı namizədlərə, əlbəttə olub. Ana namizədlər də, qohum-əqrəba üçün namizədlər də vardı. Amma düşünmürdüm. Bilmirəm şöhrətin eqosu idi, yoxsa nə idi. İş rejimim o qədər yoğun idi ki, evlilik haqqında düşünmürdüm. Televiziyada mənə ehtiyac olduğu qənaətində idim. Səhər 6-7-də evdən çıxırdım axşam 11-də evə gəlirdim. 30 yaşa qədər çox məşhur idim. Şöhrət məni erkən yaxalamışdı. Demokratik ailə olduğumuzdan fikirlərimə hörmətlə yanaşırdılar. Mənə elə gəlirdi ki, ailə qursam, mənə qarşı qadağalar ola bilər. Bəlli zamandan sonra peşman oldum. Yaş gedirdi. Baxdım ki televiziya həyatımda həmişəlik deyil. Əbədi heç nə yoxdur. İnsanın həyatında iz qoyan onun ailəsi. övladlarıdır. Təəssüf ki bunu gec dərk etdim. Eqom buna imkan vermirdi. Övladlarımı qucağıma alanda nə iş, nə də karyera barədə düşündüm. Kaş ki, bu gözəl duyğuları zamanında yaşayaydım. Digər tərəfdən maddi özgürlüyüm də vardı. Pul qazanırdım. Elə düşünürdüm ki mənimlə ailə qurmaq istəyənlər sərvətimə görə bunu istəyir. Halbuki, ailə qurmaq istəyən oğlanın heç elə bir istəyi də yox idi. Onun da günahına girmiş olurdum. Hər halda içimdə bir eqo vardı. Maraqlıdır ki, ziyalısından tutmuş imkanlısına qədər evlilik təklifləri olurdu. Amma bu məsələdə heç cür razılıq verə bilmirdim.

-Bəlkə sevginizi tapa bilmirdiniz?

-Ola bilər. Heç zamanım da yox idi sevgi haqqında düşünməyə. Ətrafımdakılar deyirdi ki, sən robot kimisən. Bütün günü iş haqqında danışırsan. Mənsə bu işdən zövq aldığımı deyirdim. Demək ki, qismət deyilən bir məfhum da var. Biz ondan heç yerə qaça bilmərik. Alnımda bəlli yaşdan sonra ailə qurub ana olmaq varmış. Demək ki, çarpşsam da mücadilə etsəm də o zaman nə ailə qura bilərdim nə də ana ola bilərdim. Seinirəm ki televizyada o dönəmləri yaşamışam. Geriyə dönüb baxanda bir peşman olduğum məsələ zamanında ailə qurmağıma icazə verməməyimdir.

-Müsahibələrinizdə qeyd etmisiz ki, ailə qurduğunuz şəxslə tanış bir adam vasitəsilə ünsiyyət qurmusuz. Demək olarmı ki, bu ailə sevgi üzərində qurulub?

-Bəlli bir yaş var. İnsan o yaşa çatanda artıq sevgi hörmətlə bərabərləşir. Hər zaman mənə dəstək olan, hörmət göstərən həyat yoldaşı arzulamışam. Mənə həyat yoldaşı kimi baxmasın. Qadın kimi hörmət etsin. Uşaqların anası kimi deyil, bir şəxsiyyət kimi yanaşsın. Ona görə də qaynımın yoldaşı ailə dostumuz idi. Onlar bura gəlirdi, mən də Türkiyəyə gedəndə onlarda qalırdım. Qaynımın yoldaşı deyirdi ki səni mütləq evləndirəcəm. Mənim karyeram işim hər şeyim var. Xaricdə yaşaya bilmərəm, deyirdim. Heç vaxt ağlıma da gəlməzdi ki, Bakını, evimi tərk edə bilərəm. Biz Təyyarla (həyat yoldaşı) tanış olandan sonra gördüm ki, çox yaxşı keyfiyyətlərə malikdir. Xanımına qarşı çox diqqətcildir. Hətta hirslənməsi elə formada baş verir ki, üzündə təbəssüm olur. Nə övladlarına, nə də ikilikdə aşağılayıcı fikirlər səsləndirib. Mənə müraciəti “sultanım” olub.

-Həyat yoldaşınız Azərbaycanda tanınmış aparıcı olduğunuzu bilirdimi?

-Heç bilmirdi. Düzü, bu cür məsələlərdə tanınmağı sevən adam deyiləm. Hətta o zamanlar qonşularımıza deyirdim ki mənim burada yaşadığımı heç kəsə deməyin. Bir az topluma qapalı idim. Heç qaynımın yoldaşı da televiziyada çalışdığımı bilmirdi. Evləndiyimiz ərəfədə “Taleyimin yazısı” adlı kitabım çıxmışdı. “Səhər” proqramının 10 illik yubileyinə töhfə idi. Elə oldu ki, kitaba təqdimat edə bilmədim. Elə toy günümdə qonaqlara kitabı təqdim etdim. Həyat yoldaşım həmin gün xəbər tutdu ki, uzun illər tanınmış aparıcı olmuşam. Hətta mənə dedi ki, “heç bunu bilmirdim”. “Bilsən, nə dəyişəcəkdi ki!” zarafatla belə cavab verdim.

-Türkiyə vətəndaşı ilə ailə qurmağınıza ailənizin bir etirazı oldumu?

-Yox heç olmadı. Artıq bəlli bir yaşım vardı. Fikirlırimə hörmətlə yanaşıldığı kimi, evlilik məsələsində də eyni sayğını gördüm.


-Məşhurluq və tanınmaq. İşinizə və maddi azadlığa sahib olan bir vaxtda ailə qurub Türkiyəyə köçdünüz. Birdən-birə dəyişikliyə necə alışa bildiz. Bakıdan ötrü heç darıxdınımı?

-İlk illərdə uyğunlaşmaq mənə çox çətin idi. Bakıda öz düzəni, işi-gücü, dostu, əqrəbası olan biri kimi adaptasiya dövrü bir az zaman aldı, amma sonra elə alışdım ki, indi burada qala bilmirəm.Yanlış anlaşılmasın, orada artıq bəlli bir düzənim var… Mənim üçün Türkiyə qərib ölkə deyil…

-Siz həm də bir gündə 3 övlada sahib oldunuz. Bu, əvəzolunmaz xoşbəxtlikdir. Yenidən övlad sahibi olmaq istəyərsinizmi?

-Allah bütün övladları xoşbəxt etsin. Övlad sahibi olmaq gözəl hissdir. Kaş ki, zamanında bu hissi yaşamaq qismətim olaydı. Yenə də ana olmaq istəyərəm. Amma düşünürəm ki, 3 uşağı sağlam, tərbiyəli, təhsilli böyütmək daha önəmlidir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.