Vahid Əhmədov: “Hesablama Palatasına əlavə səlahiyyətlər də veriləcək ki, daha ciddi addımlar ata bilsin”
12-05-2018, 10:02
Hər il olduğu kimi, yenə də Hesablama Palatası ötən il dövlət qurumlarının fəaliyyəti ilə bağlı apardığı monitorinqlərin nəticələri ilə bağlı ciddi faktlar ortaya qoyub. Belə ki, Palatanın nəzarət tədbirləri ilə ümumilikdə 689 hal üzrə nöqsanlar müəyyən edilib.
“Hesablama Palatasının 2017-ci ildə fəaliyyəti haqqında” adlı hesabatda qeyd olunub ki, ümumilikdə hesabat dövründə qurumlar tərəfindən 42 mln. 110,4 min manat məbləğində vəsaitin təyinatının dəyişdirilməsi halları müəyyən edilib.
Palata onu da bəyan edib ki, bu istiqamətdə qanunvericiliyin tələblərinin gücləndirilməsi ümumilikdə vəsaitin təyinatının dəyişdirilməsi hallarının azalmasına səbəb olub.
Bundan başqa, nəzarət tədbirlərinin nəticəsi olaraq Hesablama Palatası 26 qurum üzrə 92 halda 83,3 mln. manat məbləğində vəsaitin səmərəsiz istifadə edilməsinə imkan yaradıldığı qənaətinə gəlib.
Hesablama Palatası DSMF, “Baku Bus”, İpoteka Fondu və digərləri də daxil olmaqla bir çox qurumların faəliyyəti ilə bağlı ciddi faktlar aşkarlayıb. Lakin təəssüf doğuran hallardan biri də odur ki, aşkarlanan bu faktlar sonrakı dövrdə hüquqi qiymətini tapmır, günahkarlar cəzalandırılmır. Bu da Palatanın il ərzində apardığı yoxlamaların nəticəsiz qalmasına gətirib çıxarır.
Məsələ ilə bağlı “Yeni Müsavat”a danışan Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin üzvü Vahid Əhmədov bildirdi ki, Hesablama Palatasının səlahiyyətlərinin artırılması ilə bağlı qanun bu sessiyada qəbul oluna bilər: “Qanunvericilikdə bu kimi məsələlər nəzərdə tutulub. Əgər ciddi maliyyə pozuntuları varsa, bu faktlar Prokurorluq orqanlarına və müvafiq icra hakimiyyəti orqanlarına təqdim olunmalıdır. Həm inzibati həm də prosessual məcəlləyə uyğun olaraq müəyyən tədbirlər görülməlidir. Qanunverilikdə bunlar var. Hesablama Palatasının son vaxtlar verdiyi açıqlamalar çox ciddi açıqlamalardır. Bu qurum əgər 60-a yaxın yoxlama aparırsa, hər birində ya maliyyə pozuntuları aşkarlanır, ya mühasibat uçotunun düzgün aparılmadığı ortaya çıxır, ya da yeyinti faktları aşkarlanır. Biz indi Hesablama Palatası haqqında qanun qəbul eləyirik ki, bu qanunda quruma əlavə səlahiyyətlər verilsin. Ona görə ki, Palata daha ciddi qərarlar qəbul etmək imkanına malik olsun. Bu gün Hesablama Palatası yeganə nəzarət orqanıdır ki, Milli Məclisə tabedir və ildə bir dəfə parlamentə hesabat verir. Biz bu qanunu yəqin ki, bu sessiyada qəbul edəcəyik ki, Palata fəaliyyətə başlasın. Əlavə səlahiyyətlər də veriləcək ki, daha ciddi addımlar ata bilsin”.
Deputat onu da vurğuladı ki, əksər nazirlərin qanunsuz əməllərinin məhz vəzifəsini itirdikdən sonra gündəmə gəlməsi doğru deyil, bu kimi hallar vaxtında aşkarlanmalıdır: “Hazırda reallıq belədir ki, müəyyən işlər görülür, cinayət işləri açılır. Ancaq təəssüf doğuran məqam odur ki, məhz nazirlər işdən çıxarılandan sonra bu faktlar ortaya qoyulur, filan nazir filan qədər vəsaiti dağıdıb. Halbuki həmin adam 15 ildir nazirdir, onu Maliyyə Nazirliyi də yoxlayıb, Hesablama Palatası da yoxlayıb, amma heç nə üzə çıxarmayıblar. Necə olur ki, işdən çıxandan sonra hər şey aşkara çıxır ki, yeyib dağıdırmış. Əgər nazirin əməlində hər hansı qanun pozuntusu var idisə, ona vaxtında cinayət işi açıb məsələni həll etmək lazım idi. Yoxsa nazir vəzifədən getdikdən sonra onun dalınca danışmaq, əleyhinə işləmək doğru deyil. Mən bunu qəbul etmirəm”.
İqtisadçı-ekspert Natiq Cəfərli də “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Palatanın açıqlamalarından sonra heç bir hüquq-mühafizə orqanının araşdırmalara başlamaması cəzasızlıq mühiti yaradır: “Hesablama Palatası hər il dövlət strukturlarında qanun pozuntusu ilə bağlı, vəsaitin qeyri-effektiv xərclənməsi ilə bağlı, hətta korrupsiya faktları ilə bağlı da açıqlama verir. Əslində bu açıqlamalardan sonra hüquq-mühafizə orqanları dərhal hərəkətə keçməli, sadalanan faktlara istinad edərək cinayət işləri açmalıdır. Cinayət işlərinin tərkibində məhz bu faktlarla bağlı ciddi araşdırmaların aparılması və günahkarların cəzalandırılması prosesi baş tutmalıdır. Çox təəssüf ki, biz bunu görmürük. İllərdir Hesablama Palatasının açıqlamasından sonra nadir hallarda kimsə işdən azad edilir və ya vəzifəsi dəyişdirilir. Ən ağır cəza isə işdən çıxarılmadan artıq olmur. Bu doğru yanaşma deyil. Əgər Hesablama Palatasına belə bir səlahiyyət verilibsə və o öz işini görüb müəyyən nəticələr əldə edibsə, həmin nəticələrə uyğun olaraq cinayət işləri açılmalıdır. Çox qəribədir ki, adi vətəndaşlar əgər dövlətə vergi ödəməməklə və ya başqa yolla 5-10 min manat ziyan vurubsa, qanunun tələbi ilə cinayət işi açılır. Ancaq dövlət qurumları tərəfindən milyonlarla manat vəsait səmərəsiz xərclənir, göyə sovrulur, bununla bağlı heç kim cavabdehlik daşımır. Hesablama Palatasının ortaya qoyduğu faktlar isə cinayət məsuliyyəti yaratmırsa, sadəcə bəzi məmurların işinin itirilməsi ilə nəticələnir. Bu da onu göstərir ki, gələcəkdə digər məmurlar da həmin əməllərə yol verməkdə davam edəcək. Ciddi cəzasızlıq mühiti varsa, növbəti ildə də Hesablama Palatası bu cür açıqlamalar verəcək, heç bir nəticəsi isə olmayacaq”.