Federasiya rəhbərindən Adil Əliyevə CAVAB: - “Kikboksu mən yaratmışam”
22-05-2018, 19:19
Azərbaycan Kikboks Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev Unikal.org-a verdiyi müsahibədə Hap Ki Do, Budo və Cu-boksinq federasiyalarını dələduz adlandırmışdı.
Dələduzluqda ittiham olunan Hap Ki Do federasiyasının rəhbəri, Turan Do döyüş sənətinin banisi Süleyman Məmmədli redaksiyamızda qonaq oldu. O, Unikal.org-a danışarkən "tarixini danan, ermənidir” deyərək bəzi məsələlərə aydınlıq gətirib:
- 1983-cü ildə Macaristanda karate və taekvondodan beynəlxalq dərəcə almaq üçün imtahan verməyə getmişdim. Bilirsiniz ki, kikboks 1977-ci ilə Qərbi Almaniyada Corc F. Brukner tərəfindən yaranıb. 1983-cü ildə isə Macarıstanda Avstriyadan gəlmiş idmançılarla görüşdüm və onların sahəsində kikboksla tanış oldum. Həmin dövrdə bu idmanı Azərbaycana gətirdim. O zaman Dinamo İC-də sistem işçilərinə dərs deyirdim. Elə həmin vaxt Savalan İdman Mərkəzində kikboks dərslərinə başladım.
1985-ci ildə ilə Azərbaycanda Kikboks Federasiyasını açmaq istədim. Adını çəkmək istəmirəm, İdman Komitəsində çalışan bir nəfər dedi ki, "bunun açılmasına icazə vermirəm. kikboks açılarsa boks inkişaf etməyəcək”.
Amma 1995-ci ildə kikboks federasiyası açıldı. Kikboksu Azərbaycana şəxsən mən gətirmişəm, burada onu mən yaratmışam.
1989-cu ildə isə Azər, Ceyhun, Ramiz və digər idmançılar mənim yanımda məşq edirdi. Həmin ilin mayında SSRİ-də ilk dəfə Şimali Koreyanın taekvondosundan seminar keçmişəm.
Mən, Azər, Ceyhun və Şirvin Dağıstana getmişdik. Yanımda apardığım şəxsləri oradakı məşhur idmançılarla tanış etdim. O zaman tekvondo, uşu və karate üzrə məşqlər keçirdim. Həmin vaxt SSRİ məkanında karate federasiyası açmaq qadağan idi. Ancaq Uşu döyüş növləri sənəti qurumu açıldı və bu qurum altında karate keçirilə bilərdi.
O zaman ətrafımda olanlara dedim ki, 3 idman növünü davam etdirmək mənim üçün çətindir. Biriniz Uşunu, digəriniz isə kikboks idmanını götürün. Mən taekvondoya gedirəm. Kikboks Azərbaycanda belə yaranıb. Bunlar hamısı tarixdir, tarixi danan isə erməndir.
Dələduzluq məsələsinə gəldikdə isə, bizim Hap Ki Do Federasiyasının bir çox dünya qurumları ilə əlaqəsi var. Məsələn Çin Döyüş növləri deyə bir beynəlxalq qurum var. Yarış təşkil olunanda Azərbaycandan qatılmaq istəyənlər üçün bizə müraciət olunur. Çünki biz nümayəndəyik. Yarışa gedərkən də bizə başqa federasiyalardan idmançılar qoşula bilər. Bu o demək deyil ki, həmin idmançıların hamısı mənimdir.
İtaliyada keçirilən yarışa gedəndə Hap Ki Do Federasiyasının tərkibində başqa federasiyadan idmançılar qatılıb. Bu hal bir çox ölkələrə yarışa getdiyim zaman da təkrarlanıb.
İndi adlarını sadalamaq istəmirəm, amma orada döşəyə çıxmadan "çempion” olanlar da var idi, öz çəkisinə uyğun olmayan döyüşdə iştirak edənlər də olub. Onlar bizim Hap Ki Doçular deyildi.
- Yəni, sizin adınızdan istifadə ediblər?
- Sadəcə rəhbərliyimiz altında gedib. Çoxundan da Adil Əliyevin xəbəri olub. Zəng edəndə ona dedim ki, özün də orada iştirak etmisən. Daha sonra sözləşdik ki, ayın 8-də görüşək. Ancaq görüşümüz nədənsə alınmadı.
Hap Ki Do digər idman növlərindən qat-qat üstündür. Taekvondonun bir qoludur. Hap Ki Do növündə bizim idmançılarımız başqadır. Hap Ki Do federasiyasında olanların hamısını yaxşı tanıyıram.
- Bəs dələduz adlandırılanlar kimlərdir?
- Yenə deyirəm, mən yarışa gedirəm, kikboks federasiyasının da idmançıları bizimlə gedir. Azərbaycanda nümayəndə olduğumuz üçün onlar bizim rəhbərliyimiz altında gedirlər. Amma "dələduz” dedikləri mənim idmançılarım deyil. Sərbəst çıxış edib gəlirlər. Lakin orada kimin necə çıxış etdiyini yaxşı görürdük. Bizim federasiyanın burada nə günahı var? Biz sadəcə yarışa aparan nümayəndəyik.
- Süleyman müəllim, sizin rəhbərlik altında gedirsə cavabdeh siz sayılmırsınız?
- Mən onları aparıb-gətirirəm. Orada neynirlər özləri bilər.
- Yarışa Azərbaycandan neçə nəfər gedə bilər?
- Sırf Hap Ki Do yarışına mənim icazəm olmadan heç kim çıxa bilməz.
- Bu barədə Adil Əliyevlə danışmısınız?
- İşlərimin çoxluğu səbəbilə xəbərləri oxumağa vaxtım yoxdur. Bu barədə idmançılar mənə dedi. Sonra danışanda Adil Əliyevə dedim özün bizimlə yarışda olmuşdun. Sənin idmançıların da orada idi. Bəs onda niyə susdu? Orada dələduzluq edən mənim idmançım olsaydı, bu başqa məsələ... Bizim federasiyamıza aid idmançılar ayrı çıxış edir.
- Əvvəldə dediniz ki, Kikboksu siz yaratmısınız. Amma Azərbaycanda ilk federasiyanın və kikboks Federasiyasının yaradıcısı kimi Azər Həsənsoyu tanıyırlar. Bunun səbəbi nədir?
- Onunla danışın, soruşun ki necə çempion olmusan? Necə ev almısan? Necə əməkdar məşqçi olmusan?
- Azər Həsənsoyla münasibətiniz necədir?
- Yox, onunla heç bir əlaqəm yoxdur. Ona soruşun ki, necə mənim qonqumu oğurlayıb aparmısan? Yapon döyüşçüləri mənə qonq hədiyyə vermişdi. O da xahiş etdi ki, yarış keçirirəm, ora aparım gətirəcəm. Amma sonra gəldi ki oğurlayıblar. Lakin uşaqlar həmin qonqun onda olduğunu görüblər. Mənə deyiblər ki, hələ də yarışlarda istifadə edir.
Adamlar var ki, paltarını dəyişmədən çempion sertifikatı alıb gətirir. Azər Həsənsoydan əsas soruşun ki, "necə dünya çempionu olmusunuz?”
Taylandda dünya çempionatı zamanı yarış qurtarıb. Uşaqlar görür ki, o kiminləsə məşq edir və kameraya çəkdirir. Ondan soruşurlar nə edirsən? Deyir heç özüm üçün məşq edirəm. Sonra Bakıya gələndə deyir ki, dünya çempionu olmuşam və həmin görüntüləri də yarışda qələbə döyüşü kimi nümayiş etdirir.
Azərbaycan Döyüş Federasiyası Assosiyasiyasını mən yaratmışam, bu barədə nazirlikdən də sənəd verilib.
Bunu sübut edə bilərəm. Əsas möhür də, nizamnamələr də məndədir. Dedi ki, həmin sənədlərdən mənə verin sosial fonda qeydiyyata düşməlidir. Mən də verdim. Həmin vaxt başqa ölkəyə seminara gedirdim. Ölkəyə qayıdanda gördüm televiziyada çıxış edir və "Azərbaycan Döyüş Federasiyası Assosiyasiyasının prezidenti Azər Həsənsoy” kimi yazılıb.
Gedib iclas qurublar və necə ediblərsə adını dəyişərək Azəri qeyd ediblər. Amma həmin assosiyasiyasının əsas möhürü məndədir. Mənə dedilər şikayət et, amma yenə baş qoşmadım. Mən yaratdığım federasiyanı öz adına çıxardı.
- Bəs Hap Ki Do Federasiyasında nə baş verib ki, qurum dələduz adlandırılır?
- Bilmirəm. Bizim nümayəndəlik altında gedənlər onların da idmançıları olub. Yəqin onu qıcıqlandırıblar. Mən belə işlərlə maraqlanmıram. Öz işlərimi görürəm, qarşıdakı yarışlar barədə düşünürəm.
Əminliklə deyirəm ki, bizdə saxta çempionlar yoxdur. Tək mən 30 dəfədən çox çempion olmuşam. Bunun səbəbi də Hap Ki Donun tərkinində bir çox idman növləri var. Sonuncu dəfə dünya çempionluğumu ötən il qazandım. Sayını heç özüm də bilmirəm. Bu da veteranlar arasında deyildi. Cəmi 3 dəfə veteranlar arasında çıxmışam. Qalanları isə masterklas və 18 yaşdan yuxarı olan bütün idmançılarla olub.
- Bəs o dələduzlar kimdir?
- Hap Ki Do komandasının məşqçisi Natiq Mehdiyev müdaxilə edir: "Belə deyim, əgər kimsə bayrağı dalğalandırır, Azərbaycan üçün döyüşürsə o bizim üçün böyük insandır. Bizdə heç bir dələduzluq yoxdur, hamısı rəsmi qaydadadır”.
Süleyman Məmmədli: Qalan şeyləri gedib öz uşaqlarından soruşsunlar. Mən axırıncı dəfə medallarımı çəkdim 11.700 kq oldu. Ümumi "dan”larımın sayı 200-dən çoxdur. Sertifkatlarımın sayını bilmirəm. Ancaq bu günə qədər özümü reklam etməmişəm. Başıma gələn maraqlı bir əhvalat danışım sizə...
Koreyada Dünya kubokuna qatılmağa getmişdim. Yarış öncəsi bir kənarda məşq edirdim. Yarışa komanda şəkilində getməli idik, amma pul olmadığı üçün tək getdim. Səhv etmirəmsə 2009-cu ildə olub. Kubok yarışında da azı 3 nəfər mübarizəyə qoşulmalı idi. Möcüzələrə həqiqətən inanmaq lazımdır...
Məşqdən sonra oturub dincəlirdim. Bir də stolun kənarına bizim vertalyot böcəyi dediyimiz böcək qondu. Öz-özümə dedim, "barmağımın ucunu ona toxundura bilsəm sabah qələbəm çox olacaq”. Barmağımı böcəyə doğru uzatdım, uçdu getdi. Öz-özümə heyfsləndim ki, bu qədər əziyyət çək gəl, bu nə iş idi başıma gəldi. Amma bir neçə saniyə sonra qayıdıb, əlimin üstünə qondu, mən də başını sığalladım getdi. Elə qatıldığım 3 növdən də çempion oldum.
Sonda Hap Ki Do komandasının məşqçisi Natiq Mehdiyev bu sözləri əlavə etdi:
- Deyirlər ki, Hap Ki Do-dan dünya çempionları çoxdur. Düzdür, Çin döyüş növləri üzrə bizim federasiya tərkibində çox idmançı var. Sırf Hap Ki Do-dan isə dünya çempionu 6 nəfərdir - Seymur Əliyev, Eldəniz Xəlilov, Orxan Məmmədli, Rəşad Abbasov, Arif Mustafayev və mən Natiq Mehtiyev.
Onların hər biri də Süleyman müəllimin şəxsi tələbələridir. Gedib yalandan döyüşüb, dünya çempionuyam deyənlərdən deyil. Onlar əsil dünya çempionudur, əsil idmançılardır. Bəziləri kimi, Bakı çempionu olmadan dünya eçmpionu olanlardan deyilik. Dünya çempionu birinci öz ölkəsinin çempionu olmalıdır.