Bakının dalana dirənən baş planı...

6-06-2018, 10:54           
Bakının dalana dirənən baş planı...
Əzim Məsimov: “Baş planın hazırlanmasının gecikməsi bəzi şəxslərə milyonlar qazandırdı”
Uzun müddətdir ki, müzakirə edilən Bakının yeni baş planının hazır olması haqqında məlumat yayılıb. Bildirilib ki, bu planda 2035-ci ilədək inkişaf nəzərə alınıb: “Bakının indiyədək sayca beşinci baş planı olan layihədə ciddi tamamlama işləri görülüb. Prosesə beynəlxalq ekspertlər də qoşulub”.

Qeyd olunur ki, 2015-2016-cı illər ərzində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi əsasında paytaxtın bütün inzibati ərazisini əhatə edən “Bakı şəhərinin ərazidən İstifadə və Zonalaşdırma Planı” layihəsi hazırlanıb və bir çox dövlət təşkilatları ilə razılaşdırılıb.

Hələ 2017-ci ildə məlumat yayılaraq bildirilmişdi ki, Bakının Baş planı demək olar ki, hazırdır. Lakin bir il zaman keçib, hələ də söz var, əməl yoxdur.

“Yeni Müsavat”a danışan 1971-1986-cı illərdə Bakı Baş Tikinti İdarəsinin rəisi və Bakı Şəhər Soveti sədrinin 1-ci müavini vəzifəsində işləmiş Əzim Məsimov bildirib ki, Bakının sonuncu planının hazırlanması və müzakirəsi onun fəaliyyətdə olduğu zamana təsadüf edib:

“Sonradan isə buna laqeyd münasibət bəsləndi. Vaxtilə rəhbərliyə müraciət edərək bir neçə problemin adını sadalamışdım. Onlardan biri də Bakının Baş planının olmaması məsələsi idi. Baş planının olmaması bəzi adamlar üçün əlverişli idi. Çünki onlar haradan torpaq almaq-satmaq istəyirdilərsə, onu da rahat şəkildə edə bilirdilər. Bunun hesabına bəzi adamlar milyardlar qazandılar. Ona görə də baş plan məsələsi heç kimi maraqlandırmadı. Fikir verin ki, Azərbaycanın bu qədər imkanı olduğu halda baş planı Dünya Bankının qrantı hesabına edirdilər. Bunun üçün təxminən 3 milyon vəsait nəzərdə tutulmuşdu. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri işləmiş Abbas Ələsgərov mənim işçim olmuşdu. Onunla Bakının Baş planı barəsində müzakirələr etmişdim. Öyrənmişdim ki, onlar yalnız Bakının mərkəzi hissəsinin planını hazırlayıblar. Lakin bu, kifayət deyil. Hər zaman Bakı dedikdə Abşeron yarımadası bir müstəvidə həll olunub. Çünki bu əraziləri Bakıdan ayırmaq olmaz. Məsələyə ümumi bir sahə kimi baxılmalıdır. Lakin bu problem həll olunmadı və yarımçıq qaldı. İndi yenə də Bakının Baş planı məsələsi ortaya atılıb. Yenə də bildirirlər ki, guya plan artıq hazırdır. Nəzərinizə çatdırım ki, baş plan ancaq şəkillərdən ibarət deyil. Bunun üçün bütün hesabatlar aparılmalıdır. Bura nəqliyyat, kommunikasiya, iş, istirahət yerləri, təbiətin müdafiəsi məsələsi daxildir. Bütün bunların hamısı baş planda öz əksini tapmalıdır. İnsan sayına görə bütün bu lazımi infrastruktur əks olunmalıdır. Nə dərəcədə bunu hazırlanan baş plana salıblarsa, bu barədə məlumatlı deyiləm”.


Ekspert bildirib ki, baş plan hazırlanan zaman bir çox tikililərin sökülməsi məsələsi də gündəlikdə olmalıdır:

“Baş planın indiki dövrdə əsas məqsədi bu olmalıdır ki, Bakıda inşa edilən binalar seçilsin. Bu binalardan yararlıları, tarixi əhəmiyyət kəsb edənləri bərpa edilməlidir. Yararsızlar isə sökülməli, Bakının ümumi kontekstinə, planına uyğun olaraq yenidən qurulmalıdır. Görürük ki, nə qədər çalışırlarsa hazırda Bakının transport problemini həll edə bilmirlər. Çünki köhnə yerləri sökdükcə küçələri genişləndirmək lazım idi. Bunlar isə sadəcə olaraq, köhnənin xətti ilə yenisini tikdilər, genişlənməyə az fikir verdilər. Nəticədə dar küçələr bu gün də qalmaqdadır ki, bu da transport məsələsinin həllinə maneə yaradır. Mən demirəm ki, heç bir iş görülməyib. Xeyr, Bakıda çox işlər görülüb. Ancaq lazımi prinsiplər tam həyata keçirilmədiyi üçün problem də həll edilə bilməyib. Burada əsas iş Bakı Şəhər İcra Hakimiyyətinin üzərinə düşür. İcra hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi var ki, bu işə də həmin qurum baxmalıdır. İndi görürəm ki, bu işlə qeyd etdiyimiz idarə deyil, tikinti komitəsi məşğul olur. Əslində isə komitənin işi bütün ölkəni əhatə edir. Bakıya isə konkret olaraq Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan idarə nəzarət etməlidir. Baş plansız böyük şəhəri idarə etmək olmaz. Çünki çox böyük səhvlərə yol verilir ki, sonradan bunu düzəltmək də mümkün olmur”.

Ə. Məsimov bildirib ki, baş planının özəlləşməyə ciddi təsirləri olmayacaq: “Özəlləşmə başqa bir problemdir. Buna baş planının qarışacağı yoxdur. Sadəcə olaraq, bir məsələ var ki, baş planda harada evlərin, binaların tikilməsi məsələsi nəzərə alınmalıdır. Məsələn, sürüşmə zonasıdırsa, bura uyğun qeydlər olmalıdır. Müvafiq texniki qərarlar qəbul edilməlidir. Əgər tikili sürüşməyə imkan verməyəcəksə, o zaman tikinti aparmaq olar. Bütün faktorlar nəzərə alınmalıdır. Bakıya biz boş yerə ”küləklər şəhəri" demirik. Çünki Bakının havası külək vasitəsilə təmizlənib, burada hər zaman külək əsib. İndi isə hündür binalar, böyük məhəllələr tikilib və hava axınının qarşısı alınıb. Ona görə də bir az isti olan kimi camaat şəhərdə boğulur. Əvvəllər isə bu, belə deyildi. Bakının əsas prinsipi amfiteatrdır. Bakı bu prinsiplə tikilməlidir. Yüksək binalar şəhərin mərkəzində deyil, yüksək yerlərində tikilməli idi. Bu gün isə harada gəldi bina tikirlər. Konsepsiyada isə belə hallar yox idi. Mənim layihəm vardı ki, Bakının mərkəzini Badamdar, “Şıxov” ərazisində yaradaq və sıxlıq aradan qalxsın. Amerika da bu işə yardım edirdi. Lakin Bakı Şəhər İcra Hakimiyyətindən bu məsələyə dəstək olmadı. Yeni mərkəzi yaratsaydıq, bu gün Bakı çox fərqli olardı".

Onu da qeyd edək ki, Bakının ilk baş planı 1898-ci ildə o dövrün məşhur memarı N.A. fon Der Nonne tərəfindən hazırlanıb. 1932-ci ildə paytaxtın ikinci baş planı işlənib. 1964-cü ildə isə respublika Nazirlər Soveti şəhərin üçüncü baş planını təsdiqləyib. Sonuncu plan 1986-cı ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə təsdiq olunub və bu sənəd 2005-ci ilədək olan dövrü əhatə edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.