Georgi Lomaya: "Azərbaycan çempionatında gürcü futbolçuların sayının azalması pul azlığı ilə bağlı deyil"
17-05-2018, 08:31
Gürcüstanın 20 yaşadək futbolçulardan ibarət milli komandasının qapıçılarla işləyən məşqçisi və Bakının "İnter" (indiki "Keşlə") klubunun keçmiş qolkiperi Georgi Lomayanın "Report"a müsahibəsi...
Uzun zaman sonra yenidən Azərbaycandasınız...
- Azərbaycan mənim üçün ikinci vətənim kimidir. Burada 7 ilimi keçirmişəm. Dostlarımı görməkdən çox şadam. Yenidən bu ölkəyə gəlməyimə sevindim.
Oyun haqda nə deyə bilərsiniz?
- Bərabər səviyyəli oyun oldu. Görünür ki, Rəşad Sadıqov çox yaxşı komanda yaradıb. İlk hissədə sizin komandanın çox şansı oldu, ikinci hissədə isə dəyişikliklərdən sonra üstünlük bizim tərəfimizə keçdi və qalib gəldik. Ümumi götürəndə matçın nəticəsinin bərabərlik olduğunu, bəxtimizin gətirdiyini deyə bilərəm.
Oyundan əvvəl qalib gəlib hər kəsə “Gürcüstanda pul az olsa da, futbol Azərbaycandan daha yaxşıdır” fikrini sübut etmək ağlınızdan keçirdimi?
- Bütün hallarda, pul olsa da, olmasa da, meydana çıxırsansa, hədəf ancaq qələbə olmalıdır. Sadəcə, burada köhnə dostlarımla görüşmək xoş oldu. Qalib gəlməyimiz isə sevindirici haldır.
“İnter”dən ayrıldıqdan sonra Azərbaycana ilk dəfə gəlirdiniz?
- Xeyr, daha əvvəl gəlmişdim.
Azərbaycan çempionatında gürcü futbolçuların saylarının azalmasını nə ilə əlaqələndirərdiniz?
- Bilmirəm. Deməzdim ki, bu, pulun azalması ilə əlaqədardır. Hazırda Gürcüstan çempionatında xeyli gənc futbolçu çıxış edir.
İndi sizin zamanınızdakı kimi xarizmatik futbolçular olmadığını düşünmürsünüz?
- İstedadlar həmişə olub. İndi də var. Bu, həm də çıxış etdiyin çempionatdan asılıdır. Güclü liqada oynadıqda inkişaf edə bilirsən.
“İnter"lə bağlı baş verənlərdən xəbəriniz var?
- Əlbəttə, var. Bilirəm ki, adı dəyişdirilərək, "Keşlə" olub. Avrokuboklarda oynamaq üçün icazə verilib. Keçmiş komandama ölkə kubokunun finalında uğurlar arzulayıram. Bəlkə özüm də gəlib stadiondan izlədim. Onlara azarkeşlik edəcəyəm.
“İnter”in uzun müddət sonra “Keşlə” adlanması sizə necə təsir edir?
- Doğrudur, mən komanda “İnter” adlanan vaxt oynamışam, amma ikisi də eynidir, mənə doğmadır. Eyni meydanda çıxış edirlər. Minnətdaram ki, mənə burada çıxış etmək üçün 7 il şans verdilər. İndiyədək də bu komandada çıxış edən futbolçularla dostam.
“Keşlə”nin əsas qapıçısı Kamran Ağayev haqqında nə deyə bilərsiniz?
- Ona uğurlar arzulayıram. Başqa kluba keçən Səlahət Ağayevə də salamlarımı yollayıram. Onlarla görüşmək üçün elə də vaxtım olmadı. Lakin qapıçılarla işləyən məşqçi Cəmaləddin Əliyevlə görüşdüm. Fürsətdən istifadə edərək, sizin milli komandaya da UEFA Millətlər Liqasında və 2020-ci il Avropa çempionatının seçmə tsiklində uğurlar arzulayıram. Azərbaycan xalqına isə salamlarımı çatdırıram.