Kartof-soğan ucuzlaşıb, meyvələr isə... - (REPORTAJ, FOTOLAR)
23-05-2018, 08:30
Mövsümi məhsulların qiyməti günbəgün enir
Azərbaycan bu il meyvə və tərəvəz ixracını ötən illə müqayisədə 22 faiz artırsa da, ölkənin daxili bazarlarında meyvələrdə bahalıq müşahidə olunur.
Xüsusilə də mövsümü meyvələrin qiyməti ötən illərlə müqayisədə yüksəkdir. Amma aprel ayında əhali kartof və soğanın baha olmasından şikayətlənirdisə, hazırda bazarda elə ən ucuz qiymətə satılan bu məhsullardır.
Məlumat üçün qeyd edək ki, bu ilin yanvar-aprel ayları ərzində Azərbaycan 111 mln. 131,18 min ABŞ dolları dəyərində 104 min 311,18 ton meyvə-tərəvəz ixrac edib. Bu, həcm baxımından 2017-ci ilin 4 ayı ilə müqayisədə 19 min 575,07 ton və ya 21,67% çoxdur. Məbləğ baxımından isə illik nisbətdə 23 mln. 840,24 min dollar və ya 27,31% çoxdur.
“Yeni Müsavat”ın əməkdaşı olaraq meyvə-tərəvəzin bazarlarda və iri marketlərdə qiymətlərini öyrənməyə çalışdıq.
Öncə olduğumuz 8-ci kilometr bazarında müşahidə etdik ki, məhsulların bolluğu baxımından heç bir problem yoxdur. Bazarın girişindən, axırına qədər bütün növ mövsümü meyvə və tərəvəzlərə rast gəlmək mümkündür. Piştaxta arxasında oturan satıcılar bazar adəti ilə heç də əziyyət çəkib, müştərilərini çağırmır, qiymətləri söyləyib əziyyət çəkmirdilər. Əksər satıcılar məhsulun üzərinə qoyduğu kağız parçasına qiymətləri yazıb, oturub müştəri gözləyirdilər.
Qiymətləri öyrənmək üçün bazarda gəzdiyimiz zaman müşahidə etdik ki, ötən illə müqayisədə qiymətlərdə artım olsa da, aprel ayı və mayın ilk günləri ilə müqayisədə ucuzlaşıb.
Bazarda kartofun qiyməti 40-60 qəpik arasında dəyişir. Soğanın isə 3 kiloqramı 1 manata satılır. Satıcılar bildirdilər ki, ötən ay bazarda kartof və soğan baxımından qıtlıq müşahidə olunsa da, bu ay bolluqdur. Bu isə qiymətlərin ucuzlaşmasına təsir edib.
Bazarda mövsümü meyvələrdən alça və çiyələyin qiyməti də ötən həftə, hətta 2 gün öncə ilə müqayisədə bir qədər ucuzlaşıb. Lakin alıcılar mövcud qiymətlərdən narazıdırlar. Onların sözlərinə görə, hazırkı qiymətlər ötən illə müqayisədə bahadır: “Qiymətləri aldığımız maaşla müqayisə etsək, çox bahadır. Ancaq ümumilikdə götürəndə keçən həftə ilə müqayisədə meyvə-tərəvəzin qiymətində 5-10 qəpik ucuzlaşma var”, - deyə söhbət etdiyimiz alıcılar bildirdilər.
Hazırda bazarda çiyələyin kiloqramı 1-2 manat arasında dəyişən qiymətlə satılır. Xırda və bir qədər əzilmiş çiyələklər 1 manata, iri çiyələklər isə 1.5-2 manatadır.
Alçanın da qiyməti 2-2.5 manatadır. Satıcılar bildirdilər ki, iri alçaların (göycə) qiymətində ucuzlaşma var. Ötən günlərdə 4 manata satılan göycə hazırda 2.5 manatadır.
Pomidorun qiymətində də ötən ayla müqayisədə azalmanın olduğunu müşahidə etdik. Onu da qeyd edək ki, ötən aylarda pomidorun qiyməti sosial şəbəkələrdə, mətbuatda xeyli müzakirələrə səbəb olmuşdu. İqtisadçılar bunu pomidorun ölkə xaricinə ixracı və nəticədə daxili bazarda qıtlığın yaranması ilə əlaqələndirmişdilər. Məlumat üçün onu da qeyd edək ki, pomidor Azərbaycanın ixrac etdiyi meyvə-tərəvəz məhsulları arasında liderdir.
Hazırda isə bazarda pomidor sarıdan qıtlıq müşahidə etmədik. Satıcılar da bildirdilər ki, artıq pomidoru almaqda çətinlik çəkmirlər. Bu isə ümumi qiymətlərə təsir göstərir. Belə ki, aprel ayında 5 manat və daha baha qiymətə satılan pomidor hazırda 2.3-2.5 manata satılır. Bazarda xırda, bir qədər əzilmiş pomidorları 1 manata da almaq olar.
Xiyarın isə qiyməti 50-60 qəpiyə satılır. Satıcılar bildirdilər ki, qiymətlər növbəti günlərdə bir qədər də aşağı enəcək.
Yuxarıda da qeyd etdiyimiz kimi iri marketlərdə olub, orada satılan tərəvəz məhsullarının qiyməti ilə də maraqlandıq. Müşahidə etdik ki, iri marketlərdə bəzi məhsulların qiyməti bazarla eynilik təşkil etsə də, qiymətlərdə fərqlər də var.
Belə ki, hazırda iri marketlərdə kartofun kiloqramı 54-55 qəpiyə satılır. Pomidorun isə qiyməti növündən asılı olaraq 2.45-2.99 manatadır. Xiyar iri marketlərdə demək olar ki, bazar qiymətinədir. Belə ki, hazırda iri marketlərdə xiyarın kiloqramı 60-80 qəpikdir. Bibərin kiloqramı isə 3.4 manatadır. İri marketlərdə alça 4 manat 45 qəpik, çiyələk isə 2 manat 20 qəpiyədir.
Marketin rəhbər şəxslərindən biri ilə söhbət etdiyimiz zaman o söylədi ki, məhsulları həftə sonu gətiriblər. Növbəti həftə gətirilən məhsulların qiymətində enmə ola bilər. Bu, məhsulun topdansatış bazarında qiymətinin dəyişməsindən asılıdır.