İşdən çıxarılmış azərbaycanlı teleaparıcı TV-lərin iç üzünü açdı: - Qapısını iki dəfə döyməsən...
31-05-2018, 19:10
Metbuat.az-ın növbəti müsahibi tanınmış teleaparıcı Elcan Məmmədlidir.
- Salam. Xoş gəlmisiniz. Necəsiniz?
- Əleykum-salam. Yaxşı olasınız. Mübarək Ramazan ayındayıq. Allah-təala cəmi oruc tutanların oruclarını qəbul etsin. Onlara səbir, güc-qüvvət versin ki, gözəl ibadəti yerinə yetirə bilsinlər. Allah müvəffəq eləsin.
- Amin! Sizin maraqlı layihələriniz olub. Yadıma gəlir ki, məşhur insanların intellektini yoxlayırdınız. O layihə çox sevilirdi. Niyə dayandırdınız?
- Hə “Qonaq gəl bizə”verilişində “Açması” rublikası idi. Əslində onun obyektiv-subyektiv məsələləri var idi. Söhbət sırf televiziya işindən gedirsə, birmənalı yanaşmaq olmaz. Hər bir layihənin öz ömrü var. Ancaq istəyərdim daha fərqli proqramla davam edim. Ancaq təəssüflər olsun. O layihə, təvazökarlıqdan uzaq olsa da, televiziya məkanında öz dəsti-xətti olan bir iş idi. Çünki verilişin içindəki rublikalar heç bir televiziya layihəsində keçirilməmişdi. Verilişdən məşhurların intellektual səviyyələrinin açılması, dosta zəng məsələsi bütün onların içini açırdı.
- Həmçinin bilmədiklərini sizin sayənizdə öyrənmiş olurdular.
- (Gülür) Belə deməzdim. Ancaq təssüf edirəm ki, o verilişdən sonra şou verilişlərdə bizim karifeylərimizlə bağlı kiçicik də olsa, bir rubrikaya rast gəlmirəm. Bir tərəfdən də hesab edirəm ki, həmin verilişi gənc tamaşaçılar itirdi.
- O veriliş sizə kimləri düşmən etdi?
- 3 il efirdə oldu və xeyli düşmən qazandı. Layihə rəhbəri də özüm idim. Kinomuzda sözünü demiş şəxsləri - Həsən Turabovu, Şahmar Ələkbərovu, Tofiq Quliyevi, Emin Sabitoğlunu, Rasim Ocaqovu tanımayıblarsa, bu fəlakətdir. Hələ bir çox məşhurun cəmiyyət arasında xar olmasının qarşısını aldıq. Ancaq tamaşaçı bunların çoxunu bilmədi. Hətta elə məşhur qonağım oldu ki, karifeylərdən bir nəfəri tanımadığı üçün 6 ay sosial şəbəkədə, mediada hər tərəfli qınanıldı. Ancaq onu deyim ki, bu günə kimi həmin savadsız düşmənlərin acısını yaşayıram. Müsahibələrimin birində mənə dedilər, sən yəqin şou-biznes nümayəndələrinin evinə getdiyinə görə onlarla yaxınsan. Dedim, yox, biz işimiz olursa, görüşüb,ayrılırıq. Çünki başqa-başqa adamlarıq. Elə bu sözüm də qıcıq yaratmışdı.
- Əvvəlki adınız Elxan olub, sonradan Elcan etmisiniz. Yeni adınız sizə uğur gətirdimi?
- 2002-ci ildə ilk dəfə olaraq “Radio Antenn” 101 FM-ə gəldim. Radionun direktoru Rüstəm Əliyevə təşəkkürümü bildirirəm. Mənə etimad göstərdi. O vaxt Azərbaycan radio məkanında milli repə həsr olunan ilk müəllif verilişi “Ya bizimkilər” yayımlandı. İdeya müəllifi və aparıcısı mən idim. Veriliş gənclər arasında o qədər maraq yaratdı ki,radioya yuxarıdan aşağı baxan televiziyalar məndən müsahibə götürdülər. Layihə bitdikdən sonra mənə təklif gəldi ki, qalıb davam elə. Elə həmin vaxtdan radio- televiziya fəaliyyətim başladı. Fikirləşdim ki, efirə ilk çıxışımdısa, yenilik edim. Əvvəl adımı dəyişdim. Uğuru verən Allahdır. Biz adımızı dəyişə bilərik, ancaq qədərimizi dəyişə bilmərik. Eyni zamanda sizə müsahibə verirəm, bilirsiz özümü kimə bənzədirəm? “Dantenin yubileyi” dramında Həsənağa Turabovun canlandırdığı Kəbirlinski obrazına. Teatrda o aktyora “bəxti gətirməyən” deyirlər. O aktyor özünü göstərmir, “baxın, bu məkanda varam” deyə bilmir. Yəni insanın yaxşı mənada özünü sırımaq kimi xüsusiyyəti yoxdur. Əslində bu özü bir bacarıqdır, istedaddır. Şəxsən belə inanlara əhsən deyirəm, ancaq məndə yoxdur. Müqayisə edək: O qədər konservatoriyanı bitirən, çox gözəl vokal imkanları olan insanlar var ki, ortada yoxdular. Həmin adamlar bu gün bizim şou-biznes nümayəndələrinin qarşısında oxumaqda səkkiz yazarlar. Ancaq hanı? Hardadılar? Eynən bunu aktyorlar, aparıcılar haqqında da demək olar. Bəlkə də heç kim bilmir ki, ilk dəfə “Səni axtarıram” layihəsini “Space” Radiosunda mən etmişəm.
- Ancaq Elgiz Əkbər bizə müsahibə verəndə bu layihəni ilk dəfə özü etdiyini demişdi.
- Mən hətta onun efir variantını da təqdim edə bilərəm. Ola bilsin televiziyada o, edib. Ancaq ad və ideya olaraq, geniş tamaşaçı qarşısında mən etmişəm. Belə baxanda heç biz də iddia edə bilmərik ki, bizimdir. Rusiya kanalı edib.
- Bəs niyə davam edə bilmədiniz? Yoxsa sizə dəyər verilmədi?
- Təəssüflər olsun ki, bu gün bizdə bilirsinizmi məsələlər necə həll olunur? Sən bir qapını bir dəfə döymüsənsə, ikinci dəfə həmin qapını döyməyə üzün gəlirsə, o qapı sənə açılacaq. Ancaq utancaq insanın o qapını bir də döyməyə üzü gəlməyəcək. Hətta bəzən utandığından qapını o qədər asta döyür ki, heç kim eşitmir. Mən burda ikibaşlı danışıram. Yəqin oxucu nə dediyimi anlayacaq. Ancaq adam var, ikinci, üçüncü, yüzüncü dəfə döyür həmin qapını. Öz fikrində iddialıdır. Təəssüf ki, bu məndə yoxdur.
- Bəs günah kimdədir?
- Onu deyim ki, tək bu deyil. ATV-dən ayrılmadan bir il öncə “Elçilik” adlı pilot layihə hazırladım. İki il bundan qabaq onu mən çəkmişəm ATV üçün. Materiallar hələ də durur. Ancaq nə etdilər? Hər şey... məşhurluq da, şan-şöhrət də başqasının adına yazıldı. “Səni axtarıram” elə getdi, “Elçilik” də belə.
- Niyə sizin olan şeyləri əlinizdə möhkəm tutaraq, sahiblənə bilmirsiniz?
- Bilirsiz necədi? Bizim sahədə çərçivə dardır. Hamımız bir-birimizi şəxsən tanımasaq da, qiyabi tanıyırıq. Hamı bilir ki, kim kimdir. Hamı bilir kim konfet kağızına bürünüb, sadəcə üzdən gözəl görünür, kim potensiallı adamdı.
İllər öncə deyirdim ki, ay millət, məsələn, ailəsi olmayan biri ailə problemlərindən danışa, veriliş apara bilməz. Bir sahə üzrə veriliş aparırsansa, o sahəni bilməlisən, təcrübə sahibi olmalısan. Yaxın günlərdə görkəmli, sənətinə, özünə hörmət bəslədiyim Rasim Balayev də bu məsələni gündəmə gətirdi. Ancaq neynəyək, günümüzün reallığı budur. Adam deyir ki, kommersiya qurumuyam. Mənim qazancım reklamlardandır, bu məsələ mənə reytinq verir. Açıq deyəcəm, bunu əsas götürüb baxmırlar ki, efirə çıxartdığı adam düşükdü, səviyyəsizdi, tamaşaçıya heç nə vermir, gənc nəslin özü kimi olmasına əsas yaradır. Bəli, reytinqi var, amma arxasınca fəlakət də gətirir axı... İllər öncə deyirdim ki, gəlin bayağılığı saxlayaq. Biz də kommersiya qurumu idik, bayağı mahnıları götürmürdük. Ancaq müxtəlif yollarla həmin mahnılar efirlərə yol tapdılar. Bir-iki-üç... sonda tamaşaçı alışdı bu eybəcər səsə, oranjemana, musiqiyə. İndi də deyirik ki, insanların zövqü bu cürdü. Xeyr, tamaşaçının zövqünü biz korladıq. Və davam edirik. Məhz elə “filankəs reytinq verir, onu çağırmağa məcburam” məntiqi ilə davam edirik bu biabırçılığa. Son vaxtlar deyirlər, mən yerli kanalları izləmirəm. Mən izləyirəm. İzləyirəm görüm, hələ biz nə qədər deqredasiyaya uğrayacağıq. Diqqət yetirək efirə: Kim nə istəyir, nədən istəyir danışır, kim necə istəyir geyinir. Bəzən deyilir ki, televiziya məktəb deyil, kiməsə deyək, elə geyinmə, belə geyin. Ancaq unudurlar ki, televiziya bir mənəviyyat güzgüsüdür. Mən başa düşürəm gənc nəsil reytinq verirsə, onların zövqü də nəzərə alınmalıdır. Ancaq gəlin bunu elə edək ki, onlar da bizim qaydalara uyğunlaşsınlar.
- Ancaq kütlə də maarifləndirici heç nə istəmir.
- Mən illərdi sosial şəbəkədə yoxam, cəmi 10 gündür ki, özümə profil açmışam. Baxıram insanlara, dəhşətə gəlirəm. Hamısı hərşeyşünas olublar.
- İllərdi sosial şəbəkədə olmamağınız mənfi hal deyilmi?
- Bəli, bu mənim səhvimdi. İnternet dövründə yaşayırıq, artıq sosial şəbəkələr televiziya və radioya qalib gəlir. Çünki televiziya ana xəbərə materialı hazırlayana kimi internetdə təfərrüatı ilə yayılır. Bu gün mən Metbuat.az-a gəlmişəm. Niyə? Çünki camaat oxuyur, izləyir. Bura artıq mənim üçün bir tribunaya çevrildi ki, fikirlərimi söyləyim. Çox sağ olun, təşəkkür edirəm ki, həqiqətən də bu imkanı mənə yaratdınız. Ancaq çox təəssüf olsun ki, internetin yaratdığı imkanlardan da pis məqsədlər üçün istifadə edənlər var. Məsələn, adını çəkmək istəmədiyim sarı bir sayt var, heç nədən xəbər düzəldir və məşhurlaşır. Sonradan bildim. Dəvət etdilər, daha doğrusu mən müraciət etdim. Bir müddət idi efirdə deyildim. Düşündüm ki, tamaşaçıya mesaj göndərim, müraciət edim, fikirlərimi, məni narahat edən məqamları bölüşüm. Müsahibə bir saat davam etdi, amma verilmədi.
- Niyə?
- “Ay aman, kimsə hansısa müğənninin dostudur” deyə. Yəni, nə qədər ki, bizdə məsələlər peşəkar səviyyədə deyil, filankəs filankəsin dostudur müstəvisində həll olunur, irəli də gedə bilməyəcəyik.
- Belə başa düşdüm ki, sizdən xoşu gəlməyən müğənni müsahibənizə əngəl törədib. Kimdir o?
- Bəli. Bir insanın yolunu Allah açıbsa, onun yolunu sən kəsə bilməzsən. İnsan var, ölümündən sonra da sevilir. Ancaq insan var, sağlığında belə ondan heç nə qalmır və həmişə söyülür. Elə Hüseyn Dərya. Ölümündən sonra da şöhrəti qaldı. Mənfisi, müsbəti ilə yaddaşlardadır. Çünki insan özü idi. Ancaq bu gün bizim üzdə olanların əksəri roldadırlar. Bəzən haqlı olsan da, o dərəcədə öz doğruluğunu isbat etməyə çalışıb, aciz qalırsan ki, nəticədə səni haqsız çıxarırlar. Hər kəsdən üzr istəyirəm, bir misal çəkəcəm. Gənc qıza təcavüz olunub. Məhkəmədə suallar verilir ki, təcavüz necə baş verdi filan, qız cavab verə bilməyərək, ağlayır. İsməti olan qız onsuz da, bu travmanı alıb. Müdafiəçi də qızın ağladığından istifadə edərək, hörmətli hakim, görürsüz bu adam heç bilmir hadisə necə olub deyir. Hadisə isbata yetirilmir. Halbuki qız haqlı idi.
- Çox emosional danışdınız... Bəs aparıcılığa gəldiyiniz üçün indi peşmançılıq hissi keçirirsinizmi? Düşünürsünüzmü ki, reper, ya da futbolçu kimi qalıb məşhur olsaydınız, daha yaxşı olardı?
- Yox, düşünmürəm. Çünki mən “qalsaydım, ya etsəydim belə olardı”ları qəbul edən insan deyiləm. Hər bir işdə xeyir var. Reper kimi də yaş o yaş deyil. Bu da Allahın bir sınağıdır. Sadəcə onu deyirəm ki, ömrümün 42-ci ilidir. Bilmirəm Allah mənə nə qədər ömür verib. Ancaq belə baxıram ki, heç yaxşılığa doğru getmir.
- Niyə belə deyirsiniz?
- İndi məndən tariximizi, mədəniyyətimizi, işğal olunmuş torpaqların tarixini soruşsanız, hamısını deyəcəm. Ancaq gəlin ətrafımızdakı məşhurlardan soruşaq bunu, görək biləcəklərmi? İnanın ki, biabırçı vəziyyət yaranacaq.
- Niyə publikaya işləmirsiniz ki, gündəm də olasınız?
- Mənim o yaşım keçib artıq.
- Şou yaradanların əksəri sizin yaşdadır.
- O bambılılıqdır.
- Ancaq efirdə qalmaq üçün kütləyə işləmək lazımdır. Televiziya rəhbərləri də reytinq istəyirlər.
- Kütlə çox şey istəyə bilər. Elə problem də bundadır. Biz özümüz kütləni idarə etməliyik.
- O zaman siz deyin, hazırda yayımlanan hansı verilişləri tamaşaçıya daha keyfiyyətli formada təqdim edə bilərsiniz?
- Hər kəs öz bildiyi sahədən danışmalıdır. İdman, tibb, incəsənət, mədəniyyət, sosial, siyasət, şou başqadı. Biz reytinq naminə bütün sahələrdə şou yaratmışıq. Bu yaxınlarda aparıcı efirdə bir yaşlı kişini o qədər öz məcrasında çıxardı ki, bütün tamaşaçılar yazıq kişini söydülər. Xəbər naminə aparıcı kişini şouya çəkdi və söydürdü. Beləmi yaxşıdır?
- O zaman sualı belə verim. Siz özünüzü hansı layihələrdə görürsünüz?
- Nə bilim... Yəqin ki, heç birində. Bu özündən müştəbehlik kimi başa düşülməsin ki, mənə uyğun layihə yoxdur. Bunu mənə böyük layihələrin rəhbəri də dedi ki, təəssüf, bu gün sənə ehtiyac yoxdur. Çünki sən heç kimin qardirobunda eşələnməyəcəksən.
- Bəlkə bizim müsahibədən sonra kimsə sizə layihə təklif etmək istəyəcək.
- Layihə yazmaqdan, zəhmətimin itməsindən yorulmuşam. Son 15 gündə vaxtımı səmərəli keçirməyə çalışdım. “Nifrətdən sevgi” adlı povest yazıram. Həqiqətən də heç bir fikirim olmadan bu işə başladım. Çox maraqlı bir süjet xətti də var. Hadisələrin 1-ci hissəsi Qarabağda, 2-ci hissəsi Soçidə cəryan edir. Söhbət erməni qızla, azərbaycanlı oğlanın sevgisindən gedir. Çox faciəvi bir yazıdır.
- Sonra Əkrəm Əylislinin başına gələnlər sizin də başınıza gəlməsin...
- Yox, oxucular narahat olmasınlar, azərbaycanlı oğlan adına layiq addım atır.
- Əsər bəyənilərsə, ssenarini də sata bilərsiniz.
- Bəli, hər bir obrazı beynimdə film obrazları kimi də canlandırmışam. Ancaq əvvəl kitab kimi çıxaracam. Nə Azərbaycanımızı, nə də Qarabağımızı pis təqdim etmişik. Əksinə, bu povest azərbaycanlının qələbəsidir. Qismət olarsa, imza günü keçirəcəm, olmazsa adımızdan çıxar.
- Bu povesti aparıcılıqdan ədəbi yaradıcılığa keçid adlandırmaq olarmı?
- Yox. Bəlkə də yazarlıq olmayacaq. Şair var, oturur mən bunu yazacam deyib, özünü məcbur edir. Mənim heç ağlımın ucundan da keçməyib ki, oturum povest yazım. Düzdü, povestdən sonra deyə bilərlər ki, sən hardan yazar oldun? Bəli! Mən aktyorluğu bitirmişəm, ədəbiyyatla əlaqəm yoxdur. Ancaq desəm ki, bu faciəni mən yuxumda görmüşəm heç kim inanmayacaq. Təsəvvürünüzə gətirin ki, bir günün ərzində 20 səhifə yazdım.
- Sizcə, tamaşaçılar bu işi necə qarşılayacaqlar?
- Bilirəm ki, peşəkarlar birmənalı qəbul etməyəcək. Bu təbiidir ki, səhvlərim sadalanacaq. Ancaq həvəskarlar bəyənəcək. Mən bunu həvəskar kimi yazıram. Düzdü, Elzanın şerlərinə çatmaz.
- Şou aparıcısına intelektual səviyyə lazımdırmı?
- Əlbəttə. Hər şey şou ilə həll olunmur. Musiqi, oranjiman, aktyor sənəti, kino haqqında da bilgilərin olmalıdır.
- İllərdi aparıcı olmuşunuz, ancaq heç gündəmə gəlməmisiniz. Şou dilində desək, tutuzdurmamısınız.
- (Gülür) Day tutuzdurmaram da...
- Bəs düşünürsünüzmü indidən sonra nəsə edib gündəm yaradasınız?
- Yox, mən o ambisiyada deyiləm. Sentyabrdan efirdə deyiləm. Ancaq küçədə tanımadığım adamlar məni saxlayıb maraqlanırlar, “Hardasınız?”, “Niyə efirdə yoxsunuz?”- deyə, sorğu-sual edirlər. Bu məni sevindirir. Deməli, zəhmətimiz hədər getməyib. İnsan var, ömrü boyu baş rol oynayıb. İnsan da var Vazeh Salayev kimi epizodlar oynayaraq sevilib.
- Aktyorluğu bitirmisiniz. Bəs aktyor kimi fəaliyyətiniz olubmu?
- Bir dəfə “Qardaşlar” serialında çəkilmişəm. Yeri gəlmişkən, Elməddinə də salamımı və təşəkkürümü çatdırıram.
- Niyə ardı gəlmədi? Niyə özünüzü aktyor kimi sınamırsınız?
- İnsan hər şeyi sınasa, bütün həyatı sınaqda keçər. İnsan özünü müəyyən bir sahədə təsdiqləməlidir.
- Bu gün qadın aparıcılarda nəyi xoşlamırsınız?
- Bəlkə də pafoslu səslənə bilər. Ancaq reytinq naminə hər şeyi qurban vermək olmaz.
- Aparıcı kimi nəyi etməzsiniz?
- Kütlə arasına çıxanda mənə söz atmırlarsa, bu mənim qələbəmdi. Bu gün səni efirdə beş qadın alqışlayırsa, ancaq camaat arasına çıxa bilmirsənsə, etdiklərinin nə əhəmiyyəti var? Rüstəm kişinin sözü olmasın, camaat arasına çıxanda görərik kimi fitə basırlar, kimi alqışlayırlar.
- Oxucularımıza sonda nə demək istərdiniz?
- Özünüzə rəva bilmədiyinizi, heç kimə rəva bilməyin. Heç vaxt məsələyə birtərəfli yanaşmayan. Necə ki, ibadət edən bir insan ibadət etməyənə acımalıdır. Yuxarıdan aşağıya baxmamalıdır. Düşünməlidir ki, dünən mən də onun kimi idim.