Deputat telekanalları sərt tənqid etdi: “Saxta həkimləri, diplomu nəzərə alınmayan ali məktəbləri reklam edirlər”

2-06-2018, 13:33           
Deputat telekanalları sərt tənqid etdi: “Saxta həkimləri, diplomu nəzərə alınmayan ali məktəbləri reklam edirlər”
İllərdir ki, efirləri reklamlar işğal edib. Son bir neçə ildə mənşəyi bilinməyən dərmanlar, qeyri-peşəkar həkimlər, kosmetoloqlar, Təhsil Nazirliyi tərəfindən lisenziya verilməyən və diplomları tanınmayan universitetlər telekanallarda reklam olunur.
Verilişlərin yeganə məqsədi daha artıq pul qazanmaqdır. Şirkətlər də “qaz gələcək yerdən toyuq əsirgənməz” deyib bir xeyli pulun hesabına ən “baxımlı” hesab olunan verilişlərə reklam verirlər.
Kifayət qədər geniş izləyici kütləsi olan “Maşın” şou da reklamlarla zəgin olan verilişlərdən biridir. Minval.info xəbər verir ki, bu verilişdə reklam olunan Anadolu Universiteti Azərbaycan Proqramlarına Təhsil Nazirliyi tərəfindən lisenziya verilməyib. Amma “Maşın” şouda bəh-bəhlə reklam olunaraq, buraya gənc, tələbə olmaq arzusu olanları cəlb etməyə çalışırlar. Bəs sual oluna bilər lisenziya verilməyən bilik ocağı kimə lazımdır? İllik 1200 avro pul ödənilən, amma diplomu tanınmayan bu qurumu hansı müəssisə ciddiyə alacaq?
Telekanallarda mənşəyi bilinməyən dərmanlar, qeyri-peşəkar həkimlər, kosmetoloqlar, Təhsil Nazirliyi tərəfindən lisenziya verilməyən və diplomları tanınmayan universitetlər reklam edilməsi, sonra isə heç kimin məsuliyyət daşımaması qanunda olan boşluqları gündəmə gətirir.
“Azərbaycanda belə verilişlərlə bağlı ciddi qanun hazırlanmalıdır”
Günümüzün reallığına çevrilən reklam problem ilə bağlı Milli Məclisi deputatı Fəzail Ağamalı ilə danışdıq. “Hər gün müəyyən saatda kanallar həkim saatı keçirirlər, bilinməyən dərmanlar, eləcə də diplomu nəzərə alınmayan ali məktəbləri reklam edirlər. Bu hansı çərçivəyə sığır? Mən demirəm ki, reklam olmaz, sadəcə hər şeyin bir həddi var”- deyən Fəzail bəy həm də işğal olunmuş torpaqlarımız, şəhidlərimizlə bağlı verilişlərin azlığından da şikayətləndi.
Bu tip reklamların onu çox narahat etdiyini söyləyən Fəzail bəy həm də bu problemin yükünü tək daşımadığını, artıq Milli Məclisin digər deputatlarının da həyəcan təbili çaldığını qeyd etdi:“Mənə belə gəlir ki, bu kimi verilişlərlə bağlı xüsusi yanaşmaya ehtiyac var və ciddi qanun hazırlanmalı, inzibati müdaxilə edilməlidir. Çalışacağıq ki, bu məsələ ilə əlaqədar qanun çərçivəsində bir qərara gəlinsin”.
“İstedadlı jurnalislər dura-dura bir də görürsən şou nümayəndəsini gətiriblər efirə, o da bildiyini edir. Televizora baxmaq istəyirsən, bir dənə analitik veriliş tapmırsan”- deyərək Fəzail bəy intellektual verilişlərin çoxalması ilə bağlı arsunu da dilə gətirdi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.