Teleaparıcı Aysel: “Ərimi heç sevməmişəm”

31-05-2018, 19:24           
Teleaparıcı Aysel: “Ərimi heç sevməmişəm”
“Ölkə.Az”ın növbəti qonağı tanınmış teleaparıcı Aysel Nazimdir.
Müsahibədə göstərdiyi dəstək üçün “Nizami Restaurant & Lounge”-ə təşəkkürümüzü bildiririk.
- Aysel xanım, xeyli vaxtdır ki, Türkiyəyə tez-tez gedib gəlirsiniz. Nə ilə əlaqədardır?
- Bəli, çəkilişlərlə bağlı Türkiyədə çox oluram. Yeri gəlmişkən, deyim ki, bu yaxınlarda mənə bir təklif gəldi, dəyərləndirdim. Barış Mançonun “Dönəncə” mahnısını ifa etməyimi istədilər. Bu mahnı dünyanın on üç dilində ifa edilib. Əslində mən Barış Mançonun mahnıları ilə böyümüşəm. Bu mahının mənim ifamda nə dərəcədə alınıb, alınmayacağını bilmirdim. Amma oxudum. Çox da gözəl alındı. Həmin mahnıya klip də çəkildi.O klipdə məşhur aktyorlar da iştirak ediblər. İnşallah təqdimat olacaq. Qeyd edim ki, iki klip çəkilib. Birində mən təkəm, digərində isə dediyim on üç ölkədən olan müğənni və aktyorlar da yer alıb.

- Ola bilərmi bu layihənin ardı gəlsin? Yəni ki, müğənniliyə başlasanız, üç sahəni bir arada birləşdirmək sizin üçün çətin olmaz ki?
- Mən özümü aparıcı kimi görürəm. Amma aparıcılıqdan öncə on ilə yaxın ingilis dili müəllimi olaraq fəaliyyət göstərmişəm. Aparıcılıqla yanaşı mənə aktrisalıq da təklif olundu. Razılıq verdim. Gördüm ki, məndə alınır və filmlərdə, seriallarda rol almağa başladım. Amaliya Pənəhova, Firəngiz Mütəllimova kimi sənətkarlarla eyni serialda çəkildim. Sağ olsunlar, mənə qızları kimi yanaşdılar və onlardan çox incəlikləri öyrəndim. Daha sonra Türkiyədə aktrisalıq məktəbi oxudum. Diplom aldım. Amma həmişə özümə tənqid nöqteyi-nəzərindən baxmışam. Həmişə öz üzərimdə dayanmadan çalışmışam. O ki qaldı müğənni olub-olmayacağıma, xeyr, mən müğənni olmayacağam. Düzdür, musiqi təhsilim var, amma bu “bazar”a daxil olub, toy tutmaq istəmirəm (gülür).
- Bəs özünüz kiməsə “toy” tutursunuz?
- İşçilərim, yəqin ki, elə düşünür. Hər şeyin ən mükəmməlini xoşladığım üçün işimdə çox tələbkaram.
- Ola bilərmi ki, birdəfəlik Türkiyəyə köçəsiniz?
- Mənə Türkiyədən çox təkliflər gəlir. Hətta bir izləyici yazmışdı ki, Aysel Nazim çox gözəl aparıcıdır, bizimkilər onun qədrini bilmir. Türklər onu bizdən alıb aparacaqlar. Mən hansı ölkədə oluramsa olum, həmişə ölkəmizi bacardığım qədər təmsil edirəm. Getdiyim hər yerdə Azərbaycanımızın adını çəkirəm. O ki qaldı sualın cavabına, zənnimcə, kənardan gedib heç bir ölkəyə yamanmaq lazım deyil.
- Amma nəzərə alaq ki, Türkiyənin də incəsənət aləmi kifayət qədər genişdir…
- Elədir, söz düşmüşkən deyim ki, iki ölkənin birgə layihəsi olan “O quş buraya gələcək” adlı filmdə də türk qızını canlandırdım. Düşünürəm ki, belə sənət mübadilələri bizim inkişafımız üçün çox xeyirli olacaq.
- Bizim şou-biznesə bir o qədər meylli deyilsiniz, deyəsən….
- Şou-biznesdə işimlə varam, şəxsi həyatımla yox. Heç kimlə dostluq etməyə zamanım olmur. Asudə vaxtlarımı oğluma sərf edirəm və onunla keçirtdiyim dəqiqələrdən zövq alıram.
- Hansı məqamda məğlub olmusunuz?
- Məğlubiyyətlə barışmıram. Qarşıma məqsəd qoyuram və ona çatıram. Əslində çox səbrsizəm, amma məqsədim olanda Allah tərəfindən mənə daha çox səbr gəlir və gec-tez istəyimə nail oluram.

- İndiki filmlərimizi bəyənirsinizmi?
- İndi çəkilən filmərimizin həm ssenarisi, həm keyfiyyəti çox zəifdir. Yola verirlər. Qondarma film çəkməkdənsə, köhnə kinolarımızı yenidən çəksələr, daha gözəl olar. Çünki o filmlər heç zaman unudulmur. Nə qədər baxsaq da, doymaq bilmirik. Mən oğlumla birlikdə köhnə filmlərimizin hər birinə bəlkə on dəfə baxmışam. İndi hamı komediya çəkməyə meyllidir. Amma əsl komediya həm güldürməli, həm də düşündürməlidir.
- Keçmiş həyat yoldaşınızla əlaqəniz varmı?
- Bəli, dost kimiyik. Oğlumuza görə tez-tez bir araya gəlirik.
- Yenidən bir araya gəlməyinizə bir ümid varmı?
- Xeyr, o kitab artıq bağlanıb. Bilirsiniz, mən 20 yaşımda sevib ailə qurmuşam. Yoldaşımla bir-birimizi sevsək də, xasiyyətlərimiz fərqli idi. Bəlkə, yüz dəfə ayrılıb-barışmışıq. Amma axırıncı dəfə məndən soruşdu ki, məni sevirsən? Dedim ki, yox, səni sevmirəm. İndi də oturub fikirləşirəm, sanki ərimi heç sevməmişəm, sanki həyat yoldaşım olmayıb.
- Bundan sonra sevə bilərsinizmi?
- Düşünürəm ki, sevə bilmərəm. Amma hər şey ola bilər, çünki sevgi yaşa baxmır.
- Paxıllığınızı çəkənlər çoxdur?
- Qulağma gəlib çatır ki, məni gözü götürməyənlər kifayət qədərdir. Amma Allah hər kəsə öz ürəyinə görə verir. İman, vicdan, əməl təmiz olmalıdır ki, Allah da səni mükafatlandırsın.
- Hansı məsələdə nöqtəni qoya bilməmisiniz?
- Mən nöqtəni qoydumsa, bitir. Konkret insanam. Həm də kinliyəm. Məni incidən kiçik bir şey olubsa, bağışlayaram. Böyük olsa, bağışlamaram. Məsələn, mənim ailəmin dağılmağına səbəb olan insanlar var. Onları ölənə qədər bağışlamayacağam.

- Həmin insanlar indi də həyatınıza müdaxilə edirlərmi?
- Xeyr, edə bilmirlər. Amma bilirəm ki, sosial şəbəkələrdə məni izləyirlər. Qoy, baxsınlar, ancaq kənardan baxacaqlar bundan sonra.
- “Yox, yox, qətiyyən yox..!” Bu fikri necə tamalayarsınız?
- Bu gün “yox” deyəcəyim bir şeyə sabah “hə” deyə bilərəm. Ona görə də bu fikri tamamlamasam yaxşıdır.
- “Dağ dağa rast gəlməsə də, insan insana rast gələr”, deyiblər atalar. Axtardığınız bir insan varmı?
- Elə bir insan yoxdur. Amma bir yunan müğənni var, mən onun mahnılarının heyranıyam. Keçən il Afinada olanda gözlərim onu axtarırdı. Bilirdim ki, onu görməyəcəyəm, amma yenə də axtarırdım. Düşündüyüm kimi də oldu. Onu görə bilmədim (gülür).
- Gözə kül üfürə bilirsinizmi?
- Hamı deyir ki, mən yalan danışan deyiləm, amma hər kəs yalan danışır (gülürük). Yalan axır-əvvəl ortaya çıxır. Yalan danışan insanın yalanı bəlli olanda düşdüyü vəziyyətə düşmək istəmirəm. Ona görə də yalan danışmağa məcbur olduğum məqamlarda da sükut edirəm.
- Sükutu tez-tez pozursunuz?
- Mən çoxdanışan biriyəm. Amma susmaq lazım olanda susuram .
- Yaş artdıqca, nəyin fərqinə varırsınız?
- Mənim otuz iki yaşım hələ yayda olacaq. Amma soruşanda, deyirəm ki, artıq 32-dir. Deyirlər ki, sən yeganə qadınsan ki, öz yaşını artırırsan. Əslində mən öz yaşımdan az görünürəm, lakin mənə elə gəlir ki, düşüncə baxımından yaşımdan çöx böyük görünürəm.

- “Ağ bayraq” qaldıran insanları bağışlayırsınızmı?
- Bağışlayıram. Amma həmin insanlara əvvəlki kimi ola bilmirəm. Mən kimə qarşı necəyəmsə, o insanın da mənə qarşı elə olmağını tələb edirəm. Ola bilmirsə, yanımda görmək istəmirəm.
- İpin ucu əlinizdən çıxıbmı?
- Mən özümü hislərlə yox, ağılla idarə edirəm. Bəlkə nə vaxtsa, hislərlə davransam, nə vaxtsa sevsəm, ip əlimdən çıxa bilər.
- Fiziki baxımdan asanlıqla təslim olursunuzmu?
- Xeyr, mən dayanmıram. Mənə deyirlər ki, qarışqa kimi işləyirsən.
- Bu qədər işin müqabilində qazancınız sizi qane edirmi?
- Qane edir. Düzdür, maddiyat önəmlidir, çünki ehtiyaclar heç zaman bitmir. Amma pul hər şey demək deyil.
- Toylara aparıcı olaraq gedirsinizmi?
- Bir-iki dəfə türk dilində aparıcılıq etmişəm. Bakıda yaşayan vəzifəli şəxslərin toyunu aparmışam. Çox da gözəl alınır. Sözün düzü, toylara getməyə çox zamanım olmur, lakin təkliflər olanda dəyərləndirməyə çalışıram.
- Aysel üçün artıq nə “sönüb”?
- Heç nə sönməyib, həyat eşqi hələ də davam edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.