"Alimlərimiz lupanı əlinə alıb, toyuğun dalına düşür ki..."

28-02-2018, 10:02           

Kult.az professor Firudin Ağasıoğlu ilə müsahibəni təqdim edir.

Əvvəli burada

– Firudin müəllim, sizin üçün etnik mənsubiyyət çoxmu vacib şeydir?

– Bu, ayrıca bir mövzunu əhatə edən ciddi bir sualdır. Mən uşaq vaxtı Xızıda pomidor, xiyar əkərdim, bostan becərərdim. Tağdan becərdiyim pomidoru dərib yeyəndə aldığın qoxu adamı məst edirdi. Bazardan alınan məhsuldan o duyumu hiss edə bilərsənmi? Niyə, çünki genini dəyişdiriblər. Millət də belədir. Onun da genini dəyişdirmək mümkündür. Mən isə millətimin vurğunuyam və yorulmadan bu millətin qədim tarixi ilə məşğul oluram. Mən irqçi deyiləm, amma millətçiyəm. Çünki millətimin böyüklüyünü bilirəm. Bizim ulu babalarımızın yaratdığı bu dil dünyanın heç bir dili ilə müqayisə olunmayacaq dərəcədə mükəmməldir. Təsəvvür edin ki, beş min ildir bu dilin sözləri yazılarda qalıb. Bu dil qədim formasını daxili gücünə görə saxlayır. Son 5-6 min ilin faktlarına baxıram ki, bir dənə də olsun yad feil yoxdur, hamısı təmiz türk sözləridir. Bütün bu enerji və gücə görə bütün təyziqlərə və assimilyasiyalara baxmayaraq, dil öz sabitliyini qoruyub saxlaya bilib. Mən elmlər namizədliyinə öz dissertasiyamı yazanda sintaksisi işləmişdim. Bağlayıcısız mürəkkəb cümlələr. Müasir dilimizdə bunun 16 quruluşu var. “Dədə Qorqud” dastanını araşdırdım. Bu quruluşun 16-sı da orada var. Dəhşətə gəldim, adamın ağlına sığmır ki, 1000-1500 il bu strukturumuz işlənib bizə gəlib çatıb. Amma qonşu türk dilində, türkman dilində, özbək dilində yoxdur. Bəs niyə bu dildə var? Çünki bu dil öz ata ocağında, yarandığı yerdədir.

– Ortaq türk dili kimi Azərbaycan dilinin tərəfdarısınız? Yoxsa Türkiyə türkcəsinin?

– Mən ondan başqa dil görmürəm. Bizim dilimizdən başqa heç bir dil ortaq olmağa yaramır. Yeganə bizim dildir və bunu deyəndə məni şovinist hesab eləyirlər. Hətta Türkiyədə də bu fikrim böyük qısqanclıqla qarşılanır. Başa sala bilmirəm ki, qardaşım, axı sən fransız sintaksisi ilə danışırsan. Mənim Azərbaycan türküm deyir ki, deyəsən, yağış yağır. Amma türklər deyir ki, “yağmur yağıyor kimi gəliyor bana”. Bu sintaktik quruluş türk dilinin daxili strukturunu xeyli dəyişdirib. Axı pozulmuş dili ortaq dil kimi təyin etmək mümkün deyil. Amma bizim dilimiz milli tərkibini saxlayıb.

– Maraqlıdır, “millətim” deyəndə neçə milyon əhalini nəzərdə tutursunuz?

– Minimum əlli milyon. Cənubi Azərbaycan, Borçalı, Dağıstan, Anadolu...

– Deməli, digər türk dövlətlərini, eləcə də Türkiyə türklərini millətiniz saymırsınız?

– Xeyr, onlar Türkiyə türküdür, biz isə Azərbaycan türkü. Mən sırf Azərbaycan millətini nəzərdə tuturam.

– Bəs yer üzündə 300 milyonluq türk xalqı?

– Söhbət ailədən gedirsə, biz 300 milyonuq. Söhbət ailənin ayrı-ayrı oğlanlarından gedirsə, biz 50 milyonuq. Və bütün türk xalqları içində ən çoxu bizik. Türkiyənin yetmiş milyon əhalisinin yarıdan çoxu ayrı millətlərə məxsusdur. Amma bizim ölkəmizin əhalisinin 9 milyondan uzağı bir milyonu yad millətin nümayəndəsi ola bilər. 8 milyonu özümüzük. Güneydə otuz beş milyonuq. İraqda, Suriyada azərbaycanlılar var. Suriyada yaşayan 6 milyon azərbaycanlının üç milyonunu ərəblərin içində əritdilər. Üç milyonu isə pərən-pərən düşüb.

– Sizin qənaətinizə görə ortaq türk dili məsələsi nə vaxtsa öz həllini tapacaqmı? Yoxsa bu mövzu ömür boyu müzakirə olunacaq?

– Biri var ki, yenidən oturub Amerika açasan, biri də var ki, biz o dönəmi yaşamış adamlarıq. 1935-ci ilə qədər Dağıstanın Konstitusiyasında ana dili türk dili idi. Azərbaycanda da elə idi. Son 50-60 ildə vəziyyət necə də dəyişdi. Azərbaycan türkcəsi bu regionda ortaq dil olub. Hətta ona türkü də deyiblər. Afanasi Nikitin Azərbaycana gəlib, sonra burdan Hindistana gedib rusca bir yazı yazıb. Bu səyyah yazıda Azərbaycan dilində cümlələr verib. Lomonosov və digərləri deyib ki, tatar dilini öyrənən adam bütün ön Asiyanı rahat gəzə bilər. Çünki ortaq dildir. Necə ki, fransız dilini bilməklə bütün Avropanı gəzmək olardı. Bu haqda qaynaqlar, yazılar var. Qafqazda bir ləzgi, erməni, gürcü hansı dillə ümsiyyət qura bilərdi? Yalnız Azərbaycan dili ilə. Keşkin Suxumi yazırdı ki, bu dili bilən təkcə yerlilər deyil. Ermənilər, çərkəzlər, gürcülər də hamısı bu dili bilirdi. Ortaq dil bizim dilimiz olub, lakin ruslar Qafqaza gələndən sonra bu dili sıxışdırıb. İndi Qafqazda ortaq dil rus dilidir. Yəni mən bir ləzgi ilə yalnız rusca danışa bilirəm, amma yüz il qabaq türkcə danışırdıq. Özbəkistan ərazisində isə çağatay dili ortaq dil olub. Yəni tarixən türklərin iki ortaq dili olub. Ona görə də ortaq dilin yaranması məsələsi fantaziya və ya mümkünsüz məsələ deyil. Bunun baş verməsi üçün isə siyasi iradə lazımdır. Bu, pilləkəndir, birdən-birə yuxarı hoppanmaq olmur. Müəyyən mərhələlər keçməlidir. Bunun birincisi ortaq əlifbadır. İkincisi ortaq dərsliklərdir. Bu sistemlə avtomatik ortaq dil formalaşır. Mənim ortaq lüğət üzrə çəkdiyim zülmü heç kimə rəva bilmirəm. Danışsam, dəhşətə gələrsiniz...

– Firudin müəllim, Qurana görə insanların necə yarandığı bizə aydındır. Bəs millətlər necə yarandı? Onlar necə türk, rus, ingilis və s. bölündü?

– XIII əsrə qədər islam alimləri dini elmlə ciddi məşğul olurdular. Vəziyyət isə indi elə bir həddə çatıb ki, Avropa alimləri Marsda nələr olduğunu araşdırır, amma bizim alimlər lupanı əlinə alır, gedir toyuğun arxasını güdür ki, baxaq görək yumurtanın üstündə Allah sözü yazılıbmı? Fərqi gördünüzmü? Ümumiyyətlə, tarixə üç elmi baxış var. Biri elmi-akademik baxışdır, biri fantastik baxışdır, üçüncüsü isə teoloji baxışdır. Fantastik yanaşma daha maraqlıdır. Hətta bəzi gerçəkləri bu baxışla ortaya çıxarmaq mümkündür. Uçan boşqablara-filan inanmasam da, maraqlıdır, mövcud fərziyyələrdir. Sənin dediyin birinci baxışdır. Elmi-akademik baxışda deyilir ki, Adəm və Həvvadan öncə də insanlar vardı. Sadəcə, onların müxtəlif növləri olub. Sadəcə, o növlər zamanla məhv olub gedib, bizim mənsub olduğumuz növ qalıb. Yəni elm Adəmdən qabaq insan olduğunu deyir. Nuh tufanı haqqında Şumer dastanında məlumat var. Elm sübut edir ki, bu tipli basqınlar müxtəlif yerlərdə müxtəlif səbəblərdən baş verib. Məsələn, araşdırılıb ki, daşqınlardan sonra Qara dənizin suyu çoxalıb və Azov dənizi yaranıb, Türkiyənin sərhədləri suyun altında qalıb. İndi də suyun altından kəndlər çıxır və baxırsan ki, elm düzgün deyir. Xəzərin özü hər üç min ildən bir qalxıb düşür. Tarixin müəyyən dönəmində Kür və Araz çayları qovuşmadan Xəzərə tökülür. Bu, nə vaxt baş verib, su qalxanda Mingəçevirə qədər torpaq suyun altında qalıb. Bunu geoloqlar sübut edib.

İlk insanın Adəm olması isə üçüncü baxışı əhatə edir, yəni teoloji baxış. Nuh peyğəmbərdən sonra sənin dediyin məsələ baş verir. Nuhun üç oğlunu verirlər, Ham, Sam, Yafəs. Bu oğullardan həmin xalqlar törəyib. Bu, Tövratda qeyd olunub ki, Hamdan bu, Samdan da bu xalqlar yaranıb. Tövratı yazanlar bizi sevməyənlər olduğu üçün bizi birbaşa göstərməyiblər. Amma dolayı yolla bilmək olur. Bizi Yafəs soyundan çıxarıb özlərinə - Sam qoluna bağlayıblar. Çünki özlərini İbrahim soyundan sayırlar. İbrahimin Sara və Həcər adlı iki arvadı olub. Həcərdən olanlar ərəblər – İsmayıl oğullarıdır. Saradan olanlar isə İsrail oğullarıdır. Bunların ikisi də samidir. Amma İbrahimin üçüncü arvadı da olub, Qantura soyundan. Bu soydan yarananlar isə türklərdir. Bizi sami qoluna aid etsələr də, adları dəyişə bilməyiblər, türk adları qalıb. İbrahimin yeddi babasının beşinin adı təmiz türkcədir. Birinci, Nuhun nəvəsi sayılan Ərbaqşad. Mənasını izah edə bilmirlər, çünki terk sözüdür. Midiya hökmdarlarından birinin adı Ərbakdır. Şad isə tituldur. Onun övaldları isə Arqo, Salur, Bölək. Quranda İbrahimin atrasının adı Azər adlanır. Tövratda isə turq yazılıb. Bu isə türk deməkdir. Bunu bilərəkdən türk yox, terax oxuyurlar. Digər mənbələrdə Bölək adını qeyd edərkən adın üstünə üç nöqtə işarəsi qoyub aşağıda açıqlama yazırlar ki, onun vaxtında torpaqlar bölündüyünə görə ona Bölək adı verilib.

– Azərbaycan deyəndə gözünüzün önünə hansı sərhədlər gəlir?

– Mən Azərbaycan deyəndə etnik Azərbaycanı nəzərdə tuturam. Siyasi-inzibati əraziləri demirəm. Etnik Azərbaycanın sərhədlərini sayıram: Dərbənd, Tiflis, İrəvan, Qars, Ərzurum, Mosul, Ərdül, Kərkük, Həmədan. Çünki bu ərazidə yaşayan adamlar Azərbaycan dilində danışıblar. Dil isə millətin bir nömrəli göstəricisidir.

– Məsələn, Osmanlılar Konstantinopolu işğal edib. Belə çıxır ki, biz Cənubi Azərbaycanı geri istədiyimiz kimi, Türkiyə də İstanbulu geri qaytarmalıdır?

– Bu məsələdə mən humanist mövqedəyəm. Bir xalq iki yerə bölünübsə, mütləq birləşməlidir. Necə ki, Almaniya birləşdi, Yəmən, Vyetnam birləşdi. Yaxın onillikdə Koreya da birləşəcək. Aradakı divar götürüləndə xalq eyni olur. Bu mənada da Güney Azərbaycanla Quzey Azərbaycan eyni xalqdır, onun ayrılma səbəbi isə hamıya bəllidir. Həqiqət və ədalət yerini tutmalıdır.

İstanbula isə yunanlar üç min il bundan qabaq gəlib. Bəs üç min il qabaq İstanbulda kim yaşayırdı? Söhbət bundan gedir. Troya ərazisində Lemnos adası adlı bir yer var. Bu gün Yunanıstanın tərkibindədir. Amma mən ən qədim türk yazısını orada tapmışam. Lemni yazısı iki min yeddi yüz il bundan qabaq yazılmış bir yazıdır. O qədər aydın yazılıb ki, bir dənə də olsun alınma söz yoxdur. O zamanlar yunanlar yox idi, onlar ora 510-cu ildə gəldilər. Qabaqlar orada perasuqlar yaşayıb. Onlar isə türklərlə bağlı olub.

– Deməli, Konstantinopol mahiyyət etibarilə işğal olunmayıb, geri qaytarılıb?

– Bəli... Fikir verin, kürdlər yazır ki, 1071-ci ildə Alparslan bura gəlib, deyib imkan verin, dövlətimizi quraq. Onlar isə türklərə əsaslanırlar. Yəni terklərin gəlməsini təkzib etmirlər, sadəcə, dövlət yaratmaq istəyirlər. Onların arxasında isə böyük qüvvələr dayanıb. Almaniya, Rusiya, Fransa, İsrail... Türkün yanında isə alim olmalıdır, sübut etsin ki, siz yalan deyirsiniz. Alimlər də qanmadan kürdlərə işləyir. Mən müəyyən müddət siyasətlə də məşğul olmuşam. Bu mövzuda çoxlu kitablar yazmışam. YAP-dan və Ümid Partiyasından bizim kitablarımızı aldılar. Digərləri – AXC və Müsavat bir dənə də olsun kitab almadı.

– Kitab neçəyədir ki?

– Mağazalarda üçü əlli manatadır. Amma mən 30 manata vermişəm.

– Neçə cilddir?

– 9 cildlik kitabdır. Digərlərinin sponsoru yoxdur çap etdirməyə, üç cildini çap etdirmişəm.

– Bəs bu kitablar necə çap olunub?

– Rusiyada tanışlar var, onlar kömək etdi. Rusiyada işləməklərinə baxmayaraq, milli qeyrətləri var. Mən bu kitabları 30 il qabaq yazmışam. Dediyim odur ki, kürdlər bu gün Quman bəyliyi adlı ərazidə dövlət qurmaq istəyirlər. Mən onu kitabımda qeyd etmişəm ki, 3500 ildən qabaq Mosuldan yuxarı iki gölün arasında Quman bəyliyi olub. Və bu bəylik 500 ildən çox davam edib. İki dövlətin – Assuriya və Urartu arasındadır. Assur qaynaqlarındakı bəlgələrini də qeyd etmişəm, xəritəsini də çəkmişəm. Ki, kürd “bura gəlməsiniz” deyəndə, sənədləri qabağına qoy göstər ki, bura gələn mən deyiləm, sizsiniz. Bu faktları qurumun başqanına verdim və sənə dediklərimi ona da izah etdim. Baxıb dedi ki, hocam, bu bir qədər fantaziyaya bənzəyir. O vaxt burada türk nə gəzirdi? Adam professordur və Atatürkün qurduğu tarix qurumunun başqanıdır, dostumdur. Və xətrimə dəydi, ki, axı mən sıradan bir adam deyiləm. O, bu cür düşünürsə, erməni, kürd nə düşünər? Dedim, yaxşı. İki ildən sonra bir qurultayda foyedə idim. Gəldi məni qucaqladı, dedi, Firudin bəy, ilginc bir şey baş verib. Biz siz dediyiniz Quman bəyliyindən türk balbalları tapdıq.

– Balbal nədir? Kurqan?

– Yox, balbal kurqanın içindən tapılan daş heykəldir. Buna “daşbaba” deyilir. Mən ona dedim ki, ilk öncə termini düzgün işlət. Dedim, noldu, mən deyəndə inanmırdınız. O da üzrxahlıq elədi.

– Firudin müəllim, kürdlərin və ermənilərin bu dünyada özünə aid bir torpağı yoxdurmu?

– Kürd xalqı, ümumiyyətlə, tarixdə yoxdur. Onlar tayfalar şəklində yaşayıblar və çox dağınıqdırlar. Kirmanşahdan tutmuş İstanbula qədər müxtəlif bölgələrdə min illərlə türklərlə birlikdə yaşayıblar. Onlar türk dövlətinin qurulmasında da türklərə kömək ediblər. Necə ki, erməniləri türk əleyhinə istifadə edən qüvvələr vardı, kürdlərdə də eləcə. Məsələ bu qədər sadədir.

– Kürdlərin tarixən dövləti olmayıb və olmamalıdır?

– Xeyr, olmayıb. Və məsələ belədir: dövlətin yoxdursa, torpağın da yoxdur. Deməli, hansısa dövlətin tərkibində olmalısan və yaşamalısan.

– Bəs ermənilər?

– Ermənilərin məsələsi başqa cürdür. Van gölündən yuxarıda Ərmən adlı bölgə olub. Ərmən türk boyunun adıdır, sonradan Orta Asiya, Türkmənistan, Qazaxıstana yayılıb. Bu gün erməni dediyimiz xalq isə Balkanlardan gəlib Fridya dövlətinə qatılıblar, oradan isə Assuriyaya gediblər. Oradan Livana keçiblər və bu gün də orada varlar. Bizim eranın yaranmasına bir il qalmış onları əsir və işçi kimi Ərmən bölgəsinə yerləşdiriblər. Həmin bölgədə Ərmən türkləri xristianlığa keçəndə onlar da bu dini qəbul edib. Etiraf etmək lazımdır ki, ermənilər ağıllı millətdir. Məhz ağıllı olduqları üçün dindən də istifadə edib xristianlığın içində öz Qriqoryan mənsəbini yaradıblar. Maraqlıdır ki, ermənilərə xristianlığı türklər öyrədib. Bunlar tarixi faktlardır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.