Rusiyalı ulduzları hipnoz edən azərbaycanlı sirlərini açıb

22-02-2018, 00:28           

Məşhur ekstrasens Qalina Bağırovanın oğlu özünün qeyri-adi qabiliyyətlərindən və Maksim Qalkinlə birgə apardığı verilişdən danışdı
Azərbaycanlı hipnozçu İsa Bağırov Rusiyanın Birinci kanalında yayımlanan "Zvyozdı pod qipnozom" ("Ulduzlar hipnoz altında") verilişinin aparıcılarından biri olub. Bağırov Rusiyadakı uğurları barədə Sputnik Azərbaycan-a müsahibəsində ətraflı danışıb və öz tövsiyələrini verib.

— İsa, bizə özünüz haqqında danışın. İlk dəfə bu vergi sizə nə vaxt verilib?


— Mən buna vergi deməzdim, bu, bir qabiliyyətdir. Kimsə doğuluşdan şəkil çəkməyi bacarır, kimi rəqs etməyi, oxumağı. Bir sözlə, hər bir insanın hansısa qabiliyyəti və ya istedadı var. İnsan təbiətini anlamaq, şüurun gizli mexanizmlərini görmək bacarığı məni həmişə maraqlandırıb və bu, məndə həmişə alınıb. İstənilən bacarığı, istedadı inkişaf etdirmək lazımdır. İnsan özü öz üzərində işləməlidir. Bəli, məndə vergi olub, amma mən çox işləmişəm və təkmilləşmişəm. Hətta indi də öyrənməyi davam etdirirəm. Bir yerdə dayanmaq olmaz.

— Siz uzun müddət Bakıda işləmisiz, sonra Moskvaya getmisiz. Niyə?

— Universiteti bitirəndən sonra bir müddət bankda işləmişəm, amma sonra başa düşmüşəm ki, Bakı mənim məşğul olduğum bu peşə ilə özümü reallaşdıra biləcəyim yer deyil. Moskva mənə daha çox uyğun gəlir, ona görə də ora getməyi qərara aldım. Artıq 4 ildir Moskvada yaşayır və işləyirəm. Baxmayaraq ki, mən Moskvada yaşayıram, amma öz doğma şəhərimi — Bakını sevirəm və orada yaşamaq istəyirəm. Azərbaycan üçün çox darıxıram. Axırıncı dəfə Bakıda iki il qabaq olmuşam. Onda da cəmi bir neçə saatlığa getmişdim. Elə alındı ki, tez geri qayıtmalı oldum.

— Siz məşhur ekstrasens Qalina Bağırovanın oğlusuz. Ananız sizə irəli getməyə kömək edib?

— Anam "Bitva ekstrasensov" verilişində iştirak edib, sonra özünün şəxsi layihəsini açıb. Ona baxanda ondan daha pis olmadığımı anladım və bu, məni irəli apardı. O, həmişə mənə inanıb, mənəvi cəhətdən dəstəkləyib və böyük stimul verib.


— Siz uzun müddət fen-şuy sahəsində işləmisiz. İnsan taleyini dəyişmək və ona bu üsulun köməyi ilə təsir etmək mümkündürmü?

— Bu metodikanın iki min il yaşı var. Yer kürəsində çox sayda insan ona inanır. Həyatda bir çox məqamlar var ki, biz onları dərk etmir və başa düşmürük. Ona görə də hər şey belə alınır. Misal üçün, uğursuz mənzil. Sən hara isə gedirsən, orada işlər yolunda getmir. Bizdə, Azərbaycanda buna deyirlər ki, "düşmədi". Eləcə də var, bərəkətli mənzil. Elə ki ora gedirsən, həyatda hər şey yaxşıya doğru getməyə başlayır. Bu o demək deyil ki, ev düşərlidir, sadəcə sizin uğurunuzun və uğursuzluqlarınızın müəyyən istiqaməti var. Sadəcə bu istiqaməti bilmək lazımdır. Bunlar sizin doğum gününüz, ayınız və ilinizlə hesablanır. Bir sözlə, uğurun və uğursuzluqların səbəbi mənzil, iş deyil, insanın özü, istiqaməti və qaydalarıdır. Bunlar daosizm təlimində (Lao tszı–nın "dao" — şeylərin yolu haqqında təlimi — red.) də var. Mən şəxsən bunu özümdə hiss edirəm və nəticə də var. Mən hiss etmədiyim şeyi heç vaxt tövsiyə etmirəm.

— Bəs insan özü uğuru özünə cəlb edə bilər, yoxsa, bunun üçün hansısa mütəxəssisə müraciət etmək lazımdır?

— Mən çoxdandır insanlarla işləyirəm və İsraildə populyar olan "Qara-ağ" layihəsinin iştirakçısı olmuşam. İsraildə işləyərkən bir ilə 5 mindən çox adamı qəbul etmişəm. Müxtəlif talelər, situasiyalar vardı. Bütün insanlar həyatda hansısa maneələrdən keçirlər, bağlı qapılarla rastlaşırlar. Barmaqla sayılası qədər uğurlu, varlı, sağlam insan tanıyırsız. Bütün qalan insan kütləsi həyatda nəsə əldə etməyə çalışır, amma onlarda alınmır. Sanki hər şey yaxşı gedir, lakin hansısa məqamda hər şer tərsinə çevrilir. Niyə? Çünki uğurlar fəal deyil. Onlar təkcə bizim fiziki fəaliyyətimizlə bağlı deyil, eləcə də mental fəaliyyətimizin nəticəsidir. Biz sadəcə dərk etmirik ki, mental nəticələrə necə gəlib çıxmışıq. Ola bilsin, biz özümüz ona inanmırıq. Biz vəziyyətin nəticəsini düzgün proqramlaşdıra bilmərik.

Mən sizə kiçik bir sirr açım — heç vaxt televiziyada olmaq istəməmişəm. Nə vaxt ki bunu istəmişəm, ondan iki ay sonra məni "Qara-ağ" layihəsinə dəvət ediblər. Başa düşəndə ki, mən üstəlik hipnoz da edə bilirəm, hansı ki, bunu nə Rusiyada, nə də yaxın ölkələrdə edə bilirlər, yenidən televiziyaya çıxmaq və situasiyanı proqrama çevirmək istədim. Bir müddətdən sonra məni "Zvyozdı pod qipnozom" verilişinə çağırdılar. Sizə deyim, bütün bunlar ona görə baş vermir ki, mən unikalam. Hamının beyni eynidir, bizdə struktur fərqləri yoxdur, sadəcə funksional fərqliliklər var — dünyaya doğru yanaşma. Hər bir insan əgər bunu necə etməyi bilsə və bu metodikanı düzgün tətbiq etsə, real saymadığı yüksəkliklərə çata bilər.

[media=https://www.youtube.com/watch?v=cVPXJemlG4s]
— İnsanlar öz problemləri ilə bağlı sizə tez-tez müraciət edirlər?

— İnsanın arzular spektri böyükdür. Bunlar əsasən pul, sağlamlıq, uğur, doğma və yaxınların xoşbəxtliyi ilə bağlıdır. Hesab edirəm ki, gələcəkdə başına nə gələcəyini bilmək yaxşı deyil, çünki istənilən fikrimiz qorxu yaradır. Qorxu isə reallığı doğurur. Misal üçün siz hündür dabanlı ayaqqabıda gedirsiz və düşünürsüz: "Necə edim ki, büdrəməyim". Siz mütləq büdrəyəcəksiz, çünki artıq bu barədə düşünmüsüz. Hər şeyin səbəbi qorxudur. Çünki qorxu şüuraltı olaraq hadisənin baş verməsinə "göstəriş" verir. Bizim inkişafımıza imkan verməyən bir yığın belə emosional maneələrimiz var. Bu həyatda nəyəsə nail olmaq üçün əvvəlcə özünü dəyişməlisən. Biz özümüzü və dünyaya münasibətimizi dəyişəndən sonra ətrafımızdakı dünya da dəyişəcək.

— Bakıdan tez-tez müraciət edirlər?

— Bəli, müraciət edən çoxdur. İndi vaxt azlığından şəxsi qəbul həyata keçirmirəm. Adətən İsraildə işləyirəm. Orada çoxlu sayda həmvətənlərimiz var.

— Siz indi Rusiyada çox populyarsınız, bir neçə layihədə iştirak etmisiniz. Bu layihələr sizə nə verib?

— Bu layihələr mənim öz bacarıqlarımı göstərmək üçün müəyyən meydança idi. "Qara-ağ"da iştirak edərkən mənim qarşımda özümü yoxlamaq, bəzi bacarıqlarımı inkişaf etdirmək vəzifəsi dururdu. Sonra başa düşdüm ki, bütün bunlarla yanaşı bu, pis gəlir mənbəyi deyil. Ona görə də, bütün digər layihələrimə də biznes layihəsi nöqteyi-nəzərindən baxıram.


— Hazırda siz "Zvyozdı pod qipnozom" layihəsinin aparıcılarından birisiz. Bütün tanınmışlar bu verilişdə iştirak etməyə razılıq verir? Onlarla işləmək necədir?

— Bu layihə bütünlükdə və tamamilə hipnoz əsasında qurulub və bütün məsuliyyət mənim boynumdadır. Ulduzlarla əlaqə qurmaq çox çətindir. Çünki onların bir çoxu təbiətən kaprizli xarakterə malikdir, hipnozdan qorxurlar. Hərdən elə məqamlar olur ki, yüngül hipnoz texnikası onlara təsir eləmir. Hipnozun digər təsirli üsulları da var ki, onlar sərtdir. Ona görə də onları tətbiq etmək istəmirəm. Hələlik bizdən narazı qalan olmayıb. Mən 64 ulduzu hipnoz eləmişəm. Bir sıra məşhurlar bizim layihədə yenidən iştirak etmək istəyirlər.

— Sizin layihənin məqsədi nədir?

— Bizim proqramın əsas hədəfi təəccübləndirmək və əyləndirməkdir. Bu cür proqram Fransada da var. Onun bənzərini Ukraynada da çəkirlər. Bizdə format və səviyyə bir qədər fərqlidir. İnsan hipnoz altında olanda başqa cür görünür və xarakterinin yeni cizgiləri ortaya çıxır. Bu isə tamaşaçını cəlb edir. Layihədə əsas tapşırıq insanları hipnozun real olmasına inandırmaq deyil. Çünki teleekrandan bunu etmək çətindir. Layihə ətrafında çoxlu söhbətlər olacaq, hipnozu inkar edənlər tapılacaq. Amma unutmaq lazım deyil ki, hipnozun çox böyük tarixi var. Avropa və Amerikada bu mədəniyyət yaxşı inkişaf edib, bizdə isə elə də yox. Biz insanlara hipnozun nələrə qadir olduğunu göstərmək istəyirik.

— Bu qabiliyyətlərinizdən həyatda istifadə edirsiz?

— Əlbəttə, amma şəxsi həyatda yox.

— Maraqlıdır, əgər şəxsi həyatınıza toxunsaq, hansı qızlar sizin daha çox xoşunuza gəlir, qeyri-adi qabiliyyətləri olanlar, ya adi?

— Bütün qadınlar qeyri-adidir. Hər birinin öz daxili aləmi və zahiri gözəlliyi var. Hər bir adam sizə uyğunlaşmalıdır. Bu "konstruktor" qurğusu kimidir, bəzi hissələr uyğun gəlir, bəziləri isə yox. Mənim qızlar və dostlarla bağlı dəqiq və düzgün qənaətlərim var: əgər sən bir insana inanırsansa, ona könlünü aç, yox əgər o, sənin etimadını doğrultmadısa, ondan dərhal uzaqlaş. Əks təqdirdə sən daha çox şey itirəcəksən. Əgər sən kiməsə nəsə verirsənsə, ondan qarşılığını da almalısan. Bu, bumeranq qanunudur.



sputnik.a












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.