Mais Məmmədov ANS-in bağlanmağından danışır: “Prezident administrasiyasından Vahidə dedilər ki, verməyin...“

11-05-2018, 13:51           
Mais Məmmədov ANS-in bağlanmağından danışır: “Prezident administrasiyasından Vahidə dedilər ki, verməyin...“
Onu media marşalı adlandırırlar. Uzun müddət televiziya sahəsində çalışıb. ORT-də uzun illər Azərbaycan üzrə müxbir olub. 1998-ci ildən 2007-ci ilədək ANS Müstəqil Yayım və Media Şirkətində rəhbər vəzifələrdə işləyib. Söhbət əməkdar jurnalist Mais Məmmədovdan gedir. 80 yaşı olacaq qocaman jurnalistin müsahibəsini təqdim edirik:
-Mais müəllim, necəsiniz?
-Yaxşıyam, çox sağ olun.
-Deyəsən, səhhətinizlə bağlı problemləriniz çoxdur…
-Hə, problemlər çoxdur. Ayaqlarım məni narahat edir.Burada deyirlər ki, ayaqlarım amputasiya olunmalıdır, Moskvada isə tam əksinə. Bir barmağın da kəsilməsinə icazə yoxdur. ANS var idi, işləyirdim, onlar mənə bilet alıb məzuniyyətə göndərirdilər. İndi vəziyyət çətinləşib. Gözlərim çox zəif görür, biri ümumiyyətlə, görmür. Hər gün 6 dəfə insulin iynəsi vurdururam. İynəni vurdurmasam çörək yeyə bilmərəm. Qocalmışam, qocalıq da öz sözünü deyir. İki aydan sonra 80 yaşım tamam olacaq.
-Bilirsiniz ki, hər yaşın öz fərdinə məxsus düşüncə tərzi var. Mais müəllim üçün 80 yaş hansı anlamı ifadə edir?
-Deyim ki, 80 yaşım var, müdrikləşmişəm, bu, doğru olmaz. Mənə elə gəlir ki, necə var, elə də qalmışam. Düzdür, sağlamlıq sözümə baxmır, mən sağa getmək istəyirəmsə, ayaqlarım sola gedir.(gülür)
-Televiziya adamı, xüsusən də uzun müddət ANS kimi qaynar bir mühitdə çalışmış jurnalist üçün indi evdə oturmaq cətin olmur ?
- Evdə yaman darıxıram. Nəvələrim də burada yoxdur. Qızım da, oğlum da xaricdə yaşayır. Evdə uşaq olmaması çox pisdir.Yayı gözləyirəm ki, nəvələrim gəlsin, heç olmasa bir ay da olsa yanımda qalsınlar. Səhərlər durub həkimə gedirəm, bir az havada oluram, televiziyaya baxıram. Beləcə vaxtım keçir.
-Övladlarınız hansı ölkələrdə yaşayırlar?
-Qızım Londonda, oğlum Kanadada.
-Siz nə əcəb övladlarınızla getmədiniz?
-Mənə nə qədər yalvardılar ,gedək, dedim yox, anam ,atam, bacım, qardaşım buradadır. Mən bütün dünyanı gəzmişəm. O vaxt mənə mükafat verilirdi ki,Çinə getmək istəyirsən, yoxsa İtaliyaya. Mənə görə Azərbaycandan yaxşı ölkə yoxdur. Qızım bura gələndə geri qayıtmaq istəmir.
-Mais müəllim, gənclik illərinizdən danışaq.Yazı-pozuya haradan başladınız?
-Yazı işinə gəlməyim təsadüfi oldu. “Politexnik”-də oxuyanda qonararla ilk yazılarımı yazdım. Orada oxuya-oxuya AzTV-nin radiosunda işləməyə başladım, sonradan pillə-pillə qalxmağa başladım.
-ANS-ə gəlişiniz necə baş verdi?
-Rəhmətlik Arif Mustafayev var idi, mərhum Heydər Əliyevin keçmiş müşaviri. Mənə bir gün dedi ki, gəl ANS-ə. Dedim: “mənim ANS-də nə işim var?”
ANS-dəki işçiləri cəbhədən tanıyırdım. Gəldim ANS-ə,Vahidlə görüşdüm. Yoldaşım dedi ki, oradakılar cavan uşaqlardır, sənin nə işin var?1998-ci ildən orada işləməyə başladım. Baş direkor ,müşavir vəzifələrində və saytda işləmişəm. Heyif ki, ANS kimi şirkət bağlandı.
-Mais bəy, sizin dilinizdən də eşidək. ANS məhz hansı səbəbdən bağlandı?
-Niyə görə bizi bağlayıblar? Guya terrorizmlə əlaqədar bağlayıblar. Biz nə iş görə bilərdik? Müxbirimiz Amerikaya gedib, F.Gülənin konfransına. Nə yazıb, nə pozub bilmirəm.
Nəvəm gəlmişdi, yoldaşımla getmişdim bağa. Axşam zəng etdilər ki, şirkətiniz bağlanıb. Zəng etdim Vahidə. Vahid dedi ki, narahat olma, gözlə sabah açılsın. Mən həmin gecəni yata bilmədim. Sabah saat 5-də gedib gördüm ki, şirkət bağlanıb. Sən demə, bu qız zəng edib Vahidə deyib ki, bilirsiniz, orada bizə yaxşı, bizə uyğun sözlər deyib Gülən. Hansısa sayt göstərib ki , müxbirimiz Amerikada Gülənlə söhbət edir. Vahid zəng edib Prezident adminstrasiyasına, deyib ki, bəs belə bir haqq-hesab var. Onlar dedilər verməyin. Ancaq Vahid jurnalistdir axı. O deyir ki, orada belə sözlər var, o müsahibə partlaya bilər. Sənə deyiblər yox, yox da. Sonra da saytda şəkil çıxıb. Bununla da bağladılar.
-ANS bağlanandan sonra iş təklifi aldınız?
-Bəzi yerlərdən, saytlardan çox zənglər oldu. Amma kanallardan olmadı. Mən dedim ki, yox. Mən heç hara getmiyəcəm.
-Niyə “yox” dediniz”?
-Mən ANS-ə öyrəşmişdim, başqa şirkətdə işləyə bilməzdim. Yaşım da, səhhətim də əl vermir, çətindir, mən bu kağıza başqa gözlə baxıram, cavanlar başqa. ANS-də məni tanıyırdılar, mən də onları tanıyırdım. Bilirdim ki, kim nə bacara bilər. Elə bilirsiniz ki, orada mübahisələr olmurdu? Olurdu əlbəttə. Yaradıcı mühitdə mübahisə mütləq olur.
-Hansı Azərbaycan kanallarına baxırsınız?
-Heç birinə. Rus kanallarına baxıram. Hərdən də aparıcılara əsəbləşirəm ki, bu sualı yox, başqa sualı ver də. Həyat yoldaşım da deyir ki, Mais, sakitləş, özündən çıxma. (gülür)
-Mais müəllim, Real TV ANS-in neçə faizini əvəzləyə bilir?..Düzdür, Real Tv tam xəbərə köklənib.
- Real-a baxmıram. Mənim kanalım deyil. Orada işləyən adamları çox sevirəm, hörmətlə yanaşıram. Bir onu deyə bilərəm ki, ANS mənim üçün böyük itkidir. Ona görə məni infarkt vurdu. Prezidentə açıq məktub yazdım. Mənə dedilər ki, lazım deyil. Heç vaxt müxalifətdə olmamışam. Nə qədər ki,Qarabağ davası var, mən ANS-dən çıxmamışam. Məni küçədə görəndə soruşurdular ki, Qarabağdan nə xəbər var?
-Ümid edək ki, ANS açılacaq və biz yenə də sizdən hansısa bir məlumatla bağlı açıqlama alacağıq.
-Təki siz deyən olsun,qızım
-Indiki ilə əvvəlki jurnalistika arasında hansı fərqlər var?
-Fərq böyükdür. Məni öyrədiblər. O vaxt mən AzTV-də işləyəndə dəqiq olmayan məlumatı vermirdik. İndi belə deyil. İndi yaza bilərlər ki, Mais Məmmədovun anası ermənidir. Ancaq anam iki yaşım tamam olanda rəhmətə gedib. Necə yazırlar belə? Sonra da yox, bu, səhv çıxdı. Bunu bir nəfər bizə demişdi. Bir nəfər deməklə jurnalistika olmur. Operator seçimləri pisdir. Indi toy çəkən operator olur.
-Mais müəllim, elə hamıdan bu nöqsanları eşidirik. Amma yenə də ortalıqda bir yenilik yoxdur.
-ANS-də biz jurnalistləri göndərirdik xarici ölkələrə. Moskavadan, Türkiyədən Amerikadan çağırmışdıq peşəkar jurnalistləri, bizim işçilər üçün mühazirələr oxusunlar. Akademiya açdıq. Universiteti qurtarırdı, gəlirdi bizim akademiyaya ,heç bir şey bilmirdi. Biz müəllimləri öz pulumuzla çağırırdıq, onları öyrədirdik. Bu yollardan istifadə etmək lazımdır. Mənim ixtiyarım yoxdur nəsə deyim, onlar mənim həmkarlarımdır. Cavanları ancaq sensassiya maraqlandırır. Mən məsələnin dərinliklərinə getmək istəmirəm. Yaraşmır mənə. O vaxt Amerikadan məşhur jurnalist gəlirdi, heç kim tərpənmirdi, biz dərhal onu çağırırdıq, söhbət edirdik veriliş edirdik, camaat da baxırdı. Çingiz Mustafayevlə çox yerdə olmuşam. Qəribə jurnalist idi. O, cumurdu əsgərlərin üstünə ,kim qaçırdı, onu tuturdu, deyirdi, utanmırsınız..Deyirdim ki, Çingiz, bu, sənin, mənim işim deyil. Soruşurdu məndən, “bəs sənin ürəyin yanmır?” Deyirdim ki, ürəyim yanır , amma mən ancaq informasiya ala bilərəm, yaza bilərəm. Hücum etməyin axırı pis qurtara bilər.
-Yavaş-yavaş çap mediası sıradan çıxır. İndi çox az adamın əlində qəzet görmək olar.
- Bizim zamanda mobil telefon, kompüter yox idi. Ad günüm olanda atam rəhmətlik mənə iki , bacıma üç, qardaşıma 1 manat verirdi. Cibimdə on manat olanda elə bilirdim Bakı mənimdir. Dövr dəyişdikcə hər şey dəyişilir. Indi qəzet oxuyan var? Indi xəbərləri oxumaq üçün saytları açıram.
- Müsahibəyə görə təşəkkür edirik.
- Mən təşəkkür edirəm, uğurlarınız bol olsun.
Nihadə Eyyubova
Məftun Salmanov
TopXeber.Az-a












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.