“Kişisən, get üzünə de...”

16-05-2018, 20:15           

Akademik Milli Dram Teatrının aktyoru, xalq artisti, “Şöhrət” ordenli Rafiq Əzimovun Lent.az-a müsahibəsini təqdim edirik.

Vədələşdiyimiz vaxtda teatrın xidməti girişinin qarşısında görüşdük. Amma həyətdə oturub söhbət etmək üçün uzun prosedurdan keçməli olduq. Daha doğrusu, Rafiq müəllim keçməli oldu. Gah teatrın mətbuat katibinə zəng elədi, gah truppa müdirinə. Tərslikdən heç biri telefonu açmırdı. Növbətçi də onlardan birilə danışmadan içəri keçməyimizə icazə verə bilməyəcəyini deyirdi. Axırı, mətbuat katibi Cavid insaflı çıxdı. Zəng vurub “dobro” verdi və 10 dəqiqəlik “çək-çevirdən” sonra bizi həyətə buraxdılar.

- Nə yaman uzun proses oldu, ay Rafiq müəllim. Heç strateji əhəmiyyətli yerlərdə belə sərt qaydalar yoxdu... (gülürük)

- Həə. Bir dəfə AzTV mənim haqqımda film hazırlayırdı. Məşq prosesini də çəkməyə gəlmişdilər. Həmin gün Azər Paşa Nemətov da məşqi izləməyə düşmüşdü. Biləndə çəkiliş var, hay-küy salıb ki, kim icazə verib? Qalxdım yanına... Özüm də dilxor oldum, çəkilişə gələnlər də. O vaxtdan olublar lap ciddi.

- Bu sistemi İsrafil İsrafilov yaratdı. O vaxt çox böyük narazılıqlar oldu, mətbuatda yazıldı. Amma hətta onda durum belə sərt deyildi. Ən azı həyətdə rahat oturub, müsahibə götürmək olurdu.

- Bir-iki dəfə “ÇP”-lər olub ona görə. Tapşırıb ki, yanıma hansı müxbir gəldi-getdi, nəzarət edin ki, birbaşa çıxıb getsin, başqa otaqlara girməsin. Bu da buranın qayda-qanunudur. Bilirsiz, mən qalmaqal adamı deyiləm. Bu yaşımda da mənə yaraşmaz. Düzü düz, əyrini əyri deyirəm. Burda o qədər işlər olur ki, birinin üstünə də beşini qoyub çatdırılar adama.

- “Azdrama”dakı bəzi intriqalar, qalmaqallar haqqında mətbuatda yazılar gedib. Amma onların heç birində sizin adınıza rast gəlməmişəm. Yəni həqiqətənmi heç kimlə aranızda problem yaşanmayıb?

- Olub, əlbəttə. İndi də teatrda elə aktyor var, onunla danışmıram. Məni qalmaqala sürümək istəyiblər. Deyirlər, qurbağa çox şey bilir, amma danışanda ağzına su dolur. Bir dəfə həmkarlardan biri yanımda kiminsə haqqında danışmağa başladı. Dedim, kişisən, get bu sözü üzünə de. Mənim yanımda onun dalınca danışsan, gərək cavabını verim, susmayım. Mənim bu teatrda işim yaradıcılıq olub. Bura bizim evimizdi. Ailədə olan hər şeyi açıb-ağartmaq olmaz.

- Heç olubmu küsülü olduğunuz aktyor, aktrisa rəhmətə gedib, barışmamağınıza peşman olmusuz?

- Yox, olmayıb. Mən elə biriyəm ki, çox kin saxlaya bilmirəm. Yanımda gözləmədiyim söz işlədib, küsmüşəm, ürəyim sınıb. Bir az keçəndən sonra birlikdə oturanda demişəm, bəsdi daha, nöqtə qoyaq. O adam indi də deyir ki, məni utandırdın o hərəkətinlə. Teatr kollektiv sənətdi. Burda nə olursa, səhnəyə təsir edir.

- Tərəf müqabilinizlə küsülü ola-ola səhnəyə çıxmısız?

- Bəli, dəfələrlə. Amma bunu tamaşaçıya büruzə verməmişəm. Heç bir jestimdə, mimikamda hiss elətdirməmişəm ki, küsülüyük. Çünki onda mən Rafiq Əzimov deyiləm. Tərəf müqabilimin də haqqı var, sabah gedib şikayət edə bilər ki, həyatda danışmır danışmasın, niyə səhnədə belə eləyir. İxtiyarım yoxdu. Həm də etikadan kənardı.

- 56 ildir burda çalışırsız, indiyə kimi neçə baş rejissor, direktor dəyişilib. Bu rəhbərlərdən hansılarının çalışdığı illəri teatrın intibah dövrü, yaxud əksinə, gerilədiyi dövr adlandırmaq olar?

- 1960-80-ci illər “Azdrama”nın intibah dövrü sayılır. Həm repertuar siyasəti baxımında - bir-birindən maraqlı yerli və xarici əsərlər qoyulurdu, həm də aktyorlar baxımından. Əsasən də Tofiq Kazımov gəncləri çox sevirdi. Ətrafına elə etibarlı gəncləri yığmışdı ki, onları 2-ci kursdan teatra gətirib, məsul rollar verirdi. Hətta bu, başqa aktyorlar arasında qısqanclıq yaradırdı. Onun gənclərə olan bu inamı çox aktyorları üzə çıxardı - Səməndər Rzayev, Hamlet Xanızadı, Kamal Xudaverdiyev, Fuad Poladov, sonradan Yaşar Nuri, Amaliya Pənahova... Mən də o tamaşalarda irili-xırdalı rollar oynamışam. O dövr olmasaydı, rejissorlar bizə etibar etməsəydi, bu mərhələyə gəlib çata bilməzdik.

Dövr də oldu ki, “gənc” deyə-deyə başımızı sığalladılar, gəlib çatdıq 35-40 yaşa. Ürəyimizi yeyirdik ki, illər keçib gedir, eyni səpkili rollar oynayırıq. Bir də onda ayıldıq ki, arzusunda olduğumuz rolları oynamaq üçün vaxt çoxdan keçib. Verilmədi bizə o rollar. Kimlərinsə sevimli aktyor, aktrisalarına verildi. Amma mən heç vaxt şikayət eləmədim. 18 il işləyəndən sonra əməkdar, ondan 20 il sonra xalq artisti oldum. Yubileyimlə bağlı “Şöhrət” ordeninə layiq görüldüm. Bunlar havadan gəlmir. Gərək özünü abırlı aparsan.

- Sizə daha çox epizodik aktyor deyirlər. Narahat olmursuz bu ifadədən?

- Mən bundan qıcıqlanmıram. SSRİ xalq artisti İsmayıl Osmanlı kimi aktyor teatrda epizodik rollar oynayıb. Sırf onun rolu üzərində qurulan tamaşa olmayıb. Rolun böyük-kiçiyi olmur, aktyorun böyük-kiçiyi olur. Ola bilsin aktyor beş söz deyir, amma yadda qalır. Kamyunun bir əsərində səhnədə bircə kəlmə də sözüm yox idi. Bütün tamaşa boyu səssizcə hadisəni izləyirdim. Tamaşanın müzakirəsində rəhmətlik Yaşar dedi, mən bir şeyi başa düşmürəm, Rafiq danışmırdı, amma danışırdı, bu, necə olur? Tofiq Kazımov “Qılınc və qələm” tamaşasında Xacə Mərcan rolunu mənə tapşırmışdı. Barmaqla sayılacaq qədər var idi. Bir dəfə məni kabinetinə çağırdı ki, rolunu böyütmüşəm. Bir monoloq əlavə etmişdi. Amma o tamaşada sözsüz yerlərim mənim üçün daha maraqlı idi. Mənim oynadığım epizodik rollar heç də baş rollardan əskik deyil. Elə rollar var ki, görənlər hələ də ondan danışır. Amma mənə epizodik aktyor deyənlərə cavab verirəm ki, siz teatr tarixini vərəqləyəndə diqqətlə baxın, mənim baş rollarım da var.

- Bəs heç olubmu sizə baş rol versinlər, amma sonradan fikirlərini dəyişib, onu başqa aktyora həvalə eləsinlər?

- Yox, olmayıb. Ələsgər Şərifov həmişə tamaşalarında mənə xırda rollar verirdi. Bir tamaşasında dublyor idim. Məşq zamanı səhnəyə çıxmışdım. Səsimi eşidib demişdi, bunu kim buraxıb səhnəyə? Onda hətta tamaşadan getmək də istəmişdim. Amma qoymamışdılar. Bir dəfə də Ələsgər Şərifovun Ostrovskinin “Cehizsiz qız” əsərini tamaşaya hazırlaması ilə bağlı elan vuruldu lövhəyə. Elana baxıb, səhifənin lap axırında, epizodik rollar arasında adımı axtarmağa başladım. Və bir də ona gördüm ki, adım baş rola yazılıb. Dedim yəqin səhv gedib, inanmadım. Hamı da təəccübləndi mənim kimi. Amma uğurlu tamaşa oldu. İllər sonra evində olanda mənə sirr açdı ki, demə, bir neçə aktyor gedib ona deyibmiş ki, o rolu Rafiqə yox, mənə ver. O da deyib ki, mən o rolda yalnız Əzimovu görürəm.

Bir dəfə də Əşrəf Quliyev “Şeytanın şagirdi” tamaşasını qoyurdu. Baş rolda mən oynayırdım - çətin, psixoloji rol idi. Qardaşımı isə Həsənağa Salayev oynayırdı. Məşqlərin birində səhnədəki yerimə yarım dəqiqə gecikdim. Əşrəf Quliyev o boyda aktyorların yanında abrımı ətəyimə bükdü, ağzına gələni dedi. Həsənağa Salayev də gəldi səhnənin qabağına, dedi, “nə düşmüsən uşağın üstünə. Ayıb deyil? O gün mən heç məşqə gəlməmişdim. Kişiliyin çatırdı mənə nəsə deyərdin”. Əşrəf hirsindən Sumqayıt teatrından bir aktyoru gətirib, mənə dublyor verdi. Bir gün o məşq edirdi, bir gün də mən. Düzdür, pərt olmuşdum. Amma dublyorla aktyorların ifası, səsi tutmurdu. Neçə dəfə də gedib ona gizlincə deyirdilər ki, bu aktyorda alınmır, çıxart onu. Hirsindən çıxarmırdı. Axırda tamaşa təhvil verilən ərəfədə çıxartdılar. Tamaşa təhvil veriləndən sonra Mirzə İbrahimov resenziya yazdı. Məqalədə Həsənağa Salayevdən sonra mənim rolum haqqında müsbət fikirlər yazmışdı. O vaxt da yazılar teatrda divara vurulurdu. Əşrəf də oxudu o məqaləni, yenə də hikkəsindən dedi, mən öz fikrimdə qalıram (gülür). Mən belə şeylərdən incimirəm. O hadisələr olmasaydı, maraqsız olardı.

Amma məni yandıran bir hadisə də olub teatrda. Onda pis olmuşdum həqiqətən də.
Həsən Əbluc Mixail Sebastiyanın “Adsız ulduz” əsərini tamaşa qoydu. Mənə baş rolu –Marem Mironu verdi. Sevgilim obrazında isə Amaliya Pənahova oynayırdı. Az müddətdə tamaşa hazırlandı. Moskvadan rumınşünas Ozernikova və Teatr Xadimləri İttifaqının rəhbəri Tamara Makarova da gəlib baxdılar, bəyəndilər. Hətta dedilər rumin dramaturgiyası festivalına da gəlib oynayarsız. Üstündən bir müddət keçəndən sonra evə mənə teleqram gəldi. Həmin festivala dəvət olunmuşdum. Gəldim teatra, direktor Əli müəllimin yanına. Dedim məni festivala dəvət edirlər, şərait yaradın gedin. Sən demə teatra da, Teatr Xadimləri İttifaqına da teleqram göndəriblər, amma mənə demirlər. Evimə göndərməsəydilər, heç bu haqda mənə deməyəcəkdilər. Nəsə, göndərdilər, getdim, iştirak elədim. Diplomla Bakıya qayıtdım. Köşkdən “ədəbiyyat və incəsənət” qəzeti alıb oxuya-oxuya teatra gəlirdim. Gördüm tamaşa haqqında məqalə çıxıb. Əvvəl sevindim, elə bildim xoş sözlər yazıblar. Oxuyanda gördüm məni qatıblar Amaliyaya, Amaliyanı mənə. Ağlamaq tutdu məni ki, bu dərəcədə xəbislik olmaz. Eşidiblər getmişəm festivala, sifarişlə belə bir məqalə yazdırıblar. Mərkəzi Komitədən də məni çağırdılar. Hamı bildi ki, qərəzli yazıdır.

- Heç düşünmüsüzmü artıq bəsdi, gedim teatrdan?

- Tükəndiyimi hiss eləsəm, özümdə getmək istəyi hiss eləsəm, elə sabah gedərəm. Amma bu yaşda səhnəylə ayaqlaşa bilirimsə, niyə gedim? Hazırda 6 tamaşada oynayıram. Teatrda Ağasadıq Gəraybəylinin 90 illik yubileyini keçirəndə Yaşarla mən onun qoluna girib apardıq maşına mindirdik. Gözləri görmürdü, amma səhnəyə çıxırdı. “Xurşidbanu Natavan”da qoca Knyazı oynayırdı. Mizanları elə dəqiqliklə eləyirdi ki, bir tamaşaçı da bilmirdi, gözləri görmür. Eləcə də Sona Hacıyeva qoca yaşında “Günahsiz müqəssir”də oynayırdı.

Bir ara İsrafil İsrafilov bizi teatrdan çıxartmaq istəyirdi – Hacı İsmayılovu, Ramiz Məliki, Rafael Dadaşovu və məni. Evimdə olub, süfrəmdə oturub, çörək kəsmişik. Gör necə adam olasan ki, belə qərar verəsən. Utanıb yerə girmirsən? O vaxt İradə Gözəlova “Qoca kloun axtarılır” tamaşasını hazırlayırdı. Mən, Ramiz Məlik və Rafael Dadaşov oynayırdıq. Özü də o qədər ürəkdən oynayırdıq. Özü demişdi ki, tamaşa Fəcr festivalına gedəcək. Amma götürdü “Yuğ”un tamaşasını göndərdi. O kin onda hardanıydı, bilmirəm. O, burda əməlli-başlı işləsəydi, bu gün də işləyərdi...

Aktyor var, öz xoşu ilə teatrdan gedib. Çünki həmişə cavan rollar oynayanlar keçid dövründə çətinlik çəkib. Amma mən cavan vaxtlarımdan yaşlı rolları oynayırdım. Rahatlıqla başqalaşa bilirəm. Təəssüf ki, indi bu teatrda başqalaşma unudulub. Kostyum dəyişməklə deyil. Bütün obraz, xarakter dəyişməlidi. Aktyor tamaşaçı üçün o vaxt maraqlı olur ki, hər tamaşada başqa obrazda tamaşaçı qarşısına çıxır. Bu baxımdan mən özümü uğurlu aktyor sayıram, çünki başqalaşa bilirəm. Necə ki, tarı kökləyirlər, mən də evdən çıxıb teatra gələndə yolboyu özümü kökləyirəm. Özü də ictimai nəqliyyatdan istifadə edirəm. İndiyə kimi maşınım olmayıb. Hərdən yoldaşımla avtobusda gedəndə xəyala dalıram. Bir də görürəm məni dümsükləyir ki, camaat sənə baxır, dodaqların tərpənir.

Teatr, səhnə mənim üçün ayrı aləmdi, ayrı dünyadı. Səhnəyə çıxanda bu dünyadan təcrid olub, o dünyaya gedirəm. Rafiq Əzimov yoxa çıxır. Özüm olmuram, dönüb oluram səhnədəki adam. O hisslər, o yaşantılar sözlə ifadə oluna bilməz. Onu yalnız yaşayan bilər. Ona görə də mən özümü o aləmsiz - səhnəsiz, teatrsız təsəvvür eləmirəm. Hətta 81 yaşımda belə...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.