Almatıda akşa ayırbastaular niyə 24 saat işləyir? - lll REPORTAJ
23-05-2018, 08:22
Ərəblər Bakıya necə və niyə axışırsa, çinlilər də Almatıya eləcə daraşıb; Qazaxıstan turizmdən valyuta qazanmağın yolunu çözüb - bir az azadlıq, bir az ucuzluq, bir az diqqət...
Almatıdakı otelin foyesində oturanda, otellər olan küçələrdə gəzişəndə bəzən adama elə gəlir ki, Pekindəsən, Şanxaydasan, ən azı Urumçidəsən.
Bu hiss heç də ona görə yaranmır ki, monqoloid irqinə mənsub xalqları – qazax, qırğız, çin, monqol, uyğur, özbək, koreyalı və başqa millətlərin oğul və qızlarını bir-birindən ayıra bilmirik. Elə deyi, şükür ki, hamısını ilk baxışdan bir-birindən ayırmaq olur.
Məsələ ondadır ki, Çin vətəndaşları Almatının ən baha otellərindən tutmuş ən ucuz hostellərinə qədər, hər yerdə gözə dəyirlər – həm də daha çox qrup şəklində, 10-15 nəfər birlikdə. Onlar heç kimə və heç nəyə məhəl qoymadan öz dillərində qızğın-qızğın danışa-danışa, çevik addımlarla ora-bura gedirlər.
Deyəsən, dünyanı gəzmək, çox səyahət etmək məsələsində avropalıların adı çıxıb, çinlilər bu sahədə də onları üstələməkdədirlər. Hər halda ötən il Astana ötellərində gördüyümüz mənzərinin eynisini Alamtıda da müşahidə etməkdəyik. Deyək ki, ötən il Astanada EKSPO-2017 sərgisi keçirilirdi, bütün regionun gözü Astanadaydı, amma bu il o miqyasda mədəni tədbir olmasa da, turistlərin sayında azalma yoxdur.
Üst-başlarından, geyim-kecimlərindən çinlilər o qədər də varlı-hallı adamlara oxşamırlar. Dünyaya yüz cür bahalı və ucuz libaslar ixrac edən Çinin turist vətəndaşlarının əynində o qədər sadə, kasıbyana paltarlar olur ki, adam sadəcə, təəccüb edir – bu cür adamlar bahalı əyləncə və istirahət növü sayılan səyahətə necə pul çatdırırlar?
Belə anlaşılır ki, bu, heç də Çin vətəndaşlarının turizmə həvəsinin ifrata çatması üzündən deyil, daha çox Qazaxıstan dövlətinin yeritdiyi məqsədyönlü siyasətin nəticəsidir. Bu ölkə yavaş-yavaş regionun əsas turizm mərkəzinə çevrilməkdədir.
Məsələ ondadır ki, Almatını başına alan turistlərin heç də hamısı çinlilər deyil, burada monqollar, taciklər, özbəklər, qırğızlar, koreyalılar, pakistanlılar, hətta əfqanlara da rast gəlmək olur.
Artıq neçə illərdir ki, Qazaxıstan rəhbərliyi ölkəyə valyuta gətirməyin tək yolunun neft-qaz və ya taxıl ixrac etmək olmadığını dərk edib, ölkənin turizm potensialını hərəkətə gətiriblər. Bu üzdən ölkəyə giriş-çıxışın asanlaşdırılması, turizm şirkətlərinin fəailiyyət dairəsinin genişləndirilməsi, ölkədə əcnəbilərə xoş münasibətin göstərilməsi, vaxtaşırı keçirilən forumlar, konqreslər, qurultaylar, festivallar, yarışmalarla ölkəyə əcnəbiləri kütləvi şəkildə axınını təmin edirlər.
Elə tədbirlərdən biri də şopinq-festivallardır. Dünyanın hər yerində belədir: xarici ölkədən alınan əmtəə hər zaman daha dəyərli olur və xarici ölkəyə səfərə gedənlərin demək olar ki, hamısı ilk fürsətdə bazarlara qaçırlar. O bazarlarda hansısa festival nədəniylə ucuzluqdursa, nə əla. Almatıda isə şopinq-festivallar təşkil edilməsi artıq ənənə halını alıb. Buna görə də qonşu ölkələrdə (yeri gəlmişkən, Almatının coğrafi mövqeyi elədir ki, qonşu dövlətlərdən ora keçmək və qayıtmaq bir neçə saat çəkir).
Rəsmi məlumatlara görə, Almatıda 68 iri bazar var və onlarn 11-i modernləşdirilib, müasir standartlara cavab verir.
Bundan başqa, əcnəbi turistlər üçün Qazaxıstan təkcə ticarətin sərfəli olduğu üçün maraqlı deyil. Onlar bu ölkədə özlərində olduğundan daha çox azadlıq, asudəlik əldə edirlər.
Başqa sözlə, Yaxın Şərqdən gələnlər, xüsusilə də ərəb turistlər Bakını nəyə görə çox sevirlərsə, digər mühafizəkar Asiya ölkələrindən gələnlər də Almatı və Astananı, aşağı-yuxarı o üzdən çox sevirlər.
Təbii ki, təkcə bunlar deyil. Almatının gözəl təbiəti, adamın ruhunu oxşayan peyzajları var. Aladağın (Alatau) ətəyində yerləşən bu şəhərdə qış turizmi üçün də böyük imkanlar var və qonçu ölkələrdəki xizəksürmə həvəskarları istəklərini təmin etmək üçün uzaq İsveçrəyə, Avstriyaya getmələrinə gərək qalmır, Aladağın qoynundakı Medeoda onlar üçün hər cür şərait yaradılıb, infrastruktur düzəldilib.
Onlar “Çimbulak” kurortunu ziyarət edə, burada xizək sürə, kanatda dərin dərələrə baxa-baxa dincələ, əylənə bilərlər və elə edə edirlər.
Bir də ən önəmlisi budur: qazaxlar, xüsusulə taksi sürücüləri addımbaşı turistlərə kələk gəlməyi, onları aldatmağı, soymağı sevmirlər, ünsiyyətdə səmimidirlər və gerçəkdən qonaqpərvərdirlər. Elə çıxmasın ki, Qazaxıstanda, Almatıda hər şey ucuzdur, sərfəlidir. O qədər də deyil. Onlar da çalışırlar ki, xidmətləri və onun qiyməti Avropa standartlarından çox aşağıda olmasın, xüsusilə iaşə sektorunda belədir – yemək-içmək ucuz deyil. Sadəcə, qazax iaşəçilər 10 nəfərlik qrupa bir quzunun kababını verib, bir cöngənin pulunu tələb etmirlər.
Hər halda, Almatıda mərkəzi prospekt və küçələrdə, eləcə də otel həndəvərlərində fəaliyyət göstərən akşa ayırbastaular (valyuta mübadiləsi məntəqələri) sutkada 24 saat, fasiləsiz işləyirlər. Bu da o deməkdir ki, Qazaxıstanın büdcəsinə valyita axını fasiləsiz davam edir.
P.S. Avrasiya media forumunda jurnalistlərin iştirakı JTİ şirkətinin dəstəyi ilə həyata keçirilir.
Xalid Kazımlı, Musavat.com
Almatı, Qazaxıstan