"Mən özüm də demişəm ki, cüzi qonorara görə heç kim məni narahat etməsin..."

26-03-2018, 09:13           
"Mən özüm də demişəm ki, cüzi qonorara görə heç kim məni narahat etməsin..."
Qara saçları, iri gözləri, xoş görünüşü ilə zaman - zaman müxtəlif obrazlar ilə tamaşaçıların qarşısına çıxıb. Ancaq mən onu hər zaman xanım, ana olaraq sevmişəm. Çünki onun simasında əsl Azərbaycan xanımı, anası təcəssüm olunub. Bir sözlə, Azərbaycan Xalq Artisti, gözəl qadın Səidə Quliyevanın Moderator.az - a verdiyi müsahibəni təqdim edirik:

- Məhdudiyyətli bir zamanda teatra gəldiniz. Dəstəyiniz oldumu?

- Ailəmdə anam mənə dəstək olub. Atamın xəbəri yox idi ki, mən aktyorluq fakultəsində təhsil alıram. Elə bilirdi ki, Mədəni Maarif fakultəsində oxuyuram. O buna qarşı idi. Sonradan xəbəri oldu. Ailə qurmazdan əvvəl yoldaşımla da müəyyən problemlər yaşanırdı. Ancaq ailə qurduqdan sonra bu problemlər aradan qalxdı. Teatrda isə məni hər zaman dəstəkləyirdilər. Dəstək deyəndə ki, mənim heç buna ehtiyacım yox idi. Gənc aktrisa idim, başımı aşağı salıb işimlə məşğul olurdum.

- İşinizlə bağlı yoldaşınızda qısqanclıq olurdumu?

- Heç vaxt belə hal yaşanmayıb. Hər zaman bir - birimizi anlamışıq. O, çox mədəni insandır, sənətimə hər zaman hörmətlə yanaşıb.

- İfa etdiyiniz obrazlarda Səidə xarakterini görmüsünüzmü?

- Heç bir rolda özümü görməmişəm. Oynadığım rollar mən deyiləm axı. Düzünü desəm mən xarakterli rol oynamamışam. Obrazları ifa edərkən çalışıram ki, özüm olmayım. Hər dəfə çalışıram ki, fərq yaradım. Bu zaman obrazlar qalereyası yaranır. Sırf mənim xarakterimə uyğun bir obraz gərək dramaturq tərəfindən yazılsın. Bu isə avtobioqrafik əsər olar.

- Yaşlı nəsil aktyorlar qayğısılıqdan gileylənir. Bu hal sizi narahat edirmi?

- Yox, əsla narahat etmir. Allahın köməkliyi ilə ən yüksək fəxri adlara layiq görülmüşəm, Prezident mükafatçısıyam. Bir arzum budur ki, Prezident təqaüdünə çıxım. İnşallah zamanı gələndə o da olar.

- Yerli seriallarda görmürük Sizi...

- Yerli seriallarda qonorar az olur. Mən özüm də demişəm ki, cüzi qonorara görə heç kim məni narahat etməsin. Çünki mən zəhmətimə qiymət verməyi bacarıram. Azərbaycanda aktyorun əziyyətin nəzərə alaraq qonorar verilmir. Bu seriallarda aktyorlar məcburiyyətdən çəkilirlər. Bilirik ki, teatrlarda maaşlar çox azdır. Aktyorlar da pul qazanmaq üçün, ailəsini dolandırmaq üçün bu seriallara çəkilməyə razı olurlar. Zaman olub ki, mənim də ehtiyacım olub. Ancaq obraz məni qane etmədiyi üçün təklifi qəbul etməmişəm. Şükürlər olsun ki, bugün mənim maddi durumum normaldır.

- Sizin üçün janrın əhəmiyyəti varmı?

- Demək olar ki, mənim üçün janrın elə də əhəmiyyəti yoxdur. Hal – hazırda yeni tamaşanın məşqləri gedir. Bu tamaşada tamamilə fərqli bir obrazdayam. Bilirsiniz, teatr elə bir yerdir ki, burada yerində saymaq olmur. Səhnə aktyorların inkişafında mühüm rol oynayır. Bu baxımdan ki, biz burada fərqli, bir birinə bənzəməyən rollar ifa edirik. Bu mənim çox xoşuma gəlir. Bilirsiniz ki, film sahəsində mən ancaq Vaqif Mustafayevin rejissorluq etdiyi filmlərdə çəkilmişəm. Radioda "Bulaq" verilişinin aparıcısıyam. Bununla yanaşı müxtəlif səsləndirmədə iştirak edirəm. Çalışıram ki, hər birində fərqlilik olsun. Bir - birinə oxşarlıq sezilməsin. Vaqif Musatafayev də hər zaman deyir ki, səndə yumoristik obrazlar daha yaxşı alınır. Ancaq mən ciddi yumoru sevdiyim üçün çalışıram ki, ifa etdiyim obrazlarda da cılız, təhqiredici yumorlar olmasın.

- Geriyə baxan zaman düşünürsünüz ki, ailə həyatı sənətdə irəliləmənizə mane olub?

- Bilirsiniz ki, Nonna Mordyukova SSR xalq artisti idi. O çox böyuk aktrisa idi. Bütün günü filmlərdə çəkilir, səhnələrdə olurdu. Onun Tixinovdan olan nikahından bir oğlu var idi. Nonna o qədər işinə aludə olmuşdu ki, oğluna zaman ayıra bilmirdi. Bu səbəbdən də onun oğlu narkomaniyaya qurşandı, içki aludəçisi oldu. Və çox erkən yaşlarında həyatını itirdi. Sonralar N. Mordyukovaya sual verəndə o bildirmişdi ki, əgər zamanı geri qaytarmaq mümkün olsaydı mən sənəti deyil, ailəmi seçərdim. Mən də hər zaman ilk olaraq ailəmi sənətdən üstün tutmuşam. Düzünü desəm mən özümü qəhrəman qadın hesab edirəm. Eyni zamanda həm ailəni, həm də işimi paralel olaraq idarə etmişəm. Yoldaşımın da mənə çox köməyi olub. Mənim yoldaşım da Azərbaycan Televiziyasında çalışırdı. Uşağa görə biz günləri bölürdük. O evdə olanda mən işdə, mənim iş günüm olanda isə o evdə qalıb uşaqla maraqlanırdı. Tamaşa bitən kimi evə qaçırdım. Yuxusuz gecələr keçirib işlərimi yoluna qoyurdum. Və bu qaçhaqaçlı həyat məni çox tez yordu. Qaynanam hər zaman deyərdi ki, çalış zəhmətini çox xırdalama, özünü qoru. Ancaq mən zəhmətimi birdən verdim və yoruldum.

- Bu yaşananlar Sizi tükətmədi ki?

- Mən özümdə tükənmişlik hiss etmirəm. Ümumiyyətlə, məndə həyat eşqi çox güclüdür. Sənətə ailəmə qarşı olan sevgi məni hər zaman güclü edir. Həyatı, sənətimi, ailəmi, təbiəti çox sevirəm. Allaha çox dua edirəm və hər zaman da bunun bəhrəsini görürəm. İnsan bir şeyi ürəkdən istəyirsə mütləq o istəyinə çatır. Ancaq bəzi şeylər də var ki, qismətlə bağlıdır.

- Özünüzü sənətin pik nöqtəsində görürsünüz?

- Sənətin pik nöqtəsi yoxdur. Mən hər hansı obrazı çox gözəl oynaya bilərəm, ancaq sabah elə bir aktrisa ola bilər ki, o həmin obrazı məndən də mükəmməl ifa etsin. Ümumiyyətlə istedad elə bir varlıqdır ki, o bütün insanlarda var. Elə insan var ki, bu istedadını üzə çıxarır, eləsi də var ki, bunu ürəyində yaşadır. Mən özüm hər zaman ürəyimdə rollar oynayıram. Bu haqda mən heç kimə deməmişəm. ürəyimdə elə rollar oynayıram ki, bunlar məni kövrəldir. Istədiyim rollar ürəyimdədir. Onlar hələ gəlməyib. Bəlkə də bu haqda danışmaq düzgün deyil, çünki mənim iç dünyamdır. Bunları üzə çıxarmaq üçün yaxşı rejissorlara, ssenaristlərə ehtiyac var. Ancaq Azərbaycanda yaxşı rejissorlar barmaqla sayılası qədərdir. Bəlkə də gənc rejissorlar var ki, mən tanımıram. Çox istərdim belə rejissorları tanıyım, istedadlı gənclərlə layihələr üzərində işləyək. Mən gəncliyi çox sevirəm, bilirəm ki, istedadlı gənclərmiz çoxdur sadəcə onları üzə çıxarmaq lazımdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.