“Növbəti məhkəmə iclaslarında Aslan İsmayılovun psixi vəziyyətini yoxlamaq üçün vəsatət qaldıracağam” - Mürvət Həsənli

22-05-2018, 13:06           
“Növbəti məhkəmə iclaslarında Aslan İsmayılovun psixi vəziyyətini yoxlamaq üçün vəsatət qaldıracağam” - Mürvət Həsənli
Tanınmış iş adamı Mürvət Həsənli musavat.com-a açıqlamasında deyib ki, Səbayel rayon Məhkəməsində dünən növbəti dəfə onun Aslan İsmayılova qarşı qaldırdığı iddia ərzinə baxılıb. Amma hər zaman olduğu kimi, bu dəfə də Aslan İsmayılov məhkəməyə gəlməyib. Ötən məhkəmə iclaslarında ittiham olunan tərəfin zorla prosesə gətirilməsi barədə qərar çıxarıldığından, tanınmış hüquqşünasın hüquqa bu sayğısızlığı hakimi də qəzəbləndirib. O, polisə zəng edərək, məhkəmə qərarını niyə yerinə yetirməmələriylə maraqlanıb. Polisdən bildiriblər ki, Aslan İsmayılov xəstə olduğu üçün məhkəməyə gəlməyib və bir neçə gün möhlət istəyib. Nəticədə Aslan İsmayılovun məhkəməsi növbəti dəfə təxirə salınıb.

Aslan İsmayılovun xəstəliyi əsas gətirərək məhkəmədən yayınmasını özünəməxsus üslubla qiymətləndirən iş adamına görə, o, axşam saatlarında facebook səhifəsində bir status paylaşıb: “Statusunda Ulduz metrosunun yanındakı Şin zavodunun həyətində olduğunu və ordakı Məmməd Əmin Rəsulzadə heykəlini ziyarət etdiyini yazıb. Maraqlıdır ki, Aslan İsmayılov həmin heykəlin yerləşdiyi məkanı zibilxana adlandırıb və guya, öz aləmində, indiki hakimiyyəti heykələ baxmamaqda günahlandırıb. Unudub ki, həmin heykəlin ora qoyulması indiki hakimiyyətin ağlının məhsulu deyil. Bir zamanlar adı Allahverdi olan bu hüquqşünas isə bütün qərəzini indiki hakimiyyətin üzərinə tökür”.

Bununla belə, onu daha başqa məsələ - Aslan İsmayılovun Şin zavodunun zibilliyində nə gəzdiyi maraqlandırdığını deyən iş adamına görə, Aslan İsmayılovun bu hərəkəti paranoya əlamətidir: “Bilirsiniz ki, paranoya psixi pozğunluqdur. Bu xəstəliyə tutulanlarda təşviş halları müşahidə olunur. Paranoyak təşvişlər arasında; insanın izlənildiyi, elektronik vasitələrlə müşahidə edildiyi, yemək və ya içkilərinin zəhər qatıldığı, hər an həbs olunacağı qorxusu və s. simptomları olmaqdadır. Maraqlıdır ki, Aslan İsmayılov da bu simptomların bir neçəsi var. O, gah öz təsəvvüründə “yumurta mafiyası” yaradır, gah bu mafiya tərəfindən təqib olunduğunu bildirir, gah da məhkəmədən qaçaraq, heç kimin görmədiyi yerlərdə gəzişməyə qərar verir. Bu da yəqin ki, onun tutulmaq təşvişindən irəli gəlir”.

Dəhşətli təşviş içində yaşamaqdansa, Aslan İsmayılova üzr istəməyin daha xeyirli olduğu mesajı göndərən iş adamına görə, bu, nəzakət formasıdır: “Nəzakət qaydalarına uyğun olaraq üzr istəsə, həm daxili iztirabdan qurtular və gözdən xəlvətdə gəzməz, həm də mədəniyyətini nümayiş etdirərək aristokrat insanların arasında nüfuz qazanar. Aslan İsmayılov isə hətta mədəni olmaqdan da qorxur”.

Bütün bunları nəzərə alaraq, növbəti məhkəmə iclaslarında Aslan İsmayılovun psixi vəziyyətini yoxlamaq üçün vəsatət qaldıracağını deyən iş adamı bununla da ən böyük yaxşılığı rəqibinə edəcəyini bildirdi: “Ən azı ona görə ki, A. İsmayılov vaxtında müalicə olunaraq, mənəvi rahatlıq tapa bilər”.

Qeyd edək ki, Aslan İsmayılov dünənki facebook statusunda yazmışdı:

“Bu gün sosial şəbəkələrdə, haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı olan, Cümhuriyyəti quran Kişilərin başında dayanan Məhəmməd Əmin Rəsulzadənin Ulduz Metrosunun yanında yerləşən Şin zavodunun həyətində zibilliyin, kol-kosun içində olan büstünü gördüm. Həqiqətən utandım. Cümhuriyyəti quran kişilər mənə də lənət oxumasınlar deyə bu yazını qeydə alıb buradan deyirəm - ayıbdır, Cümhuriyyəti quranlara, milyonlarla vətəndaşa hörmət etmirsinizsə heç olmasa özünüzə hörmət edin, qəbul olunmuş qərarın icrası üçün bir iş görün. İnsanları qanmaz yerinə qoymayın”.

İş adamı Mürvət Həsənli şərəf və ləyaqətini təhqir etdiyinə, böhtan atdığına görə hüquqşünas Aslan İsmayılovu məhkəməyə vermiş, ittiham tərəfi isə artıq neçənci dəfədir ki, iclaslara qatılmadığından proses təxirə salınır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.