"İntiqam almaq üçün cinsiyyətini dəyişdirmək istəyən xəstələr olur" - Vaqif Qələndərli

23-05-2018, 10:14           

İnsanın həyatda ala biləcəyi ən ciddi qərarlardan biri bəlkə də cinsiyyətini dəyişməsidir. Bu təkcə cinsiyyətini deyil, insanın bütün həyatını dəyişməsi deməkdir. Bir insan 20-30 yaşına qədər bir həyatı, ondan sonra başqa bir həyatı necə yaşaya bilər? Mütəxəssislərin bir çoxu bu fikirdə olan insanların ciddi psixoloji problemləri olduğunu düşünür. Bir qrup həkim isə bu prosesin müəyyən şərtlər altında vacibliyini vurğulayır. Bəs görəsən cinsi seçimlərini dəyişdirmək fiziki xəstəlikdir, yoxsa daxili sıxıntıların yaratdığı psixiki pozuntu? Ümumiyyətlə, Azərbaycanda cinsiyyətini dəyişdirmək üçün müraciət edən insanların sayı çoxdurmu? Bu əməliyyat hansı şərtlər altında keçirilir və hansı qanunlarla tənzimlənir?

Publika.az-ın suallarını Azərbaycan Plastik Cərrahlar Assosiasiyasının sədri Vaqif Qələndərli cavablandırıb.

II HİSSƏ

- Necə düşünürsüz, bir insanı cinsiyyətini dəyişməyə nə vadar edə bilər?



- Dünya ölkələrində bu prosesə yanaşma şəkli birmənalı olaraq başqadır. Azərbaycanda bu məsələyə normal münasibət hələ də formalaşmayıb. Biz bu cür məsələlərə qəribə baxırıq. Normal qarşılaya bilmirik. Bəlkə də bu bizim mentalitetimizlə bağlıdır. Bir insan kimi bu seçimi edən şəxslərə cəmiyyətdə yer verməməyə çalışırıq. Onları təcrid edirik. Amma həkim olaraq onu deməliyəm ki, bu sağlam insanın verdiyi qərar deyil. Bu insanların həyatında onları bu seçimə vadar edən hər hansı ciddi problemlər yaşanır. Həyat problemləri, sıxıntılar, depressiyalar ümumilikdə gətirib müəyyən psixi pozuntulara çıxarır. Bu cür hallarda biz onlarla söhbət edirik. Onları bu vəziyyətdən çıxartmağa çalışırıq. Mütləq şəkildə psixoloq və psixiyatr yanına göndəririk.

- Məşhur seksapotoloq Karren Horniyə görə, cinsiyyətini dəyişmək istəyi bir günün içində yaranmır. Bu anadangəlmə və sonradan qazanılmış hormonal problemlərdən irəli gəlir.

- Bilirsiz, bu məsələyə baxış bucağından asılıdır. Bəzi seksapotoloqlar bunu fiziki xəstəlik, bəziləri isə psixi pozuntu hesab edir. Əslində bu birdən-birə yarana biləcək vəziyyət deyil. Uşaqlıqdan bəzən oğlanların qız, qızların da oğlan kimi davranmalarına diqqət etmirik. Məhz bu birinci mərhələdir. Bu kimi hallarda dərhal psixoloqla məsləhətləşmək lazımdır. O, uşaqlara yaxından qayğı göstərilməlidir. Bu fikirlərdən daşınmalarına kömək olunmalıdır.

- Ötən il Mingəçevirdən olan bir qız cinsiyyətini dəyişdi. Azərbaycanda mümkün olmadığı üçün Amerikaya köçdü. Ölkəmizdə cinsiyyətin dəyişdirilməsi əməliyyatı niyə aparılmır?

- İstər Azərbaycanda, istərsə də başqa ölkələrdə bu əməliyyatların keçirilməsi üçün zəruri qaydalar var. Azərbaycanda bu əməliyyatların geniş yayılmamasının səbəbi isə milli dəyərlərə zidd olmasıdır. Bu məsələ qanunla tənzimlənməlidir. Analizlər alınmalıdır, xəstənin psixoloji vəziyyətinin yerində olub-olmadığı yoxlanılmalıdır, əməliyyatın zəruri olmasına dair cinsiyyət orqanlarında anadangəlmə deformasiyanın olması təsbit edilməlidir.

- Bəs bu prosedur üçün hansı analizlər aparılır?



- Əməliyyat prosesi heç də asan deyil. Ölüm riski yüksəkdir. Lakin həkimə müraciət edən bütün xəstələr də əməliyyat edilmir. Əvvəlcə müraciət edən şəxsin sağlamlıq vəziyyəti yoxlanılır. Ümumi analizlər alındıqdan sonra, müraciət edən qadın və ya kişinin həm psixiatr müayinəsinin, həm də psixoloq müayinəsinin cavabları alınır. Hər iki həkim şəxsin ruhi-əqli vəziyyətinin, psixoloji durumunun tamamilə yerində olduğuna dair arayış verməlidir. Amma biz bu cür xəstələrə transseksualizm diaqnozu qoyuruq. Bəzən də elə olur ki, cinsini dəyişmək üçün müraciət edən şəxslərə qarşıdakı prosesləri danışırıq. Çox vaxt onlarla söhbət etdikdən, əməliyyatın ağırlığını bildikdən sonra istəklərindən vaz keçirlər.

- Azərbaycanda cinsini dəyişmək istəyən və bununla əlaqədar həkimə müraciət edənlərin sayı çoxdur?

- Başqa Avropa ölkələri ilə müqayisədə Azərbaycan xalqı maviləri, lesbiyanları, biseksualları, transgenderləri və interseks şəxsləri qətiyyən qəbul etmək istəmir. Bir tərəfdən bunu mentalitetlə bağlasaq da, digər tərəfdən baxsaq, bu insan hüquqlarını pozmaq kimi görünür. Onların seçimlərinə müdaxilə edə bilmərik. Azərbaycanda cinsiyyətini dəyişmək istəyən kişilərin sayı, qadınların sayından daha çoxdur. Qadınlar bəzən bu vəziyyəti etiraf etməyə çəkinirlər. Ümumilikdə keçən il belə müraciətlərin sayı çox olub.

- Müraciət edənlər daha çox hansı yaş aralığında olur?

- Təxminən 22-30 yaş arasındakı kişilər qadın olmaq istədiklərini daha çox deyirlər, 30-35 yaş arası qadınlar da kişi olmaq istəyirlər. Bəlkə də bu qadınlarda yaşlanmaya qarşı olan fobiyanın nəticəsidir.

- Həkim bayaq dediniz ölkədə bu əməliyyatın aparılması üçün bir sıra məqamlar qanunla tənzimlənir. Bir az onlar barədə danışaq.

- Bayaqda qeyd etdiyim kimi, əgər psixoloq həqiqətən də əməliyyatın vacibliyinə, əməliyyatdan sonra şəxsin vəziyyətinin daha yaxşı və cəmiyyətə yararlı fərd olacağına qənaət gətirirsə, əməliyyatın edilməsində heç bir qanunsuzluq yoxdur. Burada yaş faktoru önəmlidir. Bəzən 15-18 yaşlı insanların əməliyyat üçün müraciət etməsini də görmüşəm. Bu düzgün deyil. Orqanizmdə 18-21 yaşa qədər cinsiyyət orqanlarının inkişafı, formalaşması davam edir. İnkişaf bitməmiş əməliyyat etmək doğru deyil. Əməliyyat bir prosedurla bitmir. Xüsusi aparatlar, cihazlar, mikroskoplar lazımdır. Bu əməliyyat üçün vacib olan tibbi cihazlar olduqca bahalıdır. Analizlərin nəticəsindən də çox şey asılıdır Cinsiyyətin müəyyən edilməsində əsas amil xromosomlardır. İnsan quruluşunu müəyyən edən 46 xromosomdan ikisi cinsiyyət xromosomu adlanır. Bu iki xromosom kişidə XY, qadında isə XX kimi qeyd edilir. Əgər xəstə qadın bədənində özünü kişi kimi hiss edirsə, cinsiyyətini dəyişmək üçün müraciət edibsə, analiz verir. Analizin nəticəsində bir Y xromosomu aşkarlanarsa, həmin şəxsin fizioloji görünüşündən asılı olmayaraq kişi olduğu təsdiqlənir. Yəni əgər qadının analizində XY xromosom birləşməsi varsa, onun əməliyyat olunmasında heç bir problem yoxdur. Yox əgər analiz nəticələrində XX xromosomları göstərilirsə o qadının cinsiyyətinin dəyişdirmə əməliyyatı aparıla bilməz. Həm fizioloji, həm də psixoloji olaraq qadındır.

- İkili cinsiyyət orqanı ilə doğulan şəxsin əməliyyatı zamanı hansı faktor önəmlidir?



- Bu formada anadangəlmə anomaliyaların əməliyyatı aparılır. Bu halda da ilk olaraq analiz nəticələri əsas götürülür. Xromosomlar XY göstərərsə, qadın cinsiyyət orqanı ləğv edilir. Sidik kanalı uzadılaraq kişi cinsiyyət orqanı bərpa edilir. Əgər XX olarsa, o zaman əksinə, kişi cinsiyyət orqanı ləğv edilir, qadın cinsiyyəti bərpa edilir.

- Heç olubmu bu kimi hallarda valideyn narazılıq etsin ki, uşağın kişi olaraq qalmasını istəyir?

- Bəli, olub. Mentalitet dediyim kimi burada da insanlara rahatlıq vermir. Bir xəstəmiz bizə müraciət etmişdi. Onda kişi cinsiyyət orqanı qadın cinsiyyət orqanına nisbətən daha çox inkişaf etmişdi. Lakin hormonlara görə, o, özünü qadın kimi hiss edirdi. Genetik analiz nəticələrində də XX xromosom birləşməsi göstərildi. Əməliyyatla kişi cinsiyyət orqanının ləğv edilməsi gərəkdiyini dedik. Lakin pasiyentin atası razılaşmadı. Hər şeyin olduğu kimi qalmasını istədi.

- Bunu uşaq dünyaya gəlməzdən öncə müəyyənləşdirmək olur?

- Təəssüf ki, xeyr. Hər iki orqan çox kiçik həcmdə olduqları üçün uşaq dünyaya gəldiyində belə həkimlər bunun fərqinə varmırlar. Yalnız 12-16 yaşdan sonra orqanlar formalaşmağa başladıqda bu problemin fərqinə varmaq olur.

- Bəs bu cür insanlar potensial olaraq gələcəkdə hansı cinsin funkasiyalarını yerinə yetirəcək?

- Heç birinin. Təəssüf ki, bu kimi hallarda o insanlar nə ata, nə də ana ola bilmirlər. Bir növ yarımcan halında həyatlarına davam etməli olurlar.

- Kişinin qadına çevrilməsi daha asandır, yoxsa qadının kişiyə?

- Cinsin dəyişdirilməsi özü ağır əməliyyatdır. Amma verdiyiniz sual çox vacib məqamlardan biridir. Bir qadın cinsini dəyişərək özünü kişi etmək istəyirsə, onda bunun üçün bir neçə əməliyyat həyata keçirilir. Sinə və üz nahiyyələrində əməliyyatların keçirilməsi vacibdir. Döş hissəsinə protezlər, üz hissəsinə müəyyən implantlar qoyulur. Əməliyyatdan sonra həmin şəxsə hormon müalicəsi etmək lazımdır. Bir qadının kişiyə bənzəməsi üçün burun əməliyyatı da aparılmalıdır. Amma kişini yalnız bir əməliyyatla qadın etmək olur. Cinsiyyət orqanı əməliyyatla dəyişdirilir, daha sonra hormon müalicəsi təyin edilirək proses yekunlaşdırılır. Yavaş-yavaş səs tellərinin qalınlaşması, bədənin müxtəlif nahiyyələrində tüklərin çıxması, dərinin qalınlaşması və s. bütün bunlar mərhələli şəkildə gerçəkləşir.

- Həkim əməliyyatdan sonra onlar həyatına normal insan kimi davam edə bilirmi?



- Əməliyyatdan sonra müəyyən müddət müalicələr aparılır. Zəruri qaydaları riayət etmələri tapşırılır. Zamanla toxumalar formalaşdıqdan sonra bu insanlar xarici görünüşlərinə görə, cəmiyyətdəki sağlam insanlardan heç nə ilə seçilmirlər. Amma cinsini dəyişmiş şəxslər əməliyyatdan sonra çevrildikləri cinsin heç bir funksiyasını yerinə yetirə bilmirlər. Məsələn, qadına çevrilmiş kişi ana, kişiyə çevrilmiş qadın isə heç vaxt ata ola bilməz.

- Bəs qanunvericilikdə cinsin dəyişdirilməsi ilə bağlı məsələlərə münasibətiniz necədir?

- Qanunla bu prosesin zərurət olmadığı halda qadağan edilməsi normaldır. Mənim şəxsi fikrimə görə, belə də olmalıdır. Cinslərin dəyişdirilməsinin qarşısını almaq üçün insanlara qanunvericiliklə qadağa qoymaq olmaz. Amma bunun yayılmasının qarşısını almaq üçün təbliğat aparılmalıdır. Maarifləndirici çarxlar hazırlanmalıdır. Bütün insanlar eyni təfəkkürlə doğulmadığı kimi, onların cinsi oriyentasiyası da fərqli olur. Biz bu insanları ikinci növ insan elan edə, eyni zamanda, belə halları genişləndirə bilmərik. Bu insanlara qarşı xüsusi prioritetlər də yaratmaq lazım deyil. Onlara xəstə insanlar kimi baxmalı və müalicə olunmalarını tövsiyə etməliyik.

- Azərbaycanda bəzi insanlarda cins dəyişdirmə meyillərinin yaranmasını Avropaya inteqrasiyasının nəticələri kimi qiymətləndirənlər var. Siz necə düşünürsüz?

- Mən elə deməzdim. Bu sadəcə bir xəstəlikdir. Xarici ölkələrdə bu kimi müraciətlərin sayı daha çoxdur. Bir dəfə Türkiyədə keçirilən konfransda bir xanım cinsiyyətini dəyişmək üçün müraciət etmişdi. Prosedura uyğun şəkildə analizlər aparılıb, psixoloq rəyi alınıb. Söhbət əsnasında qız dedi ki, bunu intiqam üçün edir. Sən demə, bunun bacısı bir oğlanla ailəli olub. Daha sonra boşanıblar. İndi bu qız cinsiyyətini dəyişib, oğlanın bacısı ilə ailə qurub boşanmaq istəyir ki, intiqam alsın. Təsəvvür edin psixoloji sarsıntılar insanlara nələr etdirə bilir. Bu yolla intiqam alacam deyirdi.

- Bəs sonda nə oldu?

- Əməliyyat məsələsi dərhal təxirə salındı (Gülürük). Xanım ciddi psixoloji müalicəyə göndərildi. Ümid edirəm ki, mütəxəssislər artıq onu fikrindən daşındıra biliblər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.