Deputat Zahid Oruc:"Parlamentdə zamanın çağırışlarıyla ayaqlaşmayan adamlar var" - MÜSAHİBƏ

7-06-2018, 08:57           

Milli Məclisin deputatı Zahid Oruc həmkarı, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadənin son günlər mediada və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olmuş fikirləriylə bağlı Azadlıq Radiosuna müsahibə verib.

teref.az həmin müsahibəni təqdim edir:



– Zahid bəy, Arif Rəhimzadə komitənin toplantısında “Sovet hakimiyyəti Azərbaycan dövlətçiliyinin əsasını qoydu” deyib. Sizcə də, Azərbaycanda dövlətçiliyin əsasını sovetlər qoyub?

– Gürcülər və ermənilərin tarixində də indiki respublika sayca üçüncüdür (O, üç respublika deyərkən ilk dəfə 1918-ci ildə yaradılan, ikinci dəfə Sovetlər Birliyinin tərkibində elan edilən və 1991-ci ildə müstəqilliyi bərpa olunan respublikaları nəzərdə tutur- Azadlıq Radiosu ). Bizdə də istiqlal dövrünün araşdırıcılarının qələmindən və dilindən sovetlərdən sonrakı bu dövlət sayca üçüncü respublika kimi qiymətləndirilir. Belə olan təqdirdə, biz 70 illik sovet tarixinin üzərindən xətt çəkə bilmərik. Əks halda, biz o yüz ili necə əldə etmişik?

– Sovetlərin dövründə Azərbaycan müstəqil deyildi, hətta dövlət deyildi, Moskvaya tabe idi.

– Doğrudur… Britaniya krallığını təşkil edən dörd dövlət var. Onlar yalnız BMT-də bir stula malik deyillər, xarici siyasət kursu yürütmürlər və s. Amma gömrük siyasətindən, vergi qərarlarından tutmuş həyatlarının müxtəlif sahələrinədək çox üstün səlahiyyətlərə malikdirlər. Sovetlər Birliyini Birləşmiş Kralllıqla eyniləşdirmirəm. Biz o zaman müstəqil olmasaq da, Kreml qarşısında hesabatlılığımız olsa da, istəyirəm ki, bu 70 rəqəminin 100-ün içində yerini dəqiq müəyyənləşdirək, siyasi, fəlsəfi, mənəvi ruhunu, açılımını dəqiq tapaq. Biz 100 ili hardan tapıb çıxarırırq? Deməli, biz təhtəlşüurda nəzərdə alırıq ki, sovetlər dövründə müxtəlif azadlıqlarımızın buxovlanmasına baxmayaraq, mövcudluğumuzu qorumuşuq. Ədəbiyyatımız olub, iqtisadiyyatımız qurulub, bu ərazilərdə Azərbaycan xalqı var olub. Bir millət kimi məhv olmamışıq. Ona görə də çox istərdim ki, son yüz ilin geniş diskussiyalarını apararkən, bütün dövrlərə düzgün qiymət verməyi bacaraq.

Dekommunistləşmə çox geniş gedir, indi o dövrü faşizmdən betər təqdim edirlər. Amma atalarımız, babalarımız o dövrdə yaşayıblar. Repressiyalardan, faşizmə qarşı savaşdan keçmələrinə baxmayaraq, 1950-ci illərdən sonrakı dövrü bir qədər fərqli dəyərləndirirlər. Bəli, bu gün Ukrayna kimi qalxıb desək ki, sovet mirasından imtina edirik, onda tariximiz dağıntı altında qalar, boşluğa düşər. Yalnız iki illik Cümhuriyyətimizi və son 27 ili götürəndə, gərək, onda müstəqilliyimizin ancaq 29 illiyini qeyd edək. Obyektiv baxış olacaq bu?

– Söhbət Azərbaycanda müstəqil dövlətin yaranmasının yüzilliyindən gedir. Üstəlik, 1991-ci ilin oktyabrında imzalanan Müstəqillik Aktında da Azərbaycan özünü Cümhuriyyətin varisi elan edib, əksinə sovetlər işğalçı kimi qələmə verilib.

– Əvvəla, 1990-cı illərdəki yanaşma xeyli dərəcədə dəyişikliyə uğramaqdadır. Həmin dövrdə verilən qiymətlərin yanlış olduğunu görməkdəyik. İkincisi, Rusiya dövlətçiliyinin 900 illiyini qeyd edəndə bir çoxu buna öz tarixini daha da keçmişə aparmaq, az qala özünü Roma imperiyası ilə eyniləşdirmək siyasəti kimi baxırdı. Dövlətimizə bir insan kimi yanaşaq. Bunun iki yaşına qədərinin – uşaqlığının müstəqillikdə keçdiyini, 70 il köləlikdə olduğunu, sonra azadlığa çıxdığını desək, ziddiyyət yaratmış olacağıq. Mənim məqsədim sovetləri öymək deyil. Məni tanıyanlar bilir ki, milli dövlətçilik baxışlarında, müstəqillik ideyaları uğrunda çarpışanlardan biriyəm. Arif Rəhimzadənin açıqlamalarından dolayı Azərbaycanda diskussiyalar getsə ki, sovetlər bizə dövlət qurub verib, bu baxış təbii ki, qəbul olunmayacaq. Amma bir də var, deyək ki, sovet dövründə olan qadağalara, itkilərə baxmayaraq, Azərbaycan müəyyən ərazidə öz varlığını qoruyub saxlayıb, bu rejim onun üstündən xətt çəkməyib.

Mənim söyləmək istədiyim odur ki, yüzillik tarixin içindəki yetmiş ilə obyektiv qiymət verək. Zatən mənim anlamımda bu regiondakı dövlətlərin hamısında bu yanaşma mövcuddur. Bu reallığı inkar etmək olmaz. 2040-2050-ci illərdə biz buna daha düzgün, daha soyuqqanlı yanaşa biləcəyik. Sovet keçmişi indi bizi təhdid edir. Bu da normaldır. Sovet dövrünün lənətlənəcək xüsusiyyətlərinə baxmayraq, Azərbaycan o dövrdə dövlətçiliyini elan etmədən öz varlığını müttəfiq respublikalardan biri kimi qoruyub saxlayıb. İstəyirəm ki, hər hansı həmkarımızın fikirlərini təftiş edərkən cari siyasətin marağı kontekstindən deyil, real tarixin düzgün dərk olunması səviyyəsindən çıxış edək.

– Zahid bəy, növbəti suala konkret cavab verin, zəhmət olmasa: Azərbaycanda müstəqil dövlətin əsasını sovetlərmi qurdu?

– Mənə elə gəlir ki, Arif Rəhimzadənin çıxışından elə bir nəticə hasil olmayıb. Bəlkə də məsələ bir qədər təhrif edilib. Açığı, həmin iclasda olmamışam. Ancaq nə söylənilməsindən asılı olmadan, deməliyəm ki, sovet bizim müstəqilliyimizə, 1918-ci ildə qurulan Cümhuriyyətimizə son qoysa da, reallıq budur ki, həmin imperiya içində müəyyən ərazilərdə öz milli identifikliyimizi qoruyub saxlamışıq. Ondan imtina edə bilmərik. Biz ordumuzun yüzilliyini qeyd ediriksə, deməli, bu dövlətin ordusundan polisinə, dövlət atributlarına qədər hamısının Cümhuriyyətdən gəldiyini, onun varlığını davam etdirmək istədiyimizi sübut etməyə çalışırıq. Amma sovet illərində yaşadıqlarımızı silmək düzgün deyil. Bununla mən kiminsə fikrilərinə bəraət qazandırmaq da istəmirəm.

– Bir müddət əvvəl müsahibənizdə parlament tərkibindən, bəzi həmkarlarınızın fəaliyyətindən narazılıq etmişdiniz. Həmin fikirdə qalırsınızmı? Sizcə, bu cür çıxışlardan sonra parlamentin tərkibinin dəyişməsi lazımdırmı?

– Parlamentin tərkibinin dəyişdirilməsini 2020-ci ilə qədər gözləməli olacaqsınız. Mən o zaman sadəcə, demişdim ki, 7 illik dönəm üçün seçilən prezident ambisiyalı proqram ortaya qoyub, hökumətin içində böyük dəyişiklik var. Bu dəyişiklik, yəqin, parlamentdən də yan keçməyəcək. Amma bunun üçün növbədənkənar parlament seçkiləri keçirmək tələbi yanlış olar.

O ki qaldı parlamentin tərkibinə, orda zamanın çağırışlarıyla ayaqlaşmayan, Milli Məclisdə görünməyən, mediaya danışmayan, passiv adamlar var. Bu deputatlar 2020-ci ildə dəyişicəklər. Amma bunu Arif Rəhimzadənin açıqlamasının kontekstində “bu parlament getməlidir” hökmü kimi səslənməsinin əleyhinəyəm. Bir deputatın mövqeyinə münasibətdə bütün parlamentin linç edilməsinin, deputatların “cümhuriyyət əleyhdarları”, “sovetdənqlama, sovettəfəkkürlü adamlar” kimi dəyərləndirilməsinin əleyhinəyəm.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.