“Qardaş, qələt edərəm “Baku bus”da işləyərəm” – marşrutdan reportaj
11-06-2018, 17:41
“Nə “Baku bas”, ay qardaş, yox bir basabas…Qələt edərəm, bir də orda işləyərəm. Getdim 1-2 ay işlədim. İndi kim günə 20-25 manata işləyər?
Belə marşrutlarda azı günə 30 manat təmiz evə aparırsan. Yəni, siqaretin, konturun “rasxod”un qoyurum haaa kənara. “Bakus bas” sərf eləmədi…”
► “Aya 600 çıxırdı…”
Bunu AzEuroNews.com-un üçün reportaj hazırlayarkən 136 nömrəli marşrut xəttində işləyən sürücülərdən biri danışır.
Metronun “Koroğlu” stansiyasından Mərdəkana gedən avtobusun şoferi ilə söhbətimizin məğzi ənənəvi marşrutlarla “Baku bus” avtobuslarında işləməyin fərqini bilməkdir.
Çoxlarından seçilən, üzünü təraş etmiş, ütülü köynək geyinmiş, xidməti başında əlində siqaret olmayan sürücü deyir ki, ali təhsillidir.
Onun mədəni və savadlı şəkildə nəqliyyat problemini izah etməsindən sezilir ki, oxumuş cavandır.
Sadəcə, özünün de dediyi kimi, karyera qura bilməyib və avtobus şoferi işləməyə başlayıb.
Adını açıqlamayan və şəklinin çəkilməsini istəməyən sürücünü anlayışla qəbul edirik. Məlumdur ki, mediaya çıxarsa, səhər işindən olacaq. Biz də bunu istəmərik…
Həmsöhbətimiz danışır ki, “Baku bus”la işləmək dolanışığa yetərli olmayıb: “Aya 600-650 manat çıxırdı.
Orda növbəli sistemdir. Burda isə aya azı 900 manat qazanmaq mümkündür. Ona görə bir az işləyib ordan çıxdım”.
► “Gecə 3-də avtobusu təhvil ver, sonra…
Müsahibimiz fikirləşir ki, ənənəvi marşrutlarda gündəlik plan bir az da aşağı salınsa, yeni avtobuslar xəttə buraxılsa işləmək rahat olar:
“Baku bas”ın çətin tərəflərindən biri buydu ki, gecə yarısı avtobusu təhvil verməlisən. Növbə ilə avtobuslar bazaya girir. Bir də baxırsan gecə saat 2-3 olub. Ondan sonra gəl evə yollan…”
Avtobus şoferi deyir ki, ənənəvi marşrutlar da ideal deyil: “Ancaq hələlik başqa variant qalmır. Biz 4 dəqiqə intervalla işləyirik.
Ona görə sərnişinlərin çoxu 173, 160 nömrəli avtobusları gözləməkdənsə 136 ilə gedirlər. Çünki onlarda interval çoxdur, basabas yaranır. Heç başımızı qaldıra bilmirik, 4 dəqiqə interval tamam olur”.
Qeyd dək ki, “BakuBus” MMC 2014-cü ildə Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində yaradılıb.