"6 nəfər ailə üzvümlə 34 kvadratmetr evdə yaşayıram" - Federasiya Prezidenti
21-05-2018, 14:13
BiG.AZ saytının bu dəfəki müsahibi KEMPO idman növünün Azərbaycanda inkişafı üçün əlindən gələni əsirgəməyən, bütün varlığını bu idman növünə xərcləyən Şərq əlbəyaxa Döyüş növləri üzrə əməkdar məşqçisi, Kempo döyüş növü üzrə üçqat Dünya çempionu, Azərbaycan KEMPO Federasiyasının prezidenti Rauf İbrahimovdur.
Xoş gördük Rauf müəllim, müsahibəyə başlaya bilərikmi?
-Xoş gördük. Əlbəttə başlaya bilərik.
-Rauf müəllim niyə məhz KEMPO idman növünü seçdiniz və qərar verdiniz ki, siz KEMPO idman növünü Azərbaycanda inkişaf etdirəcəksiniz?
-2009-cu ildə Beynəlxalq KEMPO Federasiyasına mən rəsmi müraciət etdim. Bundan öncə mən həmin qurumun fəaliyyətini gözdən, nəzərdən keçirtdim, gördüm ki, çox ciddi bir təşkilatdır. Bundan öncə də mən uşaqlıq illərimdən bu idman növü haqqında maraqlanmışam, oxumuşam, öyrənmişəm. Hansı ki, bu idman növü özündə bir çox idman növlərini cəmləşdirir. Bir sözlə Şərq Döyüş Mədəniyyətini özündə cəmləşdirən bir idman növüdür. Düşündüm ki, belə bir idman növünü Azərbaycana gətirsəm bizim gənclərimiz də idmançı olar, sağlam böyüyər və beləliklə bu idman növü də inkişaf edər. Həm də KEMPO olimiadaya can atan bir idman növüdür və gələcəkdə olimpiadaya da salınacaq.
-Gənclərin və eləcə də dövlətimizin bu idman növünə diqqəti, marağı sizi qane edirmir?
-Azərbaycan müharibə şəraitində yaşayır və bu günki iqtisadi proseslər ölkəmizə də təsirsiz ötüşməyib. Belə bir gərgin şəraitdə dövlətimizin bizə ayırdığı hərhansısa cüzi bir diqqət bizim üçün qənaətbəxşdir. Deməzdim ki, diqqətdən kənarda qalmışıq, qanun çərçivəsində bizə bəzi diqqət göstərilir. Artıq 8 ildir ki, bu idman növü Şərq Döyüş Növləri Şurası, Gənclər və İdman Nazirliyi, Bakı Şəhər Gənclər və İdman İdarəsi tərəfindən qəbul edilir və təbliğ edilir. İdmançılarımızn beynəlxalq kürsüyə çıxmasında, məşqçilərimizin əməkdar məşqçi kimi formalaşmasında diqqət və qayğı görürürk.
-Hansı çətinliklər yaşayırsınız hazırda?
-İdmançılarımızı beynəlxalq yarışlara çıxarmaqda maddi çətinliklərimiz olur. Belə ki, dövlətimiz 5 idmançımızın yarışa qatılmasını təmin edirsə, biz də dost tanış taparaq daha 5 idmançımız üçün pul toplayırıq. Bu çətinliyə baxmayaraq bu 8 il ərzində biz 11 dünya çempionu yetişdirə bilmişik. BUrada mənim də, bizimlə əməkdaşlıq edən müəllimlərin də böyük əməyi olub. Mən federasiya rəhbəriyəm deyə hər şeyi mən etdim deyə bilmərəm. Digər müəllimlərimizin də böyük zəhməti və əməyi olub.
-Beynəlxalq yarışlarda birincilik qazanan peşəkar idmançılarınıza hansı şərtlərlə məşqçi statusu verirsiniz?
-Bilirsiniz, hər yerindən duran məşqçi ola bilməz. Məsələn mən məşçi olmaq üçün uzun bir yol keçmişəm. Azərbaycan Dövlət Bədən Tərbiyəsi Akademiyasının Təkmübarizə ixtisasını bitirmişəm, bir çox sertifikatlarım var, bununla yanaşı Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak etmişəm, qəlpə yarası almışam, hərçənd ki, hazırda da başımda və ayağımda çıxarılmayan qəlpələr daşıyıram. Ona görə də hər zaman papaq qoyuram ki, başımdakı qəlpə yarasının yeri görünməsin.
-Valideyinləri qane edirmi onların övladlarına verdiyiniz idman sənəti?
-Gəlin etiraf edək ki, valideyinlər idman nədir, özünümüdafiə nədir bilmirlər. KEMPO idman növü isə həm gənclərə idman növü aşılayır, həm də özünümüdafiə. Bu idman növünü öyrənmək istəyənlər belə desən poliqlot olmalıdırlar. Hər şeydən, bütün idman növlərindən anlayışlı olmalıdırlar. Cüdo, boks, güləş, karate bunlar hər biri dar ixtisaslardır. KEMPO-nun üstünlüyü isə bütün bunlara sahib ola bilməsidir. Ona görə bu həm şagirdləri, həm də valideyinləri qane edir. Lakin bizim dövlətimizlə yanaşı iş adamlarımızın da dəstəyinə ehtiyacımız var ki, daha çox idmançı yetişdirə bilək, onları beynəlxalq yarışlara daha çox çıxarda bilək.
-Qarabağ döyüşlərində iştirak etdiyinizi dediniz. Neçənci ildə və hansı istiqamətdə gedən döyüşlərdə iştirak etmisiniz?
-Mən 1991-ci ildə Rusiyanın Perm şəhərindən gəldim. Bir il Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət etdim sonra gəldik Ağdamın Naxçıvanik kəndinə. Muğanlıdan Naxçıvanikə, ordan da Ərənzəmin, Pircamala qədər. Mən də Naxçıvanikdə yaralandım. Mühasirəyə düşdük. Bizi ağır artilleriya ilə atəşə tutdular, əllərim, başım, ayaqlarıma qəlpələrlə doldu. Mühasirədən çox çətinliklə çıxa bildik. Ağdam Füzuli istiqamətində bir çox ağır döyüşlərdə iştirak etmişəm. Ümumilikdə 7 il hərbi xidmətdə olmuşam. Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında Xüsusi Təyinatlı Dəstədə əlbəyaxa döyüş üzrə baş təlimatçı işləmişəm. 5 il xidmətdə olmuşam, 2 il də xidmətdən əlavə qalmışam. Ona görə də mən vətənpərvər bir insanam.
-Federasiya rəhbəri olaraq gəlirlərinizdən razısınızmı?
-Müəyyən bir hissəsi ilə razıyam amma müəyyən bir hissəsi ilə razı deyiləm. Çünki bəzən sponsoru olan federasiyalar var ki, idmançıları tez-tez beynəlxalq yarışlara çox sayda qatıla bilirlər, qalib gələn idmançıya ev, maşın hədiyyə edilir. Güclü bir biznesmen federasiyaya rəhbərlik etsə təbii ki, hər kəs üçün dolanışıq olur. Amma bu gün bizdə özümüz çabalaya-çabalaya idmançılarımızı yarışlara göndəririk. Vəziyyətimiz bu dəqiqə üçün qeyri-normaldır, şərait heç də yaxşı deyil. 6 nəfər ailə ilə 34 kvadratmetr evdə yaşayıram. Mənim nəyim varsa hamısını idman sahəsində qoymuşam. Hansı ki, işbazlar var ki, idmana biznes kimi yanaşırlar ki, qazanc əldə etsinlər. Amma mənim nəyim varsa idmana qoymuşam. Gəlib evimə baxsanız görərsiniz hansı vəziyyətdə yaşadığımı. Mənim üçün pul o qədər də önəm kəsb eləmir. Bu gün mənim idman zalımdakı uşaqların yarısından çoxu pulsuz məşq edir. Pulsuz onlara kömək edirəm. Amma bunun müqabilində sən bunun vergisin də ödəməlisən, kommunalını, arendasını ödəməlisən. Bir gəlib maraqlansınlar görsünlər ki, Rauf müəllim siz bunu hardan tapıb, hara verirsiniz?
Amma nə etmək olar, bura qədər bu sənəti gətirmişik, gətirmişik ki, inkişaf etdirək.
- Sizin haqqınızda bir yazı yayımlandı. İdmançınıza xoş olmayan söz demişdiniz...
-Bəli, yarışların birində lentə alınmış görüntünü yaymışdılar. Yazmışdılar ki, Rauf müəllim idmançısına "heyvan" dedi. Məndən heç bir valideyin, heç bir şagird şikayət etməmişdi. Hətta o idmançı da mənim qardaşımın balasıdı. Mənim öz doğma qızım da yarışda iştirak edəndə, ermənini məğlub edəndə də sevincimdən demişdim afərin sənə "itin balası". Bir Allah bilir ki mənim idmançılarım döyüşəndə mən nə həyəcan keçirdirəm. Həmin yarışda da çox həyəcanlı idim. İdmançıma nə qədər dedim ay uşaq onu götür çırp yerə, ona filan fəndi at eşitmədi. Axırda qışqıdrım ki, ay "heyvan" onu vur yerə. İnanın orda elə vəziyyətdə olmuşam ki, heç "heyvan" deməyimi hiss etməmişəm. Sonradan video yayımlananda baxmışam, fərqinə varmışam ki, belə bir söz demişəm. Nə olsun ki, mən həm federasiya rəhbəriyəm, həm məşqçiyəm, həm atayam, həm əmiyəm, həm dayıyam. Burda bu qədər böyüdüləcək bir şey yox idi.
-Gələcəyə ümidiniz varmı?
-Ümidlərim böyükdü. İnanıram ki, KEMPO idman növü böyüyəcək, inkişaf edəcək. Daha çox diqqət və qayğı göstəriləcək. KEMPO idman növü olimpiadaya daxil ediləcək.
Rauf müəllim müsahibə üçün sizə təşəkkürümüzü bildiririk, sizə gələcək fəaliyyətinizdə uğurlar.
Mən də sizə və sizin kollektivinizə uğurlar arzu edirəm.