Qazaxıstan millisinin baş məşqçisi: Seçim yox idi, amma yaxşı ki, Azərbaycan var - MÜSAHİBƏ
1-06-2018, 20:28
Qazaxstan milli komandasının baş məşqçisi Stanimir Stoilov Azərbaycan yığması ilə yoldaşlıq görüşü ərəfəsində mətbuat konfransı keçirib. Sportlife.az xəbər verir ki, bolqarıstanlı mütəxəssis əvvəlcə komandanın hazırlıq prosesini dəyərləndirib...
- Bütün oyunçularımın sağlam olmaları yaxşı haldır. Üstəlik, bərpa dövrü keçən Seydaxmet komanda ilə məşqlərə başlayıb. Hazırda komandanın hansı səviyyəyə çatdığını, 3 aydan sonra başlanacaq UEFA Millətlər Liqasına nə dərəcədə hazır olduqlarını görmək üçün yaxşı vaxtdır. Ümidvaram ki, təyinatımdan sonra ilk iki oyundakı kimi yaxşı, nizamlı futbol ortaya qoyacağıq.
- Rəqib komandanın oyununu necə dəyərləndirərdiniz?
- Azərbaycan millisi yaxşı, kombinasiyalı oyun sərgiləyir. Hər iki ölkədə futbolun yüksəlişini istəyirlər. Azərbaycan tərəfinə bu matça razılıq verdiyi üçün minnətdaram. Ümidvaram ki, futbolçularım yığmada hər bir oyuna qürurla çıxmağın və sonadək döyüşməyin gərəkliyini anlayırlar. Buna əminlik, gözəl futbolu da əlavə etmək lazımdır.
- Nəyə görə məhz Azərbaycanı seçdiniz?
- Bu komanda Gürcüstana bənzər kombinasiyalı futbol oynayır. Qazaxıstan yığmasına gəldiyim vaxt heç bir yoldaşlıq görüşümüz yox idi. Komandalar isə təqvimi 1-2 il əvvəldən qururlar. Yaxşıdır ki, biz razılaşa bildik. Yenə yoldaşlıq görüşlərini əvvəldən razılaşdırmaq lazımdır. Elə məsələlər var ki, biz daha da yaxşılaşdıra bilərik. Seçim yox idi, amma yaxşı ki, Azərbaycan var.
- Heyətdə çoxlu gənc futbolçu var. Onların səviyyəsinə baxmaq istəyirsiniz? Nəyə görə Macarıstana qarşı oynamış futbolçuları çağırmadınız?
- Demək olar ki, Macarıstana qarşı çıxış etmiş heyəti dəvət etmişəm. Bura ötən müddətdə yaxşı oyun sərgiləmiş futbolçuları da əlavə etdik. Gəncləri bilərəkdən çağırdım ki, omlara potensiallarının olduğuna dair əminlik əlavə edim. Mənim üçün futbolçunun yaşının önəmi yoxdur. Seydahmet öz klubunda yaxşı oyun göstərdi və o da şans qazandı. Mart toplanışından sonra oyunçuların səviyyələrinin artdığı, formalarının yüksəldiyi görünür.
- Bauırjan Turısbek daha yaxşı formaya düşüb?
- Çox da yox, özünə əminlik artırıb. Amma sürət dinamikasında əvvəlki səviyyədə qalıb. Artırmasa, digər variantlar axtaracağıq. Başa düşmək lazımdır ki, ya yüksək səviyyədə olmalısan, ya da yığmada olmamalısan. Bizə Avropa səviyyəli oyunçular lazımdır. İki dəfə eyni şeyi deyirsənsə və o, başa düşmürsə, üçüncü dəfə təkrarlayası deyilik.
- Nəyə görə heyətdə Georgi Jukov və Maqomed Paraqulkov var, amma Tanat Nuserbayevlə Azat Nurqaliyev yoxdur?
- Jukovu çox yaxşı tanıyıram, onun imkanlarını bilirəm. Paraqulkov da gənc oyunçudur, “Kayrat”da tez-tez əsas heyətdə görünür. Onların gələcəyi var. Nuserbayevlə Nurqaliyevi məndən yaxşı tanıyan məşqçinin olduğunu düşünmürəm. Hər ikisi ilə çox işləmişəm. Onlar mənim komandamın liderləri idi və çox şey vermişdilər. Tanat həm də kapitan idi. Nə vaxt qərar versəm, onda da çağıracağam. Onlar mənə və klubuma elə kömək ediblər ki, heç vaxt barələrində pis bir söz söyləmərəm. Onlara həmişə “sağ ol” deyirəm. Amma Tanata ciddi şəkildə formasını bərpa etmək lazımdır. Mövsümün əvvəlində normal hazırlıq keçməyib. Fikrimcə, maksimal formasından çox uzaqdır.
- Demişdiniz ki, bir futbolçunun milliyə münasibəti sizi hövsələdən çıxardıb. Onu cəzalandırdınız?
- Həmin oyunçu yığmada yoxdur.
- Qapıçılar - Vladimir Plotnikov və Nenad Eriç yığmada mövqelərini möhkəmlədiblər?
- Bəli, bu qapıçılar məni tam qane edir.
- Yığmaya 24 futbolçu çağırmısınız. Hazırda ehtiyatda kimlər var?
- 35 nəfərlik geniş heyətdə yer alanlar var. Onlar hamısı yığmanın potensial üzvləridir. Millətlər Liqasında Qazaxıstana kömək edəcək futbolçular axtarırıq. İndi ekspriment aparmaq mümkündür. Lakin sentyabrda nəticə önəmli olacaq.
- İqor Zenkoviçlə bağlı məsələyə aydınlıq gətirərdiniz...
- Onun burada çoxdan olduğunu və Qazaxıstan pasportu aldığını öyrəndim. Amma hazırda forması bizi qane etmir. Əsas məsələ yekun heyətdir.
- Bir gün əvvəl Azərbaycan və Qazaxıstanın 21 yaşadək futbolçulardan ibarət yığmaları arasında yoldaşlıq oyunu olacaq. Həmin matça baxacaqsınız?
- Gənclərə baxacağam. Azərbaycanın əsas komandası ilə görüşdə heyətə düşməyən kimsə olsa, onu U-21-də meydana buraxmağımız mümkündür. Həmçinin, U-21-də yaxşı çıxış edənlər üçün əsas yığmanın qapıları açıqdır.
Qeyd edək ki, iyunun 5-də "Astana Arena"da keçiriləcək Qazaxıstan - Azərbaycan matçı Bakı vaxtı ilə saat 18:00-da başlanacaq.