BDU-nun dekanı: “AXC İrəvanı güzəştə getməsəydi...” – Müsahibə
7-06-2018, 10:42
Teleqraf.com Bakı Dövlət Universitetinin Tarix fakültəsinin dekanı, tarix elmləri namizədi Azad Rzayevla müsahibəni təqdim edir:
- 2018-ci il “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan olunub. Cümhuriyyətin 100 illik yubileyi ilə əlaqədar Tarix fakültəsi hansı tədbirləri həyata keçirir?
- Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar Bakı Dövlət Universitetinin Tarix fakültəsi bir neçə tədbir keçirib. Mayın 21-dən 23-dək Qafqaz Müsəlmanları İdarəsinin dəstəyi ilə beynəlxalq konfrans təşkil olundu, xaricdən və ölkə daxilində 300-ə yaxın tarixçi tədbirə qatıldı. ABŞ, İngiltərə, Polşa, Gürcüstan, Rusiya, Moldova da daxil olmaqla 70-ə yaxın ölkədən mütəxəssis gəldi.
Onu da qeyd edim ki, bu qonaqlar AXC dövrünün mütəxəssisləri idi, çoxu Azərbaycan və türk dilini bilirdi. AXC-nin daxili və xarici siyasəti, mədəni sfera, ordu quruculuğu, bütövlükdə dövlətçilik tariximizə həsr olunmuş maraqlı məruzələr dinlənildi. Konfransın tezislərini çap elədik, məruzələrin toplusu yaxın zamanda nəşr olunacaq.
- Bioqrafiyanızda tədqiqat sahələriniz sırasında AXC dövrü də qeyd edilir. Konkret olaraq nələri araşdırmısınız?
- Müasir dövrün araşdırıcısıyam, Yeni və ən yeni tarix kafedrasının müdiriyəm. Xanlıqların dağılmasından tutmuş bugünədək tariximiz öyrədilir. Tədris hissəsinə AXC də daxildir. Dərslərimizdə həmçinin I və II dünya müharibələri, sovet dönəmi, müstəqillik dövrü, ulu öndər Heydər Əliyevin irsi tədris olunur.
- Azərbaycan Xalq Cümhuriyyəti dövrü hansı kurslarda keçilir?
- Bütövlükdə Azərbaycan tarixi dörd semestr ərzində keçirilir. Cümhuriyyət dövrü isə II kursun ikinci semestrində tədris edilir. Mühazirə və seminarlarda AXC-nin yaranma tarixi və səbəbləri, Cümhuriyyət qurucularının fəaliyyəti təhlil edilir, xarici və daxili siyasət, AXC-nin ordu quruculuğu, mədəni sahəsində uğurları öyrədilir. Həmçinin Cümhuriyyətin tarixi arenadan getmə səbəbləri araşdırılır və tələbələrə çatdırılır.
- Cümhuriyyət dövrünün tədrisi prosesində Məhəmməd Əmin Rəsulzadə ilə bağlı məhdudiyyətlərin olduğu barədə iddialar nə dərəcədə həqiqətəuyğundur?
- Xeyr, heç bir məhdudiyyət yoxdur. Universitetimizin tarixçiləri tərəfindən AXC-də xidməti olan bütün ziyalılarımız tədris olunur. Hazırda iş masamın üzərində Əlimərdan bəy Topçubaşov barədə yazılan dörd cildlik əsər var. Ziyalılarımız barədə hər hansı məhdudiyyətdən söhbət gedə bilməz. Cümhuriyyət qurucularımızın fəaliyyətini gələcək nəsillərə çatdırmaq bizim borcumuzdur.
- Son zamanlar Cümhuriyyət qurucularını qarşı-qarşı qoymaq tendensiyası müşahidə olunur, birinin fəaliyyəti digərlərindən daha çox qabardılır. Buna səbəb nədədir?
- Biz hələ AXC ilə bağlı arxivlərin hamısını açmamışıq, çox məsələlər hələ qaranlıq qalır və gələcəkdə açılması ilə bağlı ümid var. AXC-nin Türkiyə ilə əlaqələri vardı, xeyli arxiv Türkiyədədir, ingilislər gəlmişdi, arxivlərin bir qismi İngiltərədədir, XI qızıl ordu Bakını işğal elədi, xeyli arxivlər Rusiyada saxlanılır. Ola bilsin hansısa ziyalımızın arxivi açılıb, bir başqası barədə məlumatlar məhduddur. Müstəqil Azərbaycanın cəmi 27 yaşı var, mənə elə gəlir ki, bütün arxivlər açılandan sonra AXC-nin yaranmasında xidməti olan hər kəsin tərcümeyi-halı, siyasi fəaliyyəti öyrədiləcək.
Tarixçi arxivlə işləyir, publisist deyil ki, təxəyyülünə əsaslansın, tarixi obyektiv işləmək üçün mənbəşünaslıq, tarixşünaslıq lazımdır. Onlar da təəssüf ki, bəzi ölkələrdədir. Tarixçilərimizə ilk növbədə dil öyrətməliyik, öyrətməyə də çalışırıq. Onlar həm gürcü, həm də rus və ingilis dillərini bilməlidirlər.
- Səhv etmirəmsə, Tarix fakültəsinin tələbələrinə həm də erməni dili öyrədilir.
- Bəli, bizdə gürcü və rus dili ilə yanaşı erməni dili də öyrədilir. Bu dil tələbələrin marağına səbəb olur, bəzən başqa fakültələrdə təhsil alan tələbələr də gəlib dərslərdə otururlar.
- Amma erməni dilinin öyrənilməsinə cəmiyyətdə münasibət birmənalı deyil.
- Ermənistanda da Azərbaycan dili öyrədilir, öz tələbələrimizə də təlqin edirik ki, qələbə çalmaq üçün düşmənin dilini bilməliyik. Onu da qeyd edim ki, erməni dilini bilən şəxslərə böyük tələbat var. Ayrı-ayrı təşkilatlar bizə müraciət edirlər ki, erməni dilini mükəmməl bilən mütəxəssisə ehtiyacımız var. Biz də çalışırıq o tələbatı ödəyək.
- Tarix fakültəsinin müəllim heyəti AXC dövrü ilə bağlı hansı yeni faktları üzə çıxarıb?
- Özüm müasir tarixlə məşğulam, Polşa, Rusiya, Gürcüstan arxivlərində çalışıram, rastıma AXC ilə bağlı materiallar çıxanda mənbə kimi ölkəmizə gətirirəm. Kafedramızın dosenti Boran Əziz Dövlət Təhlükəsizlik Xidmətinin arxivində çalışıb, Cümhuriyyət dövründə Müsavat Partiyası ilə bağlı araşdırmaları var. Cəmilə Rüstəmova Cümhuriyyət dövründəki xeyriyyəçilərdən yazıb, Azərbaycan burjuazıyasına işıq salıb. Biz dərsliklərimizdə də bu materiallardan istifadə etmişik.
Hazırda yeni dərslik üzərində çalışırıq, əldə olunan təzə faktlar da oraya daxil ediləcək. Humanitar və texniki fakültələr üzrə tarix fənni tədris olunur ki onun, ingilisdilli versiyası da hazırlanıb.
- İrəvanın paytaxt kimi ermənilərə güzəştə gedilməsi məsələsi də tez-tez müzakirə obyektinə çevrilir. Peşəkar tarixçi kimi məsələ ilə bağlı yanaşmanız necədir?
- Gənc AXC elə bir situasiya ilə qarşılaşmışdı ki, İrəvanı güzəştə getməsəydi, məğlub olacaqdı. Bizim müttəfiqlər təklif elədilər ki, ya İrəvanı ermənilərə verməlisiniz, əks təqdirdə biz sizə köməklik göstərməyəcəyik. O zaman Cümhuriyyətin nə pulu, nə ordusu vardı, hələ Azərbaycan hökuməti Bakıya gəlmişimdi, Tiflisdəydi, ona görə məcburiyyət qarşısında qalıb İrəvan ermənilərə verildi.