"Meyxanaya qarşı çıxan elə Elçin Əlibəylinin özü ATV də yayımlanan “Sözüm var” layihəsindən külli miqdarda gəlir əldə etdi"

29-05-2018, 10:45           
"Meyxanaya qarşı çıxan elə Elçin Əlibəylinin özü ATV də yayımlanan “Sözüm var” layihəsindən külli miqdarda gəlir əldə etdi"
O, bir çox ifaları ilə yaddaşlarda qalan, onu yaxından tanıyanlar üçün aktyor, tanımayanlar üçün isə sadəcə meyxanaçı Vüqardır. Aktyorluq fakultəsini bitirsə də, həyatında baş verən uğursuzluqlardan dolayı meyxanaçı kimi tanınan Vüqar Əbdülov bu yolu getdiyinə heç də peşman deyil. Çünki, o insanın bacarığının, istedadının olarsa o hər sahədə uğur qazanacağına inanır.

Beləliklə Vuqar Əbdülovun Moderator.az üçün verdiyi müsahibəni sizlərə təqdim edirik.

- Vüqar müəllim, istərdim sənətinizdəki yeniliklər haqqında danışaq...

- MTV kanalında Məclisi meyxanə adlı verilişimiz başlayacaq, çox güman ki, iyunun 2- də efirdə yayımlanacaq. Verilişdə mərhum meyxanaçıların həyatı, sənəti haqqında danışılacaq. Meyxana ustaları ilə yanaşı digər sahədən olan sənətkarlar da qonaq qismində iştirak edəcəklər. Onlar da veriliş həsr olunan meyxanaçı haqqında fikirlərini, xatirələrini danışacaqlar.

- "Leyla" mahnısı kütlə tərəfindən çox sevildi. Bu mahnının sizə uğur gətirdiyinə inanırsınız?

- "Leyla" mənim növbəti işlərimdən biri idi. Bu mahnını biz Heydər Əliyev sarayında konsert zamanı hazırladıq. İlk olaraq "N-brothers" qrupu ilə ifa etdim. Əslinə qalsa "Leyla"dan öncə ifalarım var ki, onlar da tamaşaçılar tərəfindən çox sevilib. Bu mahnıdan öncə "Bağlı qapı", "Azərbaycan" rəqsləri adlı ifalarım var ki, mənim tanınmağımda böyük rolu olub.

- Aktyorluq fakultəsini bitirmisiniz. Ancaq sizi daha çox meyxanaçı kimi tanıyırlar...

- 1994 – cü ildə, universitetin sonuncu kursunda oxuyanda ağır avtomobil qəzası keçirdim. Bu qəzada üzüm deformasiyaya uğradı. Üzümdə qalan çapıqlarla, şişkinliklə obraz yaratmaq mənim üçün çətin idi. Buna görə də bu sahədən uzaqlaşdım. Təxminən 3-4 il ərzində üzüm indiki vəziyyətə qayıtdı. Bu illər ərzində də mən meyxana ilə məşğul oldum və elə bunun davamı da gəldi. Ancaq sonra bir neçə filmə çəkildim.Məhərrəm Bədirzadənin filmində rol aldım, "Planet parni iz Baku" ilə bir neçə layihəmiz oldu. Ancaq gələcəkdə rejissorlarımızdan yeni bir obraz üçün təklif gələrsə çox güman ki, qəbul edərəm.

- Plastik əməliyyat haqqında düşünməmisiniz heç?

- Ümumiyyətlə özümlə oynamağı çox sevmirəm. İnsanlar artıq məni belə tanıyıb, qəbul edib. Qəzadan həmən sonra eləsəydim olardı, ancaq indi daha istəmirəm.

- Kompleks yaratmır ki, bu hal sizdə?

- Yox, artıq özüm də barışmışam.

- Meyxananın mahnı şəklində ifa olunmasına bir çoxları etiraz edir...

- Bu əslində geniş bir mövzudur. Bu janrın musiqi şəklində ustad sənətkarlardan Nizami Rəmzi, Ağasəlim Çıldaq, Molla Məhəmməd vaxtında ifa ediblər və sevdiriblər. Mən özüm də, Namiq Qaraçuxurlu da bu musiqilərin bir neçə variantını ifa etmişik. İndi isə bəzi meyxanaçılar bunu heç bir qaydaya əməl etmədən, bayağı şəkildə ifa edirlər. Bu hal isə mənim xoşuma gəlmir. İndi bir çox müğənnilər də vaxtilə oxunmuş musiqili meyxananı ifa edirlər və çox uğurlu alınır. Bu mahnılar çox sevilir, düşünürəm ki, bir neçə bayağı ifaya görə bu mahnıları da gözdən çıxarmaq ən azından haqsızlıqdır. Düzdür, elə olur ki, toylarda əylənmək, qəhqəhə xatirinə həmin an üçün hazırlanmış ifalar olur ki, bunlar da xoşagələn deyil. Ancaq qeyd etdiyimiz kimi, bu ifalar elə həmin an üçündür. Savadlı ifa hər zaman sevilir.

- Universitetdə təhsil alarkən Fuad Poladov sizin müəlliminiz olub...

- Fuad müəllimə Allah rəhmət eləsin. Fuad müəllim bizə bir neçə gün dərs dedi. Sonra biz iki qrupa bölündük, mən Şükufə xanımın qrupuna düşdüm. Ancaq imtahanda Fuad müəllimdən qiymət alırdıq. Bir aktyor kimi onun qiyməti çox yüksəkdir. Ancaq bununla yanaşı onun xarakteri, mərdliyi, cəsarəti də məni valeh edirdi və düşünürəm ki, Fuad müəllimdən bizə kişi xarakteri keçib. Onun xarakterində olan səbrlik, təmkinlilik, mərdlik mənim də xarakterimə sirayət edib. Yadımdadır ki, tamaşadan sonra o mənimlə görüşdü və bildirdi ki, mən səndən bu qədərini gözləmirdim. Mənimlə bir yerdə təhsil alan tələbələr də bilir ki, universitetdə aktiv insan olmuşam, tədbirlərdə, tamaşalarda hər zaman can - başla iştirak etmişəm.

- İnsan bəzən hər hansı bir hadisəyə üsyan etmək istəyir, keçirdiyiniz qəza sizin həyatınıza çox təsir edibmi..?

- Bilirsiniz, mən hər zaman inanmışam ki, insan istedadlıdırsa, bacarığı varsa o istənilən sahədə uğur əldə edə bilər. Bizim gördüyümüz işlər göz qabağında olduğu üçün insanlar daha çox fərqində olurlar. Ancaq elə istedadlı gənclərimiz var ki, onlar da çox böyük uğurlar əldə ediblər, lakin digər sahədə olduqları üçün onların uğurları bilinmir, tanınmır. Sözüm budur ki, hər bir insan bacarığı varsa istənilən sahədə uğur qazanacaq.
Meyxanaya gələndə əvvəl- əvvəl mənim ailəmdə də narazıçılıqlar olurdu. Atam, dayım etiraz edirdi. Ancaq bunu da deyim ki, mən heç vaxt inanmazdım ki, meyxana ilə bu qədər uğur əldə edə bilərəm. Hər zaman məndə belə hiss var idi ki, mən tanınmış bir insan olacam. Ancaq düşünmürdüm ki, bu populyarlığı meyxana sahəsində əldə edəcəm, özümü daha çox aktyorluq sahəsində görürdüm.
Təvazökarlıqdan uzaq olsa da deyim ki, hər zaman bir yerdə oxuduğum uşaqlardan, dostluq etdiyim insanlardan fərqlənirdim. Məktəbdə tədbirlər zamanı ssenarilər yazırdım, tamaşalar qururdum, satirik hekayələr yazırdım. İndi o işlərə baxsam bəlkə də mənə bayağı gələ bilər , ancaq düşünürəm ki, bu 15-16 yaşlı bir uşağın işləridir və o dövr üçün əslində pis də deyildi.
Həmin dövrlər Yaşar Nuri, Siyavuş Aslan, Arif Quliyev kimi aktyorlar bizim üçün kumir idilər. Bəlkə də onlara olan sevgi məni aktyorluğa cəlb etdi. Çox gözəl müəllimlər tərəfindən də təhsil aldım, ancaq Allahın qismətindən qaçmaq olmur. Keçirdiyim avtoqəza mənim həyatımın istiqamətini dəyişdi desəm yalan olmaz. Ancaq məni tanıyan, bacarığıma bələd olan insanlar məni meyxanaçı deyil, aktyor, yaradıcı insan kimi qəbul edirlər.

- Kino sahəsində olan yeniliklər haqqında nə deyə bilərsiniz?

- Kino sahəsi yavaş-yavaş inkişaf edir. Ancaq bildirim ki, kommersiya filmləri inkişaf edir. Təəssülər olsun ki, bu inkişafı biz keyfiyyətdə yox, kəmiyyətdə görürük. Hələ “Bəyin oğurlanması”, “Yol əhvalatı”, “Bəxt üzüyü” və başqa filmlərimiz səviyyədə filmlər görmürük. Fərda Xudaverdiyevin, Elməddin Cəfərov və başqalarının çəkdiyi bəsitlikləri mən film saymıram. Bunlara dostlarımızın xatirinə baxırıq, təbrik edirik. Heç görülməyən işdən yaxşıdır desək səhv olmaz.

- "Maşın şou"dan, həmkarınız Ağamirzə Məmmədovdan danışaq. Sizə dəstək olmadığı üçün aranızda inciklik oldumu?

- Orda hər bir səsin mənim üçün böyük əhəmiyyəti var idi. Mən ondan pul, var – dövlət istəmədim ki, sadəcə o mənə görə səs istəməli idi. Ancaq o bu xahişimi yerə saldı. Mən daxil olmaqla ətrafımdakı insanlar da ondan küsdü. Ancaq, o nə qədər mənim qəlbimi qırsa da məndən böyük olduğu üçün üzr istəməsini heç vaxt istəmərəm. Bir müddət keçdikdən sonra mən özüm də görürdüm ki, o dilinə gətirməsə belə etdiyi hərəkətdən peşmançılıq duyur. Tədbirlərdə üz- üzə gələndə görürdüm ki, o daha çox mənimlə danışmağa çalışır , daha çox yaxınlaşmaq istəyir. Buna görə də özümü elə apardım ki, güya heç nə olmayıb.
Ümumiyyətlə efir çox insanları maskalayır. Bəzi insanlar var ki, real həyatda çox yaxşıdır, onlarla dostluq etməyə dəyər. Ancaq efirə çıxanda və ya yanında başqa insanlar olanda elə səhv buraxır ki, onun haqqında yanıldığını görürsən. Elə insanlar da var ki, efirdə özünü mükəmməl bir insan kimi aparır, ancaq realda baxırsan ki, heç yol gediləsi adam deyil.

- Elçin Əlibəyli, ilə yanaşı bir çox insanlar düşünür ki, meyxananı efirdə səsləndirmək düzgün deyil...

- Belə fikirdə olanlar çox böyük səhv edirlər. Heç kim özünü ağıllı, professor hesab etməsin. Hansısa meyxananı və ya kiminsə ifasında səslənən meyxananı bəyənmirlərsə bunu həmin insanın özünə desinlər və konkret ad çəksinlər. Öz adımdan danışım ki, mən hər kəsdən yaxşı bilirəm ki, efirdə nəyi səsləndirmək, nəyi səsləndirməmək olar. Hər kəsin sevə- sevə izlədiyi “Bizim Cəbiş filmində” vaxtilə meyxanaya yer ayrılıb. Biz özümüz əsgərlərimiz üçün ruhlandırıcı meyxanalar demişik. Özüm də satirik meyxana ifa etmişəm. Bunların axı nəyi pisdir ki, bəziləri buna qarşı belə sərt reaksiya verir. Bizim xalqdan başqa heç bir xalqda meyxana yoxdur. Əgər bu janrın efirlərdə səslənməsini istəyirlərsə, deməli, onlar senzura istəyir və demokratiyaya qarşı çıxırlar. Meyxanaya qarşı çıxan elə Elçin Əlibəylinin özü ATV də yayımlanan “Sözüm var” layihəsindən külli miqdarda gəlir əldə etdi.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.