GMO ərzaqlar və energetik içkilər qətl və zorakılıqları artırır - iddia

6-06-2018, 12:22           
GMO ərzaqlar və energetik içkilər qətl və zorakılıqları artırır - iddia
Adil Qeybulla: “Müstəqillik dövründən sonra ölkəmizdə insanların qidalanma tərzi xeyli dəyişib”; Elnur Rüstəmov: “Ailədaxili konfliktlər və qətlləri energetik içkilər və ərzaqlarla bağlamaq məsələnin yalnız bir tərəfidir”
“Azərbaycanda qətl və zorakılığın artmasına səbəb təhlükəli, GMO ərzaqlar, energetik içkilərdir”.

Bu açıqlamanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova cebhe.info saytına danışarkən deyib. Onun sözlərinə görə, Azərbaycanda aqressiv davranış tərzinin artması həm ailədaxili, həm də cəmiyyətin digər sahələrində münaqişələrin baş verməsi ilə nəticələnir:

“Hətta vəziyyət elə bir həddə çatıb ki, sadəcə, ictimai nəqliyyatda bir nəfər başqasına toxunub keçəndə üzr istəsə belə, qarşı tərəf bununla kifayətlənmir və bəzən də qətllə nəticələnən münaqişə yaradır. Bunun da bir çox sosial-psixoloji səbəbləri var. Ölkədə heyvan mənşəli enerji içkilərinin qəbul edilməsi, heyvani mənşəli qidaların yeyilməsi insanlara mənfi təsir göstərir. Hazırda ekoloji problemlər, təhlükəli ərzaqlar məsələsi gündəmdədir və insan psixikasına mənfi təsir göstərir. Bu da bir ailənin üzvləri olan insanların bir-birini öldürməsinə gətirib çıxarır”.

Məlumdur ki, son illərdə ölkədə qətl və ailədaxili zorakılıqların sayı kəskin artmağa başlayıb. Həqiqətən komitə əməkdaşının dediyi kimi, buna səbəb ərzaqlar və energetik içkilərdir?


Mövzu ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybulla “Yeni Müsavat”a danışıb:

“Burada bir neçə məsələ var. Müstəqillik dövründən sonra ölkəmizdə insanların qidalanma tərzi xeyli dəyişib. İndi çoxlu sayda yeni, eyni zamanda konserv olunmuş qidalar var. Əlbəttə, bu da insanların psixologiyasına təsir edə bilər. Lakin deyərdim ki, insanların psixologiyasına təsir edən ən mühüm məsələ çarəsizlikdir. Sovet dövründə insanlar arasında az-çox sosiallaşma var idi. İnsanlar bir-biriləri ilə danışır, ünsiyyətdə olur, problemlərini deyir, enerjilərini boşaldırdılar. Lakin indi sanki insanlar özünə qapanıb, ünsiyyətdən çəkinir, hətta qohumlar bir-biriləri ilə görüşmür, şəxsi problemlərlə üz-üzədirlər. Bu da insanlarda çarəsizlik fonu yaradır. Bu çarəsizlik bəzən də insanları intiharlara gətirib çıxarır. Bunun üçün də problemin həlli yolu tapılmalıdır. İnsanlar öz çarəsizlikləri ilə baş-başa buraxılıb.

Energetik içkilərə gəldikdə isə onların tərkibində proteinlər və digər maddələr var. Lakin energetik içkilərin standart tərkibləri var. Burada insan psixologiyasını pozan hər hansı elementdən söhbət gedə bilməz. Ona qalsa digər qidalar ilə biz proteinləri qəbul edirik. Sadəcə energetik içkilərin həddindən artıq qəbulu ürək, beyin fəaliyyətində problemlər yarada bilər. Yəni səhhətə problemsiz ötüşmür. Ona görə də son dərəcə bu cür içkilərdən çəkmək lazımdır, xüsusən də bu uşaqlara aiddir. Lakin bunun intihara və yaxud nəyə gətirib çıxarması, bu, o qədər də inandırıcı deyil".


Psixoloq Elnur Rüstəmov isə qeyd etdi ki, ərzaq və energetik içkilər insan psixologiyasına təsir edə bilir:

“Ümumiyyətlə, burada sırf ailədaxili konfliktlər və qətlləri energetik içkilər və ərzaqlarla bağlamaq məsələnin yalnız bir tərəfidir. Burada ekologiya, urbanizasiya məsələsi də var. Əhalinin sıx yaşadığı yerdə urbanizasiyanın olması ailədaxili münasibətlərə təsir edən faktorlardan biridir. Bununla bağlı qabaqlayıcı tədbirlər var ki, onlardan da ən əsası maarifləndirmə işidir.

Bəli, energetik içkilər, ərzaqlar da insan orqanizminə, psixologiyasına təsir göstərə bilir".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.